• cümə axşamı, 28 mart, 17:26
  • Baku Bakı 16°C

Səsdə Vətən harayı

23.02.17 12:00 2624
Səsdə Vətən harayı
Təsadüfən bir ifasına qulaq asdım. Sözləri Məmməd Araza, musiqisi Sevda İbrahimovaya məxsus "Vətən desin” mahnısına. Bədii qiraət ustalarımız da bu şeri təsirli söyləyirlər. Oxuyanlar da çoxdur. Amma bu ifa bütün əzalarıma qədər məni göynətdi: "İndi gərək hər anımız Vətən desin…” Səsin ahəngindəki qəribə nisgil, həsrət ruhumu dara çəkdi. Özümü düşmən üstünə yeriyən oğullarımızın arasında hiss etdim. Gözlərimin qarşısında işğaldakı yurd yerlərimiz canlandı. Şəhidlərimizin qınaqlı baxışları məni divana çəkdi elə bil. Məmməd Arazın misraları varlığımda bir atəşə qor oldu:
İndi bizim ölümlə,
Çarpışan çağımızdı.
Ölümün boğazından,
Yapışan çağımızdı.
Ölümlə tərcümansız
Danışan çağımızdı.
Qılınc qap, Vətən oğlu,
Bizi Vətən çağırır!
Bu səs çox səsə oxşaya bilər, amma bu səsdə Vətən adlı bir haray və nəqərat var ki, bənzəri yoxdur. Hətta sevgidən, ayrılıqdan, məhəbbətdən oxuduğu nəğmələrin də sarı simi Vətəndir. Bəlkə də elə bu səbəbdəndir ki, özü də bir mahnısında etiraf edib: "Mənim sevgilim sənsən, Vətən!..” Qəribədir ki, opera və operettalardan səsləndirdiyi ariya və partiyalarda da bu hisslər duyulur.
Uzun izləmədən sonra nəhayət ki, bu sirayətedici səsin sahibilə söhbət etmək mümkün oldu. Son söz oxucuya təəccüblü görünə bilər. Qeyri-mümkün nə ola bilər ki? Soydaşımız qürbətdə - Stokholmda yaşayan və hələlik doğulduğu Təbriz şəhərinə gedə bilməyən Sutoy Qaradağidir. Öncə onun adı mənə qəribə gəldi və mənasını biləndə həm heyrətləndim, həm də sevindim. Adından başlamış məramına, fəaliyyətinə qədər milli ruhda olan bu gəncin fikirləri, arzuları qürurvericidir. Sutoy-Novruz bayramının ilaxır çərşənbələrinin adlarını ifadə edir: Su, Torpaq, Od, Yel… Əslində ilk adı Əkbəri olub. Sonradan özü məhz bu mənalı ismi seçib. Şirin Təbriz ləhcəsi ilə bioqrafiyasını danışdı: "1981-ci ildə, fevralın 23-də Təbriz şəhərində, kasıb bir ailədə anadan olmuşam. ..”
Bu yerdə kövrəlir, sözünü güclə tamamlayır. Öyrəndiklərim məni də riqqətə gətirir. Hələ uşaqlıqdan həyatın amansız sınaqları ilə üzləşir. Onsuz da o qədər rahat dolanışıqları olmayan ailə başçısının qəfil ölümündən sonra sahmanı pozulmuş durna qatarına bənzəyir. Sutoy söyləyir ki, evə çörək gətirmək üçün işləyəndə heç 8 yaşım yox idi: "Mən həyatın hər cür acınacaqlı, sərt üzünü gördüm, amma əyilmədim, özümü itirmədim. Anamın nəvazişləri, dözümü, qoçaqlığı bizi iradəli və mətanətli olmağa səsləyirdi. Biz ona sığınanda hər şeyi unudurduq. Elə dadlı danışardı ki, ac qarnımız da yaddan çıxardı, nimdaş geyimimiz də. Uşaqlıqdan musiqiyə, xüsusən də mahnı ifaçılığına böyük həvəsim var idi…” Sutoyun ürəyində musiqiyə qarşı olan həvəsi uşaqlıq çağlarında onun içində boğulsa da, 15-16 yaşlarında dinlədiyi musiqiləri zümzümə edər, hətta müğənniləri yamsılamaqdan belə qalmazmış. Xəyal və röyalarında mükəmməl musiqi təhsili almaq onu rahat buraxmırdı . Maddi durum isə onun arzularının reallaşmasına daim əngəl törədirdi. Nəhayət, 2003-cü ildə Təbriz şəhərində musiqi təhsili alanda artıq 22 yaşı var idi. Həsən ağa Dəmirçi adlı dəyərli və görkəmli sənətkarın musiqi məktəbində ustad Nadiə Ramdilin sinfində dərs alıb. 2006-2007-ci illərdə Azərbaycana gələn bu istedadlı gənc Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olub. Bəxti üzünə gülüb. Xalq artisti, görkəmli sənətkar, professor Xuraman Qasımovanın tələbəsi olmaq sevincini də yaşayıb. Xuraman xanım da bu istedadlı, müsiqisevər, gözəl səs tempinə, hərarətli avaza malik gəncdən qayğısını əsirgəməyib. Onun mükəmməl ifaçı kimi yetişməsinə diqqət və rəğbətlə yanaşıb. Amma təəssüf ki, yaşadığı ölkənin qanunları ilə Sutoyun arzuları üst-üstə düşməyib. 2012-ci ildən İsveçin Stokholm şəhərinə köçməyə məcbur olub. Daim öyrənmək, incəsənətin sirlərinə daha dərindən bələd olmaq üçün o, bu şəhərdə də musiqi universitetlərinin birində ifaçılıq üzrə təhsil alıb. Hazırda Sutoy Qaradaği Bakıda Musiqi Akademiyasının magistr pilləsində təhsil alır. Yenə də Xuraman Qasımovanın tələbəsidir.
"On dörd ildə anamı iki dəfə görə bilmişəm. Bakıya gəldi, mənim üçün elçi getdi, nişan apardı” söyləyən Sutoyun gözləri yol çəkdi. Mənimsə xəyalımdan yenə də Məmməd Arazın misraları keçdi:
Ömür bir sualdır, ömür bir cavab,
"Niyə”lər-başlanğıc, "çünki”lər axır.
"Niyə” bu dünyaya gəlib bu cavan?..
Bu su hardan gəlib, haraya axır?...
İnadların, iradların, inkarların, bəlkə də boş vədlərin, yalançı qanunların, qadağaların zamanla üz-üzə qoyduğu bu gənc musiqiçinin - ifaçının günahı nə? Yadıma Yaqub Zurufçu düşdü. Düz 20 il doğulduğu yurda dönə bilmədi. Bir məhəbbət mahnısı olan "Ayrılıq”ı vətən həsrətinə-fərağına çevirərək oxudu. Sonda müqavimətlərin də vaxtı bitdi… İnanıram ki, Sutoy Qarabaği də bir gün gəldiyi yolla Təbrizə dönəcək. İndi isə həsrətlə oxumaqdadır:
Könlüm quşu qanad çalmaz,
Sənsiz bir an, Azərbaycan!
Xoş günlərim getmir müdam
Xəyalımdan Azərbaycan!
… Əvvəlcə oxuduğu mahnılara qulaq asdıq. Sonra qəribə bir sükut yarandı. Mən xəyalımda yağı işğalında saralan doğma yurdumuza Şuşaya, Qarakilsəyə getmişdim. Yəqin ki, Sutoy da Təbrizin küçələrində Rübabə Muradovanın "Qaragilə”sini dinləyirdi. Telefon zəng çaldı, ikimiz də eyni vaxtda bu şirin, amma yalançı səyahətdən geri döndük. Çarəsizcə üzümə baxıb gülümsədi, sonra da zəif səslə soruşdu: "Toyuma çağırsam, gələrsiniz? Axı mənim burda anam, bacım yoxdur”. Bu, sual olmadı, ox olub bağrımı dəldi. Cavab verməyə heyim qalmadı. Qəhərlənmişdim. Özümü ağlamaqdan zorla saxlayırdım. Sadəcə, başımı tərpətdim.
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
banner

Oxşar Xəbərlər