Sevgiləri ilə buzu da əridən cütlük - Ailə
Bəhruz Niftəliyev: "Birlik olanda, əl-ələ verəndə,
öhdəsindən gələ bilməyəcəyimiz heç nə yoxdur”
Ülviyyə Niftəliyeva: "İlk olaraq insan, daha sonra
həyat yoldaşı olaraq çox güvəniləsi biridir”
"Valideyn” kəlməsinə
böyük önəm verirlər. Övladlarına yaxşı valideyn olmaq üçün öz ana-atalarını
nümunə götürürlər. Deyirlər ki, valideynləri sevmək mənəvi borc yox, elə
mənəviyyatın özüdür. İki insanın xoşbəxt olması üçün valideynlərin də
razılığının vacib olduğunu düşünürlər. "Ailə” rubrikamızın budəfəki qonaqlarıAzərbaycan Dövlət Televiziyasının Mədəniyyət Xəbərləri baş redaksiyasının baş
redaktorunun müavini, Yazıçılar Birliyinin üzvü, İTV-də "Yadigarlar"
verilişinin aparıcısı Bəhruz Niftəliyev və həyat yoldaşı "Rezonanspress.az”
saytının icraçı direktoru, "Milli dəyərlər üzrə maarifləndirmə” ictimai
birliyinin sədr müavini Ülviyyə Niftəliyevadır.
Bizi sevgili kimi görürdülər
Tanışlıqları
tələbəlik dövrünə təsadüf edir. Həmin vaxt Bəhruz magistratura pilləsində təhsil
alır, Ülviyyə isə magistraturaya hazırlıq mərhələsində imiş. Ülviyyə
jurnalistika fakültəsində oxuduğuna görə, təcrübə üçün Bəhruzun anası, tanınmış
jurnalist Flora Xəlilzadənin yanına gəlir. Flora xanım da oğlu Bəhruzla Ülviyyə
xanımı tanış edir. Bəhruz deyir ki, münasibətləri dostluqla başlasa da, zamanla
sevgiyə dönür: "Flora xanımın yanına tələbələr gəlirdi və o da mənə
istiqamətləndirirdi ki, onlara kömək edim. Yəni bu, həmin dövrdə ənənə halını
almışdı. Mən demək olar ki, Flora xanımın bütün tələbələrini tanıyırdım. Amma
heç biri ilə bu cür yaxınlıq, dostluq münasibəti olmurdu. Açığı, Ülviyyə ilə də
bağlı ilk dövrlər elə bir düşüncəm yox idi. Mən ona jurnalistika,
magistraturaya hazırlıqla bağlı mövzularda yardım edirdim. Maraqlı bir məqam
var ki, Ülviyyəni hazırlaşdığım kurslara, müəllimlərin yanına aparırdım, hansı
ki, başqa xanımlarla da ora gedirdim. Digər xanımlarla gedəndə heç kim bizə o
baxışla baxmırdı. Lakin Ülviyyə ilə olanda sanki insanlar nələrisə bizdən qabaq
duyurdular, bizi sevgili kimi görürdülər. Zamanla, özümüz də gördük ki, dostluq
münasibətimiz məhəbbət adlandırdığımız mərhələdə irəliləyir”.
Bəhruz çox səbirli, mən isə çılğın oluram
Ülviyyə deyir
ki, Bəhruzu tanımamışdan əvvəl onun çətin xasiyyətli adam olduğunu eşidib və
ona maraqlı gəlib: "Çətin xasiyyətli biri olduğunu deyirdilər. Ona görə, mənə
maraqlı gəlirdi. Münasibətimiz dostluqla başladı və zamanla gördüm ki,
xasiyyəti elə də çətin deyilmiş. Etiraf edim ki, bir-birimizi tamamladığımızı
düşünürəm. Çünki ikimiz də çətin xasiyyətli adamlarıq (gülür). Elə məqamlar
olur ki, Bəhruz çox səbirli, mən isə çılğın oluram. Ona görə, arada hiss edirəm
ki, sözün yaxşı mənasında məni yola verir”.
3 il sevgili olduq və 4-cü il evlənmək qərarına
gəldik
Sevgililik
dönəmindən danışan Bəhruz qeyd edir ki, 3 il sevgili olublar: "Mən 3-4 aya
bir-birini tanıyıb evlənən insanları anlaya bilmirəm. Təbii ki, qısa müddətdə
tanış olaraq evlənib xoşbəxt olanlar, amma uzun illər birini tanıyıb, sonra
boşanan ailələr də var. Amma düşünürəm ki, tanışlıq dönəmi bir az uzun
olmalıdır. Məsələn, biz 3 il sevgili olduq və 4-cü il evlənmək qərarına gəldik.
Evlilik qərarı da birdən verilməməlidir. Həmin situasiya yaranmalıdır.
Münasibətdə olduğun insandan o səmimiyyəti duymalısan. Mən Ülviyyənin yanında çox
rahat idim, eynilə də o. Bir-birimizin yanında gülürdük də, ağlayırdıq da,
hətta, bir dəfə ayrılmaq həddinə belə çatacaq dərəcədə dalaşdıq da. Amma
münasibətimiz bitmədi. Beləliklə, zamanla anladım ki, biz ailə qura bilərik.
Onu anamın, atamın yanında gəlin kimi görə bildim. Ailə qurmaq bir neçə hissin
üzərində qurulur. Belə ki, evlənəcəyin insana məhəbbət hissin olur, onu dostun,
sirdaşın kimi görürsən, ona qarşı qayğı duyursan. Bilirsinizmi, bu münasibətlər
çoxluğu sizə hansı məqamda kömək olur? Həmin hisslərdən biri bitəndə, digərinə
keçid edə bilirsən. Bu zaman sizi həmin şəxsə sadəcə, bir hiss bağlamamış
olur”.
Biz bütöv ailə ola bilirik
Ülviyyə ailə
qurmalarında valideynlərin də böyük rolu olduğunu qeyd edir: "Düzdür, biz
bir-birimizi sevirdik, amma ailələrin razılığı da önəmlidir. Əgər ailələrdən
biri narazı olarsa, o zaman söz-söhbət yaranar. Onda da xoşbəxt ailə qurmaq
müşkül məsələdir. Hazırda Bəhruzun valideynləri ilə birlikdə yaşayırıq. Bəzən
xanımlar ayrı ev tələb edir. Mənim elə bir tələbim olmadı. Biz bütöv ailə ola
bilirik. Hər iki tərəfin valideynlərinin bir-birinə və övladlarına olan
münasibəti ailədə söz-söhbətin yaranmasına şərait yaratmır. Yəni evlənəcəyin
insanla sözünün, xasiyyətinin tutması ilə iş bitmir. Mütləqdir ki, valideynlər
də anlaşsın, onlar da bu evliliyə razılıq versin”.
Bəhruz seçibsə, onun üçün bu, doğrudursa...
Bəhruz bu
məqamda seçim etmək məsələsinə toxunur: "Övladlarımızı elə yetişdirməliyik ki,
onların seçiminə güvənək. Yəni onlar seçdikdən sonra müdaxilə etmək lazım
deyil. Valideynlərim mənim seçimimə güvəndilər. Düşündülər ki, Bəhruz seçibsə,
onun üçün bu, doğrudursa, demək, bizim üçün də elədir. Ona görə, məsləhət
görərdim ki, valideynlər övladları ilə dost ola bilsinlər. Valideynlərim mənim
ən yaxın dostumdurlar. Ona görə, mən hazırda övladımla o münasibəti qurmağa
çalışıram”.
Həm ağıl, həm də ürəklə seçim
Ülviyyə də
həm ağılla, həm də ürəklə seçim etməyin vacib olduğunu deyir: "Sırf sevgi ilə
seçim etmək olmaz. Sevgi ilə ağıl üst-üstə düşməlidir. Çox təəssüf ki, yanlış
seçimlər bu gün bir çox ailələrin dağılmasına səbəb olur. Həyat yoldaşını həm
ağıl, həm də ürəklə seçmək lazımdır”.
Ailəyə olan münasibət önəmlidir
Ülviyyə deyir
ki, həyat yoldaşında bəyəndiyi xüsusiyyətlərdən biri də heç kəsin sözünə qulaq asmamağıdır:
"Bəhruzun həmişə öz fikri var. Tutaq ki, hansısa situasiyada nəyəsə "yox”
dedisə, onu fikirləri ilə əsaslandırır. Yəni boş yerə "yox” demir. Bəhruzun
yanında kimisə pisləsəniz belə, sizə inanmayacaq. O, mütləq həmin adamı görəcək
və özü qərar verəcək ki, pisdir, yoxsa yaxşı. Heç kimin fikirlərinin təsirinə
düşmür. Bu da ən çox bəyəndiyim xüsusiyyətlərindən biridir. Həmçinin anası,
Flora xanıma olan sevgisi də çox xoşuma gəlir. Anasını sevməyən, hörmət etməyən
bir kişi həyat yoldaşına da o cür yanaşır. Bundan başqa, onun ailəyə olan
münasibəti də mənim üçün önəmlidir. İlk olaraq insan, daha sonra həyat yoldaşı
olaraq çox güvənilən biridir. Bəhruza hər kəsdən çox güvənirəm. Bir gün mənə nə
isə olsa, tam rahatlıqla övladımızı ona əmanət edə bilərəm. Bu gün güvənilən
insan ola bilmək çox çətindir, amma Bəhruz bunu yaxşı bacarır. İşdən çıxdıqdan
sonra evə gəlməsi, qızımızla vaxt keçirməsi, onun ata olaraq da çox yaxşı biri
olduğunun göstəricisidir. Çünki ətrafımızda kifayət qədər insan görürük ki,
ailəsinə zaman ayırmır, işdən çıxdıqdan sonra əyləncə məkanlarına gedir. Lakin
Bəhruzda elə xasiyyət yoxdur. Düzdür, sosial həyatı məhdudlaşdırmaq olmaz. Elə
vaxt olur, dostları ilə də görüşür, əyləncəsinə də vaxt ayırır. Amma hər şey
çərçivəsində olur”.
Evinin nökəri, işinin ağası
Əslində,
həmsöhbətim maraqlı məsələyə toxundu. Bəzi insanlar düşünür ki, evlilikdən
sonra sosial həyat bitir və ya qarşı tərəf bunu məhdudlaşdırır. Bəhruz qeyd
edir ki, bu situasiyada əsas məsələ güvəndir: "Bu situasiyanı hər kəs fərqli
qiymətləndirir. Amma burada əsas məsələ güvəndir. Mən həyat yoldaşıma
güvənirəmsə, niyə onun sosial həyatını məhdudlaşdırım? Bir insana güvənmirsinizsə,
onunla nə dostluq etməyə, nə də ailə qurmağa dəyər. Digər tərəfdən, mən sadəcə,
mətbəxi düşünən və ya başı ancaq işinə qarışan biri ilə ailə qura bilməzdim.
Belə bir deyim var, əsl xanım evinin nökəri, işinin ağası olar. Bu iki nüansı
birləşdirən biri, mənim həyat yoldaşım ola bilərdi”.
40 yaşından sonra evlənməyin nə mənası var?
İnsanlar
bəzən "evliliyə hazır deyiləm” ifadəsini işlədirlər. Sizcə bu ifadə nə dərəcədə
realdır? Bəhruz bunun bir bəhanə olduğunu deyir: "Necə ki, birini çox istəyirsiniz
və ya nifrət edirsinizsə, eynilə də bu hiss zamanla doğulmalıdır. Biz artıq 6
ildir ki, evliyik və bir-birimizə dəstək verərək yaşayırıq. İnsan evlənməyi özü
istəməlidir. Evlənmək xətrinə yox, həqiqətən sevərək, bir həyatı bölüşəcəyi
şəxsə hörmət edərək evlənməlidir. Maddi durum da çox böyük rol oynamır. O
mənada ki, insan düşünməsin ki, ayrıca evim, maşınım olsun. 40 yaşından sonra
evlənməyin nə mənası var? Bir var 40 yaşında evlənəsən, bir də var o yaşda
artıq yanında 15 yaşında övladın ola. Ona görə, hər şey vaxtında
gözəldir”.
"Qadın o
zaman özünü evliliyə hazır hiss edir ki, onun qarşısına xarakterli kişi çıxır”
deyən Ülviyyə xanım, həyat yoldaşının zaman haqqında dediyi fikirlə razı
olduğunu, birlik, sevgi və ağıl olan yerdə hər şeyin yaxşı alınacağını qeyd
etdi.
Valideynlərlə eyni evdə yaşamağı üstünlükləri
Bəzi
cütlüklər ayrı evdə yaşamağı seçir, valideynlərlə birlikdə alınmadığını deyirlər.
Müsahiblərimiz 6 ildir ki, Bəhruz bəyin valideynləri ilə bir evdə yaşayırlar.
Ülviyyə deyir ki, valideynlərlə eyni evdə yaşamağın böyük üstünlükləri var:
"Biz ikimiz də işləyirik. Hətta, Bəhruz axşam saatlarına qədər işdə olur və
onda bəzi məsələlərdə ailə ilə yaşamağın müsbət tərəflərinin şahidi oluruq.
Məsələn, elə vaxtlar olur ki, qızımızı həkimə aparmaq lazım gəlir, amma nə
Bəhruz, nə də mən işdən çıxa bilmirik. Bu məqamda təbii ki, Flora xanıma
müraciət edirik (gülür). Sözün əsl mənasında bizə çox dəstək olur”.
Biz də onlardan görüb-götürürük
Bəhruz da
xanımın fikirlərini təsdiqləyir: "Bəli, Flora xanıma həqiqətən böyük təşəkkür
düşür. Bu qədər işin arasında bizə də dəstək olur: "Məsələn, qızım Floranı
bağçadan anam gətirir, onun qayğısına qalır. İnanın, bəzən işin çoxluğundan biz
qızımıza vaxt ayıra bilmirik, amma o, bütün günü onunla maraqlanır. Məncə, biz
onun bu əməyinin qarşılığını ödəyə bilmərik. Bu da bizim üçün ailə ilə
yaşamağın ən gözəl tərəfidir. Eyni ilə atam Allahverdi müəllim də öz dəstəyini
bizə göstərir. Biz də onlardan görüb-götürürük və gələcəkdə də onlar kimi
valideyn olmağa çalışırıq”.
