• çərşənbə, 24 Aprel, 09:04
  • Baku Bakı 13°C

“Sevinc Osmanqızı yalanlar tirajlamaqla milləti barmağına doladığını düşünür” - Fotolar

06.09.19 19:15 1847
“Sevinc Osmanqızı yalanlar tirajlamaqla milləti barmağına doladığını düşünür” - Fotolar
Azərbaycanın müxalif düşərgəsində "köhnələrlə” "yenilər” arasında yaşanan fikir ayrılığı, qarşılıqlı ittihamlar şiddətli xarakter alıb. Bu qarşıdurmaya özünü "jurnalist”, "siyasi mühacir”, "müxalifətçi” adlandırıb müxtəlif bəhanələrlə xaricə sığınanlar da qoşulublar. Onların bir qismi AXCP sədri Əli Kərimli və onun timsalında ümumilikdə radikal müxalifəti, bir qismi isə Amerikada, Avropa ölkələrində sığınacaq alan, orada açdığı internet televiziyalar vasitəsilə radikalların ruporuna çevrilən "jurnalistləri” hədəfə alıblar. Ümumi götürsək, ənənəvi radikal müxalifət yeni müxalif düşüncəni, liberal mövqe sərgiləyən gəncləri və belə siyasi qurumları qəbul etmir, onları qaralayır, ikincilər də birincilərin xalqın dərdinə yanmadıqlarını, yalnız şəxsi maraqlarını güddüklərini bildirirlər. Misal üçün, ReAL funksionerləri AXCP-nin, yaxud da Müsavat Partiyasının "siyasi mübarizəsinə” hər hansı tənqidi fikir bildirən kimi, dərhal cəbhəçilər, müsavatçılar sosial media üzərindən onları "linçləyirlər”. Liberal baxışına görə insanlar, Ə.Kərimlinin şəxsən nəzarət etdiyi trol dəstəsinin, eləcə də digər radikalların "Facebook”dakı zombi sürüsünün mənəvi terroruna məruz qalırlar.

Qarşılıqlı ittihamlar
Söylənilənlərə bir nümunə olaraq, ReAL Partiyasının funksioneri Natiq Cəfərlinin, AXCP sədrinin nəzarəti altında olan Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli tərəfindən qarayaxma kampaniyası ilə üz-üzə qalmasını göstərmək olar. Onların sosial şəbəkədəki yazışmalarından belə məlum oldu ki, sən demə ReAL-çılar əsl reallıqda hakimiyyətin maraqlarına oynayır, deputat mandatı almaq üçün radikal müxalifəti tənqid edirlər. Hətta AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da "ReAL-ın haqqına girməyək” başlıqlı statusunda bildirib ki, qarşı tərəf 2020-ci ildə keçiriləcək parlament seçkilərində mandat qazanıb Milli Məclisə düşmək üçün dəridən-qabıqdan çıxır, AXCP və Milli Şuranı hədəfə alır. ReAL-çı Erkin Qədirli isə 1970-ci illərdə ingilislərin çəkdikləri "Brayanın həyatı” adlı məşhur komediya filmindən bir parçanı təsvir etməklə cəbhəçilərə cavab vermişdi. Eynən bu cür "dava-dalaş” AXCP sədri Ə.Kərimlinin ruporuna çevrilən Sevinc Osmanqızı ilə "Oyan” Hərəkatı İdarə Heyətinin üzvü Nahid Cəfərov arasında baş verib. Amerikada yaşayan S.Osmanqızı və Avropada yaşayan N.Cəfərov öz "Youtube” kanalları və şəxsi "Facebook” səhifələrində bir-birlərini ifşa etməklə məşğuldurlar.
"Onlar getsinlər, biz gələk”
N.Cəfərov hətta bir qədər irəli gedərək AXCP sədrinin "siyasi mübarizəsini” təftiş və təhlil etməklə də məşğul olur. O, sentyabrın 5-də sosial şəbəkədəki səhifəsində AXCP sədrinin fotosunu paylaşaraq, onun bütpərəstliyi təbliğ etdiyini bildirib. Ə.Kərimlinin senzura ilə kanal işlətdiyini, tənqiddən və azad jurnalistdən qaçdığını, partiyasını şəxsiyyəti üzərində qurduğunu, toxunulmazlıq yaratdığını, gizli səsvermədən imtina etdiyini qeyd edib. Bildirib ki, demokratiya bir düşüncə tərzidir və demokratiyanı şəxsi həyatında yaşamayanların əksəriyyəti üçün siyasi mübarizə "onlar getsinlər, biz gələk” anlayışı ilə məhdudlaşır: "Partiyanın sədri bütpərəstliyi təbliğ edirsə, əlbəttə, bütpərəstliyə meyilli olanlar o partiyaya qoşulacaq. Məhz bu səbəbdən də dislikerlər troll ordusu bu partiyanın içində yaranır. Bir adam, öz yazdığı və ya dediyi fikri öz şəkli ilə yenidən niyə paylaşsın ki? Çünki adam özü bütpərəstdir. O səbəbdən də əksər partiya funksionerinin əsas "mübarizəsi" bu partiya bürokratının yazdığı postları paylaşmaqdan ibarət olur. Adını da qoyurlar mübarizə”.
Xatakar "disliker” bütpərəstlər
N.Cəfərov yazdığı daha bir statusunda isə AXCP sədri Ə.Kərimlinin ruporuna çevrilmiş S.Osmanqızını ifşa edib. Bildirib ki, S.Osmanqızı milləti yalanlar tirajlamaqla barmağına doladığını düşünür. Onun fikrincə, xalqın üzünə yalan danışmağı bacaran bir "jurnalist” heç zaman xalqın dərdinə yanmaz. N.Cəfərov Ə.Kərimli və S.Osmanqızını xatakar "disliker” bütpərəstlər kimi qələmə verib: "Sevinc Osmanqızı hələ 1 il bundan qabaq efirdən (Cəmil Həsənli və Tofiq Yaqublu qonağı idi və həmin videonu kanalından yığışdırıb) mənə agent dedi və bunu da mənim klassik bütpərəstləri tənqid etdiyim və onlarla bağlı çəkdiyim videolara qoyduğum başlıqla əsaslandırmışdı. Daha sonra Arif Məmmədovla məni efirə dəvət etdi. Düşündüm ki, insandır və yanlışlıq edə bilər. Mən sizin gözünüzün qarşısında bu bütpərəstləri heç zaman tərifləməmişəm. Sevinc Osmanqızına veriliş aparmağı özüm təklif etdim. Şərtimiz də bu oldu ki, öz "facebook” səhifəmdə etdiyim tənqidi onun kanalında etməyim. Razılaşdıq və 1-2 yayımdan sonra adam mənə "Nahid bəy, bir ideyam var, danışaq" deyərək, mesaj yazdı. Həmin mesaj məndə durur, özündən icazə almadığım üçün paylaşmıram. Danışıq zamanı "Nahid bəy, sizi efirə çıxartdığım üçün o qədər təşəkkür eşitdim ki, özüm dəhşətə gəldim. Gəlin daha bir layihə edək. Sizlə Toğrul bəyin şənbə söhbəti formatında bir veriliş təşkil edək və mənə Toğrulun skaypını göndərin” dedi. Burada haşiyəyə çıxaraq qeyd edim ki, bu adamİsmayılCəlilova deyib ki, Nahidə abunələrim azaldığı üçün efir vermədim. Komediyadır bu insan”.
Batmaqda olan gəmiyə minən Osmanqızı
N.Cəfərov yazıb ki, S.Osmanqızı birbaşa canlı yayım zamanı Ə.Kərimli bütünü tənqid edən vətəndaşların səsini kəsir, guya xətdə problem var bəhanəsi ilə dərhal onun efirə qoşulmasına mane olur: "Sevinc Osmanqızının niyyətinin nə olduğunu bilmirəm, amma bildiyim odur ki, adam batmaqda olan bir gəmiyə minib. Klassik, sovetdənqalma düşüncə tərzli müxalifət bütpərəstliyini daha da gücləndirir və xalq da bunu qəbul etmir. Xalqa alternativ lazımdır. Ölkənin gələcəyi, yeni dünyagörüşlü liberal gənclərindir. Bizlərlə, sizin hiyləgər gülüşləriniz, tənqid edən insanın səsini kəsmək metodlarınız keçməyəcək. Əmin olun ki, bir müddətdən sonra sizə baxanlar sizi Kərimlinin bütpərəsti kimi qəbul edəcək. O zaman izləyicilərinizin sayını digər kanallar kimi tam saxta botlarla artırmaq məcburiyyətində qalacaqsınız. Sizinlə bağlı donor təşkilatlarına da faktlar əsasında məlumatlar gedir. Efirə çıxartdığınız bütlərin savadsız olduğunu siz də bilirsiniz. Ona görə, onlara suallar yox, pas ötürürsünüz. Bilirsiniz ki, 1-2 sualla onların karyerasına son qoyulacaq”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər