• cümə, 29 Mart, 15:07
  • Baku Bakı 14°C

Seysmoloji Xidmət Mərkəzi bəyanat yaydı

13.02.14 15:20 1803
Seysmoloji Xidmət Mərkəzi bəyanat yaydı
“AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi son günlər əhali arasında Bakıda güclü zəlzələ olacağına dair xəbərləri bir daha təkzib edib. RSXM-nın mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızının Lent.az-a verdiyi məlumata görə, Xidmət son iki gündə paytaxt sakinləri arasında guya Bakıda güclü zəlzələ olacağına dair heç bir əsası olmadan, təxribat xarakterli məlumatları qətiyyətlə pisləyir, bu məlumatların ciddi əsası olmadığını bəyan edir: “Azərbaycan ərazisində seysmoloji vəziyyətlə bağlı müşahidələr RSXM -də aparılır və Mərkəz tərəfindən müntəzəm olaraq baş verən zəlzələlər barəsində məlumatlar ictimaiyyətə çatdırılır. Hazırda Mərkəzin 35 telemetrik seysmik stansiyaları tərəfindən ölkə ərazisindəki seysmik vəziyyətlə bağlı müşahidələr davam etdirilir. Təəssüf hissi ilə bildiririk ki, bəzi insanlar fevralın 10-da Hacıqabul rayonu ərazisində baş verən zəlzələnin paytaxtda hiss olunmasından sonra əhali arasında heç bir elmi əsası olmayan məlumatlar yayaraq, insanlar arasında yersiz qorxu və təşviş hissi yaratmağa çalışırlar. Bu insanların məqsədləri bizə aydın olmasa da, bildirmək istərdik ki, bu cür fikirləri əhali arasında yaymaq insanların psixologiyasına və sağlamlığına olduqca mənfi təsir edir, bu xəbərlərlə bağlı Mərkəzimizə son günlər edilən çoxsaylı müraciətləri nəzərə alaraq bir daha ölkə mediasına müraciət edirik.
- Nəinki Azərbaycanda, dünyanın heç bir ölkəsində zəlzələnin dəqiq proqnozu yoxdur və hələ ki, seysmologiya elmi proqnoz məsələsinin həllinə nail ola bilməyib.
- Dəfələrlə bəyan etmişik ki, Azərbaycan ərazisi seysmik baxımdan aktiv zonada yerləşir və burda vaxtaşırı zəlzələlər olur.
- Dünyanın heç bir yerində zəlzələnin proqnozu olmadığı kimi, heç kim baş verəcək hər hansı təkanın gücü barədə də əvvəlcədən heç nə deyə bilməz. Bu cür fikirlərin səsləndirilməsi isə qeyri-ciddi xarakter daşıyır və elmi əsası yoxdur.
Bütün bunları nəzərə alaraq, bir daha mətbuat orqanlarından xahiş edirik ki, zəlzələ haqqında məlumatları yayarkən RSXM-in www.seismology.az rəsmi internet saytına istinad etsinlər”.
Eyni zamanda mətbuat nümayəndələri və vətəndaşlar Mərkəzin 492-34-57 saylı telefonuna zəng edərək, mətbuat xidmətindən öz sualları ilə bağlı ətraflı məlumat ala bilərlər.
banner

Oxşar Xəbərlər