• çərşənbə axşamı, 19 mart, 08:42
  • Baku Bakı 8°C

Sevgi varsa, dünya var...

02.06.18 19:45 3040
Sevgi varsa, dünya var...
Allah birinci Adəmi, sonra da Həvvanı onun qabırğasından yaradıb. Belə çıxır ki, birinci kişilər yaradılıb. Qadın - Həvva ona görə qabırğadan yaranıb ki, kişi - Adəm ona hər zaman qol-qanad olub qorusun. Qadın zərif məxluqdur, eyni zamanda qadın böyük qüvvədir, qadın anadır, dünyaya yeni bir insan gətirən varlıqdır. Təbiətdə hər şey bərabər yaranıb. Elə bir canlı yoxdur ki, Allah onun tayını yaratmasın. Heyvanlardan bitkilərə, quşlardan insanlara ta əzəldən iki cinsə bölünüb.
27 may Dövlət Pantomim Teatrında "Kişilər və qadınlar” tamaşasını izlədim. Qaranlıq zalda kiçicik işıq selinin altında dəyişən həzin musiqi sədaları fonunda kişilərin və qadınların həyat, sevgi, yaşam, savaş, barış mücadiləsi sərgiləndi. Sükutla bir saat davam edən (bütün tamaşa boyu bir neçə kəlmə istisna olmaqla) 8+1 qısa tamaşalarda savaş və barış sərhədində qalan iki cinsin nümayəndələrini gördük.
Tamaşada iki əsas rəng vardı - ağ və qara. Haradasa insan və onun kölgəsi. Qadın kişinin kölgəsidir, qadın kişinin əksidir. Koko Şanelin maraqlı bir ifadəsi var: "Qadınların daxilində mələk, iblis, şahzadə, ifritə yatır. Hansını oyatsanız onunla qarşılaşacaqsınız”. Tamaşada da təxmini bu prinsip göstərilir - sevgiyə ehtiras, davaya savaş, bir sözlə hər şey qarşılıqlıdır...
Qısa etüdlər kimi göstərilən bütöv tamaşa
Etüd N1 –Saf məhəbbət
Aşiq və məşuq, Məcnun və Leyli, səfil və mələk-onlar sərhəd tanımırlar. Onlar üçün qaranlıq gecədə ikisi var, əbədi sevgi var. Sevdiyi qadının bədəninə toxunub, ətrini ovcunun içinə alan aşiqə cavab, barmaqlarını sevdiyinin simasına, vücuduna gəzdirib, dodaqlarına toxundurub onu özündə hiss edən məşuq. Onlar bir-birini şirin su kimi ləbdən içirlər.
Etüd N2 –Balıqlar
İlan kimi yerdə qıvraq şəkildə uzanan erkək və dişi üzbəüz bir-birinə baxırlar. Qara libaslı aktyor və aktrisanın yalnız bir əlində ağ əlcək balığı canlandırırlar. Biləklərinə bağlanmış uzun qara ipək parça isə qaranlıq dalğanı, ucsuz-bucaqsız suları əks etdirir. Suyun üstünə çıxaraq şappıltı ilə yenidən dənizə baş vuran, günəşin şüaları altında pulcuqları bərq verən balığı xatırladan səhnə bir-birinə sevgisini göstərən su canlısını oynayır. Bəlkə dənizdə, bəlkə akvariumda görməyən az olar, iki sevən balığın bir-birinə necə həssas, sevgi dolu yanaşaraq göz-gözə gəldiyi o anda dodaqlarının toxunmasını. Küləyin eşqindən təlatümə gəlib dalğaları qaldıranda, elə bil dəniz məşuqəsini ağuşuna alıb qızılı ipək yorğan altında onu oxşayaraq, əzizləyir. Sonda balıqlar suyun dərinliyində gözdən itirlər.
Etüd N3 –Xəyali sevgili
Quşların cəh-cəhi və sahildə eşidilən dəniz ləpələrinin səsini andıran musiqi fonunda gənc oğlan skamyada tək oturub. Sonradan başının üstündə xəyali sevgilisi peydə olur. Gah dalaşırlar, gah da barışırlar. Oğlan əsəbiləşəndə qız onu qucaqlayaraq sakitləşdirir. Qaranlığın çöküb, yenidən göydən aya bənzər işıq selinin düşməsi ilə oğlan xəyaldan, xəyali sevgilisindən ayrılır.
