AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Səslə yox, ürəklə oxumaq...

Səslə yox, ürəklə oxumaq...

10 İyun 2020, 14:15 461
İsmayıl Zeynalov: "Hər şeyi taleyin ixtiyarına buraxmaq istərdim” 
 
Karantin günlərində ölkənin virtual mədəniyyət xəbərlərini gözdən keçirərkən iki gənc oğlanın onlayn-konserinə rast gəldim. Onları – vokalçı İsmayıl Zeynalov və pianoçu Müşfiq Quliyevi bir dəfə Bakı Mədəniyyət İdarəsinin #bizbirlikdegucluyuk #evdeqal #senetinledestekle layihəsində də dinləmişdim. Bu dəfə isə çox uğurlu bir layihəylə qardaş Türkiyədə improvizasiyalı canlı konsertdə çıxış edirdilər.
 
Gənc ifaçıların  repertuar seçimi onların  ciddi bədii və incə musiqi zövqündən xəbər verir. Çünki ifa etdikləri bütün mahnılar milli mahnı yaradıcılığımızın qızıl xəzinəsinə daxildir. Bununla yanaşı, hər bir mahnı İsmayılın özünü təqdim etməsi, ürəyini açması və oxuculara estetik və emosional zövq verməsidir. Kimisə təkrarlamaq, yamsılamaq istəyindən uzaq olması (lap elə atası Azər Zeynalovu olsun), seçilməyə can atmaması xüsusilə onu dəyərli edir.  Onun ifası təbiidir, lirik və ürəkdən gələndir. Sanki özü üçün və ya bəlkə də sevgilisi üçün oxuyur...
Bakı Mədəniyyət İdarəsinin layihəsi çərçivəsində İstanbuldakı konserti baxanda qırx dəqiqə ərzində yuxarı yaşlı təbəqədən olan seyirçilərin keçən əsrdə yaşadıqları həyatı dinlədikləri duyulurdu. Çünki ifa olunan bütün mahnılar demək olar ki, yarım əsr əvvəl yazılıb. Bu günün gərgin vaxtına nostalji ab-hava qatdılar.
İstanbulda olan İsmayıl Zeynalovla əlaqə saxlayıb yaradıcılığı və gələcək planları barədə danışa bildik.
 
– Mənim üçün bunu elə də ciddi əhəmiyyəti yox idi ki, o sənədli film çəkir, yoxsa bədii, – deyir İ. Zeynalov, – onun tələbələri hazırlıq və inkişaf metodikası özünü dorğuldurdu. Buna görə də mən seçimimi bizə həyat dərsi keçən və müəllim-tələbə arasında dərin münasibətlərə nümunə olan L.Kulyoşovun tələbəsi Yalçın müəllimin üzərində  saxladım. Təəssüf ki, biz onu bu yaxınlarda itirdik. Onun gedişiylə həyatımda sanki böyük bir boşluq  yarandı. O, əsl ustad idi, ondan çox şey öyrənmişdim.
 
Mənim diplom işim, eyni zamanda həm də dövlət sifarişi idi. "Yaddaş” studiyasında Azərbaycanın Milli qəhrəmanları haqqında sənədli filmlər çəkilirdi. Salatın Əsgərova haqqında olan filmi mən çəkdim. Film üzərində işləyərkən şair Ramiz Rövşənə müraciət etdim. Artıq ssenarini artıq onunla birgə işlədik. Film bir çox telekanallarda efirə getdi və mənim bu diplom işimin dövlət sifarişi statusu almasına görə çox sevinirdim.
İndi bu film Mədəniyyət Nazirliyinin Dövlət Film fondunda  saxlanılır. Qeyd etməliyəm ki, "Yaddaş” studiyası  sırf sənədli filmlər çəkir, mənim filmimsə janrına görə bədii-sənədli alındı, bu da özlüyündə yenilik idi. Bu filmlə mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin fərqlənmə diplomu ilə məzunu oldum. Və dərhal sonra sənədlərimlə bu filmi Türkiyəyə göndərdim.
 
– Siz niyə konematoqraf təhsilinizi məhz Türkiyədə davam etdirmək qərarına gəldiniz? Təhsilin bu sferasında hansı fərqlər var?
– Mən Türkiyəni bu istiqamətdə daha geniş və dərin təhsil olmaq üçün seçdim. Yalçın müəllim məni o vaxtlar dəstəklədi. Magistraturaya qəbul bakalavrlarla müsahibə yolu ilə baş tutur. Lakin mən Universitet rəhbərliyində rəğbət oyadan təqdim etdiyim işimə görə imtahansız qəbul olundum. Universitetin ən gənc magistri idim. Sən demə xaricdə magistraturaya bizdəki kimi dərhal bakalavrdan sonra deyil, seçdiyin ixtisas üzrə bir neçə il işləyib, uğur qazanandan sonra qəbul olunurmuşlar. Tələbə yoldaşlarımdan çoxunun 30, 40, hətta 52 yaşı olan vardı. Mənimsə cəmi 21 yaşım vardı. Bilgi Universiteti Amerika ali təhsil müəssisəsinin filialı kimi  yaradılmışdı.  Tələbələrin ixtisas, pedaqoq və fənn seçiminə xüsusi önəm verirdi. İki il müddətində müxtəlif fənlər, konematoqraf ixtisası üzrə ciddi biliklər əldə etdim. Bizim universitetdə montaj dərsləri 3-cü kursdan başlayırdı. Halbuki bunu bizə şpaqa oynatmağı öyrətdikləri 1-ci kursdan başlamaq lazım idi. Bunun düzgün olmadığını hesab edirəm. Lazımsız fənlər tədricən tələbələrdə oxumaq şövqünə öldürərək aylar və hətta illər boyu uzanırdı. Təsəvvür edin ki, tələbələr birinci kursda özünü Xalq artisti, ikinci kursda Əməkdar artist, üçüncü kursda isə ondan da aşağı, dördüncü kursda isə məyusluq hissi keçirir və vaxt itkisinə düçar olduqlarını başa düşürdülər. Ona görə də, düşünürəm ki, sənətdə qızıl ortanı tapmaq lazımdır. Amma buna baxmayaraq, özüm vaxtımın çox hissəsini çəkiliş meydançasında keçirir, lazım olan şeyləri orda öyrənirəm. İki il əvvəl – 2018-ci ildə magistraturanı bitirdim.
 
– Hazırda Türkiyədə nə işlə məşğulsunuz?
– Magistraturanı bitirdikdən sonra qardaşımla Bakıya döndüm. "Qaranlıq” filmini çəkdik. O, filmin ssenari müəllifi və quruluşçu rejissoru, mən isə quruluşçu operatoru oldum. O zamanlar Bakıda "Məhəllə-3” filmi çəkilirdi və məni ora quruluşçu-rejissor kimi dəvət etmişdilər.
O ki qaldı İstanbulda indiki fəaliyyətimə, qeyd etməliyəm ki, təhsil aldığım zaman çox yaxşı dostlar qazandım. Və o tələbə yoldaşlarım, müəllimlərimlə indiyə qədər çox yaxın münasibətdəyəm. İstəyirəm ki, burada peşəkar təcrübəmi daha da inkişaf etdirim.
 
– Türkiyə kinematoqrafçılarla ortaq layihələriniz varmı?
– Hazırda yoxdur. Amma bir türk kompaniyası ərəb telekanalı "Əl-Cəzirə” üçün arabesk musiqisinin tarixindən sənədli film çəkir. Filmin quruluşçu-operatoru mənəm. Bu yaxınlarda musiqinin bu janrıyla bağlı müxtəlif reportajlar hazırladıq. Onlardan biri məşhur müğənni Orxan Gəncəbay idi. Türkiyənin peşəkar kinematoqrafçıları ilə işləmək mənim üçün çox xoşdur. Və mən bu istiqamətdə işlərimi davam etdirmək istəyərdim.
 
– Sizin kinematoqrafiya sahəsindəki uğurlarınıza sevinirik. Bəs sizin vokalçılıq fəaliyyətiniz necə oldu? İnternetdə çıxışlarınızı dinləyəndə, insanların gözəl rəylərini oxuyanda musiqinin yaradıcılıq maraqlarınızın dairəsindən kənar olduğuna inanmaq olmur.
– Qeyd etmək istərdim ki, musiqi məndə həvəslə yox, daha çox genetikayla bağlıdır. Mən musiqi sədaları altında doğulub böyümüşəm. Və buna görə də musiqi mənim həyatımın təbii olaraq bir hissəsidir. Mən hətta deyərdim ki, musiqi anlayışım kinematoqrafik sahədə özünü göstərir. Filmin kadrlararası və kadrarxasında mən musiqili düşüncələrə dalıram. Bundan başqa, musiqi bilikləri montaj vaxtı da çox kömək olur. Axı filmin əsas hissələrindən biri də ritm və tempdir ki, onu da düzgün qurmaqdan, saxlamaqdan ötrü ən azından musiqini bilmək, hiss etmək lazımdır. Bunu da deyim ki, atam kinorejissor olmaq arzusunda imiş. Hesab edirəm ki, mən həm özümün, həm də onun arzusunu yerinə yetirirəm. Bu mənə sevinc və fəxarət hiss verir.
 
– İsmayıl, siz vokal dərsləri almısınızmı?
– Fortepiano üzrə 7 illik musiqi təhsili alsam da, vokalla məşğul olmamışam. Lakin bir halda ki Azər Zeynalovun oğluyam evdə atam hər zaman məşq edir, öz üzərində işləyir, konsertlərə hazırlaşırdı deyə mən də istər-istəməz vokalın bəzi qaydalarını öyrənmiş, düzgün ifa tərzinə yiyələnmişəm. Yeni mahnı üzərində işləyəndə həmişə atamın məsləhətlərindən istifadə etmişəm. Pianoçu Müşfiq Quliyevlə çoxdan dostuq. Aradabir Şövkət Ələkbərova, Rəşid Behbudov, Gülağa Məmmədov və s. kimi korifeylərimizin repertuarından mahnılar seçir, ifa edirik. R.Mirişlininin "Bir könül sındırmışam”, S.Kəriminin "Gecikmiş məhəbbət” mahnıları sosial mediada dinləyicilərimiz tərəfindən çox yaxşı qarşılandı. Bu uğur bizi H.Xanməmmədovun "Aldatmayaq bir-birimizi” və s. kimi mahnıları ev şəraitində canlı akustik yazmağa ilhamlandırdı. Mahnı janrından ən çox sevilənləri seçdim və bununla həm o, həm də mahnı janrının klassik əsərlərinə münasibətimi göstərmək istədim. Bundan sonra bizə bir çox vokal müsabiqələrin iştirakçısı, estrada müğənnisi Tomris Naibli də qoşuldu. Onunla Sevda Ələkbərzadənin ifa etdiyi "Ulu vətən” mahnısının kaver versiyasını da ifa etdik. Bu mahnıya mən  hətta klip də çəkdim. Rejissoru mən, assisent isə qardaşım oldu.
 
– Bəs necə oldu Bakı Mədəniyyət idarəsinin #bizbirlikdegucluyuk#evdeqal#senetinledestekle aksiyasına qoşuldunuz?
– Müşfiqlə Türkiyənin Maramara Universitetində 30 ildən çox çalışan azərbaycanlı pianoçu Aytac Rzaquliyevayla tanışlığımızdan sonra oldu. Onunla ilkin olaraq Müşfiq görüşdü. Əvvəlcə onu, sonra isə duetimizi dinlədi. Aytac xanım bizi özünün bədii-musiqi mərkəzi olan "Hoş atolya”ya ev konsertləri vermək üçün dəvət etdi. Orada nəyinki azərbaycanlılar, həm də Azərbaycan musiqisinin türk fanatları da toplaşırdılar. Əksəriyyəti böyük musiqi zövqünə malik insanlar idi. Onların arasında dahi bəstəkar Qara Qarayevin qızı Züleyxa xanım Qarayeva-Bağırova da vardı. Biz bu çıxışlara böyük məsuliyyətlə yanaşırdıq. Həm də çox həyəcan keçirirdik. Konsertlərimiz publika tərəfindən çox isti qarşılanırdı. Bir dəfə məşq zamanı təşkilatçılar daha bir konsert verməyimizi təklif etdi. Yerlərin məhdudluğundan konserti izləmək istəyən bir çox insan gələ bilməmişdi. Yəni bizim çıxışlarımız çox gözəl rezonans doğurmuşdu. Bizi karantin dövründə canlı yayımlanan bu konsertlərə görə tanıdılar, sevdilər. Daha sonra çıxışlarımızı Bakı Mədəniyyət İdarəsinin əməkdaşları da gördülər. Və xüsusi sosial izolyasiya rejimi qaydaları şəraitində evdən konsertlər verməyə başladıq.
 
– Bir halda ki ifanız publikanın müsbət reaksiyasını qazanır, niyə konematoqrafik fəaliyyətinizlə yanaşı vokal fəaliyyətiniz də davam etdirməyəsiniz ki?
– Musiqi, əlbəttə ki, həmişə mənim yanımda, mənim özümdə olub. Lakin həyatımda və işimdə prioritet olub-olmayacağını bilmirəm. Bunu zaman göstərər. Nəyisə əvvəldən planlaşdırmağı sevmirəm. Həyatımda baş verən bütün gözəl hadisələr gözlənilmədən, əvvəlcədən planlaşdırılmadan baş verib. Ona görə də heç nə demək istəmirəm, mən hər şeyi taleyin ixtiyarına buraxmaq istərdim.
 
– Maraqlı müsahibəyə görə təşəkkür edirəm. Çoxşaxəli fəaliyyətinizdə sizə uğurlar diləyirəm.
 
Söhbətləşdi: Afət İslam
Tərcümə etdi: Xanım Aydın