Sevməmək mümkünsüz olan musiqi
Muğam özündə mürəkkəb ideyaları, dərin emosiyaları əks etdirən, insanın
ruhunu oxşayan musiqi janrıdır. Bu janr ta qədim zamanlardan inkişaf etmiş, formalaşmış
və bugünkü tariximizdə də özünəməxsus ənənələri
qoruyub saxlamışdır. 2008-ci ildən Azərbaycan muğamları UNESCO-nun
"Qeyri-maddi mədəni irsi”nə daxil edilib.
Sevindirici haldır ki, hazırda Azərbaycan muğamı inkişaf edir və digər
musiqi janrları ilə sintez olunur.Avqustun 26-da Beynəlxalq Azərbaycan Muğamı Günü idi. Ömrünü bu
sənətə həsr edən xanəndələri, sənətkarları təbrik edib, onlardan muğam
sənətinin keçmişini, bu gününü xəbər aldıq.
Görkəmli muğam ifaçısı, Xalq
artisti Mələkxanım Əyyubova bizimlə söhbətində Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya
minnətdarlığını ifadə etdi və bu sənətin gələcəyinə daha çox ümidlər
bəslədiyini bildirdi: "Artıq bir neçə ildir ki, biz sənət adamları muğam bayramını
qeyd edirik. Muğamımızın beynəlxalq arenada təbliğ olunmasında dövlətimizin, xüsusilə,
Mehriban xanımın çox böyük rolu var. Bildiyiniz kimi, bu il yeddinci dəfə Muğam
Müsabiqəsi keçirildi. Orada iştirak edən bir çox gənclərimiz var ki, bu gün onların bir çoxu fəxri adlara layiq görülüb
və dəyərli sənət adamlarına çevriliblər.
Bütün bu uğurların hər birinə görə Mehriban xanıma borcluyuq. O, Beynəlxalq Muğam
Mərkəzinin tikilməsinə təşəbbüs göstərib və muğamımızın dünyada tanıdılmasında
çox böyük əməyi var. Nəinki paytaxtda, bölgələrimizdə də muğam evləri
vətəndaşların ixtiyarına verilib. Hər bölgədən istedadlı gənclər toplanaraq
muğam müsabiqəsinə cəlb olunur. Və bu müsabiqələr bütün dünyada izlənilir”.
Müsahibim qeyd etdi ki, bu sahədə fəaliyyət göstərən gənclərimiz özlərini daim inkişaf etdirirlər və onların gələcəyinə
ümidlər böyükdür: "Bir müəllim kimi, bu sahədə yetişən gəncləri, gələcəyin gözəl sənətkarları olaraq
görürəm. Düzdür, bu sahədə püxtələşmək üçün gənclərimizə iradlarımızı da bildiririk,
tövsiyələrimizi də veririk. Biz də çox istəyirik ki, onlar daha da diqqətli olmağı,
zəhmət çəkməyi və bu sənətin incəliklərinə yiyələnməyi bacarsınlar. Hər bir
gəncə tövsiyə edirəm ki, öz isedadlarını boş yerə xərcləməsinlər, onlara göstərilən
qayğının nəticəsində daha da uğurlu işlərə imza atsınlar. Muğam müsabiqələri də
bunun ən bariz nümunəsidir. Biz müsabiqədə iştirak edən gənclərin seçiminə məsuliyyətlə və diqqətlə yanaşırdıq. Çünki onlar
bizim gələcəyimizdir və bizdən sonra muğam sənətini yaşadan xanəndələrdir. Bugünkü
gənc, sabahın tarixində özünəməxsus iz qoyan bir sənətkar olacaq. Səhv etmək
ixtiyarımız yoxdur. Eybi yoxdur, kimlərsə mənə müəyyən iradlar tuta bilər, amma
bütün bu iradlara baxmayaraq, sabah sevinəcəyəm ki, həmin seçilən gənc ifaçı, muğamımızı
yaşadacaq və çalışacaq ki, heç bir səhvə yol verməsin. Biz də məhz bunun üçün çalışırıq”.
Xalq artisti muğam günündə muğama böyük qayğı ilə yanaşan Mehriban xanım
Əliyevanın da doğum günü olduğunu xatırlatdı: "Bu münasibətlə birinci xanımı təbrik
edirik. Bu, danılmaz bir həqiqətdir ki, muğam
irsimizin bütün dünyada tanıdılmasında Mehriban xanımın inanılmaz əməyi var. Bir
daha xalqımızı və bu sahədə canını fəda edən dəyərli sənətkarlarımızı muğam bayramı münasibəti ilə səmimi qəlbdən
təbrik edirəm. İşlərində yeni-yeni uğurlar arzulayıram”.
Xalq artisti Nəzakət
Teymurova Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gələn muğam haqqında hazırlanmış
dərsliklərdən bəhs etdi. Bu dərsliklərin gənc ifaçılara böyük töhfə olduğunu
bildirdi: "Muğama göstərdiyi qayğıya görə Mehriban xanım Əliyevaya
minnətdarlığımı bildirirəm. Deyərdim ki, bu günə qədər muğam sahəsində çox böyük
işlər görülüb. Bu sahənin inkişafında, sənətkarlarımıza
bu cür diqqət ayrılmasında və muğamımızın dünya səviyyəsində təmsil olunmasında
Mehriban xanımın çox böyük rolu var. Bu gün muğamlarımız bir çox ölkələrdə istedadlı
və dəyərli sənətçilərimiz tərəfindən təmsil olunur. Fizulidə, Ağdamda və bu kimi digər rayonlarda muğam evlərinin yaradılması,
paytaxt Bakıda Beynəlxalq Muğam Mərkəzinin tikilməsi və digər bir çox layihələr
buna sübutdur. Onu da qeyd edim ki, Heydər Əliyev Fondunun dəstəyi ilə muğam dərslikləri
yazılıb və o dərslikləri yazan sənətkarlar içərisində mən də yer almışam. Bu
dərsliklər audio və video şəklində musiqi
sahəsində təhsil alan gənclərimizə təqdim olunur”.
Xalq artisti muğam sənətinin
inkişafı ilə bağlı bir çox müsabiqələr təşkil
olunduğunu və bu müsabiqələrdə bir-birindən istedadlı gənclərin tanındığını
qeyd etdi: "Həmin gənclərdən kimlər ki bu yükün ağırlığına tab gətirə bilir, bu
sənətin ağırlığını çiyinlərində daşıya bilir, onlar da bu sənəti yaşadıb və inkişaf
etdirirlər. Biz hər zaman gənclərimizə dəstək olub, ustadlarımızın da bizlərə öyrətdiklərini
onlara ötürməliyik. Muğamlarımız bizim ana laylamızdır. Öz tələbələrimə də deyirəm,
bu, bizim öz milli musiqimizdir və bu musiqini sevməmək mümkün deyil. Əminliklə
sizə deyə bilərəm ki, bu zəngin musiqimizi gənclərimiz gələcək nəsillərə də ötürəcək”.
Xalq artisti Gülyanaq
Məmmədova bildirdi ki, bu gün muğamımız dünya musiqi tarixində layiqli
yerlərdən birini tutur: "Hörmətli Mehriban
xanımın bu sahəyə göstərdiyi diqqət də göz
önündədir. Beynəlxalq muğam müsabiqələri və yerli muğam müsabiqələrinin bu sahənin inkişaf etdirilməsində çox böyük
rolu var. Siz tamaşaçılar da görürsünüz ki, gənclərimizin gün-gündən muğama olan
marağı artır. Bu sahəyə marağın artmasında təbii ki, biz müəllimlərin də rolu
çox böyükdür. Mən bir pedaqoq kimi həmişə çalışıram ki, tələbələrimə dəstək
olum. Bəzən deyirlər ki, bayağı musiqilər səhnədə daha çox yer alır. Mən heç də
elə düşünmürəm. Dediyimiz o yad musiqilər hər biri muğam üstündə köklənir. Bütün
dünya musiqiləri bizim muğamlarımız üstündə yaranıb və bizim istedadlı gənclərimiz muğamı çox gözəl şəkildə bildikləri üçün xarici musiqiləri çox yaxşı ifa edirlər. İlk olaraq Azərbaycanda
industrial muğamı – yəni muğamın 7 növünü pop musiqisi ilə birləşdirərək Gülyaz
xanımla mən ifa etmişəm. Muğamımızın bünövrəsi hər zaman olduğu kimi qalır, sadəcə
olaraq bura bir qədər yeniliklər etmək heç də pis hal kimi qarşılanmır. Hazırda
caz, pop musiqisi muğam janrı ilə sintez
olunur və bu musiqini dinlədikcə, sanki yeni bir musiqi kəşf etmiş olursan”.
Xalq artisti muğam sənətinə yeni gələn gənclərin gələcəyini çox parlaq
gördüyünü bildirdi: "Muğam sənətinə gənclər arasında tələbat çoxdur. Özümün və həmkarlarımın dərs dediyi tələbələr arasında bunun şahidi oluram. Gənclər həmçinin muğamın
dərinliklərinə yiyələnirlər. Estrada sahəsində oxuyan tələbələrə də muğamın
sirləri öyrədilir və biz çalışırıq ki, gənclərimiz eyni zamanda muğamdan da xəbərdar olsunlar. Universitetimizdə
onlar üçün xüsusi dərslik proqramı da hazırlanıb. Bu gün muğamımızın inkişafı
hər birimizi sevindirir və bununla bir
muğam ifaçısı kimi qürur duyuram.
Azərbaycan xalqı üçün bu, böyük bir töhfədir. Ta qədimdən bu günə qədər
dəyərli, bu sahədə sözünü demiş ustad sənətkarlarımız tərəfindən muğamımız ifa
olunubsa, ölməyibsə, yaşayırsa, bundan
sonra da ölməyəcək, yaşayacaq”.
Fidan Salmanova