• cümə, 29 Mart, 14:17
  • Baku Bakı 14°C

Səudiyyə Ərəbistanı TAPİ-yə əlavə investisiya ayıracaq

22.10.18 16:35 526
Səudiyyə Ərəbistanı TAPİ-yə əlavə investisiya ayıracaq
Səudiyyə Ərəbistanı Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPİ) transmilli qaz kəməri layihəsinin türkmən hissəsinin inşası üçün əlavə investisiyalar ayıracaq. Bu barədə türkmən tərəfinin yaydığı məlumatda bildirilir.
Lakin ekspertlər bu layihəyə həqiqətən də maliyyə ayrılacağı, ümumiyyətlə onun reallaşacağına şübhə ilə yanaşırlar. Hələ ki, TAPİ layihəsi, Transxəzər qaz kəməri layihəsi kimi kağız üzərindədir. Səudiyyəlilər vəd ediblər ki, Əfqanıstan, Pakistan və Hindistana kimi uzanacaq qaz kəmərinə əlavə vəsait ayıracaqlar. Bu barədə razılıq Aşqabadda səfərdə olan Səudiyyə Ərəbistanının ticarət naziri Məcid bin Abdulla Əl Kasabinin prezident Qurbanqulu Berdıməhəmmədovla görüşündən sonra bəyan edilib. Səudiyyəli nazir Türkmənistana ticarət-iqtisadi əməkdaşlıq üzrə dövlətlərarası türkmən-səudiyyə komissiyasının iclasında iştirak üçün gəlib. TAPİ layihəsi ötən əsrin 90-ı illərindən müzakirə olunur. Yalnız 2010-cu ildə Aşqabadda iştirakçı dövlətlərin iştirakı ilə uzunluğu 1800 km. olacaq layihənin inşası ilə bağlı dövlətlərarası sənədə imza atılıb. Qaz kəmərinin ilk 214 km-i Türkmənistan ərazisi ilə "Qalxınış” qaz yatağından start götürməlidir. Yerdə qalan 774 km. Əfqanıstan ərazisindən, 826 km. isə Pakistan ərazisindən Hindistanla sərhəd Fazilka məntəqəsinə gedib çatmalıdır. Qaz kəmərinin layihə gücü 33 milyard kub metr təşkil etməlidir. Layihənin qiyməti əvvəlcə 10 milyard dollar qeyd olunsa da, sonradan bu rəqəm artaraq 22,5 mlrd. dollara yüksəldildi.
Tikinti işlərini "TAPI Pipeline” şirkəti aparmalı idi. Bu şirkətin səhmlərinin 85 faizi isə "Türkmenqaz”a, hər biri ayrılıqda 5 faiz isə Əfqanıstanın qaz korporasiyasına, Pakistanın Inter State Gas Systems (Private) Limited və Hindistanın GAIL şirkətlərinə məxsusdur. Lakin layihə hələ də kağız üzərindədir. Əsas problem də odur ki, gələcək layihənin əsas hissəsi Əfqanıstan və Pakistanın sakit olmayan və problemli ərazilərindən keçir. Hələ fevral ayında türkmən KİV-ləri layihənin inşası ilə bağlı işlərə başlanıldığını yazmışdılar. Həqiqətən də fevralın sonlarında boru xəttinin ilk qaynaq işlərinin başlanılması ilə bağlı təntənəli mərasim də keçirilmişdi. Lakin may ayında əfqan tərəfində boru xəttinin keçəcəyi əraziləri minalardan təmizləyən beş nəfərlik qrup yaraqlılar tərəfindən qətlə yetirildi. O zaman "TAPI Pipeline” tərəfindən belə bir bəyanat yayıldı ki, problemlərə baxmayaraq, işlər qrafikə uyğun davam etdiriləcək. Lakin boru xəttinin inşası ilə bağlı işlərə hələ də başlanılmayıb. Ötən həftə Kabulda TAPİ-yə həsr olunmuş sərgi işə başlayıb. Təşkilatçıların məqsədi özəl investorların layihəyə cəlb edilməsi olub. Əfqan tərəfi məlumat verib ki, Əfqanıstanda layihə ilə bağlı hazırlıq işlərinin 95 faizi yerinə yetirilib, praktiki işlərə isə bu ilin sonları, gələn ilin əvvəli başlanılacaq. Pakistan da bu ilin sonlarına kimi öz sahəsində inşa işlərinə başlayacağını vəd edir. Hindistanın layihənin onun ərazisindəki 38 km-lik hissəsinin inşasına razılıq verdiyi hələ 2015-ci ildə bildirilmişdi. İndi isə hindlilər layihənin nə vaxtsa reallaşacağına şübhə ilə yanaşırlar. Hindistanın Neft və Qaz Nazirliyinin keçmiş katibi Saurabx Çandra bildirir ki, layihənin Pakistan və Əfqanıstandan gələn təhlükə üzündən nə vaxtsa reallaşacağına ümid etmir. Halbuki, bu layihədə ən uduşlu tərəf məhz onlardır. Ölkə enerji resursları sahəsində ciddi sıxıntı keçirir və TAPİ-nin işə düşməsi il ərzində ölkənin qaza olan 14 mlrd. kub metrlik tələbatını ödəyə bilər. Türkmənistanın əsas problemi mavi yanacağın əsas alıcıları olan dövlətlərdən uzaqda olmasıdır və Aşqabad bu problemi yeni qaz kəmərlərinin inşası ilə həll etməyə çalışır.
Aşqabadın daha bir ambioz layihəsi – Transxəzər qaz kəməri layihəsidir və bu layihə də TAPİ kimi, 90-cı illərdən müzakirə olunur. Xəzərin dibi ilə inşa olunacaq layihə Türkmənbaşını Bakı ilə birləşdirəcək. Layihə türkmən qazının Avropaya çatdıran Cənub-Qafqaz kəmərinə (Bakı-Tbilisi-Ərzurum) oradan isə TAP-a birləşdirilməli idi. Transxəzər boru xəttinin illik gücünün 30 milyard kub metr olması planlaşdırılır. Avropa İttifaqı ölkələrinə çatdırılacaq mavi yanacağın 10-30 milyard kubmetr həcmində olması planlaşdırılır. Lakin Rusiya bu layihəyə narahatçılıqla yanaşır. Moskva hesab edirl ki, türkmən qazının Avropa bazarlarına çıxışı onların qazına rəqabət yaradır.
TAPİ kimi Transxəzər layihəsi də kağız üzərində qalır. Məsələyə Xəzərin hüquqi statusunun müəyyən olunmasından sonra aydınlıq gətiriləcəyi bildirilsə də, bu, hələ ki, baş vermir. Aşqabadın qaz ixracının diversifikasiyasına cəhd göstərməsi başa düşüləndir. Hələ ki, türkmən qazının əsas alıcısı Çindir. Bu ölkəyə il boyu 30 milyard kubmetr qaz ixrac olunur və ilbəil də həcm artır. Çin gömrük xidmətinin məlumatına görə, ötən il Türkmənistandan ölkəyə 33 milyard kub metr qaz ixrac olunub. Türkmən tərəfi əlavə xətlər inşa ediləcəyi təqdirdə ixracın 65 milyard kub metrə çatacağını istisna etmir. O ki qaldı Rusiyaya, bir neçə ildir "Qazprom”la problem üzündən türkmən qazının bu ölkəyə ixracına son qoyulub. Lakin son vaxtlar bu məsələdə ciddi uğurlar əldə edilib. "Qazprom” rəhbəri Aşqabada gəlib və ilin sonunda türkmən qazının Rusiyaya ixracının bərpası sahəsində konkret danışıqlara başlanılacaq.
Ümumiyyətlə, ekspertlər hesab edirlər ki, Rusiyanın türkmənlərin layihələrindən qorxmasına ehtiyac yoxdur. "Məsələn, TAPİ köhnə layihədir və uzun illədir ki, reallaşmır. Pul məsələsi həlini tapsa da, təhlükəsizlik riski qalır”, - deyə Plexanov adına Rusiya iqtisadi universitetinin dosenti Yekaterina Novikova bildirir. "Və çətin ki, Səudiyyə də bu gələcəyi qaranlıq olan layihəyə maliyyə ayırsın. Türkmənistan onsuz da Çinə böyük həcmdə qaz ixrac edir və bundan yaxşı da qazanır, - deyə ekspert əlavə edib. Onun qənaətincə, türkmənlər üçün Transxəzər layihəsinin reallaşması daha maraqlı olardı. "Lakin burada da problem Rusiyanın məsələdə maraqlı olmamasıdır”, - deyə ekspert fikrini tamamlayıb.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər