Evli olsalar da, sevgili kimidirlər – Ailə
Eynar Mahmudov: "Vəfada özünə əmin bir görünüş var idi, bu, məni cəlb etdi”
Vəfa Əkbər: "O, fərqli, cəsarətli idi, heç kimdən çəkinməzdi”
5 il
sevgili olublar, 4 ildir ki, evlidirlər. Lakin hələ də sevgili imiş kimi
görünürlər. Özləri də bunu etiraf edirlər, deyirlər ki, əslində yenə də
sevgilidirlər, fərq yalnız bir evdə yaşamaları və bir övladlarının olmasıdır.
"Ailə”
rubrikamızın qonaqları "Eros” psixologiya mərkəzinin rəhbəri Eynar Mahmudov vəhəyat yoldaşı psixoloq Vəfa Əkbərdir.
İlk
olaraq cütlüyümüzün tanışlıq tarixçəsinə nəzər salaq. Tanışlıqları Bakı Dövlət
Universitetində təhsil aldıqları vaxtda olub. Vəfaya ilk baxışdan aşiq olan
Eynar, bu tarixçəni özü danışdı: "Mən fəlsəfə üzrə oxuyurdum, Vəfa psixologiya.
Artıq 4-cü kursda idim, o isə 2-ci. İkimiz də sinif nümayəndəsi idik. Necə
olubsa, o müddətə qədər Vəfanı görməmişdim. Bir gün dekanlıqdan jurnal götürəndə
qarşılaşdıq. Ağlımda qaldı, kim olduğunu araşdırmağa başladım. İlk araşdırmam
düz olmamışdı, yanlış ixtisas, başqa bir ad deyilmişdi (Gülür). Amma sonra
tapdım”.
Vəfa
deyir ki, Eynar birbaşa fikrini deməmişdən əvvəl onun diqqətini çəkəcək jestlər
edirmiş: "Qrupumuzun jurnalını dekanlıqdan götürəndə, baxırdım ki, jurnalın
arasına gül qoyub. Fikrini mənə deyənə qədər bu üsullardan istifadə edirdi. Həmin
ərəfədə qrupda ödənişsiz təhsil alanların kartı yenidən düzəlməli idi. Bütün
sinif nümayəndələri dekanlığa yığılmışdı, ərizə göndərilməsi üçün hamı öz
elektron ünvanını yazırdı. Ordan mənim elektron adresimi götürüb yazmışdı”.
"Ailəsini
razı salmaq 4 il çəkdi”
Eynar deyir
ki, xanımın qəlbini ələ ala bilsə də, valideynlərini razı salmaq heç də asan
olmayıb: "Dekanlıqda Vəfa iki e-mail adresi yazmışdı, ikisini də götürdüm.
Dostlarım da araşdırırdı, ardınca dostum Vəfanın əsas e-mail ünvanını gətirdi.
2010-cu ilin noyabrın 24-də yazdım, ilk yazışmamız ordan başladı. İndi də özəl
günümüz kimi o tarixi qeyd edirik. Xanımın özündən "hə” cavabı ala bilsəm də,
ailəsini razı salmaq 4 il çəkdi. Mən gürcüstanlı idim, valideynlərim orda
yaşayırdı. Hər il Gürcüstandan Bakıya elçiliyə gəlirdik (Gülür). Axırda
razılığı aldıq”.
Vəfa
deyir ki, valideynləri Eynarın ailəsini tanımadıqları üçün razılıq vermirdilər:
"Hər il Gürcüstandan Azərbaycana elçi gəlirdilər, bizimkilər razı olmurdu.
Axırıncı dəfə Eynar dedi ki bu, axırıncı güldür, bəsdir (Gülür). Valideynlərim
yoldaşımı tanımırdı, amma tanıyandan sonra razı oldular”.
"Eynarın fərqliliyi,
cəsarəti məni cəlb etdi”
Vəfa
deyir ki, Eynar cəsarətli addımları ilə onun diqqətini çəkib: "Tələbə vaxtı ətrafda
tanıdığım gənclərin çoxunda stereotiplər, utancaqlıq, çəkinmə var idi. Amma o,
fərqli, cəsarətli idi, heç kimdən çəkinməzdi. Jurnalın arasına gül qoyması ilk
vaxtlar məni qıcıqlandırırdı. Çünki bizə hamı kimi olmaq öyrədilmişdi, mən də
bunu qoruyurdum. Amma sonra Eynarın fərqliliyi, cəsarəti məni cəlb etdi. Çox
aktiv idi. Təsəvvür edin, biz 9-cu mərtəbədə liftə minəndə, o pilləkənlə
düşürdü. Biz liftdən düşəndə, o, artıq liftin qabağında olurdu”.
Eynar isə
Vəfanın özünə əminliyini bəyənib: "Gözəllik, saçlarının qıvırcıq olması öz
yerində (indi saçları buruq deyil, amma o vaxt elə idi). Lakin Vəfada özünə əmin
bir görünüş var idi, bu, məni cəlb etdi. O vaxt Azərbaycan xanımlarında bu, çox az idi”.
"Bir-birimizdən
heç nə gizlətmirdik”
Və evlənirlər.
Eynarın evliliyə alışması isə bir az vaxt aparır: "Valideynlərim Gürcüstanda
olur deyə, Bakıda vaxtımı, adətən, dostlarla keçirirdim. İki universitet
bitirmişəm, hərəsindən xeyli qrup yoldaşım var. Evlənəndən sonra da ilk vaxtlar
dostlarla çox vaxt keçirirdim deyə, bir az narazılıq olurdu, amma zamanla artıq
burda balansı qoruduq”.
Vəfa
evlilikdən sonra onlar üçün heç nəyin dəyişmədiyini bildirdi: "Bir yerdə
yaşamağa uyğunlaşmaq dövrü oldu, o da çox uzun çəkmədi. Sevgililik müddətində
necə idisə, indi də eləyik. Dəyişən odur ki, oğlumuz var və bir evdə qalırıq”.
Eynar
evlilikdən sonra bir-birində hər hansı xüsusiyyətləri kəşf etməmələrinin səbəbindən
danışdı: "Universitet vaxtı bizdə dərs saat 1-də bitirdi, dərsdən sonra
görüşürdük, 5-ə qədər bir yerdə olurduq. O müddətdə biz hər şeyi danışmışdıq,
bir-birimizi tanıyırdıq. Bir-birimizdən heç nə gizlətmirdik. Bəzən mənə
deyirdilər ki, yalandan "Bakıda evim var” de. Amma heç nəyi yalan danışmadım. Hər
şeyi olduğu kimi dedim. Nə qədər stereotiplərlə yaşamasaq da, azərbaycanlı
kişilərdə "olar-olmaz” söhbəti az da olsa, olur, onları əvvəldən dedim ki,
sonra problem yaranmasın. Xanım da həmçinin bildirmişdi ki, nəyi sevir, nədən
xoşu gəlmir. Ona görə, evlilik müddətində elə də çox çətinliyimiz olmadı. 1-2
ay xırda çətinliklər oldu, amma o da öz axarına düşdü”.
"Düyünü
sevmirəm, amma onun bişirdiyi plovu yeyirəm”
Bir az
da ailənin mətbəxindən danışaq. Vəfanın sözlərinə görə, Eynarın ürəyinə gedən
yol birbaşa mədəsindən keçir: "Ac olanda özündən tez çıxır, əsəbi olur. Ac
vaxtı stolun üstündən çörək də istəyə bilməzsən. Yemək yeyəndən sonra dünyanı
istə, verəcək. Buna görə, böyük problemimiz olmur, amma xarakteri belədir”.
Yeməyi
sevən Eynar, xanımının əlinin
duzunun yaxşı olduğunu deyir: "Evə ac gələndə, xanım nə isə söz demək istəyəndə,
deyirəm ki, acam. Söhbət bağlanır, yemək yeyib qurtardıqdan sonra söhbət
edirik. Əl qabiliyyəti çox yaxşıdır. Düyünü sevmirəm, amma onun bişirdiyi plovu
yeyirəm. Yaxşı şirniyyat, salatlar hazırlayır. Düzdür, axır vaxtlar iş cəhətdən
yemək bişirmək alınmır, çünki bir yerdə işləyirik, iş çox olduğu üçün evə gec
gedirik, onda da çalışırıq çöldə yeyib gedək. Çünki evdə yemək bişirməyə vaxt
getsə, uşağa vaxt ayıra bilməyəcəyik”.
