• cümə, 29 Mart, 16:48
  • Baku Bakı 14°C

Səssizlik dəlisiyəm – Müsahibə

18.03.14 11:44 1662
Səssizlik dəlisiyəm – Müsahibə
Hər il Türkiyə serial bazarında bir-birindən maraqlı tarixi seriallar yer almaqdadır. Bu mövsüm isə məşhur simaların rol aldıqları “Kurt Seyid və Şura” serialının mövsümün ən reytinqli serialı olacağı söylənilir.
Serialda Kurt Seyid obrazını canlandıran Türkiyənin sevilən aktyoru Kıvanç Tatlıtuğ isə Türkiyə mətbuatına verdiyi müsahibəsində seraillardan daha çox film təklifi gözlədiyini, filmlərin tamaşaçıların yaddaşında daha dərin iz buraxdığını söyləyib.
Xəyallarıma “əlvida” dedim

- Basketbolçu olmaq arzusu ilə yaşayan Kıvanç indi nə üçün aktyordur?

- 1997-ci ildə atam ürək əməliyyatı keçirdi. Ailəmiz Adanadan İstanbula köçdü. Adanada basketbola doğru yolum aydın idi. Artıq Tarsus Amerikan Klubunun basketbol komandasının əsas oyunçusu idim. İstanbulda Ülkərspordan gələn təklifi qəbul etdim, sonra Beşiktaş, Fenerbahçe formasını geyindim. Yenidən Beşiktaşa döndüm və Avropaya açılan qapının düz kandarında dizimdən zədə aldım. Elə o zədə ilə də basketbol xəyallarıma “əlvida” dedim. Həftələrlə depressiyadan çıxmırdım. Basketbolsuz həyatımı necə quracağımı bilmirdim.
- Yəni güzgüyə baxanda özünü yaraşıqlı model kimi də görmürdün?

- Dostlar arada “səndən əla model çıxar” desələr də, əhəmiyyət vermirdim. “Mən idmançıyam, model hara, idman hara?” deyirdim. Bir gün anam Beylik düzündə bir marketin şüşəsinə yapışdırılmış elanı görür: “Professional manekenlərlə çalışmaq istəyirsizmi?” Anam təbii ki, məndən xəbərsiz zəng edir və ona şəkil lazım olduğunu deyirlər. Səhəri şəkillərimdən birini yolüstü həmin ünvana çatdırır. Bir neçə gün sonra telefonuma zəng gəldi. Təəccübləndim, etiraz etdim, dedim, səhv düşmüsüz. Anamın adını eşidincə, hər şey aydın oldu. O aralar vaxtım o qədər mənasız keçirdi ki, maraq xatirinə getdim və hər şeyin o qədər də pis olmadığını gördüm. 2 il həmin şirkətlə çalışdım, sonrasında bildiyiniz şeylər - Best Model fırtınası oldu…
- Sarışınlıqda və gözəllikdə kimə bənzəyirsən?

- Atam eynən mənim kimidir. Bir də ortancıl Ağabəyimlə bənzərliyimiz var. Qalanları əsmərdir. Mənim əcnəbilərə oxşarlığımla bağlı uşaqlıqda başımıza maraqlı bir hadisə gəlib. 6 yaşım olardı, allergiyam olduğundan müalicə alırdım. Həftədə 2 dəfə Adanadan İstanbula gəlib gedirdik. Dəmiryol vağzalının yanındakı böyük oyuncaq mağazasında gözüm bir təyyarədə qalmışdı. Anam söz verdi ki, analizləri verib, qurtarandan sonra o təyyarəni alacaq. Nəsə, iynəmi vurdular, anam həkimlə vidalaşdı, bildim ki, daha gələn həftə İstanbula gəlməyəcəyik. Həmin dükanın yanından keçəndə anamın sözünü yadına saldım. Anam dedi, pulumuz qurtarıb. Hamısı iynə-dərmana getdi. Başladım ağlamağa, anam da qolumdan çəkə-çəkə vağzala aparırdı. Sakitləşmək bilmirdim, bir haray qopartmışdım ki... Bu vaxt dəmiryolu polisləri bu mənzərəni görür və bizə yaxınlaşır: Xanım, nə problem var? Bu uşaq kimdir? Anam deyir, oğlum. Polis bir mənə baxır, bir də əsmər anama, nəsə inanmır və məndən soruşur: Bu qadın sənin anandır? Mən də acığımdan deyirəm ki, bu qadını tanımıram. Elə bu sözü eşidən kimi polislər anamla məni bölməyə aparır. Tərslikdən anamın üstündə heç bir sənəd də yox idi. Bir neçə saatdan sonra İstanbuldakı dayım gəlib, bizi oradan çıxartdı. Yazıq anam…
Hələ yolun başındayam

- Karyeranızın zirvəsindəsiniz desək, heç də yanılmarıq. Bəs siz necə düşünürsünüz, bu gün sizə tələbat varmı?

- Əlbəttə ki, var. Hələ ki mən yaradıcılıq baxımından heç bir şey etmədiyimi düşünürəm. Düzdür, bir sıra seriallarda çəkilmişəm və az da olsa simam tanınır. Yeni layihələrdə iştirak edirəm, ancaq istəyirəm ki, film sahəsində çox irəliləyim. Serialdan daha çox filmlərdə çəkilmək istəyirəm. Yeni layihəni bitirəndən sonra özümə istirahət verəcəm.
- Əvvəllər model olmusunuz. İndi isə aktyor kimi tanınırsınız. Sizin üçün hansı daha yaxşı idi?

- Mən bunların arasında heç bir fərq görmürəm. Bir neçə ildən sonra məndən müsahibə alsanız və o zaman mən aktyorluq edərəmsə, yenə də deyərəm ki, hələ yolun başındayam. Film çəkilişi əslində çox çətindir.
- Xarici seriallara dəvət olunsanız, gedərsinizmi?

- Mən öz ölkəmdə çəkilməkdən məmnunluq duyuram. Filmlərə çəkilərkən “onları başqa ölkədə göstərəcəklərmi” kimi problem yaşamıram. Düzdür, Amerikada, İngiltərədə filmlərim nümayiş olunur. Onun üçün filimə çəkilməyə daha çox üstünlük verirəm, çünki filmin ssenarisi onun dilidir. Mənə rol təklif edərlərsə, öncə ssenariyə baxaram. Dünyanın film sənayesi mərkəzi Hollivudda da ssenarinin tükəndiyini düşünürəm. Filimdə rejissor və ssenarist çox önəmlidir. Mən dünyanın harasına gedirəmsə-gedim, istər Hollivud olsun, istərsə də dünyanın başqa məşhur yeri, düşünürəm ki, oralar mənə Türkiyədəki qədər həyəcanlı olmayacaq. Mən sadəcə etdiyim işə baxıram, gerisi ilə maraqlanmıram.
- Bəs, Türkiyəni xaricdə təmsil etmək necə, istəmirsinizmi?

- Ölkəmi təmsil etmək mənim üçün çox önəmlidir. Ancaq aktyor olaraq müxtəlif ölkələrdə seriallara çəkilmək kimi bir idealım yoxdur. Mənim istəyim filmdə çəkilməkdir, mən onun dərdindəyəm.
- Filmin sizi ruhən yüksəltdiyini düşünürsünüz?

- Seriallara çəkilərək məşhur olsam da, ancaq mən filmdə çəkilməyə üstünlük verirəm. Çünki filmdə mütləq bir məqsədin və hədəfinin olması vacib şərtlərdəndir. Film ölümsüz işdir. Ona görə də bu işi məşhurluq üçün etmək istəmirəm.
- Bəs xaricdə festivallara necə, qatılırsınızmı?

- Əlbəttə. Vaxtım olan kimi festivalları izləyirəm. Tez-tez xaricə səfərlərim olur. Film sevdalısı kimi mənim filmim xaricdə göstərilirsə, ondan çox xoşbəxtlik duyuram.
- Son dəfə çəkildiyiniz film həm xalq tərəfindən izlənən, hə də xarici festivallara qatılan bir layihə oldu. Adətən, festivallara qatılan filmlər tamaşaçılar tərəfindən kifayət qədər sevilmir. Ancaq sizin “Kələbəyin röyası” filminizdə bunun əksi oldu.

- “Kələbəyin röyası”nın festivala gedəcək qədər dəyərli bir iş olduğunu düşünürdüm. Bu filmə çox böyük bir büdcə ayrılmışdı və filmin taleyi də peşəkarlara həvalə olunmuşdu. Əslində, keçmiş dövrlərdən bəhs edən filmlər çəkmək çox çətindir. Bu həddindən artıq maliyyə tələb edir. Sizin fikrinizlə razıyam, ola bilər ki, orada çəkilən aktyorlar tanınmış simalardır, bəlkə də film ona görə Türkiyədə sevildi. Amma həmin filmdə iki gənc bədəndə minlərlə insanların ruhu kimi iki məhv olunmuş həyatdan bəhs olunur. Filmin mövzusu da festivallara çox uyğundur.
Özümdən utandım
- Bu filmdə biz bambaşqa bir Kıvanç gördük. Necə oldu ki, birdən-birə bu qədər dəyişdiniz?
- Filmin üzərində uzun müddət işlədik. Ona görə deyirəm ki, filmdə oynamaq daha yaxşıdır ki, insan hər halı ilə dəyişir. Əslində, bütün filmlərdə bu belədir. Bir düşünün, filmdə həmin insanların taleyinin məsuliyyətini öz üzərinə götürürsən. Sən onları oynamırsan, yaşayırsan. Əlbəttə ki, onların yerində olmaq mümkün deyil, biz aktyorlar da o insanların yaşadıqlarını göstərməyə çalışdıq. Allahdan həmin layihə üçün böyük bir zamanımız vardı, yəni öhdəmizə düşən obrazı daha yaxşı canlandırmaq üçün uzun müddət işlədik. Düşünürəm ki, komanda olaraq bu işin öhdəsindən lazımınca gəldik.
- Filmdə oynadığınız Muzaffer Tayyip xarakterini yaratmaqda çətinlik çəkdinizmi?
- Həmin filimdə çəkilmək üçün 20 kiloqrama yaxın arıqladım. Çəkiliş prosesində yeni insanlar tanıdım. Bu film sayəsində bildim ki, türk ədəbiyyatının çox möhtəşəm şairləri varmış. Düzdür, ədəbiyyata marağım böyükdür, amma Yılmaz Ərdoğan mənə filmin ssenarisini gətirəndə, bu iki qərib şairdən xəbərim yox idi. Açığını desəm, ssenarini oxuyandan sonra araşdırma apardım. Özümdən çox utandım ki, bu insanları indiyə kimi nə üçün tanımamışam. Bu şairləri kəşf edərək böyük həzz yaşadım. Belə ki, keçmiş dövrlərdə ən böyük dərdlərinin şeir olduğu, ədəbiyyat aləmində ustad hesab olunan dostluq sevdası və real həyatda bunların yaşanmış olması insanın tüklərini biz-biz edir.
- Deyəsən, obrazınızın təsirindən hələ xilas ola bilməmisiniz.

- Biz fiziki və duyğusal baxımdan bu xarakteri yaşadıq. Bunu tez bir zamanda unutmaq asan məsələ deyil. Çəkiliş etdiyimiz məkanlar da həqiqətən o insanların yaşamış olduğu yerlər idi. Hiss edirdik ki, şairlərin ruhları o məkanlardadır. Ancaq mən nə qədər hiss edirəm desəm də, daha çox tamaşaçının buna qərar verməsi lazımdır.
- Özünüzə xoşbəxt anlar bəxş etmək üçün nə edirsiniz?

- At minirəm. Səssiz çöl, dəniz kənarı məni sakitləşdirir. Sizə deyim ki, 2 il əvvəl heç belə deyildim. Daha aktiv və şən idim. 27 yaşıma girəndən sanki ağırlaşdım. Davranışımdan məni 30 yaşlı insana bənzədirlər. Mən səssizlik dəlisiyəm. Bu günə qədər də İstanbula alışmamışam. Gecələr də əyləncəli yerlərə, gəzintiyə, küçəyə çıxmağı heç sevmirəm. Ondansa evimizdə dostlarla isti bir “ev məhəbbəti” ortamı qurmaqdan xoşlanıram. Birlikdə televizora, kinoya baxıb, qovrulmuş fındıq yeyirik.
Xəyalə RƏİS
banner

Oxşar Xəbərlər