• cümə axşamı, 25 aprel, 07:36
  • Baku Bakı 14°C

“Səyahət turları müqavilə ilə satılmalıdır”

12.05.14 14:07 1895
“Səyahət turları müqavilə ilə satılmalıdır”
Səyahətə gedərkən atılacaq ilk addımlar, tur paketin seçilməsi, səyahət müqaviləsinin əhəmiyyəti, hüquqi baxımdan buna münasibət və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını “Corporate Legal Consultancy” (CLC) Hüquq Şirkətinin direktoru Pərviz Məmmədov cavablandırır.
- Pərviz müəllim, vətəndaşlar səyahət seçərkən və tur alarkən hansı məsələlərə diqqət yetirmək lazımdır ki, sonradan pis vəziyyətdə qalmasınlar?

- İlk növbədə turu təklif edən şirkətin fəaliyyəti ilə maraqlanmaq lazımdır. İnternet resurslarından istifadə edərək bunu çox rahatlıqla etmək mümkündür. Seçimi də artıq müəyyən bir dövr ərzində xidmət göstərən müsbət reputasiyası olan şirkətlər arasında aparmaq lazımdır. Daha sonra yaxşı olar ki, 2-3 şirkətdən eyni turla bağlı təklif alsınlar və eyni zamanda şirkətin lisenziyasını təqdim etməyi xahiş etsinlər. Turun əhatə etdiyi dövlət və ya dövlətlərin qanunları yerli adət və ənənələri barədə, tur müddəti ilə üst-üstə düşən hər hansı yerli proseslər barədə məlumat əldə etsinlər. Bizim qanunvericiliklə, adət-ənənələrlə üst-üstə düşməyən və nəticədə orada mənfi reaksiyaya səbəb ola biləcək məsələlərlə maraqlansınlar.
- Hər hansı ölkəyə yollanmaq istəyən şəxslərin səyahət müqaviləsi bağlaması nə üçün lazımdır?

- Bildiyiniz kimi, "Turizm haqqında" qanuna əsasən, turizm məhsulu, o cümlədən turlar müqavilə əsasında satılmalıdır və bu müqavilə yazılı formada bağlanmalıdır. Qanunvericiliyə görə əgər müqavilə tələb olunan qaydada yəni bu halda yazılı qaydada bağlanmayıbsa o halda etibarsız sayılır. Bu baxımdan müqavilə birmənalı olaraq bağlanılmalıdır və turizm xidmətinin alıcısı istehlakçısı mütləq həmin müqavilənin bir nüsxəsini özündə saxlamalıdır.
- Bu müqavilədə hansı məsələlər göstərilməlidir?

- Müqavilədə göstərilməli olan məsələlər qanunla müəyyən edilib. Bura turizm şirkəti, onun lisenziyası, hüquqi ünvanı və bank rekvizitləri barədə məlumatlar, səyahətin proqramı və marşrutu, turistlərin təhlükəsizlik şərtləri aiddir. Bundan başqa, müqavilədə səyahətin başlanması və qurtarması vaxtı və onun ümumi müddəti, turistlərin qarşılanması, yola salınması və müşayiət olunması qaydası, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti aiddir. Eləcə də müqavilədə turizm məhsulunun qiyməti və ödəniş qaydası forması, qrupda turistlərin minimal sayı, qrup üzvlərinin çatışmazlığı üzündən səyahətin olmayacağı barədə turistin məlumatlandırılması müddəti, müqavilənin dəyişdirilməsi və pozulması şərtləri, dəymiş ziyanların ödənilməsi qaydası və sair kimi məsələlər aiddir.
- Azərbaycanlı turistlər səyahət müqaviləsi bağlamağa maraq göstərirlərmi?

- Əlbəttə turistlər bunda maraqlıdırlar, lakin təəssüf ki, bəzi turizm şirkətləri bu məsələyə ciddi yanaşmırlar və nəticədə bir çox mübahisələr yaranır. Hətta məhkəmə mübahisələrinə də səbəb olur. Daha əvvəl də qeyd etdiyim kimi müqavilənin bağlanması birbaşa qanunun tələbidir və qanunun pozulması da turizm şirkətləri üçün ciddi sanksiyalara gətirib çıxara bilər. Müqavilə bağlanması həm də öz növbəsində şirkətin öz fəaliyyətinə peşəkar yanaşmasının bir göstəricisidir.
- Bu müqavilə standart olur, yoxsa, müştərilərin istəyi ilə bura hansısa əlavələr və ya dəyişikliklər edilə bilər?

- Müqavilələr adətən standart olur lakin, müştərinin haqlı tələbləri olduqda bunları müqaviləyə daxil edirik.
- Səyahətə gedənlər xarici ölkələrdə ən çox hansı hüquqi problemlərlə rastlaşırlar?

- Burada ən müxtəlif məsələlər olur. Miqrasiya problemləri olur, avtomobil icarəsi ilə bağlı məsələlər olur, müxtəlif aviaşirkətlərin xidmətləri ilə bağlı çətinliklər olur.
- Məsələn, xaricdə hansısa qadağanı bilməyərəkdən pozduqda polislə problem yaranırmı, ümumiyyətlə, belə hallar bas verirmi?

- Bəli, təəssüf ki, bu cür hallar da baş verir. Buna görə biz turizm şirkətlərinə həmişə tövsiyə edirik ki, turistləri qabaqcadan ətraflı məlumatlandırsınlar. Bu məsələ müxtəlif dövlətlərin qanunvericiliyində müxtəlif formalarda tənzimlənir. Bizim turistlərin ən çox səyahət etdikləri dövlətlərdə fəaliyyət göstərən hüquq şirkətləri ilə əməkdaşlıq sazişlərimiz mövcuddur və bu cür hallarda biz oradakı həmkarlarımızın dəstəyindən istifadə etməyə çalışırıq.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər