“Səyahət sevənlər bu kitabı oxumayıblarsa, çox şey itiriblər” - Kitab rəfi
Asudə vaxtlarımızı səmərəli keçirməyin ən yaxşı
yolu mütaliədir. Mütaliə insanın fikirlərinin inkişafında, dünyagörüşünün
genişlənməsində böyük rol oynayır. Amma nəzərə alsaq ki, vaxtımız bizim üçün
dəyərlidir və ona görə də həmin zamanı bizə məsləhət olunan kitabı oxuyaraq
keçirsək, daha faydalı olar. "Kitab
rəfi” adlı rubrikamızın qonağı "Modern
Group Companies”in Biznesin inkişafı departamentinin direktoru, marketinq və
iqtisadiyyat üzrə bloq yazıların müəllifi Rafiq Hunaltaydır.
Müsahibimizin ilk seçimi Celal Şengörün "Bir cəmiyyət necə intihar edər?”(Bir toplum nasıl
intihar eder?) kitabıdır. Rafiq bəy düşünür ki, hazırda Türkiyədə 2-3 ciddi
oxunası müəllif varsa, onun biri də mütləq Celal Şengördür: "Bu kitabda
Türkiyənin təhsil sistemi, iqtisadi vəziyyəti, sosial zümrələrin fəaliyyəti
elmi şəkildə təhlil olunur. Bu kitabı oxumaq həm də ona görə maraqlıdır ki,
oxuduqca, bir çox məsələlərin eynilə bizdəki kimi olduğunu görürük”.
2-ci seçim
Yılmaz Özdildən "Mustafa Kamal” adlı kitabdır: "Atatürk haqqında çox
oxumuşdum, amma bir də Yılmaz Özdilin axıcı izahları və hadisələri mükəmməl
təsviri ilə oxumaq da nəsib oldu. Paralel olaraq Atatürk
haqqında indiyə qədər bilmədiyim, onun böyüklüyünü bir daha sübut edən
faktlarla da tanış oldum, şiddətlə hər kəsə tövsiyə edirəm”.
3-cü ingilis dilində olan Hektor Qarsiyanın "Ikıgaı” kitabıdır: "Son dövrlər mənə ən çox
təsir edən kitablardandır. Yapon yaşam tərzi və onun modern dünyada tətbiqi ilə
bağlı əvəzsiz informasiyalarla doludur. Dünyanın ən uzun ömürlü insanlarının
yaşadığı əyalətlərə virtual səyahət edərək oranın insanlarının günlük yaşam
tərzləri ilə tanış olacaqsınız”.
İlber
Ortaylının "Bir ömür nasıl yaşanır” kitabı 4-cü seçimi oldu: "Səyahət etməyi sevənlər
indiyə qədər bu kitabı oxumayıbsa, çox şey itirib. Elmi, bədii, coğrafi
məlumatlarla dolu olan kitabı həm xalqların mədəniyyətləri, həm ölkələr və
şəhərlər üzrə səyahət bələdçisi də adlandırmaq olar. "Bir şəhəri nəyinə, hansı
xüsusiyyətlərinə görə sevmək olar” sualının cavabı bu kitabdadır”.
Seymur
Baycanın "Mənim mübarizəm” seriyası 5-ci sırada yer aldı: "Hər şeydən öncə, insan
yaşadığı mühitin sosial-iqtisadi vəziyyətini, ədəbi mühitini daha yaxşı
bilməlidir. Öz adıma tam əminliklə deyə bilərəm ki, Seymur Baycanın "Mənim
Mübarizəm” seriyasından olan 6 kitab sizə yaşadığımız mühiti bəzən satirik,
bəzən yumoristik, bəzən ciddi təhlillərlə, amma olduğu kimi göstərəcək.
Oxuduqca, hər hadisəyə qarşı mütləq ki, həyatınızın hər hansı nöqtəsi ilə
paralellər aparacaqsınız”.
Həmsöhbətimi uzun müddət təsirində saxlayan
kitablardan biri də Stefan Sveyqin
"Şahmat”ı 6-cı sıradadır: "Kitabı, bir insanın məcbur qalsa, nələrə qadir
olmasına, "olmaz” dediyi nə qədər şeyi çox rahatlıqla edəcəyinə nümunədir.
Kitabı oxuyarkən qəhrəmanın yerinə özünüzü qoyacaq və bir neçə dəfə, sözün
həqiqi mənasında tərləyəcəksiniz”.
Karl
Ştaynerın "Qulaqda 7000 gün” kitabı 7-ci oldu: "Böyüklərin
bəzən həsrətlə yad etdiyi SSRİ-nin, insanları necə istismar etməsini şahidin,
26 illik məhbəs həyatını oxuyaraq biləcəksiniz. Çox böyük coğrafiyanın bütün
nəqliyyat, dəmiryol, iri binalarını məhkumların tikdiyi mənim üçün yeni məlum
oldu. Bunu oxuduqdan sonra "sovetin vaxtında” deyib köks ötürənlərə ürəkdən
gülə bilərsiniz”.
SSRİ "qəhrəmanlığı” haqqında olan Svetlana Aleksiyeviçin "Sink uşaqlar” kitabı
isə 8-cidir: "O boyda SSRİ-nin
uduzduğu Əfqanıstan müharibəsini bu kitab vasitəsilə, birbaşa, iştirakçıların,
şahidlərin dilindən oxuyacaqsınız. Həm sistemin çürüklüyünü, öz ölkəsinin
insanlarını necə heçə saydığını, hörmət qoymadığını, həm də bu müharibənin
veteranlarının qayıtdıqdan sonra yaşadığı məhrumiyyətləri çox açıq göstərir”.
9-cu Robert
Qrinin "Müharibədə 33 strategiya” adlı kitabıdır: "Bu kitabda müharibədə ən
məşhur 33 strategiyanın həyatımızda, eləcə də biznes həyatında əksi ilə bağlı
əvəzsiz məlumatlar var. Hətta bu kitabı oxuyub bloq da yazmışdım”.
10-cu isə biznes sahəsinə aid JN Kapferrerin "The new strategic brand management” kitabıdır:
"Biznesdə, xüsusən də brend menecment, kateqoriya menecmenti, marketinq
sahəsində çalışan insanların mütləq oxumalı olduğu kitabdır. Bir brendin
yaranmasında rol alan fəaliyyətlərə 360 dərəcə səyahət edəcək, elmi-praktiki
misallarla verilən məlumatları daha rahat həzm edə biləcəksiniz”.
Günel Azadə