• cümə axşamı, 28 mart, 18:15
  • Baku Bakı 13°C

Şəxsiyyətlər" jurnalı İlham Əliyevə xüsusi buraxılış həsr edib Yenilənib

26.12.13 16:53 1436
Şəxsiyyətlər" jurnalı İlham Əliyevə xüsusi buraxılış həsr edib Yenilənib
Azərbaycana qısa müddətdə inanılmaz nailiyyətlər qazandıran Prezident İlham Əliyevin apardığı siyasət xarici ölkələrdə də böyük maraqla izlənilir. Artıq xarici mətbuatda tez-tez inkişafın Azərbaycan modeli haqqında danışılır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev "Şəxsiyyətlər" ("Личности") jurnalının xüsusi buraxılışının nəşr edilməsinə həsr olunmuş tədbirdə çıxışında bildirib.
R.Mehdiyev qeyd edib ki, Şərqlə Qərb arasında yerləşən Azərbaycan müasirlik, inkişaf, sabitlik, multikulturalizm fenomenlərini rəhbər tutur: "Ölkə modernləşmənin təkcə Qərb modelini deyil, həm də Şərq modelini öyrənir, onun vəhdətini yaradır".
Onun sözlərinə görə, Azərbaycanın hələ keçid dövründə əldə etdiyi güclü dövlətçilik, bazar iqtisadiyyatı, yaxşı investisiya imkanları yenicə müstəqil olan ölkələr üçün olduqca cəlbedicidir, nümunədir: "Çoxmillətli Azərbaycan tarixi boyunca heç vaxt dinlərarası, etnik qruplar arası münaqişələrə səhnə olmayıb və olmayacaq da. Çünki tolerantlıq milli dəyər kimi qorunur. Prezident İlham Əliyevin öz fəaliyyəti ilə dinlərarası, sivilizasiyalararası, mədəniyyətlərarası dialoqa verdiyi bəşəri töhfələr, Azərbaycanı bölgənin humanitar təfəkkür mərkəzinə çevirməsi bunun bariz nümunəsidir".
R.Mehdiyev bildirib ki, şübhəsiz, gələcək nəsillər müasir Azərbaycanın inkişaf yollarını öyrənərkən milli ideyanın həyata keçirilməsi üçün Azərbaycan millətinin birləşməsində, XXI əsrdə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafında müstəsna rol oynamış siyasi və milli lider kimi İlham Əliyevin rolunu qeyd edəcəklər.
PA rəhbəri qeyd edib ki, hazırda demokratik dövlət qurulucuğu, vətəndaş cəmiyyətinin formalaşması və bazar iqtisadiyyatının inkişafı şəraitində ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatının bütün sahələri yenilənir, o cümlədən Azərbaycanın gənc vətəndaşlarının iqtisadi, mədəni və mənəvi tələbatlarını ödəməyə yönəldilmiş yeni gənclər siyasəti formalaşır. Gəncə şəhərinin "2016-cı il Avropanın gənclər paytaxtı" seçilməsi bunu təsdiq edir. Bu əlamətdar hadisə özlüyündə dünya ictimaiyyətinin Prezident İlham Əliyevin gənclər siyasətini tanımasını göstərir: "İlham Əliyev rəhbərliyi dövründə Azərbaycan xalqının sevgisi və dərin hörmətini qazanıb. Prezident və xalqın qarşılıqlı ali hissləri İlham Əliyevə güc və əminlik verir ki, ölkəni apardığı yol asan olmasa da, doğru yoldur. Məhz həmin yol xalqımızı yaxşı gələcəyə doğru aparır".
R.Mehdiyev deyib ki, son on il bəşəriyyət tarixi miqyasında çox qısa zaman kəsiyidir. Lakin cəmi 20 yaşı olan dövlət üçün bu, kifayət qədər əhəmiyyətli dövrdür. Məhz buna görə də İlham Əliyevin prezidentliyinin on illiyinə Böyük Yaradıcılıq Yolunun başlanğıcı kimi baxmaq lazımdır. Azərbaycan Prezidentinin rəhbərliyi altında reallaşdırılan Azərbaycanın inkişaf strategiyası təkcə iqtisadi artıma və siyasi sabitliyin yaradılmasına deyil, insan kapitalının yüksəldilməsinə və sosial strukturların dəyişdirilməsinə köklənib. Və bu, dünya ictimaiyyətinin diqqətindən yayınmır: "Prezidentimizin malik olduğu dövlətçilik istedadını və müdrikliyi qiymətləndirməmək mümkün deyil. Məhz İlham Əliyevin bu istedadı, siyasi uzaqgörənliyi və böyük idarəetmə qabiliyyəti sayəsində Azərbaycan dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada dayandı".
Onun sözlərinə görə, İlham Əliyev on il ərzində islahat yüklənmələrinin plankasını tədricən qaldıraraq daim ciddi və uzaqgörən dövlət liderinin keyfiyyətlərini nümayiş etdirib. Bu nadir keyfiyyətlər heç də bütün müasir siyasətçilərə xas deyil. Yalnız İlham Əliyev kimi seçilmiş siyasətçilər belə keyfiyyətlərə malikdirlər. Onun qibtə oyadan qətiyyəti və həyata keçirilən tədbirlərin praktiki səmərəliliyi Azərbaycana öz geosiyasi irsini yeni komponentlərlə doldurmağa imkan verir:
"İlham Əliyevin fəaliyyəti ölkə hüdudlarından kənara çıxıb, o, vacib beynəlxalq layihələrin həllində fəal iştirak edir. Əminliklə deyə bilərəm ki, hazırda Azərbaycan təkcə enerji sahəsində deyil, həm də məlum olduğu kimi, Avrasiyada geosiyasi trendlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Artıq heç kəs şübhə etmir ki, İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı qlobal planları olan regional dövlət qismində önə çıxarıb. Müasir Azərbaycan böyük geosiyasi əhəmiyyəti olan, iqtisadi uğurları və siyasi təşəbbüsləri dünya ictimaiyyəti tərəfindən tanınan ölkədir. Ölkəmiz böyük intellektual və mədəni potensiala malikdir, Azərbaycanın müasir inkişaf perspektivləri artıq bütün dünyaya sübut etdi ki, təkcə neft və olimpiya deyil, həm də kosmik ölkədir və bu heç də son hədd deyil".
"Şəxsiyyətlər" jurnalının baş redaktoru Yuri Beletski və Ukrayna Milli Teleradio Komitəsinin nümayəndəsi Tatyana Demçenko çıxışlarında Prezident İlham Əliyevin həyata keçirdiyi quruculuq işlərinə toxunub və jurnalın xüsusi sayında Azərbaycanın əldə etdiyi uğurların öz əksini tapdığını qeyd ediblər.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə bildirib ki, XX əsr şəxsiyyətlər əsri olub. Türkiyə Mustafa Kamal Atatürk, ABŞ Franklin Ruzvelt, Fransa Şarl de Qol, Azərbaycan isə Heydər Əliyevlə tarix yaradıb. O, Heydər Əliyevin Azərbaycan dövlətinin böyük strateqi və memarı olduğunu qeyd edib.
A.Əlizadə qeyd edib ki, Azərbaycan Prezident İlham Əliyevlə inkişafının yeni mərhələsinə qədəm qoyub. Bəzi politoloqlar hesab edirdilər ki, XX əsrin başa çatması ilə şəxsiyyətlərin rolu başa çatıb, artıq qloballaşan dünyada menecerlərin dövrü başlayır. Lakin Azərbaycanda İlham Əliyev və dünyanın digər siyasi liderləri bunun belə olmadığını ortaya qoydular. Yeni əsrdə yeni çağırışlar var və bunun üçün də İlham Əliyev kimi liderlərə ehtiyac duyulur. İlham Əliyev ölkənin modernləşdirilməsi kursunu seçib və bu kursun əsasında Azərbaycan xalqının maraqları, mənafeləri durur. Stabil və davamlı inkişaf edən iqtisadiyyatın əsası qoyulub, uğurlu daxili və xarici siyasət həyata keçirilir.
AMEA prezidenti deyib ki, yalnız bu baza ölkədə vətəndaş cəmiyyətinin, elm və mədəniyyətin inkişafını təmin edə bilər. Bu gün Azərbaycan gəncləri dünyanın nüfuzlu universitetlərində təhsil almağa göndərilir. Artıq bütün dünya Bakının multikulturalizm, tolerantlıq və mədəniyyət mərkəzinə çevrildiyini, Prezident İlham Əliyevin böyük şəxsiyyət olduğunu bilir.
-------
16:23
Bu gün Bakıda Ukraynada nəşr olunan “Şəxsiyyətlər” (“Liçnosti”) jurnalının prezident İlham Əliyevə həsr olunmuş xüsusi buraxılışının təqdimat mərasimi keçirilir.
APA-nın məlumatına görə, tədbirdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, “Şəxsiyyətlər” jurnalının baş redaktoru Yuri Beletski, Ukrayna Milli Teleradio Komitəsinin nümayəndəsi Tatyana Demçenko, millət vəkilləri, KİV rəhbərləri iştirak edirlər.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət ölkə xaricində də diqqətlə izlənilir. Onun sözlərinə görə, Azərbaycan tarixində heç vaxt dinlər və millətlər arasında münaqişələr olmayıb.
R.Mehdiyev prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 10 il ərzində böyük uğurlara imza atdığını vurğulayıb: “Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Azərbaycan inkişaf modeli bu gün dünyada diqqətlə öyrənilir. Prezident İlham Əliyevin gördüyü işlər nəticəsində Azərbaycan beynəlxalq aləmin nüfuzlu üzvlərindən birinə çevrilib. Bu gün Azərbaycan təkcə neft-qaz ölkəsi deyil, həm də kosmik ölkədir”.
Administrasiya rəhbəri Azərbaycanda bazar iqtisadiyyatı və vətəndaş cəmiyyəti quruculuğunun uğurla həyata keçirildiyini qeyd edib. O, prezident İlham Əliyevin şəxsində Azərbaycanın güclü milli lideri olduğunu vurğulayıb.
Tədbir davam edir.
banner

Oxşar Xəbərlər