• cümə, 19 Aprel, 19:11
  • Baku Bakı 24°C

«Sevil qardaş»ın döyüş yolu - Portret

30.04.14 09:27 3961
«Sevil qardaş»ın döyüş yolu - Portret
«O bizim qardaşımız idi» - onun haqqında söhbət düşəndə döyüş dostları belə deyirlər. Keçdiyi döyüş yolunda onu həmçinin «Mingəçevirli qaçaq Sevil”, «Sevil qardaş» deyə çağırıblar. Özü isə şücaətini həmişə Vətən qarşısında borcu hesab edib.
Sevil Rəsulova 1960-cı ilin aprel ayında anadan olub. Ailələri Ağdaşdan Bakıya köçəndən sonra Sevil xanım paytaxtdakı 128 saylı orta məktəbdə təhsil alıb. Məktəb illərində, başqa fənləri yaxşı oxusa da idmanı daha çox sevib. Hazırlığı, istedadı ilə yaşıdlarından həmişə fərqlənib. Hətta valideynlərindən izinsiz karate ilə də məşğul olub, yarışlara qatılıb, qalib kimi seçilib.
1982-ci ildə taleyini Mingəçevir şəhərinə bağlayan Sevil Rəsulova Rezin Məmulatları Zavodunda nəzarətçi işləməyə başlayıb. İşgüzarlığı, işinə məsuliyyəti ilə hamının rəğbətini qazanıb.
Həyat sakit axarı ilə getdiyi bir vaxtda qəfildən onun həyatında hər şey dəyişib: 1990-cı ilin yanvar ayında Sevil Rəsulova övladları Tahir və Təranə ilə Bakıya, bacısına baş çəkməyə gəlib. Yanvarın 20-də baş verən faciəni öz gözləri ilə görərək bu qanlı hadisənin canlı şahidinə çevriliblər. Hər tərəfi silahlı əsgərlərin sardığı, insanların küçəyə çıxmağa ehtiyat etdiyi bir vaxtda S.Rəsulova və övladları çox çətinliklə Bakıdan Mingəçevirə qayıda biliblər.
Həyatını bütünlüklə dəyişdirən həmin faciədən söhbət düşəndə «Ölənə qədər bu müsibəti unuda bilməyəcəyəm!»- deyir Sevil xanım.
Xalqımızın başına gələn dəhşətli faciə qəlbindəki intiqam hissini alovlandırıb: “Mən mütləq getməliyəm”- deyərək 1990-cı il 25 yanvarda uşaqlarını bir-birlərinə tapşırıb gecə yarısı evdən çıxaraq Ağdama gedib: “Mənə evə qayıtmağı təklif etdilər, nə qədər yalvardım, əlimdən gələn köməyi edə bilərəm dedimsə, məni heç kim dinləmək istəmədi. Lakin inadımdan dönmədim və könüllü batalyona qoşuldum. Şelli kəndinin sakini Fikrət Məmmədov və Xosrov dayı mənə silahı necə işlətməyi öyrətdilər. Əvvəl elə bildim öyrənə bilməyəcəyəm, çünki ömründə əlimə silah almamışdım. Beş güllədən üçünü nişan ala bildim. Xosrov dayı: «Bununla da oldun əsil döyüşçü! – deyərkən qanadım olsaydı bəlkə də göylərə uçardım. Yavaş-yavaş öyrəndim, yanımda olan dostlarım mənə “qardaş” deyirdilər. Onların bu səmimiyyəti məni daha cəsarətli edirdi»
“Qarabağ şahinləri”
İlk hücum əməliyyatını Əsgəranda keçirib S.Rəsuova. Həmin döyüşdə bir neçə erməni quldurunun ölümü onu daha da cəsarətləndirib. Döyüş texnikasında atıcı olan Sevil xanım Mingəçevir batalyonuna qoşulub və 3-cü rotanın komandiri təyin edilib. Marquşavan kəndinin düşməndən azad olunmasında iştirak edib.
Xocalı faciəsindən sonra mənfur ermənilərə olan nifrəti onun sonrakı döyüş yollarında özünü daha qabarıq göstərib. Naxçıvanikdə, Sırxavənddə vuruşub, Malıbəylidə dinc əhalinin çıxarılmasında iştirak edib. Döyüşçü dostları ilə neçə-neçə kəndlər adlayıb, qəsəbələr keçib...
Xocalı hadisələrindən sonra Sevil xanım on nəfər Xocalı sakinini öz evinə gətirib. Onları doğma ocağında yerləşdirəndən sonra yenidən cəbhəyə qayıdıb. Lakin ürəyi, evində məskunlaşdırdığı qəlbi yaralı adamların yanında qalıb. Fürsət tapan kimi, onların yanına qaçıb, dərdlərinə şərik olub, əlindən gələn köməyi onlardan əsirgəməyib.
