• cümə, 29 Mart, 01:22
  • Baku Bakı 7°C

“Sevginin nə dili, nə dini, nə də vətəni var” – Ailə

08.04.14 08:35 1809
“Sevginin nə dili, nə dini, nə də vətəni var” – Ailə
Ayrı-ayrı ölkələrdə doğulmaları və ayrı dinləri təmsil etmələri Sumaia ilə Tomun xoşbəxtliyinə mane ola bilməyib. Onlar deyir ki, sevginin nə dili, nə dini, nə də vətəni var. “Ailə” rubrikamızın bu dəfəki qonaqları macarıstanlı Tom Taborri və yəmənli Sumaia Şaddaddır. Hər ikisi “Kaspi” Təhsil Mərkəzində müəllim kimi çalışır.
İlk baxışdan eşq

Tom Macarıstanda orta təhsilini bitirib Amerikada bakalavr, magistr təhsili alıb. O həm Amerikada, həm də Macarıstanda çalışdıqdan sonra Sumaianın vətəni Yəmənə getməli olub. Yəmənə gəldikdən sonra yeni iş fəaliyyətinə başlayıb. Sumaia isə Yəməndə anadan olub və təhsilini də sözügedən ölkədə alıb. Univeristeti bitirdikdən sonra Sumaia da çalışmağa başlayıb və taleh elə gətirib ki, Sumaia ilə Tom iş yoldaşı olublar.
Tom deyir ki, Sumaiaya ilk baxışdam vurulub: “İş yoldaşlarımla tanış olduqdan sonra Sumaia mənə çox doğma gəldi. Çünki, o məni ilk görüşdən cəlb etdi. İlk baxışda eşq yəqin buna deyirlər. Sumaia ilə iş yoldaşı münasibətlərindən əlavə güclü dostluğumuz oldu. Onunla tanış olduğum gündən anlamışdım ki, bu qadın mənim həyat yoldaşım olmalıdır. İki ildən çox dostluq etdik və sonra evlənməyə qərar verdik. Evlənməyimiz də çox ani oldu. Nə sevgililik, nə də nişanlılıq dövrünü yaşamaq bizə nəsib olmadı. Biz bir-birimizə hisslərimizi deməsək də, dost olarkən başa düşürdük ki, mütləq birlikdə olmalıyıq. Buna görə də birbaşa evlənməyə qərar verdik və 2013-cü ilin avqust ayında ailə quraraq yollarımızı birləşdirdik”. Müsahiblərimiz düşünür ki, onların bu gün xoşbəxt olmalarında dostluqlarının böyük rolu var. Onların sözlərinə görə, ailədə xoşbəxtlik ilk növbədə dostluqdan başlayır: “Biz bir-birimizə hörmət etdiyimiz, bir-birimizi başa düşdüyümüz üçün güclü dostluq qura bilmişdik. Evləndikdən sonra da dost münasibətlərimizi saxladıq və dostluğumuzu necə gözəl aparırdıqsa, ailə münasibətlərində də bu, dəyişmədi”.
İşlər bərabər bölünür

Sumaia müsəlman olduğu üçün belə ailə münasibətlərinin onların ölkəsinə yad olduğunu deyir. Həmsöhbətimizin sözlərinə görə, Yəməndə qadın-kişi bərabərliyi yoxdur. Çox zaman qadınların işləməyinə yaxşı baxmırlar: “Bizim ölkədə düşünürlər ki, kişi daha çox çalışmalıdır. Bəzən qadınlara kişilər olan yerlərə getməyə belə icazə verilmir. Amma bizim ailədə belə qadağalar mövcud deyil. Tomla mənim aramda ayrı-seçkilik yoxdur. Biz ailədə hər zaman hər mənada bir-birimizə dəstək oluruq”.
Sumaia düşünür ki, ailədə xoşbəxtliyin sirri bir-birini anlamaq və bir-birinə hörmətlə yanaşmaqdadır. Tom isə deyir ki, xoşbəxtlik qarşı tərəfi olduğu kimi qəbul edə bilməkdir. Sumaianın sözlərinə görə, onlar arasında “sən qadınsan, bunu etməlisən”, “mən kişiyəm, bunu etməliyəm” kimi söhbətlər olmur. İstər evdə, istərsə də işdə bütün işlərini bərabər bölürlər: “Ev işlərində Tom mənə çox kömək edir. Birlikdə qab yuyur, yemək hazırlayır, hətta pəncərə belə silirik. Bütün işlərimizi bərabər böldüyümüz üçün heç bir problemimiz olmur”. Müsahiblərimizin sözlərinə görə, onların başqa dinləri təmsil etmələri, başqa ölkələrin vətəndaşları olmaları xoşbəxtliklərinə mane olmur, əksinə, münasibətlərinə fərqli dad qatır: “Sevginin nə dili, nə dini, nə də vətəni var. Hər ikimiz ayrı mədəniyyətləri təmsil edirik və bu, evdə də özünü biruzə verir. Amma bu hal bizə çox maraqlı gəlir. Hər ikimiz bir-birimizi dinləyir və mədəniyyətlərimizə ayaq uydurmağa çalışırıq, qarşıdakının fikrinə hörmətlə yanaşırıq. Hər bir məsələdə məsləhətləşib ortaq məxrəcə gələ bilirik”.
Onu da deyək ki, Sumaianın müsəlman, Tomun xristian olmasına baxmayaraq, Tom əsl mühəfizəkar müsəlmanlar kimi həyat yoldaşının şəklinin qəzetdə getməsinə icazə vermədiyini bildirdi.
“Atropatena haqda çox oxumuşam”

Xatırladaq ki, Sumaia və Tom “Kaspi” Təhsil Mərkəzində çalışırlar. Nə üçün məhz Azərbaycanı seçdiklərinə gəlincə, Tom deyir ki, Azərbaycanı Sovetlər birliyindən ayrıldıqdan sonra tanımağa başlayıb: “Mən Amerikada təhsil alarkən tarxilə çox maraqlanırdım. Azərbaycanla da tanışlığım məhz o vaxtlara təsadüf edir. Hətta qədim Azərbaycan haqqında belə məlumatım var. Atropatena haqqında çox oxumuşam. Azərbaycan Sovetlər birliyindən ayrıldıqdan sonra neft ixrac edən ölkə kimi tanınmağa başladı. İqtisadiyyatın burada güclü inkişafı bizi bu ölkəyə gəlməyə cəlb etdi”. Müsahiblərimizin sözlərinə görə, ölkəmizə gəldikdən sonra müəyyən işlərlə maraqlanmağa başlayıblar: “Kaspi” Təhsil Mərkəzinin reklamları diqqətimizi çəkdi və iş üçün buraya müraciət etdik. Bu mərkəzin iş fəaliyyətini bəyəndiyimizdən burada çalışmağa başladıq”.
“Burada çox qalmağı düşünürük”

Tom və Sumaia ilə söhbətimiz əsnasında məlum olur ki, onlar Azərbaycana ilk dəfə gəldikdə çox təəccübləniblər: “Düzdür, bu ölkə haqqında kifayət qədər məlumatımız var idi. Lakin bu dərəcədə inkişaf etməsini təsəvvür belə etməzdik. Xüsusilə Bakıya heyran olduq. Paytaxtın inkişaf etməsi, gözəl olması təbiidir, amma regionların bu qədər inkişaf etdiyini ağlımıza belə gətirməzdik. Regionlarda beynəlxalq aeroportların, iqtisadi inkişafın olmasını çox bəyəndik”. Azərbaycanı çox sevdiklərini söyləyən müsahiblərimiz uzun müddət burada qalacaqlarını planlaşdırırlar. Tom deyir ki, bu qədər zəngin təbiəti olan ölkəni hələ tərk etmək istəmirlər: “Azərbaycanı çox sevirik. Burada güclü inkişaf getməsinə baxmayaraq, azərbaycanlılar öz mədəniyyətlərini, mentalitetlərini, mənəvi dəyərlərini, ənənələrini qoruyub saxlayıblar. Bu ölkənin vətəndaşları çox tolerant, dözümlü və qonaqpərvərdirlər. Burada müxtəlif mədəniyyətlər ortaq məxrəcdə görüşə bilir. Azərbaycanda o qədər doğma münasibətlər gördük ki, bacardığımız qədər burada çox qalmağa çalışacağıq”.
Şəkərbura bişirən əcnəbi

Həmsöhbətlərimiz burada azərbaycanlılarla dostluq münasibətləri belə qurublar: “Burada azərbaycanlı dostlarımız var. Onlar çox alicənab, əliaçıq adamlardır. Bir-birimizə qonaq gedirik. Onlardan şəkərbura bişirməyi belə öyrənmişik”. Şəkərbura bişirməyi azərbaycanlı dostlarından öyrənən Sumaia mətbəxdə bizim yeməklərdən də bişirir: “Azərbaycan mətbəxi çox dadlıdır. Xüsusilə dolmanı çox bəyənirəm. Yarpaq və badımcan dolmasının dadından doymuram. Bacardığım qədər mətbəximdə Azərbaycan yeməklərini bişirməyə çalışıram. Ən çox bişirdiyim xörək isə plovdur. Tom isə dəniz məhsullarını sevdiyi üçün daha çox balıq yeməyə üstünlük verir”.
Uzun müddətdir gənclərlə işləyən müsahiblərimiz Azərbaycan gənclərinin öyrənməyə meylli olduğunu söyləyirlər. Sumaia düşünür ki, azərbaycanlı gənclər Yəmən gənclərinə nisbətən müxtəlif fikirləri daha rahat qəbul edə bilirlər. Onlar dar düşüncəli deyillər. Həmsöhbətimizin sözlərinə görə, gənclərimiz daim öyrənməyə can atır, özlərini inkişaf etdirirlər.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər