“Səyahət kreslodan başlayır” - "Gör-götür"
Səyahət
tipli verilişlərə baxanda çox adamın ürəyindən həmin aparıcının yerində olmaq
keçir. Çox zaman deyirlər ki, bu elə çətin iş deyil, gedib gəzirsən, sonra da
veriliş hazırlayırsan. Amma bu, elə də asan deyilmiş. Çəkiliş və səyahət bir
arada olunsa, gözəlliklərdən zövq almaq sual altına düşür. Bu qənaətə
onunla söhbətdən sonra gəldim. Müsahibimiz tanınmış teleaparıcı Mirsəməd Cəfərlidir.
- Efirdə etdiyiniz təqdimat maraqlı və diqqətçəkici
olur. İstəyərdim elə təqdimatla başlayaq…
- Hər
zaman veriliş hazırlayanda ilk cümlələrə böyük önəm verirəm. Çünki həmin bir
neçə cümlə tamaşaçını ələ almağa yönəlir. Təqdimat nə qədər maraqlı olsa,
verilişin axarı da elə davam edir. O baxımdan, son illər məşğul olduğum telesəyahət
janrında da həmişə maraqlı, cəlbedici hissələri üzə çıxarmağa çalışıram.
- Təqdimat elə olur ki, adamın içində həmin ölkəyə
getmək arzusu yaranır…
- Bu, səmimiyyətdən
doğan məsələdir. Təvazökarlıqdan kənar olsa da, deyəcəm (gülür - A.A.). Çox adam deyir ki, sənin
proqramlarında səmimilik duyulur. Çünki mən buna önəm verirəm. Sanki efir
qarşısında oturan insanları görürəm. Ona görə də maksimum dərəcədə səmimi
olmağa çalışıram.
- Məsələn, "Turne” verilişində kifayət qədər məlumat
verirdiniz. Onları toplamaq da yəqin asan başa gəlməz…
- Fövqəladə
bir iş olduğunu deyə bilmərəm, amma "Turne” layihəsində daha çox məlumat
çatdırmağa çalışırdım, işin maarifləndirici tərəfinə daha çox diqqət
yetirirdim. Bunun üçün isə gərək oxuyasan, həmin ölkə haqqında hazırlanmış
verilişlərə baxasan.
- "Çox gəzən çox bilər” deyirlər. Amma siz gəzməmişdən
əvvəl də öyrənirsiniz?
- Əlbəttə,
mən həmişə deyirəm ki, səyahət kreslodan
başlayır. Kompüter arxasında oturub internetdə məlumatları götür-qoy edirsən,
detalları ölçüb-biçirsən və s.
- Bəzən deyirlər ki, bu, elə çətin deyil, gedib gəzirsən,
sonra da veriliş hazırlayırsan. Səyahət jurnalistikasının görünməyən tərəfləri
nələrdir?
- Əslində
imkan olsa, sponsorlar maraq göstərsələr, bu sahə jurnalistikanın gözəl
janrlarındandır. Amma bu janra gəlib çatana qədər jurnalistika təcrübəsi mütləq
olmalıdır. Mən televiziyada müxbir, şöbə müdiri, aparıcı, xaricdə xüsusi
müxbir, redaktor kimi bütün mərhələləri keçmişəm. Ondan sonra səyahət
jurnalistikası ilə məşğul olmaq qərarına gəldim. Görünməyən tərəfləri odur ki,
hər hansı ölkəyə getməmişdən əvvəl o ölkə haqda kifayət qədər məlumat
toplamalısan, reportajlar üçün danışıqlar aparasan, razılıq alasan. Xarici ölkədə
çəkiliş üçün icazə almaq elə də asan deyil. Qərib ölkədir, bilmirsən necə
qarşılayacaqlar, kriminal yerlər ola bilər. Amma ümumilikdə xoş bir sahədir.
- Düzdür, istirahət tərəfi var, bəs hər veriliş
üçün yollarda olmaq yorucu deyil?
- Biz həmişə
yollarda olmuruq (gülür - A.A.).
Birbaşa uçuş olmayanda hansısa ölkəyə gedib ordan gedirik. Getdiyimiz ölkədə
saat fərqi çox olanda uyğunlaşma çətin olur. Çox vaxt belə məqamlarda yatmaq
olmur. Bu zaman yorğunluq olur.
- Səyahətin yaşa təsiri necədir? Qocalmağın
qarşısını alır?
- (Gülür - A.A.) Bilirsiniz, səyahətdə
keçirdiyim hər bir gün ölkədə keçirdiyin 3-4 günə bərabərdir. Çünki orada o qədər
böyük təəssüratlarla qarşılaşırsan, gözünün qabağından o qədər mənzərə, dad,
qoxu keçir ki, sən onların hamısını hopdurmağa çətinlik çəkirsən. Bir adam bir
ölkəyə getsə, daha çox təəssüratla qayıdar, nəinki mən bu qədər ölkələrə getməklə.
Bəzi şeyləri artıq sezmirəm. Adam var ki, getdiyi ölkədə çox xırda bir detalı
belə görür. Mən əvvəl hər xırda detala fikir verə bilirdim, amma məlumat
çoxluğundan artıq yadda saxlamaq cəhətdən bir yorğunluq olur və hamısına artıq
fikir verə bilmirəm.
- Çox gəzənin çox şeyi öyrənməsi məlum. Bəs gəzməklə
nəyi öyrənmək mümkün deyil?
- Çox çətin
sualdır (gülür - A.A.).
Qısa müddət ərzində hansısa ölkəni tam öyrənmək olmur. Qısamüddətli səfərlərdə
ancaq gözlə görə biləcəyin şeylər haqqında məlumat ala bilirsən. Bir həftəlik
ölkəmizə gələn qonaq Bakının gəzməli, görməli yerlərinə gedə bilər, amma xalqın
mental xüsusiyyətlərini öyrənə bilməz. Bəzi şəhərlərdə eyni yerə iki dəfə səfər
etmişəm. Birinci təəssüratla ikinci arasında bəzən böyük fərq olub. Elə şeylər
olur ki, ikinci dəfə kəşf etmişəm. Elə ölkələr var ki, onlar haqda məlumatlı
olmaq üçün gərək orda uzun müddət yaşayasan.
- Məsələn hansı ölkələr? Yaponiyanı demək olar?
-
Yaponiya elə ölkədir ki, heç 3 dəfə getməklə də tam dərk etmək olmaz. Çünki ora
materikdən kənardır, xaricilərin girişi çox vaxt məhdudlaşıb. Qapalı ölkə
olublar, istəməyiblər xarici təsirlər, təzyiqlər olsun. O baxımdan, yaponların
adət-ənənələri, dünyagörüşləri tamam fərqlidir. Yaponiyada olanda tez-tez təəccüblənirsən.
Ora gedəndə Yaponiya haqda təsəvvürlərin çox yüksəkdə olur. Demirəm ki, gedəndən
sonra fikirlər alt-üst olur, amma çox şeylər başqa cürdür. Onlar da bizim kimi
insandırlar. Dünyanın hər yerində insanlar eyni cürdür. Amma müəyyən fərqlər
var. Onlar da gəzməyi, əylənməyi, yeyib-içməyi sevir. Bəzən yapon elə ağılsız
bir şey edir ki, düşünürsən ki, bir yapon bunu necə edə bilər axı? Belə maraqlı
çox detallar var.
- İşdən kənar səyahətləriniz də yəqin ki olur. Bu
zaman içinizdə qalırmı ki, kaş çəkiliş üçün gələydik?
- Elə
Yaponiya səfərim çəkiliş üçün deyildi. Amma orada fikirləşirdim ki, bəlkə də
burdan 101 süjet çıxara bilərdim. Yəni, sonsuz sayda. Nəqliyyat, mətbəx, şəhərin
quruluşu, insanlar və s. hər şeyindən danışmaq olardı. Kameranı qurub adi yolda
getməyi çəkmək belə maraqlı olardı. Hələ təbiətini demirəm.
- Bu gün səyahət jurnalistikasına maraq nə dərəcədədir?
Sponsorlar nə dərəcədə maraqlıdırlar bu cür verilişlərdə?
- Sosial
vəziyyətin çətinləşməsi bu məsələyə də öz təsirini göstərib. Əvvəllər ölkələr
özləri də bizim gedib onları çəkməyimizdə maraqlıydılar. Deyirdilər ki, gəlin
bizim ölkəni çəkin, Azərbaycan tamaşaçısı məlumat əldə etsin. İndi görürlər ki,
bizdən gedən turistlərin sayı azalıb. Həm də artıq yeni nəsil formalaşıb ki,
onlar üçün bahalı səyahətlər vacib deyil. "Avtostop”, ən ucuz səyahət növləri
ilə gəzməyə hazırdırlar.
- Bəs sizin "avtostop” tipli, yaxud komfortdan uzaq
səyahətiniz olub?
- Düzü,
yox. Çünki texnika, televiziya üçün gərək hər şey dəqiq, planlaşdırılmış olsun.
Amma maksimum ona yaxınlaşıb. Məsələn, Argentinada buzlaqlar olan yerdə çəkiliş
etmək üçün nə qədər yolu piyada, sonra gəmi ilə getdik.
- Verilişdən kənar özünüzün qeyri-adi səfəriniz
olub?
- Təəssüf
ki, olmayıb.
- İstəyərdiniz olsun?
-
Olmasını istəyərdim. Bundan sonra Everestə qalxacağımı deyə bilmərəm. Amma məsələn,
bir aylıq Taylandı gəzmək istəyərəm. O yerləri ki, fərqliliklər çoxdur,
qloballaşma ora çox təsir etməyib. Yaxud Afrika ölkələrində olmamışam. Misiri,
Tunisi çıxaq. Çünki onlar o qədər də Afrika ölkəsi sayılmır. Keniyanın,
Tanzaniyanın vəhşi təbiəti, gözəllikləri maraqlı gəlir.
- Səfərdə qarşılaşdığınız maraqlı, yaxud qorxulu
hadisələr olubmu?
- Bir neçə
dəfə dələduzlarla qarşılaşmışam. Çexiyada bir nəfər yaxınlaşdı ki, gəlin sizin
pullarınızı daha yaxşı kursla dəyişim. Elə 100 dolları ona verirdim ki, bələdçimiz
arxadan bizə çatdı, pulu əlinə götürdü və dedi ki, bu heç Çexiya kronu deyil
ki, Macarıstan forintidi. Sən demə, fırıldaqçı aşağı kursda olan macar pulunu
sırımaq istəyirdi. Dərhal pulu da götürüb qaçdı.
- "Ye, dua et, sev” kitabında səyahət edən xanım
hansı ölkəyə getsə, dadlı yeməkləri tapır dadına baxır, dua və sevgini önə çəkir.
Siz səfərlərdə içinizdə əsas nəyi daşıyırsınız?
- Dua
dediniz, yadıma bir detal düşdü. Bir dəfə Qətərin Doha hava limanından tranzit
uçuş edirdim. Səhər 5-də ora çatmışdım. Telefonu internetə qoşan kimi, gördüm,
"Facebook”dan xanım dostlardan biri mesaj yazıb ki, oğlum xəstədir, istəyirəm
onun üçün dua edəsiniz, çünki deyirlər ki səfərdə olan insanların duası daha
tez qəbul olur. Bu, mənə çox təsir elədi. Fikirləşdim ki, hətta neçə min
kilometr uzaqda olan birinin duası da bəzən insanlar üçün əhəmiyyətli olur. Bu,
ananın uşağına olan sevgisindən, ümidini üzməməsindən irəli gəlir.Səfərlərimə
gəlincə, daha çox iş məqsədli olduğu üçün yaxşı kadrları, maraqlı faktları daim
getdiyim ölkələrdə axtarıram. Məsələn, hansısa ölkə ilə səfər danışmışıq, bilirəm
ki, orda maraqlı nəsə var, əgər onu çəkiliş materialının içinə salmayıblarsa, dilxor
olacam. Filippinə getmişdim. Onların xoruz döyüşdürməsi var. İl ərzində davamlı
keçirilir. Amma onlar ölkələrini başqa istiqamətdən təqdim etmək istəyirdilər
deyə, materialın içinə bunu salmamışdılar. Filippinin paytaxtı Manilada
insanlar yaşayan bir qəbiristanlıq var. Onu da çəkiliş planına salmamışdılar. Mən
soruşanda dedilər ki, biz ora gedə bilmərik, istəyirsinizsə özünüz gedin. Həm də
bildirdilər ki, oradakılar çəkiliş etməyi sevmirlər. Amma operatorla ikimiz
daxili nəqliyyatla ora gedib çıxdıq, çəkiliş etdik. Evsiz insanlardılar, gəlib
qəbiristanlıqda olan sərdabələrin içərisində yaşayırlar, qəbirlərin üstündə
yatırlar. Ümumiyyətlə, çəkilişlə səyahətimi fərqləndirməyi bacarmıram. Mənim
üçün ilk növbədə kadr olur. İşə o qədər baş qarışır ki, səyahətdən zövq almaq,
gözəllikləri tam mənada görmək olmur. Təsəvvür edin, biri var, oturmusan şəhərin
mərkəzində, kofe içə-içə ətrafa tamaşa edəsən, biri də var çəkilişə görə, heç o
kofeni içməyə vaxt olmasın. Bəzən çəkiliş qurtarıb, komanda qayıdandan sonra tək
özüm qalıb bir neçə gün istirahət edirəm.
- Səfərlərdən evə nə gətirirsiniz?
- Baxır
getdiyim ölkəyə. Ekzotik meyvələr, dadlı şokoladlar, hətta qışda balıq da gətirmişəm.
- Hər səfərdən dönəndə evdəkilərlə nəyi bölüşürsünüz?
- Səfərlərdən
qayıdanda mənə elə gəlir ki, bölüşdüyüm təəssüratlar evdə əks-sədaya səbəb
olacaq. Amma artıq öyrəşiblər, nədirsə, hansısa təəccüblü bir məqamdan da
danışsam, reaksiyaları çox adi olur. Təəccüblə qarşılamırlar.
Aygün
Asimqızı