Eynar
yeməyi sevdiyi kimi, xanıma mətbəxdə kömək etmək cəhətdən də həvəslidir. Vəfa
bildirdi ki, əvvəllər onun mətbəxə keçməsini qəbul edə bilməsə də, artıq öyrəşib:
"Yeməyi hazırlayıb, süfrəyə özüm təqdim etməyi sevirəm. Ona görə, mətbəximə
kiminsə girməyini sevmirəm. Mən mətbəxə keçəndə yoldaşım gəlib hər proseslə
bağlı sual verirdi. Sona bir az qıcıq oldum, dedim ki, sual verincə, yardım et.
O da dedi ki, sən de, mən də edim. Sonra artıq buna öyrəşdim. Bir dəfə xəstə
idim, makaron bişirmişdi, soğanı çox yandırmışdı (gülür). Qəşəng kotlet
bişirir. Süfrəni həmişə o açır. Mən hazırlayıb gətirənə kimi edir. Hətta bəzən
səhərlər belə, çörəyin arasında nə isə gətirəcək ki, ye. Bu xüsusiyyəti oğluma
da keçib”.
"Lazım olanda
qabları da yumuşam”
Vəfa ev
işlərində də yoldaşının ona köməyinin çox olduğunu əlavə etdi: "Oğlumuz 1 yaş 4
aylıqdır. Gecələr uşaq ağlayanda o, məndən əvvəl oyanır. Bircə, xəstə olanda
oyanmır, o da ağrıkəsici filan içir, onlar da yuxu gətirir deyə, oynamaq çətin
olur. Digər vaxtlar özü qalxır. Hətta doğuşa da mənimlə bir yerdə girmişdi.
Uşaq cəhətdən köməyi çox olur. Ev işlərinə maksimum dərəcədə kömək edir. Mən ev
işləri ilə bağlı daha həssasam, amma o da nəsə edir”.
Eynar
deyir ki, xanıma ev işlərində kömək etmək cəhətdən kompleksi yoxdur: "Kənardan
baxanlara fikir vermirəm, əsas olan ailə bağlarıdır. Lazım olanda qabları da
yumuşam. İndi mən daha çox oğlumla oluram. Çünki evdə olanda birimiz uşağa
baxmalıyıq, birimiz mətbəxə keçməlidir. Ona görə, daha çox özü edir, amma bu
işləri görməkdən çəkinmirəm”.
"Biz üzr istəməyi
bacarırıq”
Təbii ki
hər ailədə mübahisələr olur. Eynar deyir ki, kim günahkardırsa, o, bu zaman su
olur: "Biz üzr istəməyi bacarırıq. Kim günahkardırsa, üzr istəyir və niyə üzr
istədiyini deyir. Əgər dünyanı dağıtsa belə, sonra səhvini etiraf edib üzr istəyirsə,
o, bizdə unudulur və açılmır”.
Həm də
iş yerləri eynidir. Eynar bunun mənfi və müsbət tərəfləri olduğunu deyir: "İş
yerləri ayrı olanda axşam evdə birləşəndə danışılası mövzu çox olur. Amma biz
bütün gün bir yerdəyik. Bu, bir az monotonluq yaradır, bundan qaçmağa
çalışırıq. Bir də mənfi tərəfi odur ki, evdə də işdən danışırsan. Yaxşı tərəfi
isə bir-birimizin yanında olmağımızdır”.
Vəfa isə hər konsultasiyadan çıxanda Eynarı
görməyə öyrəşib: "Bəzən işi olur, harasa gedir, konsultasiyadan çıxanda görməyəndə
mesaj yazıram ki, hardasan? Deyirəm ki, mən konsultasiyada olanda hara gedirsən
get, amma çıxanda səni görüm. Mən onu görəndə növbəti konsultasiyanın
enerjisini alıram. 2 saniyəlik də olsa, görüm”.
"...mütləq öz
bildiyini edəcək”
Bir-birində
bəyənmədikləri xüsusiyyətlər də var. Vəfa Eynarın sağlam qidalanmaya meyl etməməyindən
şikayətçidir: "Mən sağlam qidalanmağı çox sevirəm, o, xəmir yeməklərini. Ət
olmayan yeməyə yemək demir. Şirniyyatda da yüngül qidaları sevirəm, qaymaqlı-filan.
O isə yağlı, qozlu sevir. Bu tərəfini sevmirəm”.
Eynar isə
Vəfanın öz bildiyini etməsi kimi xüsusiyyətini bəyənmir: "Ona "bunu belə et”
deyirəmsə, gərək niyə belə etməsi lazım olduğunu da izah edim. Əgər tələsik
"bunu belə et” deyib gedirəmsə, izah vermirəmsə, mütləq öz bildiyini edəcək. Əgər
belə olmasını istəmişəmsə, deməli, bir bildiyim var, amma bu, işə yaramır”.
Vəfa
deyir ki, bu, onun inad etməyi deyil: "Sən tələsik deyib gedibsən, onun təhlükəsiz
olduğuna necə əmin olum? Mən edərəm, yaxşı alınmaz, sonra gəlib deyər ki, bir
özün də analiz edərdin, mənim deməyimlə deyil ki. Amma öz yanaşmasının izahını
verəndə, artıq bu zaman mənə daha aydın olur”.
"Xanım deyir
ki, ata hirsləndi”
Uşağın tərbiyəsinə
xüsusi yanaşdıqlarını deyirlər. Eynar bunun üçün davamlı kitab oxuduğunu
bildirdi: "Uşaq tərbiyəsi ilə bağlı yeni 10 kitab almışam. İmkan olduqca
oxumağa çalışıram. Ancaq ümumi tərbiyəsi ilə xanım məşğul olur. Müəyyən mənada
uşaq atadan bir az çəkinməlidir. Düzdür, mən uşaqla o sərhədi saxlamıram,
deyib-gülürəm, oynayıram. Amma uşaq səhv edəndə mən bir az qırağa çəkilirəm,
xanım deyir ki, ata hirsləndi. Ata hirsli deyil, bəlkə heç söhbətdən xəbərim də
yoxdur. Lakin bu metoddan istifadə edir”.
Vəfa "Əzizim əzizdir, tərbiyəsi ondan da əzizdir”
yanaşmasının tərəfdarıdır: "Uşaq olar-olmazı, ədəb-ərkanı, qayda-qanunları bilməlidir.
Biri var, standart qayda-qanunlar, biri var, ailə dəyərlərimiz. O, yeməyini
yeyib bitirsə belə, biz qalxana qədər süfrədən getmir. Süfrə mədəniyyətini, ailə
dəyərlərini ona aşılamağa, qorxu ilə yetişdirməməyə, sərhədlər qoymamağa
çalışırıq. Nifrət yaranmasın, şiddətdən uzaq, komplekssiz olsun. Qayda olduğu
üçün deyil, içindən gəldiyi üçün hörmət etsin. Mərhəmətli olsun, insanları
sevsin”.
"Sevginin
daimi qalması da önəmlidir”
Ailəni
möhkəm edən səbəblərə gəlincə, Eynar bunun düzgünlük, qarşılıqlı hörmətə bağlı
olduğunu dedi: "Xanım mənim qulum deyil, bir şəxsiyyətdir. İki şəxsiyyət birləşib
"biz” olur. Sən dediyin olursa, bu, sən olursan, mən dediyim olursa, mən.
İkimiz dediyimiz olursa, "biz” olur. Biz olarsa, uzun çəkir. Mənəmsə, sən
olmayacaqsan. Burda "biz” olmaq çətindir”.
Vəfaya
görə isə ailəni möhkəm edən dəyər sistemləridir: "Sevgili vaxtından belə
başlamışam. Mənə görə, yalançı təsəllidənsə, acı gerçək yaxşıdır. Mütləq
dünyagörüşləri bir olmalıdır. Əgər dünyagörüşü və dəyər sistemləri fərqlidirsə,
çətin olar. Bir də sevginin daimi qalması da önəmlidir. Evli olsaq da, sevgili
kimiyik. Mənim üçün bu, çox önəmlidir”.
Aygün Asimqızı