Sevdiyiniz şəxsdə xəstəlik aşkarlansa, nikaha girməkdən imtina edərsiniz? - Polemika
Evlilik uzun və çətin bir yoldur. Bu yolda
özünüzə həyat yoldaşı kimi seçdiyiniz insanın sizə yar olması, ailə yolunda
əlinizi buraxmaması gözlənilən və arzu ediləndir. Təkcə sevgi ailə həyatını
sağlam davam etdirmək üçün əlbəttə ki, kifayət etmir. Qarşılıqlı sədaqət,
hörmət, dəyərləndirmə ailə üçün çox vacib amillərdir. Cütlüklərin fiziki
sağlamlığı da təbii ki, önəmlidir. Bu cəhətlərin hamısı bir yerdə cəmləşdikdə,
ailənin sağlam və uzun ömürlü olması ehtimalı yüksəkdir.
Son zamanlar "Nikaha daxil olmaq istəyənlərdə
QİÇS aşkarlandı” başlıqlı xəbərlərə çox rast gəlirik. Hətta bu cür xəstəliklər
aşkarlandıqda, nikah bağlamaqdan imtina edənlər də olur. Bu dəfə gənclərlə bu
mövzunu müzakirə etdik. Sevdiyiniz şəxsdə xəstəlik aşkarlansa, nikaha girməkdən
imtina edərsiniz?
"Tibbi
müayinənin nəticələrinə önəm verməyib evlənənlər də olur”
Elnur
Qurbanlı – Astara İdman və gənclər idarəsində baş məsləhətçi:
Elnur deyir ki, dünyaya xəstə bir uşaq
gətirmək insan vicdanına sığmaz: "Bu, son dövrlərin aktual məsələsidir. Mənə
görə, dünyada ən abstrakt və eyni zamanda olmazsa-olmaz dediyim duyğu
məhəbbətdir. Gənclər bu gün sevgini çox dəyişkən, sürətli və çevik formada
yaşayırlar. Nəzərə alsaq ki cəmiyyətdə xəstəliklərin sayı və növləri
günü-gündən artır, deməli, bu sahəyə diqqətin artırılması prioritet məsələyə
çevrilir. Çox yaxşı addımdır ki, iki şəxs nikaha daxil olmamışdan əvvəl tibbi
yoxlanışdan keçir. Amma elə problemlərin ilkin başlanğıcı da bu olur. Belə ki,
yoxlanış zamanı cütlüklərdən birində hər hansı xəstəlik aşkar olunarsa, onlar
iki seçim arasında qalırlar: sevgi, yoxsa məntiq? Təbii ki, sevdiyin insanla
çıxdığın bu ömür yoluna davam etmək məhəbbətin göstəricisidir. Lakin məntiqi
cəhətdən düzgün deyil. Çünki dünyaya xəstə bir uşaq gətirmək insan vicdanına
sığmaz. Bu zaman məntiqli addım ataraq müalicə almaq lazımdır. Əgər sağlamlıq bərpa
olunarsa, evlənmək olar. Əks halda, məcburən bu sevgidən uzaqlaşmaq daha
məqsədəuyğun olar”.
Müsahibimiz qeyd edir ki, ailə qurmamışdan öncə
mütləq tibbi müayinədən keçmək və bunu qarşı tərəfdən gizlətməmək lazımdır:
"Çünki bəzən görürük ki, tibbi müayinənin nəticələrinə önəm verməyib evlənənlər
də olur. Düşünürəm ki, keçici virus daşıyıcısı olan şəxsə heç olmasa, bir
müddət evlənmək qadağası qoyulsun. Bu halda aiddiyyatı qurumlar məsələyə
müdaxilə etsə, yaxşı olar. Təbii ki, heç kimin evlənmək hüququnu əlindən almaq
olmaz, amma bir müddət profilaktik tədbirlərin görülməsinə ehtiyac var”.
"Tək
sevgi ilə xoşbəxt olmaq olmur”
Hicranə
İsmayılova - tələbə
Hicranəyə görə, sevgi hər zaman qalib
gəlmir: "Mənə görə, evlənmək yalnız iki şəxsin bir-birini sevməsi ilə
reallaşmır. Ortaq məqsəd var - ailə olmaq. Əgər xəstəlik övlad sahibi, ailə
olmağa imkan verməyəcəksə, çox çətin olsa belə, evlənməkdən imtina edərəm.
Çünki arada nə qədər sevgi olsa belə, verilən qərar hər iki tərəf üçün birmüddətdən
sonra peşmanlıqla nəticələnə bilər. Bizim düşündüyümüz kimi, sevgi hər zaman
qalib gələ bilmir. Problemlər yavaş-yavaş baş qaldırdığı vaxt sevgini məyusluq,
peşmanlıq hissləri əvəz edir. Sevgi çarpışır qələbə üçün, ancaq gücü çatmır.
Tək sevgi ilə xoşbəxt olmaq olmur. Sevgi üçün çox şeyin üstündən xətt çəkə
bilərsən, ancaq bu xətt çəkdiklərini qəbul etmək asan iş deyil”.
Müsahibimiz deyir ki, problem qarşı tərəfdə yox, onun özündə də olsa, bir
saniyə belə itirmədən münasibəti sonlandırar: "Öz xoşbəxtliyim üçün qarşımdakı
insanın öz xoşbəxtliyindən imtina etməyinə dözə bilmərəm, buna razı olmaram. Bu
məqamda hisslərlə yox, ağılla hərəkət etmək lazımdır. Təbii ki, əgər xəstəliyin
çarəsi varsa, zaman lazımdırsa, onunla birgə sona qədər mübarizə apararam. Ancaq
mənim başıma bu hal gəlsə, illər lazım olsa, istəmərəm ki, yanımdakı insan
mənimlə birgə mübarizə aparsın”.
"Xəstəlikdə
məni tək qoyacaqsa, insanlıqdan uzaqdır”
Aynur
Osmanqızı - jurnalist
Aynur bildirir ki, həyat prinsipinə uyğun olaraq
öncə həmin şeyin əksini fikirləşir, "mən olsam, məndə olsa, mən eləsəm, mənim
başıma gəlsə” kimi suallara cavab tapmağa çalışır: "Əgər özümdə xəstəlik çıxsa,
mənimlə evlənəcək olan insanın necə hərəkət etməsini istədiyimi özüm üçün
müəyyənləşdirərəm. Əgər xəstəliyim keçici, sevdiyim şəxsə ziyan vuran bir
şeydirsə, təbii ki, heç onun məni qəbul etməyini özüm istəmərəm. Yəni, onun
hansısa qərar verməyini gözləməyə ehtiyac qalmaz. Olmaz! Mən sevdiklərimin heç
birinə zərrə qədər ziyan vura bilmərəm, əgər yanlarında olmağım onlara
zərərdirsə, qoy uzaqda olum, amma onlar sağ olsun, yaxşı olsun. "Evlənməməlisənsə,
düşmən olmalısan” deyə bir şey yoxdur, keçici xəstəlik aşkarlanıbsa, evlilik
söhbətini bağlayıb dost da qalmaq olar. İstənilən halda yanımda ola bilər. Hadisələrə
soyuqqanlı yanaşmaq lazımdır.
Yox müalicə, dəstək ilə sağalacaq bir xəstəlik
aşkarlanıbsa, mənə dəstək olmağını, yanımda olmağını istəyərdim. Çünki mən də
ona qarşı eyni şeyi edərəm. Hər hansı xəstəlikdə, çətinlikdə məni tək qoyan
insan ümumiyyətlə insanlıqdan uzaqdır”.
Müsahibimiz qeyd edir ki, heç kim xəstəliklərdən
sığortalanmayıb, amma heç kimin də öz eqosu üçün başqasının həyatını məhv
etməyə ixtiyarı yoxdur: "Heç bir halda vaz keçmərəm, bəs sevgi?" -
deyənlərə isə deyirəm ki, sevdiyini incidə, ona hansısa xəstəliyi keçirə
biləcək gücünüz varsa (və ya əksinə, qarşı tərəf bu qərardadırsa), bu, sevgi
deyil, elə indidən vaz keçin. Sevgi sevdiyini göz bəbəyin kimi qorumaqdır. Hətta
o, yaxşı, sağlam, xoşbəxt olsun, yaşasın deyə, ondan vaz keçə bilməkdir.
Sevdiklərinizi qoruyun, hətta özünüzdən də qoruyun”.
Günel Azadə