• şənbə, 20 Aprel, 00:22
  • Baku Bakı 15°C

Şəxsiyyət vəsiqəsinin vaxtı keçmiş neçə seçici var? - Açıqlama

11.09.13 12:37 2204
Şəxsiyyət vəsiqəsinin vaxtı keçmiş neçə seçici var? - Açıqlama
Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi müavini Ehsan Zahidov prezidentliyə namizədliyi irəli sürülən İsmayıl Yusifovun iddialarına münasibət bildirərkən deyib.
E. Zahidov qeyd edib ki, prezidentliyə namizədliyini irəli sürsə də, qanunla müəyyən olunmuş vaxta imza vərəqələrini və digər lazımi sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim etmədiyinə görə seçki marafonundan kənarlaşan İsmayıl Yusifovun seçicilərin şəxsiyyətlərini təsdiq edən sənədlərdə ciddi problem olması barədə dediyi fikirlər tam əsassızdır: “Görünür, sabiq namizəd öz uğursuzluğuna bu yolla don geyindirmək istəyir. Onun “2 milyon yarım seçicinin şəxsiyyət vəsiqəsinin vaxtı keçib” iddiası qərəzli uydurmadan başqa bir şey deyil. Bəli, səsvermə hüququna malik vətəndaşlarımız arasında müəyyən səbəblərdən şəxsiyyət vəsiqəsinin vaxtı keçənlər var, lakin onların sayı 2 milyon yarım yox, respublika üzrə cəmi 30 min nəfərə yaxındır ki, onların da böyük əksəriyyəti ölkəmizin hüdudlarından kənarda fəaliyyət göstərənlərdir. Həmin vətəndaşlarımız ölkəyə qayıtdıqca dərhal onların şəxsiyyət vəsiqələri yeniləri ilə əvəzlənəcək”.
E. Zahidov həmçinin vurğulayıb ki, DİN rəhbərliyinin göstərişi və ciddi nəzarəti altında bütün rayonların pasport-qeydiyyat xidmətlərinin əməkdaşlarından ibarət səyyar briqadalar, eləcə də ASAN Xidmətinin səyyar avtobusları ən ucqar dağ kəndlərinə qədər gedərək vətəndaşların vaxtı keçən şəxsiyyət vəsiqələrinin dəyişdirilməsini yerindəcə təmin edirlər və bu iş hazırda da davam etdirilir: “Əminik ki, yaxın 20 gün müddətində bu proses uğurla başa çatacaq və oktyabr ayına kimi etibarsız şəxsiyyət vəsiqəsi daşıyan səsvermə hüququna malik vətəndaşımız qalmayacaq”.
Qeyd edək ki, prezidentliyə namizədliyini irəli sürmüş Demokratik Birlik Fraksiyasının üzvü İsmayıl Yusifov mətbuata açıqlama verərək Azərbaycanda seçicilərinin şəxsiyyətlərini təsdiq edən sənədlərində ciddi problemlərin olduğunu, 4 milyon 986 min 296 seçicidən 2 milyon yarımının şəxsiyyət vəsiqəsinin vaxtının keçdiyini iddia edib.
Onu da əlavə edək ki, İ. Yusifov imza vərəqələrini vaxtında MSK-ya təqdim etmədiyi üçün seçki prosesindən kənarda qalıb.
banner

Oxşar Xəbərlər