Şəxsi intellekti olmayanlar
Quzman və Senyor var olmaq və intellekt barədə söhbət edirlər:
"Yaradılışın sonuncu mərhələsi insanı və dünyanı yaratmaqdır, Senyor, bilirsən,
bu müqəddəs kitabda yazılıbdır. Tanrı məni ona qarşı çıxmaqdan qorusun... amma
zənginləşdirməkdən deyil”. Quzman və Senyor Karlos Fuentesin qəhrəmanlarıdır.
Senyorun Quzmana verdiyi cavab adamı düşündürür. Yaradılışın sonuncu mərhələsi
tanrının insanı yaratması ola bilməz. Axı insan yaşamalı və yaratmalıdır. Bəs yaşamaq və yaratmaq bəs edər? Ədəbiyyat olan
yerdə, yox. Ədəbiyyatla lap tanrının
özünü də zənginləşdirmək olar. Quzman
yaradıcı olmağı nəzərdə tutur. "Tanrı məni ona qarşı çıxmaqdan qorusun... amma
zənginləşdirməkdən deyil”. Dünyanı zənginləşdirmək isə səmavi və qeyri səmavi
dinlər, kitablar, elm və fəlsəfə ilə mümkündür.
Ədəbiyyatla isə varlıq və mövcudluq hər yöndən mənalanır. Bəzən zahiri
planda dini və ya tanrını inkar
edir. Həqiqətə və Tanrıya ən yaxın yenə ədəbiyyatdır. Mirzə Fətəli və
Nazim Hikmət ən yaxşı nümunədir. Məncə, onların əsərləri Tanrıya və həqiqətə
daha yaxındır. Tanrı razı qalır. Və tanrı razı qalarsa sözdən və ədəbiyyatdan
zövq almış olur. Tanrı razı qalmaya da bilər. Eybi yox. Təki ədəbiyyat
yaransın. Sənət olsun. Gec-tez tanrı da barışar.
Quzman dünyada olan əskikliyin,
natamamlığın səbəbini "xəyal gücü və intellektin zəifliyi”ndə görür. Yəni, ədəbiyyatın
sərhədsiz təxəyyülü ilə harmoniya və
rahatlıq, zövq və həzzin gerçəkləşəcəyinə inanır. Bizim ədəbiyyatda çatışmayan
cəhət intellektdir. Hardansa oxuduğu məlumatları olduğu kimi mətnə köçürmək
prosesi dayazlıqdan xəbər verir. Həmin məlumatların ən yaxşı və sistemlisi
vikipediya və nəzəriyyə kitablarında var. Bir də hazır bədii mətnlərdə.
Fuentes romanlarının sosial funksiyası Tolstoy və Düma
romanlarının estetikasına uyğun gəlir. Tolstoyun ciddi, peyğəmbəranə humanist
realizmi və Dümanın əyləncəli, ironiyalı həqiqətlərində var olan sosial
funksiya özünü klassik formada tapırdı. Fuentes sosial funksiyanın oyun və əyləncə
estetikasını əsas götürür. Böyük, ciddi mətləbləri tarix, mədəniyyət və ədəbiyyatın
əyləncəli ensiklopediyasına çevirir. İstedad və intellekti sayəsində.
Şəxsi intellekti olmayanlar isə nəzəriyyəni
mənimsəmədən, olduğu kimi məqalə, esse, şeir, hekayə və romanlara yamayır. Şəksiz
ki, onlardan Düma və Tolstoy olmaq gözlənilmir. Heç Fuentes olmağa da gərək
yoxdur. Quzmanın dediyi kimi öz xəyal gücü və intellekti olsa artıqlaması ilə bəsdir.
Əks halda var olan intellektin yoxluğu, kasadlığı və imitasiyası ilə
qarşılaşırıq. Görünən istedad və intellekt başqalarına aiddir axı. Məsələni bir
az daha dəqiqləşdirək. Xaricdə bir ədəbiyyatşünas və ya tənqidçi filan yazıçı
barədə bir məqalə və ya esse yazıb. Az-çox oxumuşuq. Xəbərimiz var. Şəxsi
intellekti olmayan o yazının daha pis bir variantını təqdim edir. Həm də öz adı
ilə. Yaxud, türk və avropalı istedadlı bir şairin şeiri imitasiya edilir.
Mimezis estetika çağında bu oğurluq sayılırdı. İndi isə hər kəs sərbəstdir.
Ancaq şəxsi intellekti olmayanlar üçün bu sərbəstlik xaosunda boğulmaqdan
savayı bir şey deyil. Tanrıya qarşı çıxsalar da olardı. Heç olmasa Tanrını "zənginləşdirərdilər”.
Heç olmasa öz mətnləri olardı...
Ülvi Babasoy