Etüd N4 –Eqo
Kiçik ailə tablosu - ər və arvad. Hərəsi stolun bir başında. Sözləri düz gəlməyib, möhkəm dalaşıblar. Geriyə yol görünmür. Addım atmaq lazım. Lakin içlərindəki eqo xəyallarında pərvazlanan, oynayıb rəqs edən sevənlərə maneçilik törədir. Barışılması görünməyən ailə dağılmaq üzrədir.
Etüd N5 –Savaş-barış arasında
Yenə işıqlanan fonda stol başında erkək və dişinin davaöncəsi səssizliyini görürük. Yenilməz qürur onları bir-birindən uzaqlaşdırır. Qol gücündə kişi üstün, söz gücündə kişi üstün. Qadınsa qəbul edə bilmir. Ancaq hər şeyə rəğmən çox sevir, dəfələrlə cəhd edir. Kişinin boynuna sarılıb onunla bərabər barmaqlarının ucunda səhnə boyu sürünməyi də, ondan üzr istəməyi də özünə ar bilmir.
Etüd N6 –Darıxıram... qara və qırmızı
İnsanlar darıxır, həyat darıxdırıcıdır. Qadın darıxır, kişi darıxır, evin içində ər-arvad darıxır. Qırmızı ehtirasdır, qırmızı alovdur, qırmızı ağlı başdan alır. Qırmızı geyimdəki qadın ona yaxınlaşan kişinin ehtirasını daha da alovlandırır, dayanmadan darıxıram deyərək onu soyundurur. Kişi isə qırmızı ehtirası qadından çıxarıb, dayanmadan "darıxıram” qışqırır. Qaranlıq çökmüş zaldan eləcə "darıxıram” səsləri gəlir və sükut...işıq...onlar yenə darıxır. İndi qadın ana olmağa hazırlaşır. Yenə darıxır, körpəsi olur, darıxır, kişi də qadın da darıxırlar. Uşağı bir-birinin üstünə atıb darıxmaqdan gileylənirlər. Sonda körpənin gülüşü onların darıxmasına son qoyur.
Etüd N7 –Qarşı tərəf zərərsizləşdirildi...
Dünyaları fərqli qadın və kişi....dilləri fərqli erkək və dişi...Kişinin səbirsizliyinə qarşı qadının təmkinlə əcnəbi dildə eyni cümləni işlətməsi sonda kişini "cin atına” mindirir. Heç bir çıxış yolu qalmadıqda silaha əl atırlar. Qaranlığın çöküşündə kiminin qalib, kiminin məğlub olması bilinməyəcək...
Etüd N8 –Apokalipsis
Əsr - XXI, dünyanın sonuna aparan hadisələr. Kişi və qadın arasında sevgilərin öldüyü, "kişi” və "kişi” arasında ehtirasın başladığı dövr. Ətrafda qaraya qərq olmuş insanlar əhatəsində onlara əhəmiyyət verməyən ağ libaslı "sevən kişilər”...
Etüd N9 –Qadın uçdu, yaxud əvvəlinci saf məhəbbətin davamı
Həmin sevənlər, mələk və səfil. Zaman keçib, dövran dəyişib. Sükut... oyun oynanılır. Quş uçdu... hara... uzaqlara... neçə dəfə və say... Say kimdə bitirsə, qarşı tərəfə sillə vuracaq. Hər dəfə silləni qadın vurmaqla kişinin son səbr damlasını daşdırır və bu dəfə kişi vurur. Sükut... oyuna davam... bu dəfə Qadın uçdu... hara... uzaqlara... və əl çalmağa başlayan aktrisa ritmlə rəqs edir. Sonra bütün iştirakçılar səhnəyə qayıdır və özlərini alqışlayırlar, gələnləri alqışlayırlar, yeni tamaşanı alqışlayırlar, yeri, göyü, bu günü, sabahı, sevgini alqışlayırlar və seyrçilər də bu alqışın ardınca gedirlər, onları alqışlamağı alqışlayırlar...
Mizan mizanı işıq sürətilə əvəz edən tamaşada rejissorun əsas məqsədi "dünyanı sevgi xilas edəcək” deməsidir. Sevgi varsa hörmət var, sevgi varsa sülh var, sevgi varsa barış var, sevgi varsa dünya var...
Nigar Pirimova
Teatrşünas
banner

Oxşar Xəbərlər