• çərşənbə axşamı, 19 mart, 07:53
  • Baku Bakı 8°C

Sevgi yalnız başlaya bilər, bitə bilməz

15.07.19 15:36 38513
Sevgi yalnız başlaya bilər, bitə bilməz
"Sevdiyin əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət açırıq. Budəfəki həmsöhbətimiz AMEA-nın müxbir üzvü Könül Bünyadzadədir. Onun sevdiyi əsər Erix Maria Remarkın "Üç yoldaş” romanıdır.
– Hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə Remarkın "Üç yoldaş” romanı sizin sevdiyiniz əsərdir?
– Mən bu romanı ilk dəfə 1990-cı ildə 16 yaşım olanda oxumuşam – bütün Azərbaycan və bizim ailəmiz yanvar faciəsinin acısını yaşadığı bir vaxtda. O günlər sanki Azərbaycanın üzərinə bir qara pərdə çəkilmişdi. Həm şəhərin gözəlliyindən əsər-əlamət qalmamışdı, həm də köhnə sistemdən. İnsanlar bir qeyri-müəyyənlik içində, gözlə görünməyən bir qaranlıqla üzbəüz dayanmışdı, mübarizə aparırdı, ancaq dəqiq bilmirdi kiminlə – Sovet İmperiyası ilə, yoxsa daxildəki satqınlarla. Başqa sözlə desək, mən əsəri məhz Azərbaycanın, daha dəqiq desəm, şəxsən özümün qara zolaq yaşadığım bir zamanda oxudum. Düzdür, orta məktəbdə əlimə düşən bütün əsərləri oxuyurdum. "Üç yoldaşı” sıradakı növbəti kitab idi. Hətta əsərdə kişi obrazlarının çoxluğu ilk başda məni itələdi, lakin sonra əsərdəki qəhrəmanlarla, xüsusilə Robbi ilə özümün bir daxili "doğmalığımı” tapdım. Qəribədir, qadın obrazı ilə deyil, məhz kişi obrazı ilə. Buradan belə anladım ki, söhbət kişi və ya qadından getmir, o məqamı yaşayan, o düşüncələrin əlində aciz qalan və öz acizliyi ilə mübarizə aparan insandan gedir. Hətta ilk dəfə əsəri oxuyub bitirəndə məndə belə bir hiss yarandı ki, roman məndən nə isə alıb qopardı. Sanki uçurumun kənarında dayanmışdım, qorxumdan gözlərimi yummuşdum. Roman məni silkələdi, gözlərimi açdı və o uçurumun düz dibini göstərdi. Qorxum daha da artdı, ümidsizliyim dörd tərəfimi bürüdü və mən o itirdiyimi geri almaq üçün əsəri bir daha, dönə-dönə oxudum. Oxuduqca, anladım ki, mən uçurumun dibində deyiləm, kənarındayam. Mən irəli gedib o uçurumun dibinə düşməyə bilərəm – burnumun ucundan başqa yerləri də görüb anlamaqla. Ən vacibi isə, mən dərk elədim ki, hər qaranlıqda mütləq işıq var, sadəcə onu görmək lazımdır.Əsərdə təsvirlər o qədər realdır ki, həmin an, həmin mənzərə aydınca canlanır. Ancaq burada bir incəlik var: Remark parlaq, açıq deyil, əksinə, mat, boğuq rənglərdən istifadə edir. Bir tərəfdən bu, insanı yormur, hətta sakitləşdirir, digər tərəfdən, içində həzin hisslərin artmasına səbəb olur. Maraqlı bir fakt deyim ki, Remarkın qəbiristanlıq təsvirindən sonra mən artıq o məkandan qorxmamağa başladım.
– "Üç yoldaş” romanının uğurunun əsas səbəbini nədir, insanların hekayəsinə bəşəri həssaslıqla nəqli, yoxsa?
– Romanın uğuru, məncə, onun realist olmasıdır. İnsan problemin içində olanda ona kənardan baxa bilmir və bu səbəbdən çıxış yolu tapmaq da çətin olur. Bəzi əsərlər insanı problemlərdən ayırır, həyatın rəngli tərəfini göstərir, insan dincəlir. Bəziləri əksinə daha ağır faciələri qələmə almaqla sanki oxucuya: "səndən betəri də var, sızlanma,” – deyir. Bir də var, əsər düz yaranın üstünə basır, ağrını sənə təkrar yaşadır, eyni zamanda olanları sənə kənardan göstərir. Tarixə baxanda adama elə gəlir ki, bəşəriyyət ara-bir "dava-dava oynamasa”, darıxar. Bu müharibələrin nəticələri hər şeydən əvvəl miras qoyduğu mənəvi xarabalıqlardır. Talelər qırılır, arzular bombalanır, xoşbəxtliklər minaya düşür və sonda ortada İnsan adlı məbədin dağıntısı qalır. Kimlərsə o xarabalığı kürüyüb yerində yenisini tikməyi təklif edir. Nə qədər istəsən də, bu mümkün deyil. Bax, Remark o xarabalıqdan yazır. O xarabalıq üzərində dolaşıb sağ qalmış şeylərini uçuntunun altından çıxaran, xatirəsi əziz olan şeyləri tapanda sevinən və bu 3-5 əşya ilə özünə təkrar həyat qurmağa çalışan insanlardan. Romanın uğuru məhz bu məqamdadır – o, həyatını minimum sevinclə davam etdirməyi, əlində olanların qədrini bilməyi öyrədir. Xarabalıq nə qədər dəhşətli bir reallıq olsa da, elə şeylər var ki, dağılmır, ona bombanın gücü çatmır, sadəcə onu daş qırıntılarının altından çıxarmağı bacarmaq lazımdır.
– Əsərdə sizin üçün xüsusi əhəmiyyət kəsb edən xüsusi detal, dialoq və ya məqam hansıdır?
– Məsələn, məhz "Üç yoldaş” mənə anlatdı ki, sevgi yalnız başlaya bilər, bitə bilməz. Yəni sevgi hər şeydən, hətta ölümdən də güclüdür. Yaxud bu əsərdən öyrəndim ki, yazıqlıq xəyanətin başqa üzüdür. Bu qədər ağır hisslərlə dolu bir əsərdə yalnız bir-iki yazıqlıq səhnəsinə rast gəlmək olur, onda da qəhrəmanların yalnız aciz, rəzil insanlara yazığı gəlir. Əsərdə maraqlı bir məqam da var. Rəssam Ferdinand Qray çox istedadlıdır, gözəl tablolar çəkir. Ancaq onun dolanışığı həyatdan köçmüş qohum-əqrəbasının portretini sifariş verənlərdən çıxır. Heç kəs gözəl təbiət mənzərəsi almaq istəmir. Maraqlıdır ki, Qray çox yaxşı qazanır, ancaq bundan xoşbəxt deyil, çünki kimlərinsə daxili günahını sakitləşdirmək üçün rəsmlər çəkir. Onun sözləri ilə desək, insanlar xeyri sevsələr də, özləri şər doludurlar və xeyrə ancaq kənardan baxmağı sevirlər. Əslində, əsərdə bu deyilən həqiqətə tez-tez rast gəlirsən – insana elə gəlir ki, o yaxşılığı o deyil, kimsə başqası etməlidir. Bir məqamı da deyim. Bu əsərdə ilk baxışda elə təəssürat var ki, insanın dəyəri yoxdur – müharibədən sonrakı illər, ölüm və həyat az qala qol-boyun gəzir və arada mərc gəlirlər: kim qalib gəlsə, insan onun olur. Ancaq əsərdə əhəmiyyətli bir məqam var – insanın mənəvi dəyəri olmalıdır ki, həyat və ölümün mərcinin fövqünə qalxa bilsin. Belə söhbətlər içki məclislərində getsə də, həqiqətdir. Bəzən kitab haqqında rəy yazanlar romanda içkinin bu qədər ön planda olmasını tənqid ediblər. Bəziləri əksinə, əsərin özünü içkilərə bənzədib – rom, viski, şampan və s. Amma burada da bir incəlik var. Müharibədən çıxmış, itkilər görmüş bir kişinin içki içməsi normaldır. Ancaq bu sadəcə özünü bir şüşə romun ixtiyarına vermək deyil. Əsərin qəhrəmanı demiş, "içki ən yaxşı dostdur, onunla daha səmimi olursan”. Burada içki ağrını unutduran, ətrafın qaranlığını unutdurub ürəyin dilini açan, daxilindəki işığı üzə çıxaran bir üsuldur.
– Əsərdəki qəhrəmanlar cismən sağ qalsalar da, onlar – müharibəyə ömürlərini qurban verənlər həyatın mənası haqqında düşünmürlər. Köməksiz qaldıqları sürgün vaxtında onları ancaq yemək, ev və ən yaxın gələcək – sabah maraqlandırır. Sizcə, Remark bu məqamları niyə qabardır?
– Əsər Robbinin dili ilə nəql edilir və elə ilk səhifələrdə öz həyatının xronologiyasını yazır və təqribən belə bir şey deyir: "Yaxşı yaşayıram, sağlamam, tez yorulmuram, işim-gücüm var, ancaq bu barədə çox düşünmək istəmirəm, xüsusilə öz özümlə. Axşamlar isə heç düşünmək istəmirəm”. Əslində, əsər qəhrəmanların bu düşünmək istəmədikləri haqqındadır. İlk baxışda qəhrəmanlar sadəcə həyatlarını yaşayırlar, daha doğrusu, əllərində qalan həyat qırıntıları ilə kifayətlənirlər. Qazancları var, dostlar, sevgi, xoş dəqiqələr də var. Remark bütün bunları sanki böyüdülmüş şüşə ilə ön plana çəkir. Çəkir ki, oxucu nəyin çatmadığını, qəhrəmana nəyin əzab verdiyini daha aydın görsün. Maraqlı üslubdur. 1-2 yerdə əsas məqamı vurğulayır, ötür, sonra bütöv mənzərədə həmin əsas şeyin boşluğunu hiss etdirir. Qəhrəmanları incidən dağılmış keçmişdir. Robbi öz həyatında bəzi illəri ümumiyyətlə xatırlamır, sanki o illər ümumiyyətlə olmayıb. Əsərdə ağrılı bir məqam var – əsgərin ayaqlarını kəsiblər, onun xəbəri yoxdur, çünki hələ də ayaqlarında ağrı hiss edir. Bax, qəhrəmanlar o kəsilmiş ayaqların ağrısını yaşayırlar. Bəlkə də bu ağrıdır ki, onlara insan olduqlarını, Remarkın dili ilə desək, "insan abidəsi” olduqlarını unutmağa qoymur. Mən deməzdim ki, onları sabah maraqlandırır. Belə olsaydı, maşını, emalatxananı – yeganə qazanc və sevinc yerlərini satıb ölüm yatağında olan Pat üçün xərcləməzdilər. Onları maraqlandıran insani dəyərlərdir, çünki bir belə acının, itkinin qabağında onları ayaq üstdə saxlayan budur.
– Romanda Robbi, Pat, Otto, Qottfrid oxucunun qarşısına həyatla sonuna qədər qəhrəman olmaq üçün yox, xoşbəxt olmaq üçün mübarizə aparanlar kimi çıxarılır. Sizcə, bu məqam nə ilə bağlıdır?