Sevil xanım danışır: «Fevral ayında, havanın sərt keçməsi də bir tərəfdən bizə mane olurdu. Amma dözürdük, hər çətinliyə öyrənmişdik. Bizə xəbər verdilər ki, Quşçular və Malıbəylinin dinc əhalisi erməni təcavüzünə məruz qalıb. «Qarabağ şahinləri» batalyonunun mərd oğulları ilə döyüşə yollandıq. Nədənsə uşaqlarım üçün bərk darıxdım, kiçik bir teleqrama vurdum: «Tahir, sağ-salamatam, Şuşaya getdim». Özümdə bir az rahatlıq tapdım. Hər şey şiddətli top atəşi ilə başladı, güclü döyüşlər oldu. Bir neçə şəhid verdik. Bakılı Namiq (ləqəbi Fiska idi) qollarım üstə dünyasını dəyişdi. Çox cəsur oğlan idi. Nadir Cəfərov yaralandı. Sağ tərəfdən bir qadın kolun dibindən əl elədi ki, kömək edin. Elə bu vaxt arxadan şığıyan erməni Xosrov dayının sinəsinə güllələr yağdırdı. Ağdamın Qiyaslı kəndindən olan Rafiq (adına Rembo deyirdik) ermənini yerindəcə güllələdi. Amma gec idi. Artıq Xosrov dayı dünyasını dəyişmişdi. Gördüyüm bu dəhşətləri, itirdiyim əziz adamları heç vaxt unuda bilməyəcəyəm”.
Sevil xanım gözləri ilə gördüyü, dəhşətlərini yaşadığı anları gündəliyinə də köçürüb. Hər sətrində güllə səsləri, qan-qada, ölüm qorxusu, sevimli yoldaşlarının itkisi... “Mayın 8-dir. Ermənilər güclü texnika ilə hücuma keçirlər. Bizim hərbi texnikamız onlarınkından qat-qat az olsa da, biz erməni postunu ələ keçirmişik. O gün keçirdiyimiz iztirabı Allah bir də mənə qismət etməsin. Hamımızın sevimlisi, gözəl insan Seyid Fazil ayağından yaralandı. Sonra Arzu rəhmətə getdi. İki balası qaldı. Bakıdan 19 yaşlı İlham ağır yaralandı və mənə dedi ki, get, Sevil, get, sənə də atacaqlar. Mən heç yerə gedə bilməzdim, çünki o, ölümlə əlbəyaxa idi. Həm də mənə həmişə “ana” deyirdi. Gözlərini özüm qapadım. Həmin gün 11 yaralı çıxardım. Bizə dedilər ki, Bakıdan adamlar gəlib çəkirlər. Mən çəkilişdən imtina etdim, çünki bugünkü itkilər məni sarsıtmışdı. Kameranın qarşısından uzaqlaşdım. Sonralar mənə dedilər ki, gələn Çingiz Mustafayev idi. Heyfsləndim. Xocalı hadisəsini ellərimizə və bütün dünyaya bəyan edən belə bir qəhrəmanın kamerasına düşmək mənim üçün xoşbəxtlik olardı».
Daha mənə ölüm yoxdu
Sevil Rəsulova döyüşlərdə üç dəfə ağır yaralanıb. 1992-ci ildə Əsgəran döyüşlərində çiynindən və başından güllə yarası alıb. Xəstəxanada qərar tutmayıb, yenə də döyüş meydanına yollanıb. Aradan bir neçə ay keçəndən sonra – 1992-ci il iyul ayının 30-da Ağdərənin Levonark döyüşündə ayağından yaralanıb.
“Ağdərə yüksəkliyində Vidadini, İlhamı, Hümbəti itirdik. Sonralar batalyonumuz Vidadi Əzizovun adını daşıyırdı. Milli Qəhrəman Etibar İsmayılov, döyüşçü Arzu Ələsgərov şəhid olandan sonra hamımızın bir amalımız oldu: Ancaq irəli, ancaq vuruşa!!! Uşaqların qanını almayınca geri dönməyəcəyik!!! Möhkəm ağız birliyimiz var idi. bir-birimizi eşidirdik”.
Batalyon Ağdərənin yüksəkliklərindəki strateji nöqtələrin birində mövqe tutub. Düşmən üç tərəfdən güclü texnika ilə hücuma keçib. Batalyon mühasirədən çıxıb mövqelərindən geri çəkilməli olub. Döyüşə-döyüşə mövqelərini tərk ediblər: “10 nəfər kəşfiyyatçı qabaqcadan bu mövqeləri yoxlamışdı. Bir azdan ratsiya ilə bizə bildirdilər ki, yerinizdə möhkəm dayanın «qarapaltarlılar» sizə köməyə gəlir. Danışıq ləhcəsindən şübhələndik. Həmin döyüşdə dörd nəfərimiz şəhid oldu. Özüm yaralı olsam da (ayağımdan yaralanmışdım), dörd yaralını kənara çıxara bildim. Düşmən bizi diri tutmaq üçün sıxışdırırdı. Bütün silah-sursatımız qurtarmışdı. Patronum yox idi. İki qumbaram qalmışdı. Birini atdım. Toz-duman qalxanda kolun arasından çıxıb qaça bildim. Sonra iki yaralı əsgərlə məni Ağdərəyə çatdırdılar”- deyə xatırlayır.
Ancaq qələbə əzmi onu yenə döyüşlərə səsləyib. Cəsur döyüşçü yarası tam sağalmamış, özünü cəbhə dostlarının yanına çatdırıb. 1992-ci ilin oktyabrında batalyon Laçına yollanıb. Bu, onun son döyüşü olub. Laçın döyüşlərində belindən və onurğa sütunundan yara alıb.
Sonradan “Yaralı ola-ola səni nə vadar etdi ki, yenidən döyüşə gedəsən?” sualına belə cavab verib: “O düşmən yarası idi. Onun heyfini çıxmalı idim. Düşmən o yaranı mənim başıma, ayağıma, belimə vurmamışdı, vətənimə vurmuşdu. Mənim yaramı həkimlər sağaldı bilirdilər. Əslində, yaralı Qarabağ torpağı idi. O yaraya məlhəm biz olmalıydıq! Vallah, deyirəm, - bəlkə də inanmazsınız. Dəmir kimi döyülüb bərkimişdim. Canım elə bil polad idi, ağrıları hiss etmirdim. Bəzən zarafatla uşaqlara deyirdim ki, atalar üçdən deyib, üç dəfə ölüm yanımda dayanıb, mənə gücü çatmayıb, daha mənə ölüm yoxdu!!!”
Sevil xanımın oğlu Tahir də 1993-cü ilin iyun ayında döyüşə yollanıb: «Ana, mən Ağdama getdim, sən yaralandığın üçün mən səni əvəz edəcəyəm. Özündən və bacımdan muğayat ol. Seyid Lazım ağanın şəklini, bir də yolpulu götürdüm. Bağışla məni, öpürəm sizi»- deyə bir parça kağız yazıb.
Sevil xanım ürəyində düşmənə olan nifrətini tamlığı ilə dilə gətirə bilmir: “Bu nifrət elə güclüdür ki, danışanda dilim qıc olur” deyir: “Məkrli, xain, yeri gəlsə öz anasını, bacısını qətlə yetirən, hiyləgər olan bir millət bizim əbədi düşmənimizdir. Xalqımıza zülm edən, xəyanət edən, ixtiyar qocalara, bələkdəki körpəyə, hamilə qadına aman verməyən düşmənə yenidən dost demək olarmı? Anaları gözüyaşlı, körpələri ata-anasız qoyan bu faşistlər doğrudan da qorxulu düşmənlərdir».
Müharibənin dəhşətləri Sevil xanım üçün izsiz ötüşməyib. Səhhətində də problemlər yaranıb. Dəfələrlə əməliyyat olunub. Qarabağ əlili olsa da “əlil” sözünü sevmir: “Mən əlil deyiləm. Lazım gəlsə öz komandamı başıma toplayıb yenə də döyüşə gedəcəyəm!” deyir.
“Mənə qiymət versinlər”

Sevil xanımı narahat edən bir məqam isə keçən il 29 sentyabrda Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin Mingəçevir şəhərində keçirdiyi görüşdən sonra yaranıb. «Həmin görüşə öz arzumla, öz vicdanımın səsi ilə getmişəm. Ürək yanğısı ilə Cəmil Həsənlinin hansı planlarının olduğunu öyrənmək istəmişəm. Ancaq hər cür cəhdimə baxmayaraq, Cəmil Həsənlinin ətrafında olanlar mənə söz vermək istəmədilər. Belə olanda mən ona yaxınlaşmaq və sözlərimi çatdırmaq istədim. Ancaq bu cəhdim də uğursuz oldu. “İndiyə qədər əlinizə avtomat almısınızmı? Bu vaxta qədər hansısa şəhidin qapısını açmısınızmı? Bəs necə torpaqlarımızı 6 aya alıb qaytaracaqsınız?” deyə soruşmaq istəyirdim. Ancaq sonradan mətbuatda mənim haqqımda «Cəmil Həsənlini təxribata çəkməyimlə» bağlı yalan və böhtan məlumatlar yazıldı”. Qarabağ əlili üzərində “təxribatçı” damğası yox, keçdiyi döyüş yolunun mükafatını istəyir: “Müharibə təkcə mənə yox, övladlarıma da yara vurub. Mənə vurulan bu damğa ilə razı deyiləm. Qoy döyüş yoluma görə məni dövlətimiz qiymətləndirsin”.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər