• cümə axşamı, 25 aprel, 07:37
  • Baku Bakı 14°C

“Şeyx Nizami”yə və müəllifinə “yeni həyat” verən nəşr

01.02.17 13:00 3361
“Şeyx Nizami”yə və müəllifinə “yeni həyat” verən nəşr
2014-cü ilin sonlarında Türk xalqları ədəbiyyatının inkişaf problemlərinə həsr olunmuş Beynəlxalq konfransa hazırlıq gedərkən Hindistan və İrandan oxşar məzmunlu iki məqalə göndərilmişdi. Məqalə müəllifləri iddia edirdilər ki, guya Nizami İran şairidir, onun "Xosrov və Şirin” əsərinin baş qəhrəmanı Xosrov erməni əsillidir. Heç şübhəsiz, Redaksiya Şurasının qərarı ilə böhtan və təxribat xarakterli həmin məqalələr çap olunmadı. Məlum oldu ki, hindistanlı müəllif özbək əsillidir. Onunla mobil rabitə əlaqəsi yaratdıq. O, üzr istədi və dedi ki, mən bunları yüz il bundan əvvəl çap olunmuş bir əsərdən götürmüşəm. Onun Nizami haqqında şairin öz vətənində gedən araşdırmalardan xəbəri yox idi. M.M.Axundovun "Şeyx Nizami” kitabının tarixi yüz ili keçsə də, dünya bundan xəbərsiz idi… Odur ki, kitabın məziyyətləri barədə söhbət salmağı vacib saydıq.
"Şeyx Nizami”dən sonra Nizamiyə artan maraq
XII əsr Azərbaycan şairi Nizami Gəncəvi yazırdı ki, ey ürək, böyüklük istəyirsənsə, əlinə qələmi al və böyüklərdən yaz! Müdrikcəsinə deyilmiş bu sözləri şairin özünə də şamil etmək olar. Yazıb-yaratdığı zamandan bu yana dahi mütəfəkkirin əsərlərindən ayrı-ayrı nümunələri tərtib etdikləri antologiyalara daxil etmiş təzkirə və cüng müəlliflərinin, onun həyat və yaradıcılığından söhbət açmış tədqiqatçı və araşdırmaçıların da isimləri yad edilmiş, xidmətləri qiymətləndirilmişdir. Təbii ki, şair haqqında deyilmiş hər söz, hər fikir yarandığı zamanın prizmasından dəyərləndirildikdə daha dəqiq qiymətini alır və deyək ki, elə elmi baxımdan da ən doğru yanaşma məhz bu cür olmalıdır. Bu mənada Mirzə Məhəmməd Axundovun 1909-cu ildə Gəncədə Əhməd Hacı Həsənzadə mətbəəsində nəşr olunmuş, Azərbaycan nizamişünaslığının milli təməl daşlarından olan "Şeyx Nizami” monoqrafiyası öz məzmun və elmi məziyyətləri ilə yanaşı, bir fakt kimi də zaman-zaman mütəxəssislərin diqqətini cəlb etmişdir. Gəncə kişi gimnaziyasının ilahiyyət və ana dili müəllimi Mirzə Məhəmməd Axundzadə XIX əsrin sonları, XX əsrin əvvəllərində geniş və zəngin həyat və yaradıcılıq yolu keçmiş Azərbaycan ziyalılarındandır. Müəllim, jurnalist, dramaturq, nasir, şair, tərcüməçi, nizamişünas, teatrşünas və ən nəhayət, ictimai xadim kimi fəaliyyət göstərən Mirzə Məhəmmədin ictimai-ideoloji görüşlərinin, siyasi əqidəsinin formalaşmasında nəşrə başladığı gündən əməkdaşlıq etdiyi "Molla Nəsrəddin” jurnalının və ən fəal üzvlərindən olduğu "Difai” firqəsinin çox böyük rolu olmuşdur.
XIII yüzillikdən etibarən ədəbi və elmi mühitin diqqət mərkəzində olan Nizami Gəncəvi şəxsiyyəti və bədii irsi XX əsrin ilk rübündə də ədəbi-ictimai fikrin üz tutduğu və bir çox səviyyələrdə, eləcə də Azərbaycan dövri mətbuatında müzakirə olunan mövzulardan biri olmuşdur. Həmin dövrün mətbuatını izlədikdə şairin yaradıcılığının öyrənilməsi və təbliği, türbəsinin təmiri və bərpası məsələləri ilə ardıcıl məşğul olan ziyalılarımız arasında xüsusən Mirzə Məhəmməd Axundzadənin fəallığının şahidi oluruq. Təsadüfi deyil ki, müəllif mətbuatda vaxtaşırı ayrı-ayrı məqalələrlə çıxış etməklə kifayətlənməmiş, Nizami Gəncəvi haqqında onun ana dilində ilk monoqrafiyanı qələmə alaraq, Azərbaycan nişamişünaslığı və ədəbiyyatşünaslığına əvəzsiz töhvə vermişdir. Mirzə Məhəmməd Axundovun Azərbaycan ədəbiyyatşünaslığının diqqətindən yayınmayan və yeri qəldikcə, adı çəkilən, qeyd edilən "Şeyx Nizami” kitabının əhəmiyyətli tərəflərindən biri də odur ki, vətənmizdə məhz bundan sonra Nizami Gəncəvi şəxsiyyətinə, fəlsəfəsinə, onun bənzərsiz poeziyasına maraq daha da artmışdır. "Şeyx Nizami” əsərinin dövrünə görə necə böyük əhəmiyyət daşımasını X.Məmmədovun aşağıdakı mülahizələri də aydın göstərir: "…M.M.Axundovun "Şeyx Nizami” əsərinin dəyərini onun elmi mündəricəsində axtarmaq səhv olar. Monoqrafiya milli süuru oyanmış xalqın öz tarixi keçmişini araşdırmaq, ötən əsrlərin qaranlıq dolanbaclarında ümumşərq mədəniyyəti kontekstində milli "mən”ini seçib götürmək, ədəbiyyatşünaslıq elmimizin təşəkkül tarixini, nizamişünaslığın inkişaf mərhələlərini öyrənmək baxımından bir təşəbbüs kimi əhəmiyyətlidir” (X.Məmmədov. M.M.Axundov. // "Ana sözü”. 1992. № 1-2. səh. 27).
Rəsulzadənin verdiyi dəyər
"Azərbaycan şairi Nizami” monoqrafiyasının müəllifi Məhəmməd Əmin Rəsulzadı isə "Şeyx Nizami” kitabından danışarkən əsərin yazıldığı dövrü və kitabın əhəmiyyətini belə dəyərləndirir: "Bir tərəfdən islam şərqinin uğradığı ümumi gerilik, o biri tərəfdən isə çarizm istilasının zülm və istismarı nəticəsində öz keçmişini və bu keçmişdəki mədəni nailiyyətlərini unutmuş Azərbaycan Nizamini də yaddan çıxarmışdı. ...Bununla bərabər, obyektiv olaraq onu da qeyd etmək lazımdır ki, Nizami düşünən azərbaycanlılar tərəfindən büsbütün unudulmamışdır: məsələn, 1910-cu ildə (əslində kitab 1909-cu ildə nəşr olunmuşdur – M.Ə.) Gəncə dram cəmiyyəti dahi həmyerlisini yada salıb, onun xaraba türbəsini təmir etmək üçün bir kitabça çap edərək, könüllü şəkildə vəsait toplamaq təşəbbüsündə olmuşdur”(M.Ə.Rəsulzadə. Azərbaycan şairi Nizami. Bakı, "Çıraq” nəşriyyatı, 2008. səh. 42-43).
Mirzə Məhəmməd Axundov öz tədqiqatında Nizami Gəncəvi yaradıcılığından bəhs edən Avropa müəlliflərinin adlarını çəkir, onların şair haqqındakı yüksək fikirlərini xatırladır. Xüsusilə, alman şərqşünası Müllerin Nizami Gəncəvidən məhz bir türk şairi kimi bəhs etməsini ayrıca vurğulayır. M.M.Axundov qeyd edir ki, alman ədəbiyyatşünası İohan Şerr özünün "Ümumi ədəbiyyat tarixi” monoqrafiyasında Nizami Gəncəvinin "Xəmsə”sindən bəhs etmiş, ona yüksək qiymət vermiş və şairin doğma vətəni Gəncədə vəfat etdiyini yazmışdır. Bütün bunlar bir tərəfdən ölməz Nizami sənətinin heç bir sərhəd tanımadığını, bəşəriliyini sübut edirsə, digər tərəfdən M.M.Axundovun bilik və məlumat dairəsinin genişliyini göstərir. «Şeyx Nizami» kitabında şairin tərcümeyi-halı, əsərləri haqqında məlumat verilir. Mirzə Məhəmməd Axundov Nizami Gəncəvidən bəşəriyyətin bədii söz və hikmət xəzinəsinə dəyərli və ölməz əsərlər bəxş edən, onu orijinal ideyalar və humanist fikirlərlə zənginləşdirən, ədəbiyyata yeni forma, yeni struktur nümunələri gətirən və uzun əsrlər Yaxın və Orta Şərq xalqları ədəbiyyatlarının əsas mövzu, süjet istiqamətlərini müəyyənləşdirən bir yaradıcılığa sahib olan mütəfəkkir şair kimi bəhs edir. Nizaminin ölməz "Xəmsə”sinə daxil olan əsərlərinin hər birinin yaranma tarixi, poemanın ithaf olunduğu tarixi şəxsiyyətlər və s. haqqında məlumat verməsi göstərir ki, monoqrafiya müəllifin illərdən bəri apardığı araşdırmanın nəticəsində meydana gəlmişdir.
Kitabın üzərində M.M.Axundovun arzusuna uyğun olaraq bu sözlər yazılmışdır: "Kitabdan vüsul olan pul tamamisilə Şeyx Nizaminin künbədinə sərf olunacaqdır”. Titul səhifədə isə Nizaminin xaraba qalmış məqbərəsi və onun uçmuş kərpic divarına söykənmiş Mirzə Məhəmmədin fotosu əks olunmuşdur. Şəklin altında isə dahi şairin qəbrinin acınacaqlı vəziyyətindən son dərəcə mütəəssir olan Axundovun buna həsr etdiyi şeirindən "Bu xərabə məzarda aya, Görəsən, kimdi böylə xar yatır?” beyti verilmişdir. Dahi şairin və mütəfəkkirin məzarının ağlasığmaz vəziyyətindən dəhşətə gələn müəllifin böyük ürək yanğısı ilə qələmə aldığı və insanı duyğulandıran bu şeir kitabda bütövlükdə çap edilmişdir.
Xatırlatmaq istərdik ki, Mirzə Məhəmməd Axundovun çəkdirdiyi şəkil Nizami türbəsinin XIX əsrdə çəkilmiş ikinci fotoşəklidir. Bunun daha aydın görünüşlü əski surəti akademik H.Araslının 1939-cu ildə nəşr etdirdiyi «Şairin həyatı» adlı əsərində verilmişdir. Hər iki foto-sənəd olduqca qiymətli tarixi faktlardır.
Oxuculara əhəmiyyətli xidmət nümunəsi
Yuxarıda qeyd etdiyimiz kimi, "Şeyx Nizami” kitabı 1909-cu ildə Gəncədə Əhməd Hacı Həsənzadə qardaşları mətbəəsində əski Azərbaycan əlifbası (ərəb əlifbası) ilə nəşr olunmuşdur. Əsər 1992-ci ildə Xeyrulla Məmmədov tərəfindən kirill əlifbasına transliterasiya edilərək "Ana sözü” jurnalının 1-2 (birləşmiş) sayında dərc edilmişdir. X.Məmmədov əsərin dilini bir qədər müasirləşdirərək, çağdaş Azərbaycan dilinin orfoqrafiyasına uyğunlaşdırmışdır. Qeyd edək ki, böyük zəhmət bahasına başa gələn bu işdə X.Məmmədov müəyyən diqqətsizliklərə də yol vermiş, bəzi sözlər və şəxs adlarını, xüsusilə də tanınmış Avropa şərqşünaslarının adlarını yanlış oxuduğundan dəqiq yazmamışdır.
Hər şeydən öncə, Azərbaycan nizamişünaslığınin tarixinin öyrənilməsi baxımından əhəmiyyətli olan, nəşri nadir nüsxəyə çevrilən belə bir dəyərli kitabçanın müasir oxuculara çatdırılması lazım idi. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Təhminə xanım Bədəlova bu elmi zərurəti dərk edərək, vətəndaşlıq qeyrəti ilə məsələnin həllinə girişmiş və uğurlu nəticə əldə etmişdir. Mirzə Məhəmməd Axundovun "Şeyx Nizami” kitabı ikinci dəfə 2016-cı ildə "Elm və təhsil” nəşriyyatında geniş ön söz, işahlar, şərhlər və lüğətlə birlikdə işıq üzü görmüşdür. Kitabın yeni nəşrinin sonuna orijialın fotofaksimilesi də əlavə edilmişdir.Tərtibçi əsəri orijinaldan transliterasiya etmiş və mümkün olduğu qədər kitabın əslinə, yazıldığı dövrün dil, üslub və yazı orfoqrafiyası xüsusiyyətlərinə sadiq qalmağa çalışmış və bu addımını əsaslı müddəa ilə izah etmişdir: "Bunun həm əsərin yazıldığı dövrün ümumi ab-havasını daha yaxından duymağa kömək edəcəyini, həm də əsərin dilinin ədəbi dil faktı kimi götürülməsi, ümumiyyətlə, dil tariximizi öyrənmək baxımından əhəmiyyətli olacağını düşünürük. Yalnız oxucuları çətinliyə salmamaq üçün durğu işarələri müasir qaydalara uyğun şəkildə verilmişdir” (Təhminə Bədəlova. Tərtibçidən. // Mirzə Məhəmməd Axundov. Şeyx Nizami. Bakı, "Elm və Təhsil”, 2016. səh. 15). Mətnin orijinalında fars dilində gətirilən bədii nümunələrin tərcümələri səhifənin aşağısında verilərək, sıra nömrəsi ilə işarələnmişdir. Tərtibçi də bu prinsipi olduğu kimi saxlayaraq, lazım bildiyi söz və ifadələri ulduzlarla işarə edərək, kitabın sonundakı ayrıca bölmədə izah və şərhlər vermişdir. Aydındır ki, kitabın yazıldığı dövrdə Nizaminin əsərlərinin ən qədim əlyazmaları hələ müəllifə məlum olmamış və bu səbəbdən də M.M.Axundov bəzi yanlış qənaətlərə gəlmişdir. Tərtibçi müəllifin hər bir fikrinə nizamişünaslığın müasir mərhələsində geniş və dərin elmi araşdırmalar nəticəsində gəlinmiş qənaətlər və nəticələr baxımından yanaşaraq, eyni zamanda da müəllifin əməyinə çox böyük ehtiram və saygı göstərməklə, elmi etikanı gözləyərək, yanlış hesab etdiyi fikir və mülahizələr lazımi izahlar və şərhlər vermişdir. Bundan başqa, əsərdə işlədilən və hal-hazırda anlaşılması çətin olan ərəb və fars sözlərinin lüğətini də verməyi münasib görmüşdür.
Tərtibçi sonda kitabın tərtibi zamanı onun elmi baxımdan yüksək səviyyədə redaktəsinə çox böyük ciddiyyət və qayğıkeşliklə yanaşan nizamişünas alim, filologiya elmləri doktoru, professor Nüşabə Araslıya və "Şeyx Nizami” əsərinin transliterasiya edilməsini bizə tövsiyə edən, hər zaman gərəkli bilik və məlumatlarını bölüşməyə hazır olan nüzamişünas, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Xəlil Yusifliyə minnətdarlığını bildirməyi də unutmamışdır.
Təhminə Bədəlova nəşr etdirdiyi "Şeyx Nizami” kitabı üzərində həm mətnşünas işini yerinə yetirmiş, həm də ona əlavə etdiyi ön söz, lüğət və şərhlərin timsalında özünün elmi-nəzəri hazırlığının və tədqiqatçılıq səriştəsinin müəyyən qismini ortaya qoya bilmişdir. Bizcə, bütün bunlar faydasız qalmayıb, həmin əsərə və onun müəllifinə "yeni həyat verməklə” yanaşı, oxuculara əhəmiyyətli xidmət nümunəsi olacaqdır.
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin milli mənsubiyyəti, dövrü, mühiti və həyatı haqqında mübahisələrin, böhtanların səngimədiyi bir zamanda həmin kitabın yenidən nəşri belə "üzdəniraq alimlərə” ən yaxşı cavabdır.
Nərgiz Əliyeva
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi
banner

Oxşar Xəbərlər