Sevimli seriallarımız mövsüm sonuna hazırlaşır
Daha bir mövsümün sonuna yaxınlaşırıq. İl ərzində
gərgin iş rejimi, günlər həftələri, həftələr ayları elə qovur ki, zamanın necə
keçdiyindən xəbərimiz belə olmur. Mövsümün sonu gəldiyini isə bizim kimi
serialsevərlər serialların mövsüm sonuna çıxması ilə bilir. Artıq
televiziyalarda göstərilən anonslardan da göründüyü kimi, bir neçə həftədən
sonra seriallarımız mövsümü başa vururlar.Biz də il ərzində izlədiyimiz serialların baş
rejissorları ilə əlaqə saxladıq. Tamaşaçıların sevərək izlədiyi serialları
növbəti mövsümdə də izləyə bilib-bilməyəcəyini araşdırdıq, hansı seriallarımızın
növbəti mövsüm yayımını dayandıracağı kimi suallarımıza cavab axtardıq. Aydınlaşdırdıq
ki, bu mövsüm finalı olacaq seriallardan daha çox yayımını davam etdirənlər
olacaq. Və onların demək olar ki, hamısı iyunun sonunda mövsüm sonuna
çıxacaqlar.
"Gələn mövsüm keçmiş xatırlanacaq”
Xəzər televiziyasının ən reytinqli seriallarından
olan "Ata ocağı”nın baş rejissoru Rüfət Şahbazov deyir ki, iyunun
sonları serialın mövsüm sonuna hazırlanan bölümü nümayiş etdiriləcək. Növbəti mövsüm
isə serialın finalı nəzərdə tutulub: "Yeni mövsümdən yarımçıq qalan yeni bir hekayə
başlayacaq. Gələn mövsüm baş verən hadisələrin keçmişi xatırlanacaq. Keçmişdə olan
hadisələr gələcəyə də təsir edəcək. Bu seriala başlayanda onun iki il
yayımlanacağı nəzərdə tutulmuşdu. Elə öncədən nəzərdə tutulduğu kimi də davam edəcək.
Biz həmin plan üzrə gedirik”.
Rejissor deyir ki, "Ata ocağı” serialında
tamaşaçılara çox ciddi mesajlar ötürülür: "Bu layihəni etməkdə əsas məqsəd
insanların ailəyə olan münasibətini tənzimləmək, onlarda tərbiyəvi hisslər
aşılamağa çalışmaqdır. Hər bölümdə tamaşaçılara ötürdüyümüz sətiraltı mesajlar
var. Real həyata nəzər yetirsək, orada da xəyanətin, valideynə hörmətsizliyin,
uşaq sonsuzluğu ilə çarpışan ailələrin faciəsini görürük. Gücümüz çatan qədər
çalışırıq ki, tamaşaçılara düzgün mesaj ötürək. Yaşlı kişinin gənc qızla
evlənməyi, qızın imkana görə yaşlı kişiyə olan həvəsi, xəstə ataya qulluq,
sosial mesajlar "Ata ocağı” serialının ən çox sevilən tərəfləridir”.
R.Şahbazov qeyd etdi ki, istirahət aylarında onlar
dincəlməyəcək. Belə ki, növbəti aydan yay üçün nəzərdə tutulmuş qısa bir serial
çəkəcəklər.
"Daha maraqlı olacağıq”
Sözügedən kanalda yayımlanan "Baldız” serialının baş rejissoru Elmir Süleymanov bizimlə söhbətində
bildirdi ki, mövsümün son bölümü iyulun 14-də yayımlanacaq: "Yeni mövsümdən
əlavə xətlər, yeni obrazlar serialımıza daxil olacaq. Daha maraqlı və gülməli
ssenari, rejissor işi, aktyor oyunu ilə tamaşaçıların görüşünə gələcəyik.
Tamaşaçılarımız bizi izləməyə davam etsin, yeni mövsümdən daha maraqlı
olacağıq”.
"Serialda yenilik olmasa, tamaşaçı üçün adiləşər”
Kanalın növbəti reytinqli seriallarından olan "İmtahan”ın baş rejissoru Ramin Nəbili iyunun
sonu mövsüm sonuna çıxacaqlarını və növbəti il bol enerji ilə işə
başlayacaqlarını söylədi: "Serialın çəkildiyi janr həm gülməli, həm də ağlamalıdır.
Biz serialı çəkməyə başlayanda tamaşaçının reaksiyasını bilmirdik. Serialımızın
necə qarşılanacağı, onun haqqında yaranan fikirlər bizim üçün maraqlı idi. Ola bilərdi
ki, heç qəbul etməzdilər. Bir tərəfdə gərgin bir hadisə yaşanır, digər tərəfdə bir
qəhrəmanımız var ki, ağzına nə gəldi, danışır. Çox şükür ki, "İmtahan” serialı
tamaşaçıların qəlbinə xitab etdi. Bu qədər seviləcəyini və reytinq
toplayacağını gözləmirdim. Yeni mövsümdən daha qalmaqallı, daha həyəcanlı
bölümlər gələcək. Yeni xətlər, yeni simalar olacaq. Serialda yeni hadisə, yenilik
olmasa, tamaşaçı üçün adiləşər”.
"Məhəbbəti unutdurmaq lazım idi”
Xəzər telekanalımın komediya janrından çəkilən "Ailəcanlı” və "Xalxın evi” seriallarının
baş rejissoru Ramin Hacıyev də hazırda serialların sezon finalına
hazırlaşdıqlarını bildirdi: "İyulun 14-də "Ailəcanlı”, iyulun 15-də isə "Xalxın evi” serialı mövsümü bağlayacaq.
Açığı, serialların bu qədər izlənəcəyini gözləyirdim. Çünki bilirdim ki, bizim
kollektivimiz elə-belə komanda deyil. Ssenaristlərimiz indiyə qədər çox yaxşı
komediya seriallarına, filmlərinə ssenari yazıblar. Aktyorlarımız çox istedadlı
və peşəkar insanlardır. Seriallarımızın ikisi də bir-birindən fərqlidir. Bu
sevgini, bu reytinqi qısa zamanda əldə etməyi bacarmaq heç də asan deyildi”.
Rejissor növbəti aydan yeni serialın üzərində
çalışacaqlarını bildirdi. Deyir ki, yay mövsümündə tamaşaçılara istirahət,
çimərlik əhval-ruhiyyəsi və bol gülüş bəxş edən bir serial göstərəcəklər: "Avqustun
4-də həftədə iki dəfə olmaqla yeni bir serialın nümayişinə başlayacağıq. Bu, 12
bölümlük yay serialı olacaq. Avqust ayının ilk həftəsindən mövsüm başlayana
qədər efirdə olacaq”.
Rejissordan onu məşhur edən Məhəbbət obrazı üçün
darıxıb-darıxmadığını da soruşduq: "Bilirdim ki, mən nə etsəm də, Məhəbbətdən
gülməli bir şey edə bilməyəcəm. Məhəbbəti unutdurmaq lazım idi. Mübarək tam
Məhəbbət qədər deyil. Amma yüngülvari nəsə etmək lazım idi ki, Məhəbbətin
rolunu oynayan Ramin Hacıyev başqa bir ampluada olsun. Bu, Məhəbbətin
unudulması üçün bir taktikadır. Gələn mövsüm Məhəbbəti oynayan Ramin Hacıyev
daha gülməli və maraqlı obrazla tamaşaçıların qarşısına çıxacaq”.
Rejissordan serialdan əlavə film çəkilişlərinə nə
zaman başlayacağını xəbər alırıq: "Çəksəm, böyük ehtimalla komediya filmi
çəkəcəm. Bu gün çəkilən komediya filmləri o qədər də gülməli deyil, hırıldamalı
filmlər çəkilir. Mən çəkəcəyim filmlə insanları güldürmək istəmirəm. İstəyirəm
çəkəcəyim filmdə sağlam yumor olsun. Güldürmək xatirinə kadr əlavə etmək yox. Bu
günün tamaşaçısını artıq aldatmaq olmur. Gülməli film başqa, komediya filmi başqadır.
Yalandan tərifləməkdən artıq xirtdəkdəyəm. Düzdür, komediya filmlərini çəkənlər
dostlarımız, qardaşlarımızdır, birlikdə işləmişik, çörək kəsmişik. Ancaq
baxıram ki, o filmlərin çoxunda gülməli heç nə yoxdur”.
Finalı gözlənilən seriallar
ATV-də yayımlanan "Vicdan haqqı” serialı bu mövsüm başa çatır. Serialın final bölümü
yayımlanmamışdan 2-3 gün qabaq serialın finalının Nizami Kino Mərkəzində
nümayişi olacaq. Və həmin həftənin 5-ci günü serialın finalı göstəriləcək.
Mayın son günü serial izdihamlı bir bölümlə tamaşaçılarla qarşı-qarşıya
gələcək. Filmin baş rejissoru Rövşən
İsax deyir ki, böyük ehtimalla iyulun 6-da serialın final bölümü
yayımlanacaq. Rejissor bildirir ki, növbəti dəfə bədii film çəkməyə çalışacaq.
ATV d-ə yayımlanan "Laləli saray” serialının quruluşçu rejissoru Şahin Qəhrəman da
söylədi ki, artıq serial bitir. Serialın final bölümü isə iyun ayında olacaq. Hazırda
yeni serial çəkilişləri ilə bağlı düşünən rejissor serialın ailə-məişət
mövzusunda olduğunu deyir: "Bir-iki mövzu var, onların üzərində işləyirik Yəqin
ki, melodrama olacaq, ola bilsin detektiv-dram janrında olan ssenariyə film
çəkdik”.
Yeni veriliş, yay filmi...
ATV-də yayımlanan "Qız atası”, "Qardaşlar”, "Bacanaqlar” serialının prodüseri Elməddin Cəfərov bizimlə söhbətində
serialların ard-arda iyulun əvvəllərində mövsüm sonuna çıxacağını bildirdi.
Qeyd etdi ki, sentyabrın 10-dan yenidən ATV-nin komediya janrında çəkilən
serialları efirə qayıdacaq: "Serialların 3-ü də eyni vaxtda bağlanacaq. Serial
qəhrəmanları bir az istirahət edəcək. Yeni mövsümdən bir çox dəyişikliklər
olacaq. Belə ki, tamaşaçılar çox fərqli bir "Bacanaqlar” görəcəklər. "Bacanaqlar”
Azərbaycan serial məkanında ən uzunömürlü seriallardandır. Yeni mövsümdə 10 yaşı
tamam olacaq”.
E.Cəfərov gələn aydan yay fəsli ilə bağlı serial
çəkəcəklərini dedi: "Gələn aydan qısamüddətli,
8-10 bölümlük "Bal ayı” serialı olacaq. Hazırda o serialın üzərində
çalışırıq. Yeni mövsümdə veriliş layihəmiz də işıq üzü görəcək”.
Xəyalə Rəis