Bəhruz mətbəxə girdisə...
Bu qədər
birlik, bir-birinə dəstək olmaqdan danışdıq. Bəs məişət işlərində, yemək
bişirmədə necə, cütlüyümüz bu işləri də birlikdə görürmü? Sualı verən kimi
Ülviyyə xanım gülə-gülə "qəti şəkildə Bəhruzla bir mətbəxə girmək olmaz” deyir:
"Bəhruz mətbəxə girdisə, bütün qabları çirkləndirib çıxacaq, gəl, indi onları
yu. Bəhruz qəti şəkildə nə mətbəx, nə də məişət işlərinə həvəsli deyil. İnanın,
evdə tək olanda belə, yeməyini qızdırmağa ərinir. Əslində, belə danışmağıma
baxmayın, mən də elə çox mətbəxə girən deyiləm. Çox sağ olsun Flora xanım,
yeməkləri o hazırlayır. Əslində, bu xanıma heyran olmamaq mümkün deyil. Bütün
işləri sevgi və qayğı ilə görür. Şəxsən mənim üçün ən gözəl ana və xanım
portretidir".
Yeməyi qızdırmağa belə həvəsim olmur
"Niyə, bu
yaxınlarda su kranımız xarab olmuşdu, birlikdə düzəltdik. Birimiz usta, birimiz
fəhlə idik (gülür)” deyən Bəhruz bəy, ailənin istənilən sahədə, hər işdə
bir-birinə dəstəyinin vacib olduğunu bildirir: "Gözümü açandan ailəmizdə belə
görmüşəm. Atam və anam həmişə hər işdə bir-birinə dəstək olublar. Birlikdə
işləmək, nəyəsə nail olmaq çox gözəl hisdir. Amma mətbəx və məişət işlərinə elə
də maraqlı deyiləm. Hətta, evdə bəzən pərdəni belə Ülviyyə asır (gülür). Yemək
bişirməyə gəlincə isə həqiqətən həvəsim yoxdur. Kimsə evdə olmayanda ac
qaldığım vaxtlar olub. Çünki yeməyi qızdırmağa da həvəsim olmur”.
Çəkişməsən, bərkişməsən
Problemsiz
ailə olmaz, hər ailədə söz-söhbət olur.Ülviyyə xanım ailələrində kinli
birinin olmadığını və problemləri də rahatlıqla həll etdiklərini bildirir:
"Ailəmizdə kin saxlamaq, küskünlüyü uzatmaq yoxdur. Tutaq ki, hansısa mövzuda
sözümüz oldu, elə məsələ oradaca bağlanır. Hər kəs işinin dalınca gedir, evə
gələndə də sanki, heç nə olmamış kimi danışırıq. Əslində, münaqişənin olması da
yaxşıdır. Çünki çəkişməsən, bərkişməsən. Yəni müəyyən problem yaşanır və biz
onları birlikdə həll edərək bir-birimizə daha da bağlanırıq”.
Ələ-ələ tutuşduq və...
Bəhruz isə
bir neçə il əvvəl olmuş hadisəni bizimlə bölüşərək sualımıza çox gözəl cavab
verir: "İl yadımda deyil, amma gün dəqiq yadımdadır. Yanvarın 8-də, qışın ən
sərt vaxtında yaxşı qar yağmışdı. Münasibətimizin yeni başladığı dönəmlər idi.
Harasa gedirdik, birdən yerdən qar götürüb, ovcumun arasında bərk buz parçası halına
gətirdim. Buz parçasını Ülviyyəyə göstərib, bunu əridə bilərikmi deyə soruşdum.
O da "əlbəttə, əridə bilərik” dedi. Ələ-ələ tutuşduq və sərt buz parçası
əllərimizin arasında əriyib yox oldu. Əslində, problemlər də belədir. Birlik
olanda, əl-ələ verəndə öhdəsindən gələ bilməyəcəyimiz heç nə yoxdur. Təki
birlikdə olmaq istəyi olsun”.
Sonda isə gənclərə ailə həyatı qurarkən düzgün
seçim etməyi, seçimi isə həm ağıl, həm də sevgi ilə etmələrini məsləhət
gördülər: "İdeal insan yoxdur, hər kəsin mənfi və müsbət xüsusiyyətləri var.
Məsələ güzəştə getməyi bacarmaqdır. Ən vacibi isə ailəni kənar şəxslərin
müdaxiləsindən qorumaqdır”.
Günel Azadə