Sevgi elegiyası – Cəmilə...
Oktyabrın 19-u S.Vurğun adına Azərbaycan Dövlət Rus
Dram Teatrında Türk dünyasının sevimli yazarı Çingiz Aytmatovun 90 illik
yubileyi qeyd olundu. Yubiley münasibəti ilə Çingizsevərlər bir araya gəlmişdilər.
Tədbir çərçivəsində Mədəniyyət Naziri Əbülfəs Qarayev, Yazıçılar birliyinin sədri
Anar, yubilyarın oğlu Əskər Aytmatov və digərləri çıxış etdilər. Yubilyarla
bağlı xoş xatirələrin ardınca sənətkarın 29 yaşında yazdığı "Cəmilə” əsəri əsasında
hazırlanmış eyniadlı tamaşa nümayiş olundu.
Qısa tanıtım...
Çoxlarının da bildiyi kimi, əsər sevgi himnidir.
Yazıçı ümumbəşəri mövzuya çox həssaslıqla yanaşmışdır. Əsərdə hadisələr müharibənin üçüncü ilində - qırğızların, qazaxların
uzaq cəbhələrdə - Kursk və Oryol ətrafında vuruşduğu vaxtlarda cərəyan edir. Baş
qəhrəman Cəmilə sevmədiyi insana ərə verilib, həyat yoldaşı müharibəyə
yollanıb. Ailəyə bağlı olan Cəmilə sevmədiyi insanın soyuq münasibətini gördükdən
sonra çox məyus olur. Lakin ondan ayrılmayan uşaqlıq dostu Keçinə bala
(tamaşada adı Seit kimi verilib) hər zaman Cəmilənin yanındadır, ona dəstəkdir.
Müharibənin qızğın çağında onların kəndinə gəlmiş gənc əsgər Daniyar ilk dəfə Cəmiləni
burada görür. Olduqca qayğılı və soyuq görünən Daniyar zaman keçdikcə Cəmiləyə
aşiq olur. Bu qarşılıqlı sevgi sonda Cəmilənin Daniyara qoşulub getməsi ilə nəticələnir.
Əslində, Cəmiləni bu hərəkəti etməyə vadar edən də əri olur. Çünki müharibədən
yolladığı məktubda Cəmilə barəsində bir dəfə də olsun söz açmır. Son cümləsində
"Cəmiləyə salam deyərsiz” deyə yazır. Bu sözlər Cəmiləni həm bərk qəzəbləndirir,
həm də məyus edir. Cəmilənin gedişindən uşaqlıq dostu Keçinə bala da məyus olur
və sonda anlayır ki, Cəmiləni sevirmiş. Cəmiənin gedişi ilə Keçinə bala təkcə
onu yox, həm də uşaqlıq illərini itirib.
Çingiz Aytmatov əsərində doğulub boya-başa çatdığı Talas vadisinin tarixi xüsusiyyətlərini və mədəniyyətini
təsvir edib. Müəllifin Sovet Rusiyasının rejiminə qarşı etirazını bildirdiyi əsər bütün dünyada
çox maraqla qarşılanıb. Çoxları ola bilər ki, müəllifi qınasınlar. Bəzən deyirlər ki, Cəmilənin ərini tərk edib, müharibə
vaxtı başqa əsgərlə qaçmasını qəbul etmək çətindir. Ancaq bir qədər dərinə
boylananda görürük ki, onun belə davranışı səbəbsiz deyil. Əvvəla, Cəmilə sevmədiyi
həyat yoldaşı tərəfindən heç bir ilgi görmür, onun göndərdiyi məktub isə Cəmiləni
lap pərişan edir. Və birdən-birə onu sevdiyini anlayan, qağısını görən, ona nəvazişini
hiss etdirən bir kişi peyda olur. Oxuduğu eşq nəğmələri Cəmilənin ürəyinə kaman
kimi saplanır. Nə etməli, ömür boyu sevmədiyi insanla mutsuz yaşamaq, ya da
"kim nə deyir desin” deyə düşünərək, gələcək xoşbəxtliyini, həqiqətən, sevdiyi
Daniyar ilə keçirmək?! Cəmilə cəsarətlidir. O səbəbdən də ətrafın nə dediyi
onunçün əhəmiyyət kəsb etmir. Bir özünü, bir sevgisini, bir namusunu, bir də
xoş xəyallarını alıb Daniyar ilə həmişəlik çıxıb gedir.
Tamaşaya keçid...
Rejissor Qırğızıstanın əməkdar
artisti Assol Moldokmatova və aktyorlar Akılbek qızı Aynur (Cəmilə), Ruslan
Kurmanalıyev (Daniyar), Sabırjan
uulu Sanjarın (Seit) ilə diqqətləri
özünə cəmləyə bilən tamaşa qırğız dilində təqdim olundu. Necə deyərlər, bir
musiqinin, bir də sevginin dili olmur. Bunun üçün görməyə göz, hiss etməyə ürək
lazımdır. Gerisini özünüz anlayacaqsınız.
Rejissor personajların sayını üçə
endirib. Tamaşanı elə qurub ki, cəmi üç personaj iştirak etsə də, bütün hadisələr
əhatə edilib. Rejissor tamaşa üçün çox maraqlı forma həlli tapıb. Tamaşada at
arabaları ilə stansiyaya taxıl daşınması təsvir edilir. Burada səhnəni bir
taxıl zəmisinə bənzədən rejissor ətrafa taxıl kisələri, səhnəyə isə buğda dənəcikləri
qoyub. Daniyar ilk dəfə gələndə doğma yurdunu sanki qucaqlayır, yerə çökür və
aclıqdan əlinə aldığı buğdaları təngnəfəs yeməyə başlayır. At arabalarını təsvir
etmək üçün isə bir-birindən aralıda dəmir parçasına bərkidilən üç araba təkəri
kifayət etmişdir. Rejissor şərti elementlərdən istifadə edərək, aktyorların köməkliyi
ilə hərəkətə gətirilən həmən təkərlərin arabada olma effektini çox düzgün verə
bilmişdir. Tamaşaçılar sanki uzaqlan üç at arabasının getdiyini görür. Bir tərəfdən
təkərlər, digər tərəfdən aktyorların ara-sıra arabadaymış kimi yerlərində ləngər
vurması, əslində, hərəkət etməyən səhnənin fırlanması təsəvvürünü yaradır.
Çayın təsvir edildiyi səhnədə isə açıq mavi rəngdə uzun tül parçanı Seit elə gətirir
yerə salır ki, elə bil Cəmilə, doğurdan da, çayda paltar yuyur. Gecə effektləri
də gözəl tapılıb. Gecənin sakitliyində Daniyar sevgi nəğməsini oxuyur, Cəmilə
ilə Sent isə onu heyranlıqla dinləyirlər. Bu dəmdə səhnənin gah arxa, gah da
yuxarı işıqları arabir yanıb sönən ulduzları xatırladır. Bundan əlavə, bu dəfə
arabanın təkərlərindən dəmir parçasının üzərinə əlavə edilmiş və aralarına
uclarına balaca fənərlər bərkidilmiş mavi parçalar asılır. Bu da, bir növ, gecə
uçan işıldaböcəkləri xatırladır.
Son nəticə....
Dərin hisslərlə, sevgi ilə
oynanılan tamaşa sonda seyrçilər tərəfindən ayaqüstə alqışlarla mükafatlandırıldı. Bu alqışlar Çingiz Aytmatovun ruhuna, ölməz əsrlərinə
və ən nəhayət, özünə olan sonsuz sevgi və sayğının əvəzi idi.
Nigar Pirimova
Teatrşünas