– Hər üç yoldaş müharibənin dəhşətlərini yaşayıb, qəhrəmanlığın da, qorxaqlığın da, dəyərlərin satılmasının da bilavasitə şahidi olublar. Onları heyrətləndirmək çətindir və özləri də qeyri-adi addım atmağa həvəsli deyirlər. Məsələn, Robbi Pata öz hisslərini açmaq, onu ilk normal görüşə dəvət etmək üçün nə əziyyət çəkir. Pat isə sadəcə yaşayır. Xəstəlik ona bir həqiqəti öyrədib – sənə ayrılan ömrü sevgiylə, sevinclə doldurub yaşamaq lazımdır. İnsan həqiqəti axtarmaq, dərk etmək üçün bəzən ən mürəkkəb yollara baş vurur, tapa bilmir. Sonra onu ən sadə məqamda yaxalayır. Əsərin qəhrəmanları o mürəkkəb yollarda yorulub oturublar və anidən Pat adlı sadə, işıqlı bir məqam onlara başqa bir həqiqəti də tanıdır – sadəcə yaşamaq. Əslində, Remark qəhrəmanlıq haqqında əsər yazmayıb. Qottfridin belə bir sözü var: "Qəhrəmanlıq ağır zamanlar üçündür, biz isə ümidsizlik çağında yaşayırıq. Ona yaraşan yalnız yumor hissidir”. Qəhrəmanlıq əsəri yazmaq üçün həyatın özünə fərqli baxmaq lazımdır. Halbuki, Robbi göylərin boz sifətinə baxıb "Allahın ölüm və həyatı yaratmaqla əyləndiyini” düşünür. Bu əsərin yeganə qəhrəmanlıq məqamı həyatın kor-kobud pəncələrində sınmamağı bacarmaqdır.
– Qottfridin ölümü ilə münasibətləri daha da möhkəmlənən dostlar nasist rejimi sayəsində daha əzablı günlər görürlər. İstərdim bu əsər kontekstində ölümün insanları birləşdirmə fəlsəfəsini şərh edəsiniz...
– Bəli, əsərdən və elə tarixin özündən belə nəticə çıxartmaq olar ki, nəinki qəhrəmanların, elə cəmiyyətin də cəmiyyətin sabahı daha dəhşətli olacaq – Qottfrid, Pat öldü, "Karl” satıldı, qazanc yeri kəsildi, yerdə qalan iki dostun sabahı isə tam bir müəmma içindədir. Əlbəttə, onlar daha əvvəl də ölüm görmüşdülər, dost, əziz itirmişdilər. Ancaq oxucu üçün onların məhz bu məqamına işıq salınıb və biz də istər-istəməz buradan çıxış edirik. İnsanları birləşdirən ölüm deyil. Ölümdən geri qalan, ölümün toxuna bilmədiyi şeylərdir. Robbi, Otto və Qottfrid yalnız müharibə yox, həm də məktəb yoldaşıdırlar. Onlar əvvəllər də ayrı düşüb sonra bir-birlərini tapıblar. Ayrılıq zamanı nələr yaşayıb, nələr itirdikləri yalnız özlərinə bəllidir. Ancaq onları birləşdirən bu illər ərzində qoruyub saxlaya bildikləri dostluq hissidir. Əsər boyu ən yüksək müraciət forması da məhz "dost”dur. Hətta Robbi və Pat da bir-birinə o cür müraciət edir. Dostluq sözsüz anlamaq, səmimiyyət, arxa durmaqla yanaşı, həm də qarşıdakının sağ qalmış həyat qırıqlarına özündəki qırıqları əlavə etməyi bacarmaqdır. Təsəvvür edin ki, həyatı çilik-çilik olmuş insanlar oturur bir masa arxasına və hər kəs özündə var olan ən dəyərli hissəsini – öz həyatının qırığını ortaya qoyur. Beləcə qırıqlardan ortaq bir həyat yaranır. Bu "həyata” öz qırıqlarını verməyə razı olan insanlar isə sənin əzizinə çevrilir.
– Georqun gündəlik qayğılarını dərin, iti müşahidəçi gözü ilə izləyən Remark bütün bu insani əzablarda bəşəri bir günah axtarır. Sizcə, bu kontekstdə müəllifin nəzərində bəşəri günah nədir?
– Qeorqun əzablarına baxan Robbi xatırlayır ki, o da fəlsəfə fakültəsinin tələbəsi olub və bu dünyanın sərt üzü onu fərqli yolla getməyə məcbur edib. Yəni Georq nə ilkdir və son. Ancaq əsərdə maraqlı bir məqam var: müharibədən sonra insanlar kilsəyə yox, siyasi iclaslara getməyə başladılar. Olub-bitənlərin, bir belə qan-qadanın səbəbkarı da insandır, həlli də onda olmalıdır. Buna görə də kilsə dəbdən düşür. Bəs insan kimdir? Əsərdə deyildiyi kimi, "bu dünyada Qottfrid Lents adı ilə tanınan, karbohidratların, kirəçlərin, fosfor və dəmirin müvəqqəti birləşməsi”. Remarkın təqdimatında insan bu dünya adlı xaosun düz mərkəzində oturub onu daha da qarışdıran bir məxluqdur. O, "araq və tütündən daha artıq zəhərdir.” Yazıçı insan edə biləcəyi bütün pislikləri sadalayır və bununla onun nələrə qadir olduğunu göstərir. Maraqlıdır ki, onun fikrinə görə, "yarımhəqiqətdən o yana getmək olmaz. Biz ona görə insanıq. Yalnız yarımhəqiqətləri bilirik, nə qədər də axmaqlıqlar törədirik. Həqiqəti bütün bilsəydik, ümumiyyətlə yaşaya bilməzdik”. Bəli, həqiqət çəkilməz bir yükdür, bu yükün altında bütün arzular əzilir. Bəli, nə qədər də qəribə səslənsə, insanın günahı öz insanlığını unutmasıdır. Romanda deyildiyi kimi, "böyük bəşəri arzular keçmişdə qalıb, dünya işbazların əlinə keçib”.
– Robertin Patrisiyaya bəslədiyi məhəbbətlə duyğu və düşüncələrində baş verən köklü dəyişikliklər onu romanın sonuna kimi izləyir. Sanki bu çətinliklərə sinə gərə bilmək üçün bu eşq Robbiyinin qalxandır. Bu məsələ barədə siz nə düşünürsünüz?
– Robert yalqızlığı qəbul etmiş bir insandır. Ağrı-acını kifayət qədər yaşamış bu insan qərar verib ki, kimi isə itirməmək üçün heç kimi yaxına buraxmamaq lazımdır. Qəribədir ki, o sevgi haqqında ən "dəyərli sözləri”, mükahizələri "sevginin” qurbanı olan və "sevgini” pulla satan qadınlardan – fahişələrdən eşidib. Bəlkə də, buna görə sevginin həqiqətdən, reallıqdan çox uzaq bir şey olduğunu güman edir. Bu baxımdan, sevgini ona yaşadan Patrisiyanı da bütün qaranlıqları bir təbəssümü ilə qova bilən fövqəladə bir qadın hesab edir. Hər ikisi israrla bunun sevgi olduğunu qəbul etmir, hətta bir-birinə də bunu etiraf etməyə qorxurlar, yoxsa başlarına nə isə gələcəyindən əmindirlər. Robbi düşünür ki, "hər sevgi əbədi olmaq istəyir, bu səbəbdən də əbədi bir əzab içindədir. Ancaq bu dünyada daimi heç nə yoxdur, heç nə.” Sevgi haqqında belə düşünən biri üçün sevgi qalxan deyil, onun içindəki işıqdır. Yalnız Patı tanıyandan sonra anlayır ki, sevgi başlanğıcı olan, amma sonu olmayan bir hissdir. Sevgisi Roberti bu qaranlıq dünyada kor olmağa qoymur. Sevginin təsirini yalnız Robbinin dünyaya baxışlarında hiss etmək olur. Bu sevginin ölüm yatağında Pata hansı güc verdiyini görür və təbii ki, eyni gücü o da qazanır. Əsərdə belə dəyərli fikir var: "İnsan məğlub olmayana qədər taleyindən güclüdür!”. Sevgi məğlub olmamaq üçün Robbiyə əlavə bir güc verir.
– Bu əsərə görə müəllif tənqidlərlə də üzləşib. Əsas tənqid bu olub: Remark fəlsəfi düşüncələrini bölüşdüyü hissələrdə süjetin qarışıqdır. Bu iradla bir oxucu kimi razısınızmı?
– "Üç yoldaş” fəlsəfə fakültəsinin keçmiş tələbəsinin, ancaq arzularını reallaşdıra bilməyən, hətta arzularını unutmuş bir şəxsin dilindən nəql edilir. Bu baxımdan, əsərdə fəlsəfi mülahizələr yerinə düşür, hətta onun bəzən dolaşıq səslənməsi də normaldır. Dünyanın fəlsəfəsi bəsit deyil ki! Qottfrid dostu haqqında zarafatla belə bir söz deyir: "O, filosofluq etməyə başladısa, deməli xilas olundu”. Yəni içindəki filosof hələ ölməyibsə, ən təhlükəli məqamda özünü yetirib çətinliyi anlamağa kömək edirsə, deməli, Robert mənəvi dünyası məhv olmayıb, düşüncələri dumanlanmayıb, Qottfridin dediyi kimi, "güzgüyə baxıb özünü yazıq cücə kimi görmür”. Əlbəttə, fəlsəfi mülahizələr təhkiyəni ağırlaşdırır, bəzən oxunuşun axarını pozur. Ancaq məsələyə bir də fərqli baxaq. Müsahibənin əvvəlində dediyim kimi, ilk dəfə oxuyanda əsər sanki məndən bir şey aldı, yerinə qaranlıq bir hiss qoydu. Yalnız ikinci, hətta üçüncü dəfə oxuyandan sonra, daha dəqiq desəm, məhz o mülahizələri oxuyub düşünəndən sonra əsərin məndən aldığının və verdiyinin nə olduğunu anlaya bildim. Süjet, hadisələrin mahiyyəti, qəhrəmanların halı zatən ağırdır və hamısını həzm etmək oxucu üçün çətindir. Bu fəlsəfi "tənəffüslər” məsələyə fərqli bucaqdan baxmağı, bəzən olanların çox sadə, bəzən əksinə ən sadə bir şeyin içində dərin bir həqiqət olduğunu açır. Bugünkü düşüncəmlə belə deyərdim, o fəlsəfi mülahizələr olmasa, əsər çox qarışıq, mənasız, bəsit bir sevgi roman olardı.
– Terri Iqlton, Roland Bartes, Conatan Kuller, Uilyam Epmson kimi tənqidçilər romanın əsas uğurunun hekayədən və müəllifin dramatik təhkiyə üslubundan qidalandığı fikrini irəli sürür. Məsələn, Eleonori Gilburd Remarkın "Üç yoldaş”dakı üslubunu "klişelərlə dolu, təkrarçı, yersiz sentimental” kimi dəyərləndirir. Bu barədə sizin düşüncələrinizi bilmək istərdim...
– Mənə belə gəlir ki, roman sərt bir üslubda yazılıb. Düzdür, hadisələrin cərəyan etdiyi məkanlar çox deyil, az qala oxucu da əzbərləyir ki, indi qəhrəmanlar emalatxanadan çıxıb Alfonsun yanında toplaşacaqlar, indi qəbiristanlığın yanından ötüb Robbinin evinə çatacaqlar. Hətta Patın evinə gedib çatanda ayrı, yeni bir dünya təsiri bağışlayır. Müəyyən mənada bu həmin qəhrəmanların gündəlik həyatlarının bir rutin içində davam etdiyindən xəbər verir. Yalnız ətrafı izləsək təhkiyə çox tezliklə yorar oxucunu. Romanın gücü məhz bu boz, artıq köhnəlmiş çərçivəni dolduran yeni söhbətlərdir. Bəli, gündəlik həyatları çox rəngsizdir və qəhrəmanların gücü öz daxili dünyaları, qırıq-sökük ağır xatirələrlə ona yeni nəfəs gətirməyə çalışmaqlarındadır. Əsərdə belə bir maraqlı fikir var – insanlar sevgidən yox, kədərdən sentimental olurlar. Qəhrəmanlar həqiqətən kədərlidirlər, ancaq oturub sızlanmaqla araları yoxdur. Bayaq dediyim kimi, heç kim özünü "yazıq cücə” kimi hiss eləmir. Üst-üstə ağır psixoloji zərbələr almış, ancaq buna baxmayaraq daxili bir güclə çökməmiş insanların mənəvi dünyasını açmağa çalışan bir əsər necə təkrarçı, klişe dolu bilər?!
– Tənqidçilər bu romanın Ernest Heminqueyin "Əlvida silah” romanının aydın təsiri ilə yazıldığını bildirirlər. Bu təsir əsərdə hiss olunurmu?
– Yalnız siz deyəndən sonra mən onların süjet xəttinin oxşar olduğunu xatırladım. Yəni Remark Heminqueyin kölgəsi, davamı kimi düşüncəmdə qalmayıb. Adətən, mən əsərləri mənə təsir etmək gücünə görə təsnif edirəm. Bu baxımdan, Remark mənim gözümdə Stefan Sveyqə, yaxud Dostoyevskiyə daha çox bənzəyir. Hadisələr zamanca uzun müddəti əhatə eləmir, ancaq düşüncələr çox genişdir, qəhrəmanın düşüncələrində keçmiş indiyə, indi puç olmuş arzulara qarışır. Oxucu yazarla bir yerdə fikrə gedir və ətraf yaddan çıxır. Heminquey dahidir, oxucusunun düz qəlbinə girir və lazım olan simə toxuna bilir. Ancaq onu oxuyub bitirəndən sonra özümü Puşkinin "Balıqçı və balıq haqqında nağıl”ının sonunda qırıq təknənin qarşısında oturmuş qarı kimi hiss edirəm. Məsələn, Sveyq mənə yazmaq, hadisələrə deyil, o hadisədəki insanların düşüncələrinə nüfuz etməyi öyrədib – sözsüz, dialoqsuz. Remark bunu daha açıq şəkildə edir – qəhrəmanını danışdırır və oxucu rahat-rahat onun dünyasına daxil ola bilir. Bəlkə də bu səbəbdən Remarkı 16, Sveyqi 20 yaşımda sevə bilmişəm. Ancaq hər ikisində eyni hissi yaşamışam – içimdən bir şey əsərlə bərabər bitir və nə isə yeni bir hiss onun yerini tutur. Həmin yeni şeyi dərk etməklə mən özümdə nə isə kəşf edirəm, bir boy yuxarını görə bilirəm.
– Roman haqqında internet üzərindən rəyləri oxuyanda əksər oxucuların yalnız kişi qəhrəmanların dostluq və sədaqətindən qürurlandığını görürük. Halbuki əsas qəhrəmanlardan biri də Patrisiyadır, amma onun adı az hallanır. Bu, qadın qəhrəmana haqsızlıq deyilmi?
– Bəli, əsərdə yadda qalan, yeganə sədaqətli və ağıllı qadın Patrisiyadır. Üç yoldaşın və onların başqa kişi yoldaşlarının fonunda Patın daha az xatırlanması normaldır. Ancaq mən Pat obrazına fərqli baxıram. Pat bu romanın işığıdır. Roman onun ölümü və günəşin çıxması ilə bitir. Oxucuda elə təəssürat yaranır ki, Qadın obrazında bütün roman boyu qaranlığın insanları boğmasına mane olan işıq indi Günəş obrazında çıxmağa bağlayacaq. Patın "işıq olmaq missiyasını” Remark onun zahiri görkəmində də verir – çox zərif, zövqlü, gözəl, gülüşləri, baxışları ilə olduğu məkanı işıqlandıra bilən, quş lələyi qədər yüngül bir obraz kimi təqdim edir. Az əvvəl Patı Robbinin qalxanı adlandırdınız. Əslində, Pat qaranlığın təzyiqini, vahiməsini azaldır və bunu romanın təsirinə düşən oxucu da hiss edir.Mən bir0iki kəlmə də əsərin "sevgini pulla satan” qadınları haqqında demək istəyirəm. Robbi onlarla bir insan kimi dostdur, əvvəllər eyni məkanda işləyiblər və indi də ara-sıra dərdləşirlər. Burada maraqlı bir məqam diqqətimi çəkib: pul qarşılığında hər cür alverə hazır olan bu qadınlar üçün, nə qədər qəribə də səslənsə, müəyyən etik qaydalar, mənəvi dəyərlər var ki, onları ayaqlamaq olmaz. Məsələn, bu qadınlardan biri haqqında Robbi deyir: "Coşmuş analıq hissi ilə mübarizəyə qalxmaq olmaz, dünyanın bütün əxlaqçıları onların tərəfindədir”. Remark yenə də zahiri dünyanı, dövrün amansız tələbləri qarşısına insanın mənəvi dünyasını qoyur.
– Bu əsərdə Remarkın hədəfi hansı idi – müharibə, yoxsa Almaniya siyasəti?
Bu əsərdə Remarkın hədəfi insan idi. Remark öz dövrünün və ölkəsinin danışan dili oldu. Ancaq eyni düşüncəli gənclərə müharibədən çıxmış istənilən ölkədə rast gəlmək mümkündür. Kimlərsə bu əsərdə antifaşist ruh görə bilər. Ancaq mənim gördüyüm nəticədir, yəni məhv olmuş insanlar və onların ara-bir sayrışan həyat işartılarıdır.
– Remark bu əsəri ilə Almaniyanın siyasi mövqeyini də hədəfə alır...
– Remark yazıçı müşahidəsinə və filosof düşüncəsinə malik idi. O bu cəmiyyətin hara gedə biləcəyini görürdü. O, mövcud vəziyyəti və mövcud insanı təqdim edir. Yay get-gedə sıxılır, vəziyyət nəzarətdən çıxır. Buna nümunə olaraq Qottfridi soyuqqanlılıqla öldürən gəncləri göstərmək olar. Həkimin sözləri ilə desək, Qottfrid cəbhədə döyüşəndə o südəmər qatil, Allah bilir, hələ bələkdə idi. Cəmiyyətdə bir boşluq var, fanat gənclər yetişir. Belə bir cəmiyyətə Hitlerin gəlib özünü idol elan etməsi, əslində, təsadüf deyildi. Boşluğu mütləq yad cisim tutmalı idi, tutdu da. O zamanın siyasi gedişatlarını tam bilmirəm, ancaq diqqətlə baxanda romandakı düşüncələrin və faşist rejiminin əks qütblərdə durduğunu görmək asandır. Remark gözəl bir uzaqgörənliklə deyir ki, "indiki gənclərin hamısı nə qəribədir. Keçmişə nifrət edirsiniz, indiyə ikrah hiss edirsiniz, gələcəyə laqeydsiniz. Bunun axırı çətin ki, yaxşı ola”. Axırını, bu sözlərdəki həqiqəti tarix göstərdi.
– Məhz "Üç Yoldaş” əsərindən sonra Remark Almaniya vətəndaşlığından çıxarılıb və tələbələr tərəfindən romanı yandırılıb. Sizcə, əsərin bu qədər aqressiya ilə qarşılanmalı idimi?
– Remark insanlara reallığı bütün qara-boz rəngləri ilə göstərirdi və təbii ki, faşist rejiminin xoşuna gələ bilməzdi. Ari xalq belə darmadağın halda ola bilməzdi. Ari xalqın cəmiyyəti bu qədər pessimist ruhda ola bilməzdi. Bütün dünyaya insanlığın ən mükəmməl nümunəsinin almanların olduğunun bəyan edildiyi bir vaxtda Remarkın əsəri sanki "kral çılpaqdı” deyib bağırır. Əsər demək olar ki, haray çəkir ki, bu xalqın mənəvi dünyası çöküb, bu xalq birinci müharibənin yaralarından hələ sağalmayıb, ikinci bir müharibə onun axırına çıxacaq, içindəki o xırda işığı da söndürəcək. Robbinin simasında görünür ki, insanlar ruhlarının kobudlaşmasından, fəlsəfi düşüncələrinin yarımçıq qalmasından, tənhalığa alışmasından yorulub. Bəlkə də, alman xalqı daha sağlam bir ruh halında olsaydı, Hitler bu qədər asan uğur qazana, hakimiyyətə gələ bilməzdi. Remarkın vətəndaşlıqdan çıxarılmasını və hətta sonrakı illərdə belə təkrar vətəndaşlığa qəbul edilməməyini küçədə Qottfridin öldürülməsinə bənzədərdim.
– Almaniya siyasətçiləri zaman-zaman Remarkı alman ordusunu təhqir etməkdə təqsirləndirirlər. Hətta onun Nobel mükafatı almasına da qarşı çıxıblar. Əsərlərinin əksəriyyətinin müharibə mövzusu olduğunu nəzərə alsaq, Remarkın öz dövlətinin ordusunu təhqir etməsi nə dərəcədə doğrudur?
– Əgər "Üç yoldaş”dan danışırıqsa, Remark kimi isə təhqir etmir. O, Nobelə təqdim ediləndə ilk uğurlu əsərini – "Qərb cəbhəsində dəyişiklik yoxdur” yazmışdı. Həmin əsər də müharibənin gəncləri necə məhv etməsinə həsr edilib. Bəli, 1931-ci ildə Nobel Remarkla müqayisəyə gəlməyəcək isveç şairi Erik Karlfeldtə verilib və belə nəticə çıxartmaq olar ki, ortadakı haqsızlıq faktı açıq-aşkardır. Ancaq Nobel mükafatı ilə bağlı haqsızlıq yalnız Remarka qarşımı olub?!Mən başqa bir roman haqqında danışıb "ikinci cəbhə” açmaq istəmirəm. Ancaq "Üç yoldaş”dan maraqlı bir səhnəni xatırlatmaq istəyirəm ki, yüz tənqiddən ötədir. Axşamlar gənc cütlüklər çoxdan gözəl parka çevrilmiş köhnə qəbiristanlıqda görüşürlər. Remarkın "Xilaskar ordu” adlandırdığı kilsə rahibələri günahın qarşısını almaq üçün orada qəfil, bərkdən xorla İsa Məsih haqqında ilahi oxuyurlar, mane olurlar. Orada gənclərlə oxunan ilahi arasında bir "söz” atışması olur və "Ordu” qalib gəlir. Bu "Xilaskar ordu” insanların rahatlığını pozur, onların sevgi dolu səssizliyini haram edir. Düşünürəm ki, burada bir ironiya var – əsər bitəndə Hitlerin partiyası hakim mövqedə idi, onun "Mənim mübarizəm” kitabının satışı rekord saya çıxmışdı. Onun xilaskarlıq missiyası yavaş-yavaş bəyan edilirdi. Əsərdə gənclər qəbiristanlıqda – birinci Dünya müharibəsinin nəticələri üzərində sakitləşmək, öz sevgiləri ilə baş-başa qalmaq istəyəndə "Xilaskar ordu” özünü yetirir.
– Sanki Remarkın təsvir qabiliyyəti dardır, yəni o əksər əsərlərində, "Üç yoldaş” da daxil olmaqla eyni fondan, bənzər təsvirlərdən qaça bilmir. Məsələn, bir neçə əsərində təkrarlanan rus mühacirlər, humanist həkimlər və s. Hətta oxucular bu təkrar obrazlara görə romanları qarışdırdıqlarını da deyirlər.
– Remark realist yazıçıdır və özündən nə isə əlavə etmir, nə görürsə, onu böyük ustalıqla təsvir edir. Onun əsərləri təqribən eyni vaxtı əhatə edir, eyni problemi ayrı-ayrı bucaqlardan işıqlandırır. Bunu Çarli Çaplinin canlandırdığı kiçik insanla müqayisə etmək olar. Belə demək mümkündürsə, Remarkın bir böyüdücü şüşəsi, qarşısında da bir cəmiyyət var. Bu baxımdan, müəyyən bənzərliklərin olması normaldır. Fərqli olan qəhrəmanların düşünməsi, cəmiyyətdə tutduğu yer və özünə olan münasibətidir. Başqa sözlə desəm, mənə maraqlı olan həmin qəhrəmanın həyatının hansı "qırığının” sağ qalmasını təyin etməkdir.
– Rus tənqidçisi Motılyova bildirir ki, "Üç yoldaş”ı təkcə "yalın” gözlə, səthi oxuduqda belə, yazıçının sentimental melodrama sayəsində asan populyarlıq istəyi dərhal hiss olunur...
– Bəlkə də elə yalın gözlə oxuyanda o asan populyarlıq havası təsiri bağışlayır. Yazıçının öz cəmiyyəti üçün ürəyi ağrıyır və bütün yaradıcılığını buna sərf edir, vətəndaşlıqdan məhrum edilir, əsərləri yandırılır. Deməli, o əsərlərdə bir xəbərdarlıq, bir çağırış var ki, onu susdurmaq üçün bu qədər sərt addımlar atılır. Mənsub olduğu cəmiyyəti bu qədər real təsvir edən, daha doğrusu bir neçə nəslin mənən məhv olmasını və bu prosesin hələ naməlum müddətə qədər davam edəcəyini anlayan bir yazıçının əsərini nə dərəcədə populyarlıq həvəsi adlandırmaq mümkündür, demək çətindir.
– Rus tənqidçisi Kirpotin vaxtilə əsərlə bağlı yazdığı məqalədə bildirirdi ki, almanların Remarkı sevməməyinin səbəbi onun müharibə düşüncəsindən qaçmasıdır. Konkret "Üç yoldaş”la isə yazıçı oxucuya "silaha deyil, şərab şüşəsinə sarıl” mesajı ötürür. Buna münasibət bildirərdiniz...
– Həm Motılyova, həm də Kirpotinin rəyləri keçən əsrin ortalarına (1958, 1960-cı illərə) aiddir və belə düşünürəm ki, Remarka xüsusi bir sevgi bəsləyən sovet oxucusunun hisslərini bir az kütləşdirməyə xidmət edirdi. Remarkın qəhrəmanları ağrılarını, problemlərini içkiylə unutmağı sevir. Ən maraqlısı isə, yazıçı hər içkinin – romun, konyakın, yaxud viskinin, kalvadosun dadını, təsirini elə təsvir edir ki, istər-istəməz maraq oyanır. Ancaq yadıma son vaxtlara aid bir təsvir düşdü. Oxucu "Üç yoldaşı” içkilərə bənzədir. Məsələn, konyak kimi illərin sınağından çıxıb və asta-asta içilməli – oxunmalıdır, yaxud araq kimi oxuduqca ağladır, portveyn kimi birbaşa hisslərə təsir edir və s. Gözəl bənzətmədir. Ancaq mən o vaxt oxuyanda əsəri roma bənzətmişdim (romu başqa əsərlərdən də tanıyırdım) – güclü, içdikcə içilən, nə qədər başqa şeylər içsən də, vaz keçilməyən, ən gizli hissləri amansızlıqla ortaya çıxaran. Yalnız rom kimi güclü, sərt içki reallığın acısını unutdura bilər, yəni onu içəndən sonra insan oyanmış ağrıların düz gözünün içinə baxa-baxa sınmır. Onu da mütləq əlavə edim ki, içkilər haqqında məlumatları yenə də "Üç yoldaş”dan öyrənmişəm. Bəli, əsər qəti şəkildə müharibənin əleyhinədir və məhz müharibənin açdığı yaralar içkilərlə neytrallaşır. Yalqız qalmış qəhrəman içki şüşəsində özünə dost axtarır. İstər-istəməz sual yaranır: əcəba, fərqli tale yaşamış olsaydı, ətraf mühitlə daxili dünyası arasında keçilməz bir uçurum olmasaydı, yenə də "şüşəyə sarıl” çağırışı səslənərdimi?!
– Maraqlıdır ki, əsasən sosialist ölkələrində çox oxunan və sevilən romana məhz rus tənqidçiləri barmaqarası baxırdılar. 1960-cı ildə "Molodoy kommunist” qəzetində romanla bağlı yazılmış məqalədə belə bir çağırış var: "Remarka inanmayın, xüsusən də onun qəhrəmanlarına!”
– Bilirsiniz ki, rusdilli oxucular üçün Remark XX əsrin 20-30-cu illərdən, yəni ən məşhur vaxtlarından tanışdır. Sonralar alman oxucular üçün qadağan olan yazıçı Sovet İttifaqında da qadağan edilib və yalnız Xruşşov zamanında təkrar gündəmə gəlib. Qəribədir, hər gəlişi məhz müəyyən nəslin itməsi ilə əlaqədardır. Gəlməyinə gəlir, ancaq bu dəfə də əsərlərin pessimist ruhu Sovetlər Birliyinin xoşbəxt kommunizm quruculuğu ilə uyğun gəlmir və yenə də tənqid atəşinə tutulur. Remarkın üçüncü gəlişi isə artıq Sovetlərin çöküşündən sonraya təsadüf edir. Mən də onunla məhz üçüncü gəlişi zamanı tanış olmuşam. Əlbəttə, bir tənqidçi yazıçının taleyini həll edən ən böyük qüvvələrdən biridir. Ancaq indiki halda bu belə deyil. Daxili boşluğuna düşüb çıxa bilməyən, gündən günə yadlaşan mühitin təzyiqi altında öz daxili işığını qorumağa çalışan bir gəncə necə "Remarka inanma” demək olar?! Axı "Üç yoldaş” məhz onun haqqında bir romandır.
– Nədənsə bu roman mənə İlyas Əfəndiyevin "Dağlar arxasında üç dost” əsərini xatırlatdı. Siz, necə düşünürsünüz?
– Mən belə bir paralel görmürəm. Düzdür, hər ikisi müəyyən bir dövrün tipik qəhrəmanlarının təsviridir. Bundan başqa bir bənzəyiş sezə bilmirəm. Əvvəla, "Dağlar arxasında üç dost” Sovet dövrünün inkişafını, xalqlar arasında dostluğu, əmək insanının uca olduğunu aşılayan bir əsərdir. "Üç yoldaş” isə dövrün ağır şərtlərinin, insanın mənən çökməməsi üçün apardığı mübarizəsinin təqdimidir. Burada fərqli xalqların deyil, bir xalqın öz gələcəyi, sağ qalması uğrunda çırpınması var. Qəhrəmanlar mənliyini itirmədən sağ qalmaq uğrunda məhz çırpınırlar. Çünki əks tərəf daha güclüdür. İkincisi, İlyas Əfəndiyevin əsərində cəmiyyətin, hətta güclü bir dövlətin varlığı açıq-aşkar hiss olunur. Remarkın romanında, daha diqqətlə baxanda, hətta bu üç dostun da yalqız olduğunu müşahidə etmək olur. Özlərindən başqa arxalanacaq qüvvə yoxdur. Üçüncüsü, "Dağlar arxasında üç dost” romanında mənfi qəhrəmanlar 1-2 nəfərdir və təsvir olunan kolxoz səviyyəli mübarizədə onların zəfəri mümkün görünmür. Yəni ən kiçik sevincə belə şansları yoxdur. "Üç yoldaş”da əksinə müsbət qəhrəmanlar azlıqdadır və özlərinin belə sabaha ümidi yoxdur. Dördüncüsü, "Dağlar arxasında üç dost” bütövlükdə ağ zolağın ifadəsidir. Orada yeganə problem heyvanların ot qıtlığı, qarğıdalı əkininin təbliği və sevgi iztirabıdır. "Üç yoldaş” isə qara zolaqdakı İnsanın problemini qoyur. Burada şəxsiyyət və zaman qarşı-qarşıya dayanıb. İstər kişi qəhrəmanlar olsun, istərsə də qadın hər biri zamanın təzyiqi altında dikəlməyə, sevməyə, daxili Mən-lərinin susmaması üçün çalışırlar.
– Qara zolaqdan xilas ola minlərlə insan kimi dostlar da ümidsizdirlər. Bir yanda bahar, digər yanda hər gün qara xəbərin gəlməsi roman üçün uğurlu sonluqdur. Bir-birini sürətlə əvəz edən rəng tonlarında Remark sevgi və dostluğun gücünə inamla əsası tamamlayır. Bu cür sonluğun fəlsəfəsini necə izah edərdiniz?
Əslində, qəhrəmanlar nə qədər ümidsiz olsalar da, Remark oxucunu ümidsizliyə qapatmır. Pat dan yerinin ağarmağına bir saat qalmış ölür. Qəhrəmanın önündə qaranlıq gecə yoxdur, səhər var. Qottfrid həlak olur, ancaq Otto var. Əsəri sonuncu dəfə oxuyanda məndə belə bir hiss yaranmışdı ki, bu əsərin mütləq davamı var. Yəni hər nə qədər sevgilisi ölsə də, qəhrəman bitmir, tükənmir, çünki sevgisi ölməyib. Yenə də dostlar oturacaq, yenə də həyat qırıqlarını ortaya töküb bir bütöv mənzərə quraşdırmağa çalışacaqlar, bilərəkdən Patın, Qottfridin yerini boş qoyacaqlar, ancaq yaşamağa davam edəcəklər, çünki ürəklərindəki işıq sönməyib.
Söhbətləşdi: Fərid Hüseyn
banner

Oxşar Xəbərlər