• cümə, 29 Mart, 14:14
  • Baku Bakı 14°C

Sevgini başa düşə bilmirəm

06.05.19 13:30 1757
Sevgini başa düşə bilmirəm
Bu günlərdə gənc şair Ümid Nəccari ilə "Qaranlığın fotosu” adlı kitabı çap olunub. Müəlliflə həmin kitab haqqındakı ədəbi söhbəti təqdim edirik:
– Ümid bəy, "Qaranlığın fotosu” kitabında daha çox kölgə detallarına rast gəldim. Və kölgə qaranlıqda görünə bilməz. Deməli, bir işıq var. Nədi o işıq və niyə onu şeirlərinizdə görmürük?
– Mən sevirəm ki, qaranlığın içində yenidən bir qaranlıq yaradım. Məsələn, şeirlərimdən birində də var, islanır pəncərələrin göz yaşı. Yaş elə yaşdır, amma bunu təzədən təsvir etmək lazım gəlir bəzən.
– Qaranlığın mahiyyəti sizi düşündürür, yoxsa bu sadəcə poetik bir təsvirdir?
– Qaranlıqda insanın özünə qayıdış var, gecədə insanın özünə qayıdış var. İnsan qaranlıqda özüylə baş-başa qalır. Ona görə, düşüncənin mərkəzi olaraq qaranlığı götürmüşəm.
– Ümid Nəccari qaranlığın fotosunda nəyi göstərə bilmir? Yəni, nə olub ki, onu şeirlərinizdə ifadə edə bilməmisiniz?
– Sevgini. Sevgini başa düşə bilmirəm. Çoxu elə bilir, şairlər sevgini yaxşı anlayır, amma elə deyil. Sevgidən ən son şairlər xəbərdar olur. Müəllif nəyi bilmirsə, ondan çox yazır.
– Şeirlərinizdə keçən əsrdən bizə tanış olan cənub həsrəti var. Amma bu dövr başqadı bir az. Bu həsrət Məhəmmədhüseyn Şəhriyarın, Bəxtiyar Vahabzadənin həsrəti ola bilməz. Nədi sizi qayğılandıran?
– Xalqın dili olmayan yerdə həsrət olur. Onların dili yoxdu, danışa bilmirlər. Mənim şüuraltımda bir sərhəd var. Olmasa da, yaradırıq o həsrəti.
– Sizə şeir yazdıran nəğmə cənubdandı, yoxsa şimaldan?
– İkisindən də var...
– Hansı əsinti daha çoxdu?
– Gəncliyim Bakıda keçib, şeirlərimdə Bakı daha çox hiss olunur. Cənubda ağrılarım var. Şeirlərimdə də hiss edə bilirsiniz. Pessimist şair kimi məni tanıdıb. Əslində, dərin məna elə pessimizmdədir.
– Dediniz, sevgini təsvir etmək çətindir. Bakı sizə sevməyi öyrədə bilməyib...
– Çətindi...
– Duyursunuz, amma ifadə edə bilmirsiniz?
– İfadə etməkdə adam çətinlik çəkir. Bəzən sözlər şairə boyun əymir.
– Günəş haqqında şeirləriniz var, bir də gecə haqqında. Hansılar sizi daha çox ifadə edir?
– Gecə haqqında. Necə ki kitabın adı da "Qaranlığın fotosu”dur. Mən qaranlıqda çox rahat oluram.
– Şeir dilinizdə Təbriz ləhcəsi var. Bunu məqsədli edirsiniz?
– Mənim tərcümələrimdə də o var. Necə düşünürəmsə, elə yazıram. İstəmirəm başqa bir dili yamsılayam. Özüm özümü redaktə edə bilərəm, əslində. Tərcümə edəndə də qəlibin içində olmaq istəmirəm. Təbrizdə doğulmuşam, öz doğma ləhcəmdə də yazacağam.
– Vətən və qadın sevgisi... Şeirlərinizdə bu sevgilər bir-birinə bağlıdı. Sizin üçün hansı əsl sevginin təzahürüdür?
– Hansında adam özünü vətəndaş kimi hiss edir odur. Mən qadında bunu daha çox hiss edirəm.
– "Qaranlıq” pyesinizdə belə bir cümlə var: İşıq rolunu oynamaqdan yorulmuşam... Bu, gələcəyə ümidsizlikdi?
– Bəli, modern dünyada adamlar çürüyür. Stress, depressiya insanları əzir. Mənə həmişə bu dünyanın gələcəyi qaranlıq qalır.
– Amma qaranlığın içində bir işıq olmaq qəhrəmanlıqdı. Və belə çıxır ki, qəhrəman olmaq istəmirsiniz...
– Qəti!
– Pessimist şeirləriniz hansı əhvalatın davamıdır?
– Bəzən həyatımdakı adamlar "yıxılır”. Keçmiş məni incidib, ağrıdıb.
– Xoşbəxtliyin küçəsindən oxucularınıza nə gətirmisiniz?
– Emona Şimit vardır, o, "Müsyo İbrahim və Quran çiçəkləri” filmində orda bir mavi küçə var. mən hamını o küçəyə aparmaq istəyirəm.
– Sənət xilas üçündür. Dünya gözəl olanda sənətə ehtiyac qalmayacaq. Sizcə, hamını o xoşbəxtlər küçəsinə aparsanız, şeirlərə ehtiyac qalmayacaq?
– Bilirik ki, o gözəlliyi görməyəcəyik. Xoşbəxtlik həmişə an məsələsidir.
– Hansı dünya şairi ilə özünüzü daha yaxın hiss edirsiniz?
– Eliota daha yaxınam. Mövzularım, həssaslığım. Abstrakt, mücərrədlik var.
– Yaradıcı mesajınız nədi?
– Çətin bir dünyanın çətin bir gələcəyinə doğru gedirik!
– Şeir nədir sizin üçün?
– Bu, mənim taleyimdi.
Söhbətləşdi: Rəvan Cavid

banner

Oxşar Xəbərlər