• cümə, 19 Aprel, 23:23
  • Baku Bakı 24°C

Sevgi ilə idarə edən menecer – Uğur hekayəsi

23.09.16 11:20 5741
Sevgi ilə idarə edən menecer – Uğur hekayəsi
Ona görə, insanın həm cəmiyyətdə, həm şirkət daxilində, həm də ailədə şəxsi brendi hər şeydən önəmlidir. Deyir ki, hər kəsi onun özü üçün yaratdığı brendə görə tanıyırlar. Onun üçün ən dəyərli şey öz adı, brendidir. Çünki bu adın, bu brendin yaranması üçün illərini sərf edib. Müsahibimiz Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin direktoru, Azercell Telekom MMC-nin Strateji Partnyorluq və Müştəri Kanallarının İdarəedilməsi departamentinin rəhbəri İmran Bağırovdur.
Qeyd edək ki, İ.Bağırov orta təhsilini Lənkəranda alıb, daha sonra Bakı Dövlət Universitetində İqtisadi kibernetika ixtisası üzrə oxuyub. İsveçdə TeliaSonera tərəfindən təşkil olunan liderlik və idarəçilik üzrə iki illik tədris və təcrübə proqramında iştirak edib.

- İkinci kursdan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləməyə başlamısınız. Necə oldu ikinci kurs tələbəsi dövlət qurumunda işə başladı?
- Sözügedən nazirliyin informasiya texnologiyaları şöbəsinin rəhbəri onların layihəsində işləmək üçün gənclər axtarırdı. Şöbə rəhbəri gəlib bizim auditoriyalarda oturdu və aramızdan görüşmək üçün tələbələr seçdi. Görüşdük, seçilən bir neçə nəfərin içində mən də oldum. Yoxlama müddəti bitəndən sonra 2002-ci ilin mayından kiçik məvaciblə, 39 manatla işə başladım. Dərsdən çıxıb nazirliyə gedir, işləməklə yanaşı, proqramlaşdırmanı öyrənirdik. Nazirlikdə işləməyim mənə iş təcrübəsi, iş mühitini öyrənmək üçün çox kömək etdi.

- Oradan çıxıb Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi (XYAİDK), daha sonra Dövlət Neft Fondunda işinizi davam etdirdiniz. Ümumiyyətlə, məqsədiniz dövlət qurumunda işləmək idi, yoxsa, bu, bir təsadüf idi?
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İT sahəsində işə başladım. Çünki o zamanlar İT sahəsinin gənclər üçün qapısı həmişə açıq idi. Amma özümü uzunmüddətli olaraq İT sahəsində görmürdüm və təbii ki, axtarışlar edir, nələr edə biləcəyimi araşdırırdım. Qısamüddətli bir layihədə işləmək üçün Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinə getdim. Daha sonra Dövlət Neft Fonduna keçdim. Fondda gəncləri yetişdirib Azərbaycanın neftdən gələn gəlirləri ilə çalışmağa sövq etmək üçün bir layihə var idi. Bu dəfə də Neft Fondundan universitetimizə gəldilər və öndə gedən tələbələri dəvət etdilər. 30 tələbə götürdülər və 9 ay müddətinə bizə dərs keçdilər. Hər həftənin sonu bizi imtahan edir, ən az bal toplayan tələbəni qrupdan kənarlaşdırırdılar. Qrupda ən son qalan 7 nəfərdən biri mən oldum. 9 ayın sonunda bütün imtahanlardan keçənlərə iş təklif etdilər. İnvestisiya Fondunda neftdən gələn gəlirləri yerləşdirirdik. Səhmlər, istiqrazlar, opsionlar və digər maliyyə məhsulları alır, neftdən gələn gəlirləri xarici banklara yerləşdirirdik. Hər kəsin bir portfeli var idi və o portfelləri idarə edirdik. Oradakı ciddi nizam-intizam mənə çox şey öyrətdi. İntensiv çalışma və səmimi mühit mənim üçün çox dəyərli idi.


- 23 yaşınızda ailə qurduğunuzu bildirdiniz. Deyirlər, "tez evlənənlə, tez yuxudan qalxan udur”. Bununla razısınız?
- Razıyam. Evliliyin insana gətirdiyi iki şeyi görürəm. Birinci, ailə insanı daha çox məqsədə yönümlü edir. Məsuliyyət artdığına görə siz rahat ola bilmir, davamlı olaraq irəli addım atırsınız. Ailənin olması insanı yeniliklərə can atmağa həvəsləndirir. Evlənəndə artıq siz təkcə özünüzə görə məsuliyyət daşımırsınız. Bu baxımdan, tənbəllik sizə qalib gələ bilmir. Normalda tək insan tənbəl ola bilər. Çünki itirə biləcəyi, maksimum öz həyat lüksünün dərəcəsidir. Bu gün kabab deyil, dönər yeyər, amma həyatı keçər. Ailəli olduqda isə, o cür düşünə bilmirsən.
İkinci tərəfdən, mən ciddi şəkildə inanıram ki, evlilik insana bərəkət gətirir, bir çox qapıları üzünə açır. Uşaqlaramı, həyat yoldaşınamı görədir, bilmirəm, amma əminəm ki, ailənin bərəkəti var. Tez evlənməyi dostlarıma da məsləhət görürəm. Ailəli insan həm karyera mövzusunda, həm də həyatda daha rahat olur.

- İmran bəy, son ənənəvi sualımız: uğur sirriniz nədədir?

- Birinci məsələ güvəndir. Ətrafınızdakılarda sizə qarşı güvən hissini yaratmağa çalışmalısınız və bunu davranışlarınızla sübut etməlisiniz. İkincisi, ətrafınızdakı insanlarla səmimi mühit yaratmalısınız. Buna sevgi ilə idarəetmə deyirəm. Hətta rəhbər olsanız belə, münasibətlərdə güc tətbiq etmək, öz titulunuzdan istifadə edərək insanları nəyəsə məcbur etmək olmaz.
İnsanın həm cəmiyyətdə, həm şirkət daxilində, həm də ailədə şəxsi brendi hər şeydən önəmlidir. Hər kəsi onun özü üçün yaratdığı brendə görə tanıyırlar. Mənim üçün ən dəyərli şey mənim adım, mənim brendimdir. Hansı ki, illərimi bunun üçün sərf etmişəm. Bu mövzuda kiçicik yanlış etməyə belə haqqımız yoxdur.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər