• cümə, 29 Mart, 11:03
  • Baku Bakı 5°C

Səs İnformasiya Agentliyinin yaranmasının 10 illiyi münasibətilə yubiley tədbiri keçirilib

19.09.18 14:00 414
Səs İnformasiya Agentliyinin yaranmasının 10 illiyi münasibətilə yubiley tədbiri keçirilib
Bu gün Səs İnformasiya Agentliyinin (SİA) yaranmasının 10 illiyi münasibətilə yubiley tədbiri keçirilib.
Trend-in məlumatına görə, tədbirdə millət vəkilləri, KİV rəhbərləri və digər qonaqlar iştirak ediblər.
Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə Səs İnformasiya Agentliyinin fəaliyyətinin 10 illiyinə həsr edilmiş qısametrajlı film nümayiş etdirilib.
Tədbiri giriş nitqi ilə açan SİA-nın baş direktoru Bəhruz Quliyev tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirib.
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, "Səs" qəzeti Azərbaycanın müstəqilliyinin ilk çətin illərində ərsəyə gəlib:
"O zaman qəzet çıxarmaq çox çətin məsələ idi. Xüsusən bu qəzetdə ulu öndər Heydər Əliyevin hüqüqlarının müdafiəsi olduqca çətin idi. Həmin dövrdə 3 dəfə "Səs" qəzetini bağlayıblar, iki dəfə hücum ediblər. "Səs" qəzetini blokadaya almışdılar. Lakin "Səs" qəzeti bütün bu çətinliklərin öhdəsindən layiqincə gəldi və sevindirici haldır ki, bu gün "Səs" qəzeti inkişaf etməklə yanaşı, iki yeni media orqanı - Səs İnformasiya Agentliyi və SƏS TV-ni yarada bildi".
S.Novruzov əlavə edib ki, "Səs" Media Qrupunun Azərbaycan media məkanında xüsusi yeri var: "Xəbərlərin cəmiyyətə operativ çatdırılması baxımından SİA bir nümunədir. Arzu edirik ki, SİA daim yenilənsin, inkişaf etsin, cəmiyyəti informasiya ilə təmin etsin".
Sonra çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib ki, Səs İnformasiya Agentliyi hadisələr barədə cəmiyyətə operativ informasiya verən bir agentlikdir: "Səs İnformasiya Agentliyi jurnalistikanın bütün prinsiplərinə əməl edir. SİA hadisələrə dövlətçilik, milli maraqlar çərçivəsində yanaşma prinsipini özünün əsas prinsipi kimi tutur. "Səs" Media Qrupu Azərbaycan media məkanında ən güclü media vasitələrindən biridir”.
Ə.Amaşov "Səs" Media Qrupuna Mətbuat Şurasının diplomunu təqdim edib.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə bildirib ki, Səs İnformasiya Agentliyi "Səs" qəzetinin davamıdır və getdikcə genişlənir. O qeyd edib ki, "Səs" qəzeti Azərbaycanın dövlət müstəqilliyi ilə yaşıddır: "O dövrdə bu qəzet çox geniş təbliğat aparırdı, ulu öndər Heydər Əliyevin fəaliyyətini geniş əks etdirirdi. Qəzetin ardınca Səs İnformasiya Agentliyi və "Səs" qəzeti yarandı, bu gün də cəmiyyətin informasiya ilə təmin edilməsində mühüm rol oynayır. "Səs" Media Qrupunun əməyinə dövlət tərəfindən də yüksək qiymət verilir. "Səs" Media Qrupu Azərbaycan media tarixinə öz adını qızıl hərflərlə yazdırıb”.
M.Qurbanlı komitə adından "Səs" Media Qrupuna mükafat təqdim edib.
banner

Oxşar Xəbərlər