• çərşənbə, 24 Aprel, 16:12
  • Baku Bakı 27°C

Sevgi, qarşılıqlı hörmət, inam... – Ailə

09.09.16 09:29 11076
Sevgi, qarşılıqlı hörmət, inam... – Ailə

Aytən Hüsüyeva: "Diş həkimimlə evlənəcəyim ağlıma gəlməzdi”

Onlarla söhbət əsnasında bir şeyin şahidi oldum. Bu ailəni iki övladla bərabər möhkəm edən bir neçə səbəb var; sevgi, hörmət, güvən, mehriban münasibət və səbr. Amma əminəm ki, bu ailəni daha yaxından tanısaq, daha bir çox müsbət keyfiyyətlər kəşf etmiş olarıq.
Rubrikamızın bu dəfəki qonağı stomatoloq Zaur Kərimov və bu il Bakı Dövlət Universitetinin tələbəsi adını qazanan Aytən Hüsüyevadır. Bu ailənin diqqətimizi çəkməsinin əsas səbəbi Aytənin ailə qurduqdan 7 il sonra ali təhsil almaq arzusunu gerçəkləşdirməsidir.

"Aytənin "saqqınızı oğurlamağı” bacardım”

Əslində heç birinin tez-bazar evlənmək fikri olmayıb. 18 yaşlı Aytən ali təhsil almaq sevdası ilə yaşayıb. Zaurun isə subaylığı ilə vidalaşmaq kimi istəyi olmayıb. Amma tale onları qarşılaşdıranda əvvəlki arzu və istəkləri bir az arxa plana keçib.
2008-ci ildə Aytən dişlərini müalicə etdirməli olur. Nənəsi onu bütün ailənin yaxşı diş həkimi kimi tanıyıb müraciət etdiyi Zaurun yanına aparır. Beləliklə, onlar qarşılaşırlar. Aytən bir ay nənəsi ilə onun yanına gedib-gəlir. Bu müddətdə özü də hiss etmədən Aytənə qarşı sevgi yaranır. Baxmayaraq ki, heç vaxt ağlına gətirməyib ki, pasiyentinə qarşı nə vaxtsa belə hissləri olar: "Düzü, Aytəni ilk olaraq görünüşcə bəyəndim. Sonra xarakteri, xasiyyəti, davranışı xoşuma gəldi. Və zamanla sevgi yarandı. Nəinki öz pasiyentimlə, ümumiyyətlə, heç evlənmək fikrim yoxuydu. Amma Aytəni tanıdığım bir-iki ay ərzində bu fikrimdən vaz keçdim və qətiləşdirdim ki, bu qızla evlənəcəm. Xaraktercə elə insanam ki, istədiyimə nail oluram. Aytənin də "saqqınızı oğurlamağı” bacardım”.
Dişlərini müalicə edən həkimlə evlənəcəyi Aytənin yatsa yuxusuna da girməzmiş. Üstəlik, evlənməyi ağlının ucundan da keçirmirmiş: "18 yaşım olsa da qorxaq idim. Bu səbəbdən həkimə nənəmlə gedirdim. 2008-ci ilin yanvar ayında Zaur dişlərimi müalicəyə başladı, həmin ilin noyabrında artıq nişanlı idik. Sevginin necə yarandığını bilmirəm. Çünki yaşım az olduğu üçün qətiyyən evlənmək haqqında düşünmürdüm, ali təhsil almaq arzum var idi. Həm də həkimin subay olması heç ağlıma da gəlmirdi. Həmişə həkim deyəndə gözümün qarşısında yaşlı adamlar canlanıb deyə, Zaurun da subay ola biləcəyini düşünməmişdim. Dişlərini müalicə etdirmək üçün Zaura saysız-hesabsız xanım müraciət etsə də, nəticədə qurban mən oldum” (gülür – A.A.).

Valideynlər bu evliliyə razı olmur

Zaurla Aytənin sevgisinə hər iki tərəfin ailəsi narazılığını bildirir. Hər iki ailənin isə bu nikaha mane olacaq fərqli səbəbləri olur. Zaurun sözlərinə görə, onların ailəsində oğlanlar adətən valideynlərin məsləhəti ilə evlənirlər. Onun ailə quracağı xanımı özü seçməsi valideynləri tərəfindən xoş qarşılanmır: "Bizim ailədə birinci dəfə idi ki, oğlan evlənəcəyi qızı özü seçirdi. Amma sözümdən dönmədim və istədiyimə nail oldum. Evlənəndən sonra isə heç bir tərəfin bizimlə bağlı narazılığını hiss etmədik”.
Aytənin ailəsi isə qızlarının yaşı az olduğundan, üstəlik, qarşı tərəfin ailəsini tanımadıqlarından bu evliliyə razı olmaq istəməyib: "Bu səbəblər azmış kimi, məndən böyük bacım, Zaurun isə özündən böyük qardaşı varıydı. Eyni zamanda, ailə ənənəmizə görə, bizdə qızlar oxuyub qurtarandan sonra ailə qururlar. Bunlar narazılıq üçün çox tutarlı səbəblər idi. Amma sonradan müəyyən ortaq tanışlar çıxdı və razılığa gəldilər”.

"Heç vaxt bir-birimizin zənginə, mesajına baxmamışıq”
Aytənlə Zaur sevgili olma mərhələsini doya-doya yaşaya bilmədiklərini deyirlər. Aytənin ailəsi sərt olduğu üçün onlar sevgililik dönəmində ancaq telefon əlaqəsi yarada biliblər. Nişanlı olduqları müddətdə isə cəmi iki dəfə görüşə biliblər. Bir dəfə icazəli, bir dəfə gizli.
Qısqanclığı sevgi adlandıran cütlüklər az deyil. Amma onların ailəsində böyük sevgi olsa da, qısqanclıqdan əsər-əlamət yoxdur. Zaurun fikrincə, inam olan yerdə qısqanclıq hissi əriyib yoxa çıxır: "Qısqanclıq əslində hər insanda normal olan bir haldır. Əgər hər şey həddindədirsə, niyə qısqanım ki? Qısqanclıq daha çox inamsızlıqdan irəli gəlir. Mən isə ona inanıram”.
Aytən də həyat yoldaşına böyük inamı olduğu üçün bu hissin ona yad olduğunu deyir: "Evli olduğumuz 7 il ərzində Zaur və mən bir-birimizin telefonuna gələn heç bir mesajı, zəngi açmamışıq. Heç vaxt da telefonlarımız kodda olmayıb”.
"Ev işləri, biş-düş mənlik deyil”
6 və 4 yaşlarında Murad və Cavad adlı iki oğul övladları var. Övladların tərbiyəsi Aytənin üzərinə düşür. O deyir ki, uşağa hömət etməyi, mədəni davranmağı öyrətməyə çalışır: "Hər bir insanda mədəniyyət çox vacibdir. Atadan bir az çəkinirlər. Uşağa tərbiyə kimi nümunə olaraq nəyisə öyrətmək mümkün deyil. Valideynlər necədirsə, uşaqlar da onu götürürlər. Ümumiyyətlə isə mən "uşaq tərlədi”, "soyuq su içdi”, "dondurma yedi” kimi məsələlərdə həssas davranıram. Amma Zaur o məsələlərdə mənim qədər həssas deyil. Deyir ki, oğlan uşaqlarıdır, bir az sərbəst olsunlar. Mən istəmirəm ki, uşaqlarım başqa uşaqlarla mübahisə etsin, dalaşsın. Amma Zaur mənimlə razılaşmır ki, oğlan uşağıdır, bu cəhətdən o qədər də sıxmaq olmaz”.
Zaur bildirdi ki, Aytənin qardaşı olmadığından, o, oğlanlarının tərbiyəsində həddindən artıq həssaslıq nümayiş etdirir: "Tərbiyə, mədəniyyət önəmlidir. Amma tam olmasa da, oğlan bir az sərbəst olmalıdır. Aytənin qardaşı, mənim də bacım yoxdur. Buna görə o, Muradla Cavadın üzərində əsir, onlara çox həssas yanaşır”.
Ev işləri, mətbəx məsələsində Aytən həyat yoldaşından heç bir kömək görmür: "Zaurun yemək yediyi boşqabı aparıb mətbəxə qoyması nadir hallarda baş verə bilər. Olmur. Amma səliqəsiz adam da deyil. İş görməsə də, əlavə iş də artırmır. Yemək bişirdiyi də olmayıb”.
Zaur ev işlərinin onluq olmadığı fikrinin doğru olduğunu desə də, yemək bişirmə məsələsində razılaşmadı: "Ev işləri, yaxud nəsə bişirmək mənlik deyil. Yemək bişirmək əlimdən gəlmir. Amma Aytən ali məktəbə hazırlaşdığı vaxt müəllim yanına gedəndə bir-iki dəfə uşaqlar üçün kartof qızartmışam”.

"Qadının işi bütün gün qazan-qaşıq olmamalıdır”
Aytən ali təhsil almaq, BDU-da oxumaq arzusunu evlilik müddətində də unutmur. Bir il öncə yoldaşına hazırlığa gedib, ali təhsil almaq istədiyini deyir: "BDU-da oxumaq arzum idi. Hər dəfə qarşısından keçəndə deyirdim ki, nə vaxtsa mən burada oxuyacam. Evləndikdən sonra düşünürdüm ki, birdən çatdıra bilmərəm. Bacım və Zaur məni ali təhsil almağa daha çox həvəsləndirdilər. Keçən il Zaura belə bir istəyimin olduğunu dedim, o da məni dəstəklədi. Oğlumun biri Avropa liseyinə hazırlaşırdı. Öz dərslərimlə yanaşı, həftədə 3 dəfə onu hazırlaşdırmalıydım. Əvvəl düşündük ki, mən ona yetəri qədər diqqət ayıra bilmərəm. Amma mənim valideynlərim, Zaurun valideynləri, bacım və Zaurun dəstəyi sayəsində mən iki uşağa baxmaqla yanaşı, 5 fəndən bir il hazırlığa getdim. Bu, ailəli xanım üçün elə də asan deyildi. Bəzən səhər hazırlıq üçün 6-da evdən çıxırdım. Həftə sonu axşam 10-da hazırlıqdan çıxırdım. Zaur uşaqlarla gəlib məni hazırlıqdan götürürdü. Şükürlər olsun ki, əziyyətimiz yerdə qalmadı, oğlum liseyə qəbul oldu, mən də universitetə”.
Zaur xanımının ali məktəbə qəbul olacağına əvvəldən inandığını bildirdi: "Mən onun təhsilinə mane olmadım. Hətta özüm təklif etdim ki, təhsilini davam etdirsin. Təhsilə xərclənən pul itmir. Çətin bir il onun hazırlığı dönəmində oldu, biz onu keçdik. Oğlumun imtahanlarından narahatlığım varıydı. Amma Aytənin yığacağı balı belə öncədən demişdim. Mən deyəndən 10 bal əskik oldu. "Yoldaşım işləməsin, evdə otursun” düşüncəsini qəbul etmirəm. Əslində işlədikcə başı qarışır, dünyagörüşü artır. Qadın bütün gün qazan-qaşıqla olmamalıdır. Qadının təhsili uşağın savadlı olması deməkdir”.

"Bu gün səhərdən acam”
Evin xanımının "əlinin duzu” olmasına gəlincə, bu məsələdə Zaur çox kaprizlidir. Hətta Aytənin bişirdiyi yeməkləri yeyə bilmədiyi məqamlar da olur: "Bu gün səhərdən acam. Evdə dolma varıydı, mən də dolma yemirəm. Aytən adətən mənim zövqümü nəzərə alır. Nələri yediyimi bilir”.
Aytən isə Zaurun yemək yeməməsinin əslində həmişə onun əlinin duzu olmaması ilə əlaqəli olmadığını dedi: "İçində bişmiş tərəvəzlər olan, çəkilmiş ətdən hazırlanan yeməkləri yemir. Çalışıram ki, Zaurun yeyə biləcəyi yeməkləri bişirim. Həmişə də alınmır. Çünki evdə uşaq var. Onlara başqa qidalar da lazımdır. Amma əlimin duzunun yaxşı olduğunu demək olmaz”.
Onların bir-birinin bəzi xasiyyət və davranışları ilə bağlı kapriz göstərdikləri məqamlar da olur. Əgər Aytən geyim almalıdırsa, Zaur nə qədər səbrli olsa da onunla bazarlığa getməz. Çünki Aytən əksər xanımlar kimi alacağı bircə geyimdən ötrü bütün mağazaları ələk-vələk etməyi sevir. Bundan başqa, Aytən gəzməyi və toya gedəndə rəqs etməyi çox sevsə də, Zaurun bu iki şeylə arası yoxdur.
Sonda müsahiblərimizdən ailələrinin möhkəm olmasının sirlərini də aldıq. Dedilər ki, ailələrini möhkəm saxlayan amillər sevgi, qarşılıqlı hörmət və bir-birlərinə olan hədsiz inamdır.
Aygün Asimqızı


banner

Oxşar Xəbərlər