• cümə, 29 Mart, 02:03
  • Baku Bakı 7°C

Sevənlər üçün hər gün Sevgililər günüdür

14.02.15 06:38 8378
Sevənlər üçün hər gün Sevgililər günüdür
Dünyanın hər bir yerində qeyd edilən Sevgililər günü özünü sevgi yolunda fəda edən St.Valentinin xətrinə keçilir. Biz də isə Sevgililər günü həm də iyunun 30-da qeyd edilir. Bu tarix 1990-cı il 20 Yanvar faciəsi zamanı həlak olan İlham və onun həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır. Azərbaycanda insanların çoxu Sevgililər gününü bu gün qeyd edir ki, onların sırasına bizim şou-biznes əhli də daxildir.
Biz də gündəmdə olan şou nümayəndələrindən onlar üçün sevginin anlamını soruşduq. Eyni zamanda, onlardan hansı tarixi Sevgililər günü hesab etdiklərini də xəbər aldıq. Çoxları cavab verdi ki, sevginin xüsusi bir günü olmur, sevən insan üçün hər gün sevgililər günüdür.
Gənc ifaçı İradə İbrahimova bizimlə söhbətində öz sevgisindən danışdı: “Nigaha girənə qədər Sevgililər gününü ənənəvi şəkildə qeyd etmişəm. Ancaq son bir neçə ildir ki, 8 Martı, Sevgililər gününü yalnız dostlarımıza qonaq gedərək, yaxud kinoteatrda filmə baxaraq qeyd edirik. Həmin gün qarşı tərəfdən gələn hədiyyənin mənim üçün heç bir fərqi yoxdur. Mənə gəlincə isə, bəzən hədiyyə verirəm, bəzən də təbrikimi sözlə ifadə edirəm. Hesab edirəm ki, sevgimizi dəyərləndirmək üçün hansısa günü gözləmək o qədər də vacib deyil”.
Bu gün İstanbulda olacağını qeyd edən İ.İbrahimova əvvəlcədən həyat yoldaşı Ceyhunla kinoteatra gedib, sevdikləri filmlərdən birini izləyəcəklərini planlaşdırdıqlarını dedi: “Yəqin hər şey planlaşdırdığımız kimi də olacaq. Yoldaşım indiyə qədər mənə çox yaddaqalan hədiyyələr hədiyyə edib. Bahalı və qeyri-adi hədiyyələr alır. Mənim üçün hədiyyədən öndə ailədəkilərin bir-birinə olan sevgisidir. Şükürlər olsun ki, bu gün bundan məhrum deyiləm”.
Əməkdar artisti Aybəniz Haşımova hesab edir ki, sevgi həyatda ən böyük qüvvədir. İnsanları bu həyatda yaşamağa, yaratmağa vadar edən məfhumdur: “Bəşəriyyətin bütün yaratdıqları sevgi məfhumu altında yaşayır. Sevgisiz həyat yoxdur! Sevgi tək bir qızın oğlana olan məhəbbəti demək deyil. Hər şeyə sevgi olmalıdır. Mən sevməsəm, ifa etdiyim mahnıları oxuya bilərəmmi? Mən həmişə deyirəm, ən böyük məhəbbətim Allahım, ondan sonra sevgimdir. O sevgim ki, məni yaşadır. Ümumbəşəri sevgidir. Onun ünvanı yoxdur. Mənim bütün həyatımı idarə edən, izləyən və onu gələcəyə aparan böyük bir sevgi məfhumu var. Mən bütün nailiyyətlərimə görə öncə Allahıma, sonra o sevgiyə borcluyam. Çünki o sevgi olmasaydı, yəqin bu gün Aybəniz Haşımova adı olmazdı. Məni məhz qəlbimdə bütün insanlığa olan sevgi yaşadır. Mən həyatda çox pisliklərlə də rastlaşdım. Amma bu pisliklər məni sevgimdən döndərə bilmədi. Mənim sevgim hər şeyin üstündə dayandı. Sevgi bir istedaddır. Onu Allah hər adama vermir, seçilmiş insanlara verir. Kimə az, kimə çox... Mən düşünürəm ki, Allah mənə hər şeyi bütöv verib. Bu qədər sevgini qəlbimdə daşıya bilirəmsə, Allahıma çox minnətdaram. Bir də, sevginin ağlı olmalıdır. Ağılsız sevginin sonu yoxdur. Mən ən çox bilirsiniz nəyə sevinirəm? Həmişə ağılla sevmişəm. Layiqli, layiqsiz nəyisə və ya kimisə sevmək olmaz. Dərindən yoxlanılmamış sevgiyə hisslərini xərcləmək olmaz. Çünki əvəzində yana bilərsən. Adam, bilirsiz nə vaxt ölür? Qəlbində məhəbbət öləndə”.
Müğənni Xumar Qədimova isə mətbuata açıqlamasında yaşadığı sevgilərindən danışıb. O, ilk sevgisini belə xatırlayır: “Böyük bacımın toyu olmuşdu. Həmin məclisdə xoşum gələn bir oğlan var idi. Bu barədə ilk dəfə danışıram. Amma oğlan ondan xoşum gəldiyini bilmirdi. Kədərli oturmuşdum. Bacımgil elə bildi ki, mən də ailə qurmaq istədiyim üçün kədərliyəm. Bacım gəlib dedi ki, inşallah, sənin də toyun olar. Amma bilmədilər mən niyə kədərliyəm. O vaxtlar balacaydım”.
Tar ifaçısı Humay Qədimova isə bizimlə söhbətində hər il 14 fevralda naməlum şəxs tərəfindən hədiyyə aldığını, amma hədiyyə göndərinin kimliyindən xəbərsiz olduğunu bildirdi: “Bu günü mən rəfiqələrimlə birgə keçirəcəm. 14 fevralı özəl gün kimi qeyd etmirəm”.
İfaçı Vüsalə Rəcəbova Sevgililər gününü Bakıdan kənarda, xarici ölkələrin birində sevgilisi ilə qeyd edəcək. Qafur bəyin ona sevgisinin ciddi olduğunu bilsə də, Vüsalə xanım nigah qurmağa tələsmir. O, həyatlarında hər günün sevgi dolu olduğunu bildirib.
Leyla Babayeva isə hazırda “Körpü” proqramı ilə əlaqədar olaraq Türkiyədə olduğunu, Sevgililər gününə gəlincə isə, hazırda həyatında özəl birinin olmadığını qeyd etdi: “Səhərin gözü açılmamış adama belə sual verərlər? Sevgililər günü yalnız iki sevgili arasında qeyd edilir. Mənim üçün sevginin günü yoxdur. İstər 14 fevral olsun, istər 30 iyun. Amma mütləq şəkildə bir gün Sevgililər günü kimi qeyd ediləcəksə, hesab edirəm ki, hər cütlüyün öz sevgililər günü olmalıdır. Sevgini hiss etdikləri bir gün onların Sevgililər günü olmalıdır və hər il o günü qeyd etməlidirlər. Amma Sevgililər günü yox, Sevgi günü olsa, onu qeyd edərəm. Çünki, sevgi dolu biri insanam. İnsanları, heyvanları, təbiəti sevirəm. Mənim üçün sevgi varlıq, Allah deməkdir”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər