• cümə, 29 Mart, 11:14
  • Baku Bakı 5°C

Sevgi, bağlılıq, hörmət, qayğı, anlaşma, dürüstlük – AİLƏ

05.05.17 12:00 6853
Sevgi, bağlılıq, hörmət, qayğı, anlaşma, dürüstlük – AİLƏ
Fuad Cəfərov: "Fikirləşdim ki, armudu stəkanda şəkil paylaşan qız pis olmaz”

"Facebook”da dost olsalar da, "salam-sağ ol”la belə ehtiyac görməyiblər. Bir dəfə xanımın dostluğunda olan bəylərdən biri belə bir status paylaşır: "Artıq evə gələndə bir uşağın, "ata” deyərək qucağıma qaçmağını istəyirəm”. O da "İnşallah tezliklə arzunuza çatarsınız”, – deyə rəy yazır. Amma bu, unudulub gedir...
Artıq onlar evli olanda təsadüfən bu statusu görürlər. Statusu yazan Fuad, şərhi yazan isə Günay idi... Müsahiblərimiz ATV telekanalının müxbiri Günay Elşadqızı və Azərbaycan Yaradıcılıq Fondunun təşkilat şöbəsinin rəhbəri, "Multikulturalizm" jurnalının satış direktoru Fuad Cəfərovdur.

"Bir də baxdım ki, artıq ailə qurmuşuq”

Tanışlıqları dostlarının sayəsində olur. Günay deyir ki, o, heç vaxt belə bir tanışlıqla kiminləsə ailə quracağını ağlına gətirməyib: "Şəhriyar və Nərmin adlı virtual dostlarım var idi. İndi artıq yaxın ailəvi dostlarımızdır. Onlar Fuadla illərdir ki, dostluq edirmişlər. Fuad da dostluğumda olub, amma "salam, "sağ ol”umuz olmayıb. Bir gün səhər Şəhriyar mənə yazdı ki, Fuad Cəfərovu tanıyırsan? Dedim, sadəcə, dostluğumda var, əlaqəmiz yoxdur. Yazdı ki, o səni sevir. Şok oldum, dedim səhər tezdən bu nə zarafatdır? O isə tam ciddi olduğunu, Fuadın mənə yazacağını dedi. Düzü, yenə də zarafat olduğunu düşündüm, çünki bir-birimizi həyatda tanımırdıq. Bir az sonra Fuad özü yazdı, "tanış olmaq istəyirəm” və s. kimi ənənəvi giriş nitqi etmədən birbaşa sevgidən, ailə qurmaqdan söhbət açdı. O yazır, amma mənə qəribə gəlirdi. Deyirdim ki, belə tanışlıq olar? Realda onu tanımıram, o, Şəhriyar vasitəsilə məni tanıyıb, haqqımda məlumat toplayıb. Mən ona tanış olmadığımızı, bunu Şəhriyarın bir zarafatı kimi qəbul etdiyimi dedim. Fikrinin ciddi olduğunu bildirdi. Özü haqda mənə çoxlu məlumat verməyə başladı. Əl çəkmirdi. Fuadın haqqında dostları çox yaxşı sözlər deyir, gözəl ailə adamı olduğunu bildirirdilər. Qısa zamanda proseslər elə getdi ki, narazı olduğumu desəm də, bir də baxdım ki, artıq ailə qurmuşuq”.

"Fikirləşdim ki, armudu stəkanda şəkil paylaşan qız pis olmaz”

Fuad deyir ki, Günay üçün qəfləti olan bu tanışlıq cəhdi üçün o, bir ay hazırlaşıb: "Düzdür, əvvəl realda tanış deyildik, amma həyatda görmək bəzən heç nəyi dəyişmir. Şəklə baxanda da Günay haqqında təəssüratım yaranmışdı. Şəhriyarı xanımı ilə mən tanış etmişdim. Bilirdim ki, Şəhriyar mənim xasiyyətimi bilir, əgər o da Günayın mənə uyğun olduğunu deyirsə, deməli, həqiqətən elədir. Müəyyən yaşa çatmışdıq, düzənli bir ailəyə ehtiyac var idi. Günay prosesin qəflətən olduğunu deyir, amma Şəhriyarla mən bir ay hazırlaşmışdıq. Günay son anda bildi. Günay profilinə armudu stəkanda çay şəkli qoymuşdu. Fikirləşdim ki, armudu stəkanda şəkil paylaşan qız pis olmaz (gülür)”.

"İlk görüşdə anasını çox sevdim”


Günay deyir ki, tanışlıqları ilə toy qərarı verilməsi arasında çox qısa zaman keçib: "Şok olurdum ki, bunlar necə baş verir? Hətta mən özüm də razı olmadığım halda, proseslər necə bu cür gedir? Martda tanış olduq, apreldə Fuad dedi ki, anası Bakıya gəlib, mənimlə tanış olmaq istəyir. İlk görüşdə anasını çox sevdim. Avqustda nişanımız oldu. Hətta nişanımız olmadan öncə bir gün işdən çıxıb Fuadla görüşdük. Anası zəng vurub harada olduğunu soruşdu. O da mənimlə şəhərdə olduğunu dedi. Anası "xəbəriniz olsun ki, oktyabrın 27-də sizin toyunuzla bağlı restorandan gün təyin etmişik” dedi. İkimiz də təəccüblənmişdik. Ailələrimiz arasında razılıq var idi, amma hələ nişan olmamışdı. Elə həmin tarixdə də evləndik. 4 ildir evliyik, 3 yaşında Məryəm adlı bir qızımız var”.
"Mən cəmiyyətə bir az daha açığam, Günay nisbətən qapalıdır”

Xoşbəxt olduqlarını deyirlər, amma buna baxmayaraq, fərqli xüsusiyyətləri də var. Fuad deyir ki, Günay ən xırda bir məsələ ilə bağlı qərar vermək üçün çox fikirləşir: "Günay bir şey haqda 2 saat fikirləşəndən sonra qərar verənə qədər, mən həmin vaxtda o işi görüb, konkret nəticə ala biləcək adamam. Mənim geyimlərimi Günay seçir. Bəzən Günay mənim işə nə geyinəcəyimi fikirləşincə, işə gedib qayıdıram (gülür). Mən cəmiyyətə bir az daha açığam, Günay nisbətən qapalıdır. Tanış olduğumuz vaxtlarda Günayın bizim fərqli olduğumuzla bağlı dediyi məqamlara da toxunum. O vaxt subay idim, hər gün dostlarla axşam hardasa otururduq. Günay o şeylərdən qorxurdu. Sonra gördü ki, bunlar bizim çox rahat həll edəcəyimiz adi problemlərdir. Əslində o, problem deyildi, yaşam tərzi idi. O vaxt məsuliyyətimiz yox idi, evə ancaq paltar dəyişmək üçün gedirdik”.

"Təzə vaxtlar adi şeyi problem edirdim”

Günay deyir ki, bir az qapalı xarakteri olduğu üçün əvvəl Fuadla uyğunlaşa bilməyəcəklərindən qorxurmuş: "Mən onu tanıyanda ətrafındakı insanların çoxunu virtual və ya reallıqda tanıyırdım. Hətta qardaşı Turalla da (Qan Turalı) tanış idik. Fuad və əhatəsindəkilər cəmiyyətə açıq insanlar idilər. Əylənmək, zarafat, dostlarla vaxt keçirməyə çox vaxt ayırırdılar. Mən isə qapalı olmuşam. Ona görə düşünürdüm ki, uyğun gəlməyəcəyik. Ya mən onu sıxacam, ya da o mənim dediklərimə razı olmayacaq. Amma ailələrimizi tanıdıqca, gördüm ki, əslində o qədər də fərqli deyilik. Sadəcə, subay idi, məsuliyyəti yox idi. Ancaq ailə qurduqdan sonra gördük ki, hər şeyi oturub birgə müzakirə etməklə həll etmək olur. Xarakterlərimizin uyğunlaşması cəhətdən evliliyimizin ilk ili mənim üçün bir az çətin oldu. Xoşbəxtlikdən Fuadın ailəsi, ata-anası mənimlə ilk gündən çox mehriban davranıb. Qaynım Turalla çox mehribanıq, onun yoldaşı Könülü isə özümə bacı bilirəm. Amma bütün bunlara baxmayaraq, təzə vaxtlar adi şeyi problem edirdim. Həmin məqamlarda Fuadın sayəsində çıxış yolu tapırdıq. Ona görə həmişə Fuada deyirəm ki, sən mənə qarşı o qədər qətiyyətli olmasaydın, ailə olmağımız çətin olardı”.

20 dəqiqə davam edək küsülülük...

Kənardan baxanda hədsiz dərəcədə mehriban olduqları ilə bağlı təəssürat yaranır ki, adam ağlına da gətirmir ki, mübahisə edə bilərlər. Amma mübahisələri olurmuş. Fuad deyir ki, küsülülükləri 20 dəqiqədən çox olmur: "Mübahisələrimiz həmişə maksimum 20 dəqiqə çəkir. Bu problem gözəl bir hədiyyə ilə, xoş sözlə həllini tapır. Bilirsiniz, bu gün istənilən qadın və kişi üçün ailədən üz döndərib getmək çox asandır. Ailənin möhkəmliyində Günay mənim rolumun çox olduğunu deyir. Amma mənim elə hərəkətlərim olub ki, bir az eqoist xanım ailəni dağıda bilərdi. Söhbət xəyanətdən getmir. Məsələn, demişəm ki, dostum xəstədir, onun yanındayam. Amma restoranda oturmuşuq, evə gec gəlmişəm. Gələnə qədər bir şirinlik yaratmışam ki, ciddi problemimiz olmayıb (gülür). Amma indi elə şeylər olmur”.
Günay isə Fuadla küsülü qalmağın mümkün olmadığını deyir: "Xarakteri elədir ki, adam küsülü qala bilmir. Mən küsəyən adamam, amma qətiyyən kinim yoxdur”.
Fuad deyir ki, əsas mübahisələri filmə baxanda onun yatmağı olur: "Televizora baxandan 15 dəqiqə sonra yatıram, bir də film qurtaranda oyanıram. Bizim davamızın əksəriyyəti buna görə olur. Həmişə söz verirəm ki, bu dəfə yatmadan baxacağam, amma alınmır. Bircə kinoteatrlarda yatmıram, o da biletə pul veririk, pulun boşa çıxmamağı üçün dözürəm (gülür )”.

"Günaya xəyanət etmək bu dünyada görəcəyim axırıncı işdir”


Qısqanclıq da olur, amma Günay deyir ki, bir-birlərinə inamları böyükdür: "Fuadı xarakterinə görə çox sevmişəm. Universitetdə qiyabi təhsil alırdım, 17 yaşımdan işləyirəm. Sərbəst olmağa öyrəşmişəm, "Ora getmə” sözünü qəbul etməmişəm. Məni jurnalistikadan ayırmaq çətindir. Düzü, ağlıma gəlməmişdi ki, ailə quracağım şəxsi jurnalistikadan tapacağam. Biz evlənəndə Fuad da jurnalist kimi fəaliyyət göstərirdi, ona görə mənə iş cəhətdən də rahat oldu. İş sərbəstliyimə mane olmayıb, hörmətlə yanaşıb. Elə sahədəyik ki, ətrafımızda çoxlu insanlar olur, amma biz bir-birimizi başa düşürük. Arada qısqanclıqlar olur, amma bir-birimizə özümüz qədər inanırıq. Əksini göstərəcək nə isə olmayıb. Sevgi olan yerdə qısqanclıq da olur”.
Fuad Günayın da arada qısqanclıq etdiyini deyir: "Bir-iki dəfə başqa xanımlarla mesajlarımı görüb. Mən də mesajlaşmanı əvvəldən axıra qədər göstərmişəm. Görüb ki, bütün mesajlarda Günay haqda, onun sevməyim haqda danışıram, onu tərifləyirəm. Günayın belə məqamlarda qısqanclıq üçün utandığı da olub. Günaya xəyanət etmək bu dünyada görəcəyim axırıncı işdir. Heç vaxt belə etmərəm”.

"Günay yeməyi yola vermir”

Fuad deyir ki, yeməyi sevən adamdır, həyat yoldaşının bişirdiyi yeməkləri də bəyənir: "Görünüşüm yeməyi sevən adam olduğumu göstərir. Evlənən vaxt Günaya demişəm ki, işləməyində heç bir problem yoxdur, amma xahiş edirəm, evə gələndən 20 dəqiqə sonra yemək masada olsun. Bu əmr deyil, olur ki, Günayın başı ağrıyır, harasa yeməyə gedirik, yaxud sifariş veririk. Amma Günayın işi yemək bişirməyinə mane olmur. Günorta evdə yemirik, amma axşam evdə ad günü kimi süfrə açılır. Bir də Günay yeməyi yola vermir. Çox əziyyət çəkməli olsa da, bundan çəkinmir. Bir dəfə bir görüşdə idim, Günay zəng vurub ki, dovğa bişirirəm, yumru düyü yoxdur, uzun düyü ilə bişirsəm olar? (gülür )”.
Günay deyir ki, evlənənə qədər işin əlindən yemək bişirməyə vaxtı olmayıb, amma ailə qurandan sonra qısa zamanda bu işi mənimsəyib: "Anam, nənəm, qohumlarım hədsiz gözəl yeməklər bişiriblər. Mən işlədiyim üçün yemək bişirməyə vaxt olmayıb. Həmişə evdəkilər problem edirdilər ki, ailə quranda heç nə edə bilməyəcəksən. Nadir hallarda subay vaxtı yemək bişirmişəm. Ailə qurandan sonra bir müddət "mama, filan şeyi necə edim?” sualı ilə telefondan asılı qalırdım. Qısa müddətdən sonra öyrəndim. Əvvəldən də görmüşdüm, beynimə yazılmışdı, sadəcə, təcrübədə tətbiq etməmişdim, bir-iki cəhddən sonra bişirməklə bağlı problemim olmadı”.

"Ailədə insanları bir-birinə kağız parçası bağlamır”


Günaya görə, evlilikdən sonra əvvəlki sevgi bağlılığa, hörmətə, qayğıya çevrilir. Bu olmasa, bir arada olmaq, ailəni qorumaq olmaz: "20 ilin evlisi deyilik ki, deyəcəyimiz çox söz olsun. 4 ildir ailəliyik. Düşünürəm ki, ailəni qorumaq üçün insanın bir-birinə ürəyi yanmalıdır. Ailəni qorumağa, kənar söhbətlərin daxil olmasının qarşısını almağa çalışırıq. Hər şeyi bir-birimizlə məsləhətləşirik. Sevgi, bağlılıq, hörmət, qayğı, anlaşma olarsa, o ailənin xoşbəxtliyinə heç nə mane ola bilməz”.
Fuada görə, ailəni qorumaq üçün bəşəri səviyyədə nələrsə etməyə ehtiyac yoxdur: "Dürüstlük, qarşılıqlı hörmət olmalıdır. Məsələn, yoldaşının evdə başı ağrıyırsa, sən dostlarla hardasa oturub deyib-gülürsənsə, bu, ailəyə normal yanaşmanın olmadığının göstəricisidir. Ailədə insanları bir-birinə kağız parçası bağlamır. Bu qatardan bir neçə saat sonra düşməyəcəksən ki, müvəqqəti süni ola biləsən. Bu, ömürlükdür. Sevgi və qarşılıqlı hörmət olmalıdır ki, ailə olsun”.
Aygün Asimqızı



banner

Oxşar Xəbərlər