• çərşənbə axşamı, 19 mart, 07:40
  • Baku Bakı 8°C

Sevinc Osmanqızının “stəkanda fırtına yaratmaq” cəhdləri

13.06.19 21:07 6637
Sevinc Osmanqızının “stəkanda fırtına yaratmaq” cəhdləri
Müasir dövrdə mətbuat və söz azadlığı cəmiyyətin və dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur. Çünki kütləvi informasiya vasitələri (KİV) cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu mənada dördüncü hakimiyyət hesab olunan KİV dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir. Lakin əfsuslar olsun ki, Azərbaycan dövlətinin, qanunvericiliyin yaratdığı bu azadlıqlardan bəzi hallarda sui-istifadələrə yol verilir, bəzi "jurnalistlər” tərəfindən Jurnalistlərin Peşə Davranışı Qaydaları, eləcə də qanunların tələbləri kobud şəkildə pozulur. Belə şəxslər söz-mətbuat azadlığına "anam mənə kor deyib, gəlib-gedəni vur deyib” prinsipi ilə yanaşaraq, ayrı-ayrı vətəndaşlara qarşı sözün əsl mənasında "qara piar” kampaniyası aparırlar. Müxtəlif peşə sahiblərini, o cümlədən müəllimləri, həkimləri, sahibkarları hədəfə alaraq, guya onları ifşa edir, barələrində yalan üzərində qurulan rüsvayedici məlumatlar yayaraq, həmin şəxslərin işgüzar nüfuzuna xələl gətirir, cəmiyyətin gözündən salmağa çalışırlar. Məqsədli şəkildə aparılan bu qarayaxma kampaniyasına son vermək üçün qarşı tərəflə danışıq aparır, müəyyən məbləğdə pul müqabilində sonradan həmin "ifşaedici materialları” rəhbərlik etdikləri saytlardan silirlər.

Söylənilənlərə nümunə olaraq onlarca sayt adı, "jurnalist” adı çəkmək olar. Elə götürək "Reallıq.info” saytının baş redaktoru İkram Rəhimovun "jurnlistlik fəaliyyətini”. Bu şəxs ötən il oktyabrın 28-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Həmin dövlət qurumunun bu barədə yaydığı rəsmi məlumatdan aydın olub ki, Azərbaycan vətəndaşı İ.Rəhimov tabeçiliyində olan şəxslərlə birlikdə "Realliq.info” və digər "reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər DTX-də araşdırılıb. Məhkəmə qərarı əsasında aparılmış əməliyyat tədbirləri ilə İ.Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb. Bu səbəbdən də o, Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Davam edən istintaqla şübhəli bilindiyi cinayətlərə görə İ.Rəhimova elan edilən ittihama əsasən, o, 2017-ci ilin sentyabr ayında zərərçəkmiş Elxan Dadaşovdan mətbuatda sahibkarlıq fəaliyyəti zamanı qanunsuzluqlara yol verdiyinə dair məlumatlar yayacağı hədəsi ilə pul vəsaiti tələb edərək alıb. İttihama əsasən, İ.Rəhimov zərərçəkmiş Zakir Hüseynovdan barəsində mətbuatda şəxsi və işgüzar nüfuzuna xələl gətirən rüsvayedici məlumatlar yayacağı hədəsi ilə 2016-2018-ci illər ərzində müxtəlif vaxtlarda mütəmadi olaraq pul vəsaiti tələb edərək alıb. İ.Rəhimov 2017-ci ilin sentyabr ayında zərərçəkmiş Rafiq Ədilovdan davamlı olaraq mətbuatda rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul vəsaiti tələb edərək alıb. Daha sonra, İ.Rəhimov 2017-ci ilin dekabr ayında fərdi sahibkar Cabir Cəfərovdan fəaliyyətində qanunsuzluqlara yol verdiyi barədə mətbuatda məlumatlar yayacağı hədəsi ilə pul vəsaiti tələb edərək alıb. Bundan əlavə, İ.Rəhimov 2018-ci ildə zərərçəkmiş Azər Mirzəyevdən, guya müxtəlif qanunsuz əməllərə yol verdiyinə dair mətbuatda məlumatlar yayacağı hədəsi ilə müxtəlif tarixlərdə pul vəsaiti tələb edərək alıb.


İ.Rəhimovun hədə-qorxu ilə pul tələb etdiyi barədə ayrı-ayrı şəxslərin şikayətləri DTX tərəfindən araşdırılarkən, əməliyyat tədbirləri nəticəsində onun "reketçiliyinə” dair audio yazılar sübut kimi qeydə alınıb. Belə ki, İ.Rəhimov mobil telefonu vasitəsilə yuxarıda adları çəkilən şəxslərə zəng vuraraq, saytdan onlara dair məlumatları silmək üçün konkret məbləğlər istəyib, sövdələşmə aparıb. Həmin danışıqlar DTX tərəfindən ictimaiyyətə də açıqlanıb. 2019-cu il iyunun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən İ.Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Əliövsət Abasovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 5 il 6 ay azadlıqdan məhrum edilib.

Göründüyü kimi, jurnalist adından sui-istifadə edən, ayrı-ayrı vətəndaşların işgüzar nüfuzuna xələl gətirən, onları şantaj etməklə "reketçilik” fəaliyyəti ortaya qoyan birisi çoxsaylı şikayətlər qarşılığında haqlı cəzasını alıb. Normalda peşəkar jurnalistika ilə məşğul olan hər bir şəxs belə hallara qarşı barışmaz mövqe bildirməli, İ.Rəhimov kimi "reketlər”in jurnalistika adından sui-istifadə etməsini pisləməlidirlər. Təbii ki, media cameəsinin mütləq əksəriyyəti də bu fikri bölüşürlər. Amma təəssüflər olsun ki, özlərini demokratik dəyərlərin daşıyıcısı hesab edən, cəmiyyətə şəxsi həyata müdaxilənin yolverilməzliyindən, düzgünlükdən, ədalətdən dərs keçmək iddiasında bulunan bəzi şəxslər İ.Rəhimov olayına da siyasi çalar qatmağa cəhd edirlər.
Misal üçün, hazırda Amerikada yaşayan Sevinc Osmanqızı iddia edir ki, "reketçilik” fəaliyyətinə görə həbs edilən İ.Rəhimov əslində siyasi sifariş əsasında dəmir barmaqlıqlar arxasına salınıb. Onun mülahizəsinə görə, İ.Rəhimov bəzi məmurları tənqid etdiyinə görə həbsə atılıb. S.Osmanqızı "Youtube” kanalı vasitəsilə, internet üzərindən yaydığı videomüraciətində bununla bağlı digər absurd iddialar da ortaya qoyub. Onun səsləndirdikləri ittihamların absurdluğu öz yerində, diqqət çəkən məqam həm də burasıdır ki, demokratiyadan, fərqli fikrə dözümlü münasibətdən "dəm vuran” S.Osmanqızı həmin videomüraciətin altına yazılan və xanım jurnalistin söylədikləri yalanı konkret faktlarla ifşa edən rəyləri dərhal silib. Bu hərəkəti ilə o, qarşı tərəfin fikrinə necə dözümsüz yanaşdığını da ortaya qoyub.

S.Osmanqızının Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənovun guya İ.Rəhimovun həbsini sifariş etməsi barədə iddialarına gəlincə,Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Bəhruz Həsənov bu barədə Facebook səhifəsində status yazaraq münasibət bildirib. Qeyd edib ki, İ.Rəhimovun konkret cinayət əməlinə görə azadlıqdan məhrum edilməsinə baxmayaraq, məsələni siyasiləşdirməyə, hətta Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla əlaqələndirməyə cəhd edən S.Osmanqızı növbəti dəfə özünü ifşa edib. Administrasiya rəsmisi bildirib ki, peşə mənsubiyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı qanun qarşında eyni dərəcədə məsuliyyət daşıyır: "İkram Rəhimova "siyasi məhbus” donu geydirməyə çalışan xanım jurnalistdən soruşmaq istəyirəm. Hər hansı bir jurnalistin illər uzunu "reket” informasiya saytları yaradıb, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması, ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, cinayət məsuliyyətinə cəlb ediləcəyini hiss etdiyi anda isə özünü sığortalamaq və həbsinə siyasi çalar vermək məqsədilə yüksək ranqlı dövlət məmuru haqqında böhtan xarakterli yazı yazması nə zamandan bəri siyasi fəaliyyət hesab edilib? Sizin siyasi fəaliyyət anlayışınız budurmu? Axı bu kimi əməllər nəticəsində neçə-neçə Azərbaycan vətəndaşı şantajla üzləşib, onların haqları tapdalanıb, şəxsi həyatlarının toxunulmazlıqlarına müdaxilələr edilib. Baxmayaraq ki, Sevinc Osmanqızı şəxsi həyatın toxunulmazlığı haqqında emosional çıxışlar edir, amma elə burada fərq ortaya çıxır, xanım "Youtuber” ancaq özü üçün təminat istəyir, Azərbaycan höküməti isə bütün vətəndaşlarının hüquqlarının qorunması ilə məşğul olur”.

Administrasiya rəsmisi vurğulayıb ki, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da ayrı-ayrı vətəndaşların peşə mənsubiyyətinin gətirdiyi üstünlüklərdən faydalanaraq, digər vətəndaşları şantaj etmələri, ifºa olunduqda isə "siyasi məhbus” illüziyası yaratmağa cəhd etmələri və bu kimi çirkin niyyətlər uçun mətbuatdan istifadəyə cəhd etmələri yolverilməzdir: "Burada qeyri-adi heç nə yoxdur. Sevinc Osmanqızının "stəkanda fırtına yaratmaq” cəhdləri özünütəsdiq naminə edilən naümid çırpıntılardır. Ümumiyyətlə, jurnalistika ciddi və şərəfli peşədir. Yaxşı olardı ki, bu peşə ilə yalnız layiqli insanlar məşğul olsunlar”.

Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli mövzu ilə bağlı "Kaspi” qəzetinə bildirib ki, İ.Rəhimov və onun rəhbərlik etdiyi reallıq.info saytı barədə Mətbuat Şurasına çox intensiv şəkildə şikayətlər daxil olub. Onun sözlərinə görə, hələ 2017-ci ildə Şurada "Reallıq” adlı qəzet və eyni adlı saytla bağlı bir neçə dəfə şikayətlər müzakirə edilib, hər dəfəsində İ.Rəhimova xəbərdarlıq olunub ki, məlum şikayətlər var, həmin şikayətlər haqlıdır və ona görə də öz əməllərindən əl çəksin: "Mətbuat Şurası iki dəfə ona xəbərdarlıq etdi. Təəssüflər olsun ki, bu şəxs öz əməllərində dönüş etmək və Mətbuat Şurasının xəbərdarlıqlarını nəzərə almaq əvəzinə, daha da aqressivləşdi, fərqli addımlar atmağa başladı. İkram Rəhimov barəsində intensiv şikayətlər daxil olduğu üçün onun rəhbərlik etdiyi media qurumunu "qara siyahı”ya da saldıq. Ancaq o, yenə də nəticə çıxarmadı, günahı özündə deyil, başqalarında axtarmağa başladı. İkram Rəhimov gah Mətbuat Şurasını, gah da Azərbaycan dövlət qurumlarını ittiham edirdi. Biz onun səhvlərini özünə izah edəndə elə bilirdik ki, o, iradları qavramaqda çətinlik çəkir. Amma proseslər sonda göstərdi ki, bu, heç də belə deyil. O, hər şeyi başa düşürdü, sadəcə kimlər tərəfindənsə yönləndirilirdi. Niyə yönləndirilir, bunu da səbəbi bəllidir. İkram Rəhimov KİV-dən sui-istifadə edərək həm kimlərəsə hədə-qorxu gəlirdi, şantaj edirdi, böhtan ataraq qarşılığında maddi gəlir əldə edirdi, həm də müəyyən siyasi qrupların yönləndirilməsi ilə ayrı-ayrı dövlət məmurlarını hədəf seçirdi və onları şantaj edirdi. Əslində müasir dövr reketçilik də bundan ibarətdir. İndiki dövrdə reket jurnalistlər öncəki illərdə olduğu kimi təkcə gedib sıravi vətəndaşlar, iş adamlarını hədə-qorxu gəlib, şantaj edib pul almırlar. Onlar eyni zamanda müxtəlif siyasi və iqtisadi qrupların əlində alətə çevrilirlər”.


M.Ələsgərli deyib ki, Mətbuat Şurası zamanla İ.Rəhimova çoxsaylı xəbərdarlıqlar edib, məlum əməllərindən əl çəkməsi tövsiyə olunub: "Hətta o, xuliqanlıq əməli törədərək həbs olunmuş iki məhbusa jurnalist vəsiqəsi düzəltmişdi. Bu yolla o, həbsdə olan həmin şəxslərin guya nə zamansa jurnalistlik fəaliyyəti göstərdiklərini, sifarişlə həbs olunduqlarını, siyasi məhbus sayıldıqlarını ictimailəşdirmək istəyirdi. Məqsəd onlara xaricdə siyasi sığınacaq almaq idi. Təbii ki, bu işi də o, hansısa maraq üçün qurmuşdu. Bu barədə Mətbuat Şurasına həbsdəki həmin şəxslərin azadlıqda olarkən törətdikləri əməllərdən zərər çəkmiş vətəndaşlar məlumat vermişdilər. Vəsiqələrin surəti də Şuraya təqdim olunmuşdu. Bu faktın özü də sübut edirdi ki, İkram Rəhimov jurnalistlik fəaliyyəti ilə məşğul olmur, xaricdə kimlərəsə sığınacaq almaq üçün müxtəlif vasitələrə əl atan şəbəkənin içində yer alıb. Bütün bunlar barədə ona xəbərdarlıqlar edilsə də o, bunlara əhəmiyyət vermədi. Həbsindən sonra da İkram Rəhimov yenə günahı başqasında axtarırdı və istəyirdi ki, ayrı-ayrı adamları şərləsin. Halbuki, həmin vaxt DTX onun səs yazılarını açıqlamışdı. Orada da göstərildi ki, bu adam ayrı-ayrı vətəndaşlara necə hədə-qorxu gələrək müəyyən maddi vəsait tələb edir. Ona görə də burada nə DTX-nın, Mətbuat Şurasının, nə də ayrı-ayrı dövlət qulluqçularının, məmurların günahı yoxdur. Günah İkram Rəhimovun özündədir. Arzu edək ki, tezliklə o səhvini başa düşsün və islah olunaraq həbsdən azad olunsun”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər