• çərşənbə axşamı, 23 aprel, 11:12
  • Baku Bakı 20°C

Sevgidən yoğrulan Ailə

22.05.15 06:10 2113
Sevgidən yoğrulan Ailə
Tünzalə Məlikova: “Sevgi sözünü işlədəndə belə xoşbəxt oluram, üzüm gülür”
Samir Əzimov: “Ailə mənim üçün ər-arvad anlayışından bir az kənara çıxıb”

O qədər müsbət enerjilidirlər ki, onlarla danışandan sonra adamın həyat, sevib-sevilmək eşqi artır. Müsahiblərimiz “Optimal Elekroniks”in məhsul meneceri Samir Əzimov və ATV-də layihələrin baş redaktoru Tünzalə Məlikovadır. 8 ildir eyni həyatı bölüşürlər. Böyük qızları Firəngizin 6, kiçik qızları Nərgizin 5 yaşı var.
Həmişə olduğu kimi, həmsöhbətlərimizin tanışlıq tarixçəsindən başlayaq...
“Düşündüm ki, bu qadın olmasa, heç vaxt ailə qurmaram”
Hər ikisi Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində təhsil alıblar. Samir Tünzalənin qardaşının qrup yoldaşı olub. Bir neçə dəfə qarşılaşsalar da, nə ürəklərindən, nə də ağıllarından bir şey keçib. Tünzalə deyir ki, Samirlə bir də illər ötəndən sonra, ailəsində yaşanan böyük bir faciədən sonra qarşılaşır: “Hec bir zaman yaxın ünsüyyətimiz olmamışdı. O gün kafedə oturub xeyli söhbət etdik. Evə dönəndə çoxdandır heç kiminlə ruh halımı bu qədər bölüşmədiyimin fərqinə vardım”.
Sonrakı günlər, həftələrdə ümumi dost məclislərində tez-tez rastlaşırlar. Samir Tünzaləyə qarşı biganə olmasa da, hələ sevgisini açıb-ağartmır. Bir gün ailə dostlarının bağında istirahətə yığışırlar. Samir cəsarətə gəlir və ürəyini açır. Amma Tünzaləyə deyil, ortaq dostlarının xanımına. Tünzalə də bundan xəbər tutanda yavaş-yavaş münasibətlər istiləşməyə başlayır.
Samir deyir ki, Tünzaləni ilk dəfə görəndən sonra ikinci dəfə onu yolda görsəydi, tanımazdı. Yaxın dostunun bacısı olduğundan Samir əvvəllər Tünzaləyə o qədər də fikir vermirdi. Amma Tünzalənin dediyi kimi, illər sonra yenidən qarşılaşırlar: “Düşündüm ki, bu qadın olmasa, mən heç vaxt ailə qurmaram. Mən ona görə prinsiplərimin bəzilərinin üstündən xətt çəkdim. Tünzalə orijinaldı. Bu fərqlilik, bu səmimiyyət yalnız ona məxsusdur. Başqa birində ola bilməz. Buna görə də ailə mənim üçün ər-arvad anlayışından bir az kənara çıxıb”.
Tünzalənin sözlərinə görə, Samirin evlilik təklifinə qədər ona qarşı doğmalıq və etibar hissi olub: “Qayğı, diqqət, etibar, inam... Bunları onun keyfiyyətləri bildim”.
“Məndən başqa kim qəliz xasiyyətlərinə dözərdi”
Ailə qurduqdan sonra qarşı tərəfin Tünzalədə hansısa “sürpriz” xasiyyətlərlə rastlaşıb-rastlaşmamasına gəlincə, Samir deyir ki, bir insanı sevəndə gözünə mənfi, müsbət xüsusiyyətlər görünmür: “Onu sadəcə sevirsən. Mən onu mənfiləriylə sevirəm. Hərdən özünə də deyirəm ki, məndən başqa kim sənin bu qəliz xasiyyətinə dözərdi. Amma mən halımdan məmnunam”.
“Qadağalar münasibətləri çərçivəyə salır”
Ailədə kişinin öz xanımına qadağalar qoymasına gəlincə, Tünzalənin sözlərinə görə, onların ailəsində belə bir şey yoxdur. O, düşünür ki, ailənin özünə görə qanunları olmalıdır, amma qadağalar münasibətləri çərçivəyə salır: “Biz demokratik ailə modelini seçmişik. Bizə görə, ailədə qarşılıqlı anlaşma olmalıdır, qadağa yox”.
Çoxları düşünür ki, ev işləri, paltar, qab yumaq, ev yığışdırmaq, uşaq saxlamaq qadının vəzifə borcudur. Samir isə deyir ki, qadın olmaq vəzifə deyil ki, onun vəzifə borcu da olsun: “Mənim üçün o, həyatdır, nəfəs almağımdır”.
“Evdə heç kimi özbaşına qoymaq olmaz”
Tünzalənin fikrincə, işləyən xanım üçün “evin xanımı” təsnifatını aparmaq çətindir: “Bizdə “bu, mənim vəzifəmdir, bunlar sənin” deyə bölgü yoxdur. Amma mən evin xanımı olaraq tarazlığı əldə saxlayıram. Düşünürəm ki, evin xanımı bu tarazlığı itirsə, xaos yaranar. Bunu gözə çarpdırmadan edirəm və məndə alınır. Amma bəzən Samir “bəsdir hamını idarə etdin, qoy öz bildiklərimizi edək” sözləriylə məni qınayır. Mən isə “evdə heç kimi özbaşına qoymaq olmaz” siyasətiylə diplomatik yolla öhdəmə götürdüyüm vəzifələrimi həyata keçirirəm”.
Ev işlərinin bölgüsünə gəlincə, Tünzalənin fikrincə, ev işlərində bir-birlərinə yardım edən ideal ailə sayıla bilərlər: “Sizə bir misal çəkim. Mən indiyə qədər bilmirəm ki, paltaryuyan maşının hansı düyməsini bassam, paltarlarım yuyular”.
“Samir daha çox güzəştə gedir”
Mübahisəsiz ailə yoxdur. Onların da ailəsində ara-sıra mübahisələr olur. Tünzalə Samirin uşaqlarla kompyuter davası etməsini bəyənmir. Bəzən Samir işdən gəlib duş almadığına görə də mübahisə düşə bilər. Yaxud Samirin onunla danışmaq, söhbətləşmək əvəzinə, vaxtını komputerdə hər hansı bir oyun oynamaqla keçirməsi Tünzalənin inciyib, küsməsi ilə nəticələnir.
Tünzalənin dediyinə görə, mübahisə zamanı Samir daha çox güzəştə gedir: “Amma nə qədər çətin olsa da, bəzən mən də günahımı boynuma alıram”. Evə bazarlığı bir yerdə edirlər: “Əksər kişilər kimi mənim həyat yoldaşım da bazarlıq işindən baş çıxarmır. Onun bazarlığının çox hissəsini zibil qutusuna atmalı oluram. Buna görə də artıq uzun müddətdir bazarlığı bir yerdə edirik”.
“Həyatımda üç gözəl var”
Həmsöhbətlərimiz xoşbəxt ailə olmalarının sirlərini də bizimlə bölüşdülər. Samirin fikrincə, xoşbəxtliklərinin sirri sevgi, güvən və yenə də sevgidir: “Ailə mənim üçün həyat tərzidir, dünyamdır. Mən Samir və ailə: bunlar ayrı-ayrı şeylər deyil. Mənim həyatımda üç gözəl var. Hərəsinin də bir kaprizi. Təsəvvür edin də, mənim vəziyyətimi”.
“Ona hər şeyi danışmaq olar”
Tünzalə üçün ailə vətənin, evin, iç dünyan, rahatlıq tapıb güvəndiyin bir yerdir: “Orada rahat olmaq üçün yalanınla, gerçəyinlə ortada olmalısan. Başa düşməlisən ki, yanındakı adam ər adında sənə basqı edən biri yox, dost adında ən gizli sirlərini danışa biləcəyin biridir. Ona hər şeyi danışmaq olar. Hətta olmazları da… O zaman birlikdə həyat daha maraqlı və rahat olur, sənin yanında böyüyən övlad da öz kimliyini tanıyır. Başqa bir halda xoşbəxtlik sevginin üzərində qurulur. Məncə, sevgidən dadlı bir şey yoxdur. Sevgi sözünü işlədəndə belə xoşbəxt oluram, üzüm gülür”.
Buna görə də övladlarını da sevgi əhatəsində böyüdürlər: “Onlara ayırdığımız vaxtın çoxu öpüşlər və onlara ünvanladığımız xoş sözlərlə keçir. Gündə 100 dəfə “həyatım, günəşim, işığım, dünyanın ən gözəli, ən agıllısı, ən sevimlisi” və s. deyərək övladlarımızı sığallayıb, xumarlayırıq. Özlərinə inamlı, mədəni və hər kəsə sevgiylə yanaşa bilmələri üçün onlara bütün imkanları verməyə çalışırıq. Onları aydın, savadlı, məlumatlı və geniş dünyagörüşlü iki gözəl qız kimi görmək istəyirik”.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər