• çərşənbə axşamı, 19 mart, 07:44
  • Baku Bakı 8°C

Sevgi özünüdərkin rəhnidir

03.06.19 14:00 1758
Sevgi özünüdərkin rəhnidir
"Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət açırıq. Budəfəki həmsöhbətimiz Bakı Slavyan Universitetinin "Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı” kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Naidə Məmmədxanovadır. Naidə xanımın sevdiyi əsər Con Faulzun "Fransız leytenantının qadını” romanıdır.
– Hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə Con Faulzun "Fransız leytenantının qadını” romanı sizin sevdiyiniz əsərdir?
– C.Faulzun XX əsr ədəbiyyatında xüsusi yeri var. O, həqiqətən də, unikal yazıçıdır. Mürəkkəb və çoxşaxəli əsərləriylə ingilis ədəbiyyatına gəlmiş, həm də, sözün əsl mənasında, ədəbiyyata gəlişiylə hər kəsi heyrətləndirməyi bacarmışdır. Faulzun əsərlərini ona qədər yazılanlarla müqayisə etmək mümkünsüzdür. Cəsarətli eksperimentçi C.Faulz kitablarını mümkün qədər çox illüziyalarla – ədəbi, fəlsəfi, bədii illüziyalarla zənginləşdirərək, bütün bunları mürəkkəb intellektual və maraqlı bir oyuna çevirir.
Onun əsərlərində orta əsr cəngavərlərinə, Skotland Yarddan olan müasir polislərə, Viktoriya dövrünün qadınlarına, müasir amerikalı xanımlara, sadistlərə, manyaklara, yəni, C.Faulzun ədəbi dünyasına istənilən insana rast gəlmək olar. Qeyd etmək lazımdır ki, ədibin əsərlərinin sayı elə də çox deyil. Lakin, yazıçının işıq üzü görən hər bir əsəri xüsusi bir hadisəyə çevrilirdi. Faulzun təbili ilə desək, o, mövcud olan bütün janrlarda əsər yazmaq istəyir. Etiraf edək ki, o buna müvəffəq ola bilib! Məsələn, "Kolleksiyoner”də ekzistensialist motivlər duyulur, misal üçün "Mantissa” fəlsəfi, "Deniel Martin” isə bioqrafik romandır.
– Əsərdə romanın real, inandırıcı səhnələrdən sonra mətnin özünün qurama – kimsə tərəfindən yaradıldığının xatırlanması, bütün bunların həqiqət, yalanmı olduğuna dair konkret bir işarə verilmir. Sizcə, müəllif bununla nə demək istəyir? Sara Vudraf özünü fransız zabitin məşuqəsi kimi qələm verməklə, cəmiyyəti özünə qarşı çıxarır, onun nifrətini qazanır. Sizcə, bu addımı atmağa onu nə sövq edir?
– "Fransız leytenantının qadını” əsərində yazıçı bir az da irəliyə gedərək, texniki cəhətdən kifayət qədər mükəmməl olan konkret romanın janrını müəyyənləşdirməyə imkan vermir. Bir tərəfdən bu, çox parlaq postmodernist bir əsərdir, lakin eyni zamanda biz burada belletristikanın elementlərini, Viktoriya dövrünün roman xüsusiyyətlərini, Ç.Dikkensin, Ş.Brontenin üslubi izlərinə rast gəlirik. Yəni, yazıçı həmkarlarından və ədəbiyyatdan öyrəndiklərini öz əsərlərində bir araya gətirərək, ən başlıcası Con Faulz kimi qalmağı – özü olmağı bacarıb. O, eksperimentlər aparmış, çağdaş romanın əsaslarıyla klassik ingilis romanlarını və Viktoriya dövrü romanlarını qarışdıraraq roman yaratmışdır.
Bu cür birləşdirmə, üstəgəl müəllifin fəlsəfi düşüncələri və intellektual səviyyəsi "Fransız leytenantının qadını” romanının XX əsr ədəbiyyatının ən əsrarəngiz romanlarından biri olması üçün vasitə olmuşdur. Əsərin əvvəlində yazıçı, baş qəhrəman gənc alim-darvinist Çarlz Smitsonun böyük əlaqələri olan xanımla evlənməyə hazırlaşması haqqında bəhs edir və bu tipik Viktorian dövrü romanını xatırladır. Lakin, onun həyatına cəmiyyətin aşağı təbəqəsindən, hamının "fransız leytenantının qadını” adlandırdığı Seyra Vudraff daxil olur. Gəmi qəzası zamanı xəsarət almış fransız leytenantına qulluq etdiyinə görə, onu leytenantın qadını kimi tanıyırdılar. Bunun əsassız olduğunu isə Çarlz əsərin lap sonunda öyrənir. Çarlz başa düşürdü ki, Seyra, bu addan – "fransız leytenantının qadını” adından imtina etmədiyi halda bütün şərtiliklərdən yaxa qurtararaq azad qadın olur.
Burada romanın əsas xətti, əlbəttə ki, Çarlz və Seyranın sevgisidir. Lakin ən başlıcası budur ki, Seyra, sanki, Çarlzın özünə səyahətinin bələdçisidir. Və Çarlz, əslində, sevginin nə olduğunu, özünün kim olduğunu başa düşməyə başlayır. Sevgi özünüdərkin rəhnidir. Sokratın dediyi kimi, sevgini anlayan, həqiqəti dərk edir. Məhz Seyra onu bu dərinliyə və bütün XIX əsri, sonradan isə XX əsri də narahat edən mənəvi və cismani sevgi haqqında düşüncələrə qərq edir. Burada biz müəllifin səsini də eşidirik. Çünki o, çox böyük səmimiyyətlə romanın mətninə müdaxilə edir. Bütün bunlar romanda var. Lakin mən əminəm ki, bu postmodernist romanıdır, çünki bu əsərin üslubundakı oyun xarakteri dominantlıq təşkil edir. Burada Seyra Çarlzı özünə qayıtmağa məcbur edərək onunla oynayır, magik teatrlar qurur. Və o özünə qayıdanda Seyra yoxa çıxır yazıçı özü isə oxucuyla oynayır və bunu böyük ustalıqla edir.
– Postmodernizmə xas "pastij” metodundan əsər boyunca bu qədər istifadə edilməsindən danışmanızı istərdim...
– Bunu daha konkret aydınlaşdırmaqdan ötrü biz əvvəlcə özümüz üçün postmodernizmin nə olduğunu müəyyənləşdirməliyik. Postmodernizm ötən yüzilliyin 70-ci illərində yaranıb. Bu dövr XX əsrin ikinci yarısında artıq insanların dünyagörüşünün, dini-əqli və mənəvi fikirlərinin dəyişildiyi bir dövr idi. Əvvəllər ədəbiyyat və ədəbiyyata maraqlı sferalara buraxılmayan, ədəbi tədqiqat obyekti olmayan elmi tədqiqat obyekti olan bütün problemlər, yəni ağılsızlıq, azad münasibətlər və s. kimi məsələləriylə artıq ədəbiyyatda özünə yer almışdır. Daha aydın desək, postmodernizm müəllifi heç nəylə məhdudlaşdırmırdı... Bu cür azadlıq, hətta Qərbi Avropada belə tənqid olunurdu. Lakin qeyd etmək lazımdır ki, bütün bu tənqidlərə baxmayaraq, bu cərəyanın dəqiq prinsipləri var idi.
Başlıca prinsiplərdən biri budur ki, klassik ədəbiyyatda müşahidə etdiyimiz – mənbə, səbəb, məqsəd, fikir, məğz anlayışları postmodernizmdə mövcud deyildir. Lakin bütün bunlar iz, üst qat, hadisə, oyun kimi anlamlarla əvəz olunub. Stilin oyun xarakterinə biz hələ qayıdacağıq. Çünki bu, müxtəlif postmodernist yazıçıları birləşdirən bir elementdir.
Postmodernist mətndə, həmçinin janr və sərhəd kimi anlayışlar da yoxdur. Onlar sanki bir-birinə qarışıb. Daha doğrusu, mətni bir janrda başlayıb, başqa janrda da bitirmək olar. Və bütün bunlar mətn, internmətn anlayışları ilə əvəz olunur və əlbəttə ki, geniş və azad yaradıcılıq üçün şərait yaradır. Müəllif sərbəstdir, necə istəyir və nə istəyir yazır. Müəllifi sıxan və çərçivələrdən çıxmağa imkan verməyən realizmdəki "tipik qəhrəman və tipik hadisə” anlayışları, klassisizmin vəhdəti və s. ilə məhdudlaşdırılmır. Postmodernizmdə belə deyil.
Təkrar edirəm, postmodernist ədəbiyyatda müəllif praktiki olaraq azaddır. Lakin mətn biliklərə sahib intellektual insan üçün qurulmalıdır. Çünki burada sitatçılıq var, burada bir mətndən başqa mətnə keçid etmək olur, məşhur bir əsərdən mətn götürmək olur. Burada yüksən səviyyəli filiqran, yüksək intellektli söz var. Lakin postmodetnist bir mətn empatiyanı inkar edir. Əgər klassik bir mətndə, məsələn, L.Tolstoy və ya O.Balzakın mətnində ona və qəhrəmanlara fikrimizi cəmləşdiririksə, burada belə şeylər yoxdur. Postmodernist mətndə ancaq cəlbetmə var. Oxucu müəllifin qəhrəman və oxucu arasında qurduğu oyuna cəlb olunur. Və bu, postmodernizmin mütləq elementidir. Bu oyunda ən başlıcası gərginlik və gözlənilməzlikdir. Dövrün oyun stili və xarakteri haqqında həmin dövrün bir çox filosofları danışıb, bu dövrə uyğun olub.
Faulzun yaradıcılığını digər postmodernist yazıçılardan fərqləndirən əsas cəhət onun romanda qoyduğu suallardır. Məşhur fransız yazıçısı Malro deyirdi: "Mən insanları ancaq özünə və dünyaya verdiyi suallarla axtarıb tapıram”.
– Romanın finalında Faulz oxucuya üç sonluq təklif edir. Sanki oxucu özü seçim etməlidir. Siz sonluqlardan hansını seçdiniz və ümumiyyətlə, üç seçim haqqında fikirləriniz nədir?
– Faulz romana üç sonluq verir və oxucunu onların eyni səviyyəli olduğuna inandırmağa çalışır. Burada artıq oyun gedir. Yazıçının mövqeyinə əsasən, oxucu özü seçim etməlidir. Hansının doğru olduğunu tapmalı, əsəri anlamalı, düşünməli, üç versiyadan hansının daha çox düzgün olduğunu tapmalıdır.
Müəllif hər üç versiyanın bərabər olduğunu desə də, bu belə deyil: çünki Çarlzın 114 yaşa qədər yaşadığı birinci sonluq yumorla doludur. Seyranın ondan qaçdığı, sonra Çarlızın onu tapdığı, bir müddət keçmiş gözəl bir uşağın atası olduğu ikinci sonluq belletristik üslubdan xəbər verir. Əgər roman, həqiqətən də, belə qurtarsaydı, onda qəhrəmanın səyahəti istədiyi məqsədə çatardı. Üçüncü variant Seyranın yoxa çıxmasıdır.
Düşünürəm ki, müəllif bu finallardan hadisələrin sonuncu inkişafının tərəfindədir. Çünki Faulz üçün insanın özünü inkişafı ölənə kimi davam edir. Və həyatın yeganə məqsədi şəxsiyyətin özünü daimi inkişaf etdirməsinin bir azad seçimdən digərinə gedən yoludur. Buna görə də mən düşünürəm ki, yeganə düzgün variant sonuncu – qəhrəmanın bu qəzəb dolu dünyada öz çətin yolunu, hər şeydən məhrum olmuş, lakin əvəzində özünə bir azca da olsa inam qazanan insanın yolunu tək davam etdirməkdən ötrü sevgilisini itirdiyi variantdır. Müəllifin verdiyi sonuncu variant daha məntiqlidir. Və ancaq bu finalı seçməklə oxucu müəlliflə həmfikir ola bilir. Hesab edirəm ki, finalın üç variantı oxucu gözləntisiylə oyunda Faulzun yeganə maraqlı fəndi deyil. Biz həm də ədəbi mətnaltılarla daimi maraqlı oyun görürük. Onlardan ən başlıcası romanın həsr olunduğu dövrün ingilis yazıçılarının əsərləridir. Bu isə Faulz tərzinin oyun xarakterinə və bədii dünyasına özünəməxsus poetik ifadəlilik gətirir.
– Əsərin iki məsələ arasında sıxışdırıldığı deyilir: Hiss və borc. Bu barədə bəzi məqalələrdə də yazılıb: "Faulza görə Çarlz hiss və borc arasında var-gəl edir. Hiss – Saradır, ona olan məhəbbəti illərlə onu diyar-diyar gəzdirir. Borc – Ernestinadır, nişanlısına sədaqət, bir ömürlük xoşbəxtlik borcu var və həqiqi zadəgan olaraq bu borcunu yerinə yetirməlidir. Ona görə də finalın gözlənilən və ya gözlənilməz bitməsi sual altında qalıb”. Siz bu cür bölgü ilə razısınızmı?
– Faulza görə, kitabın süjeti az yer tutur. Təşəbbüskarı Seyranın olduğu Çarlzla görüşlər, onun Çarlza qarşı qəribə və sirli münasibəti, yoxa çıxan və qızın axtarışına çıxıb sərgərdan olan qəhrəman haqqında təhkiyədə Faulz əsl sevgi haqqında bir sıra suallar qoyub. O, müxtəlif tarixi dövrlərdə insanların bir-biriylə münasibətləri haqqında düşünərək bunu yaxşı başa düşür.
Viktorian dövrünün ciddi mənəviyyatı özünün təbii instinktləriylə yazıçıda heç bir mərhəmət oyatmır. Çünki onun üçün insanda fiziki və mənəvi olan şeylər bir-birindən ayrılmaz dərəcədə bağlıdır. Lakin buna baxmayaraq, Viktorian dövrünün ciddi mənəviyyatının, əslində, azad etməyən, əksinə, hissləri kasadlaşdıran əxlaqsız mənəviyyatı onun üçün daha münasib, daha uyğundur.
Faulzun romanında Çarlzın alternativ həyat yollarından birini – "düzgün” və "yalnış” yollardan birini seçməsi burada Çarlzı sevən iki qadın kimi, hiss və borc arasında seçim kimi verilib. Baş qəhrəmanın nişanlısı Ernestina Viktorian dövrünün ləyaqətini təmsil edirsə, sehrli Seyra – "fransız leytenantının qadını” Viktorian dövrünün əxlaqı üçün utancverici haldır. Və əgər Çarlz "borc”u seçsəydi, o zaman Faulz üçün heç bu romanı yazmağa dəyməzdi. Çarlz, məhz gözəl xanımın təsiri altına düşəndən sonra, Seyrayla qarşılaşana qədər sevgisi, azadlığı olmayan, dövrün tələblərinə sözsüz tabe olan "canlı ölü” olduğunu başa düşür. O başa düşür ki, onun daxili istəkləri sistemin tələblərinə uyğun gəlmir və o, öz seçimini edə bilər: ya pul vəd edən cəmiyyət strukturu çərçivəsində "yalnış” mövcudluq, ya da sevgi, həyəcan vəd edən "doğru” mövcudluğu seçə bilər. Və o, seçim edir. İndi Çarlz üçün sevgi mövcudluğun mənasıdır və ola bilər ki, o, heç nəyi həll etmir, lakin onun kimliyini və hansı vəziyyətdə olduğunu göstərir.
– Baş qəhrəmanlardan olan Sara vasitəsilə Faulz əbədi "qadın və cəmiyyət” mövzusuna da toxunur. Məsələn, bildirir ki, Sara cəmiyyətin ikiqat təcridinə məruz qalırdı: əvvəla qadın olduğuna, ikincisi fəhlə sinfindən olduğuna görə. "Qadın və cəmiyyət” kontekstində bu obrazı necə şərh edərdiniz?
– Düşünürəm ki, yazıçını hər şeydən əvvəl insan və onun daxili inkişafı, öz yolunun axtarışı, qadın və kişi münasibətləri, "əbədi qadın incəliyi” mövzusu, məhəbbət vasitəsilə özünü dərk etmək maraqlandırır.
Faulzun romana verdiyi üç final başqa – gizlin və daha doğru bir məna da ifadə edir. Romanın finalının sonuncu variantına üstünlük verməklə o, qadınla kişinin qovuşmasından sonra münasibətləriylə bağlı cavab axtarışından qaçır. Yəni ki, iki insan – sadəcə iki bir-birini sevən insan yox, bir-birinin yarısı olan iki insan qovuşanda nə baş verir? Sevgilərini qoruyub saxlamaqdan ötrü onların münasibətləri necə davam etdirməlidir? Çünki hər şey elə qovuşandan sonra başlayır.
– Bəs necə olmalıdır?
– Başqa görkəmli yazıçılar kimi bu müəllif də özünü cavabdan yayındırır. Fikrimcə, bu suala cavab verməyə Kiti və Levin cütlüyünün ailə həyatını, onların münasibətlərində bir-birinə necə sirayət etməsini təsvirləriylə ancaq Tolstoyun gücü çatar. Məhz burada o, qadınla kişinin daxili görüşməsini göstərib. Əlbəttə ki, bu idealdadır. Heç Tolstoy da iki sevən şəxsin ailədə münasibətini dərhal anlaya bilməmişdir... "Hərb və sülh” romanında ona elə gəlirdi ki, Nataşa və Pyerin xoşbəxtliyinin səbəbi uşaqlar və ailə-məişətidir.
Sonralar o başa düşdü ki, qadınla kişinin münasibətləri bununla bitmir. Bu münasibət daha mürəkkəbdir. Qarşısındakı insanı dərin sevgidə tanımayan adam onun kim olduğunu bilməyəcəkdir. Çünki onun özünün əksini görməyə güzgüsü olmayacaqdır. Çünki sevgi hər iki tərəfin daxili inkişafı deməkdir.
Buna görə də ədəbiyyatda tez-tez ayrılıq, sevgililərdən birinin ölümü, sevgidən imtina etmə, melodramlarda isə böyük həyatın astanasındaykən həyatlarının deyil, sadəcə qadın və kişinin qovuşmasıyla rastlaşırıq. Yəni, bu, hətta böyük ustadlar üçün də münasibətlərin mürəkkəb aspektidir. Faulz da istisna deyil.
Qəhrəmanın qaçdığı və münasibətlərin inkişafına imkan vermədiyi məşhur "Ebonit qüllə” povestində də, "Fransız leytenantının qadını” romanında da qəhrəman yolunu tək davam edir. Qəhrəmana da, müəllifə də tək olanda daha rahat olur. Lakin buna baxmayaraq, roman çox qeyri-adidir. O, insanı postmodernist oyuna cəlb etməklə gərgin düşünməyə, qəhrəmanların həyatında iştirak etməyə vadar edir.
– Maksim İvanoviç Jukun Faulzun "Fransız leytenantın qadını” romanında mifoloji məna axtarışı” adlı məqaləsində qeyd edir: "C.Faulzun yaradıcılığının tədqiqatçılarından biri romandakı epizodlarda yazıçının Odissey, Tezey və Edip haqqındakı mifə müraciət etdiyinə işarə edir. C.Faulz Çarlz Smitsonla Sara Vudrafın Versk səhrasındakı görüşünü təsvir edərkən onları 18-ci fəsildə bəhs etdiyi Odissey və Kalipso, – Qədim yunan mifologiyasında gözəlliyi ilə tanınan nimfa – ilə müqayisə edir: "Terraslarda yunan məbədləri yox idi, amma onun qarşısında Kalipso vardı”. V.L.Freyberqs hesab edir ki, özünü və dünyanı yenidən dərk edərək səyahətə yollanan Odissey kimi Çarlz Smitson da "öz "mən”ini dərk etmək və ətraf aləmə münasibətin yenilənməsi məqsədilə simvolik səyahət” edir. Odisseyin Penelopa və Kalipso arasındakı seçiminin mahiyyəti ölüm və əbədiyyət arasındakı seçimdədir. "Fransız leytenantın qadını” romanının qəhrəmanı totalitar cəmiyyətin mənəvi doktrinasını təcəssüm etdirən Ernestino-Penelopa ilə bahəm həm də, qəhrəmanın hissləri və arzuları ilə birgə şəxsi "mən”ini, gerçək individuallığını simvolizə edən Sara-Kalipso arasında seçim etməlidir. Çarlz Smitson "cahilliklə bilik, varlığın adiliyi və özünüdərkin əzabı” (həmçinin yalan və həqiqət arasında) arasında seçim edir”. Siz bu paralelliklə, ümumiyyətlə, əsərin mifologiya ilə analogiyası ilə razısınızmı və bu məsələyə hansı əlavəniz var?
– Bütün Avropa ədəbiyyatı öz əvvəlini antik ədəbiyyatdan – yunan mifologiyasından götürüb. Və bu, onların əsərlərində hər zaman şüurlu şəkildə əks olunmur. Buna görə də, bəzi tənqidçilərin romanın antik qəhrəman və obrazlarla apardığı paralelləri çox təbiidir. Amma mən bir az başqa cür düşünürəm. Mən Şərqin, Şərq dünyagörüşünün təsirini duyuram. Niyəsini izah edirəm.
Qədim yunan mədəniyyətindən danışsaq, deyə bilərik ki, onun əsası bilikdir. Məhz buna görə də, yunanlar böyük bir nəsil filosof, mütəfəkkir, elm adamları yetişdirib. Yunanlar şərq məişətini öyrənməyə maraqlıdırlar. Ona görə də, Şərq ədəbiyyatında başlıca sual "mən kiməm?”dir, yəni özünü dərketmə. Elmi inkişafın başlanğıcı yunanlarla bağlıdır. Bu, materiya münasibətində gərəkli olsa da, ruhu belə dərk etmək mümkün deyil. Onun köməkliyiylə daxili dünyanı yox, zahiri dünyanı öyrənmək olar. Bu səbəbdən Faulz və qəhrəmanının özünü axtarışında verdiyi suallarda Şərq dünyagörüşünün təsiri hiss olunur. Mənə elə gəlir ki, müəllif XX əsrin əvvəllərinin livan-amerikan yazıçısı, filosof Cübran Xəlilin yaradıcılığı və onun məşhur "Peyğəmbər” essesiylə tanış idi. Onun özünü sevgidə dərketməsi, ancaq sevginin azadlıq verdiyini və bunun mövcudluğun əsas keyfiyyəti olduğu barədə dərin düşüncələri romanda özünü büruzə verir.
– Romanın qəhrəmanı ekzistensial böhran vəziyyətinə düşür. Buna görə əsəri ekzistensializm ilə də bağlayırlar. Doğrudurmu?
– Düşürürəm ki, bu romanı ekzistensializmə aid etmək olmaz. Çünki bu cərəyanın tamamilə başqa əsasları var. Ölüm qorxusu, həyatın sona çatacağı hissi olmadan ekzistensializm haqqında danışmaq mümkün deyil. Çünki bəşəri mövcudluq ölümə qarşı çıxan mövcudluqdur. Bu müvəqqəti və son mövcudluqdur. Bütün insani duyğular – qorxu, qüssə, ümid – hamısı ekzistensialistlərə görə, ölümə münasibətlə müəyyənləşdirilir. Qərbi Avropa ədəbiyyatı və mədəniyyətindəki insan, sanki öz ekzistensiyasını, öz mövcudluğunun mahiyyətini və s. məhdud situasiyada, yəni ölümə münasibətdə dərk edir. Və "Fransız leytenantının qadını” romanı tamamilə mövcudluğun sonu problemindən, onun qəhrəmanı isə özünü məhdud bir vəziyyətdə və ya ölümün qarşısında öz mahiyyətini dərk etmək istəyindən uzaqdır.
– Müəllif əsərin bir yerində "kim bilir, bəlkə də, bu yazdığım üstüörtülü bir avtobioqrafiyadır" deyir. Hadisələri öz taleyinə çəkməsi müəllifin oxucularla oynadığı bədii oyunu sayılmalıdır, yoxsa?
– Şübhəsiz ki, hər bir yazıçı əsərində şüurlu və qeyri-şüurlu şəkildə özünü əks etdirir. Faulz da istisna deyil. Çağdaş fransız yazıçısı Frederik Beqbederin çox gözəl sözü var: "Hər bir yazıçı ifşadır, o, özü özünü ifşa edir”. Bununla razılaşmamaq çətindir.
– Romanın hər bir fəslin əvvəlində K.Marks, F.Engels, Ç.Darvin, T.Qardi, A.Tennisondan sitatlar verilmiş epiqraflar romana hansı mənanı verir?
– Düşünürəm ki, hər şeydən əvvəl müəllifin fikir dərinliyindən, insanı hərtərəfli tanımaq istəyindən xəbər verir. Çünki insan okean kimidir, həyat isə səyahətdir. Bizim hər birimiz öz mahiyyətimizi özümüzün xüsusi yolumuzla əldə edirik. Və Con Faulzun romanı da bu həqiqətin ən parlaq nümunəsidir!

Söhbətləşdi: Fərid Hüseyn











banner

Oxşar Xəbərlər