• şənbə, 27 Aprel, 06:08
  • Baku Bakı 12°C

Şərurda İlaxır çərşənbə adətləri

14.03.14 10:39 5379
Şərurda İlaxır çərşənbə adətləri
Xalq arasında axır çərşənbə “İlaxır çərşənbə”, “Yer çərşənbəsi” və ya “Torpaq çərşənbəsi”də adlandırılır. Axır çərşənbə Novruz çərşənbələri arasında ən dəyərlisi, qiymətlisidir. Qədim zamanlardan axır çərşənbə xalq arasında ən əziz günlərdən hesab edilib. İlaxır çərşənbə torpağın oyanması ilə bağlıdır. Torpaq insan yaradılışının əsas maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Torpaq müqəddəsliyinin türk mifoloji görüşləri ilə bərabər, etnik-əxlaqi dəyərlər sistemində yurd, vətən, el-oba anlayışı ilə yanaşı, yaradılışın maddi əsası olmasından irəli gələrək sakral mifoloji semantikaya da malikdir. Yazda torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Bu çərşənbədə torpağa canlanma gəlir, o öz qarını-buzunu əridir, toxumunu cücərdir. Ağaclar yuxudan oyanaraq tumurcuqlanmağa başlayır, bağ-bostan, dirrik yerləri əkinə hazırlanır.
Torpaq çərşənbəsi mərasim, ayin, etiqad, oyun və şənliklərlə ən zənginidir, çünki həmin günün mərasimləri həm Suya, həm Oda, həm Yelə, həm də Torpağa inamı əks etdirir. Müxtəlif ayinlər, kütləvi şənliklər keçirir, əmək nəğmələri oxuyurlar. Bu çərşənbənin axşam şənlikləri daha gur olur: küsülülər barışır, evlərdə üzərlik yandırılır, tonqallar qalanır, məşəllər yandırılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur və s.
Hər bir bölgədə bayramlardan biri daha məşhur, daha sevimli olur, xüsusi təm-təraqla qeyd olunur. Qədim tarixə malik olan, özündə çox müxtəlif adət-ənənələri qoruyub saxlayan Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda da İlaxır çərşənbə xüsusi və özünəməxsus adət-ənənələrlə, şənliklərlə qeyd olunur. Bu şənliklərdə qədim adət-ənənələrə, etiqadlara ciddi əməl olunur. El-obada İlaxır çərşənbənin gəlməsinə ən azı bir ay qalmış hazırlıq işləri aparılır. Evlər, həyət-baca təmizlənir, paltar-palaz, qab-qacaq yuyulur. Hamı üçün təzə paltar tikilməyə cəhd göstərilir. Bayram günləri həyət-bacaları təmizləmək, bayrama bir neçə gün qalmış evin yorğan-döşəyini, pal-paltarını bayıra töküb təmizləmək adəti xalqımızın təmizliklə bağlı inanclarındandır. Xalqda belə bir inam var ki, İlaxır çərşənbədə il təzələndiyi kimi hər şey təzələnməli, təmiz olmalıdır. Əvvəlki üç çərşənbədə olduğu kimi, ilaxır çərşənbədə də tonqal qalanır. Lakin bu çərşənbə digərlərindən xüsusi mərasimlərlə fərqlənir. Cürbəcür şirniyyatlar bişirilir, hamı yüksək əhval-ruhiyədə olur, çal-cağır edilir. Xalqın inanclarına görə, tonqal qalanması, şirniyyatlar bişirilməsi, çalıb-çağırmaq, əhvalın yüksək olması yeni, işıqlı günün çağırışıdır. Yəni, insan bu mərasimlərlə dolayısı ilə təbiəti idarə edə biləcəyinə, yaşıllığı, günəşi, istiliyi, işığı, xoş günləri, xoşbəxtliyi çağırıb gətirə biləcəyinə, yanan tonqallarla qaranlığı, şər qüvvələri qovub uzaqlaşdıracağına inanıb. Digər tərəfdən, əvvəldən belə adət yaranıb ki, hər kəs İlaxır çərşənbə günü bütün geyimlərini təzə geyinməlidir. Çünki köhnə paltar köhnə ilin qalığı sayılır. Köhnə ilin ağrı-acısından, qəm-kədərindən qurtulmaqdan ötrü isə mütləq təzələnmək, köhnələrdən qurtulmaq lazımdır.
İlaxır çərşənbə günü xüsusi bayram süfrəsi hazırlanır. Bayram süfrəsinə cürbəcür xörəklər; xüsusilə də bayram aşı, çərəz, boyanmış yumurta, paxlava, şəkərbura, qoğal və başqa şirniyyatlar düzülür. Hər evin girişində bayram xonçası qoyulur. Bayram xonçasına innab, kişmiş, püstə, badam, qoz, fındıq və müxtəlif meyvələrin qurusu, rəngbərəng boyanmış yumurtalar düzülür. Səməni, gül-çiçək, güzgü, su qoyulur. Evdəkilərin hər birinin adına şam yandırılır. Bayram süfrəsinə bol nemətlərin düzülməsi yeni başlanacaq ilin bərəkətli, firavan olmasının simvoludur. İnama görə, bayram axşamında hər kəs gərək öz evində olsun. Yoxsa o insan 7 il bayramı evində olmayacaq. Həm də hamı dərd-qəmi unudub şən ovqatlı olmalıdır. Deyərlər ki, bayram axşamı hansı əhval-ruhiyyədə olsan, ilboyu eləcə keçər. Ona görə də həmin gün hamı çalışar ki, desin-gülsün, şən olsun.
Şərur rayonunda İlaxır çərşənbə günü qeyd edilən xüsusi bir adət var. İnsanlar öz valideynlərini, qohumlarını, ağsaqqal-ağbirçəkləri ziyarət edir, hədiyyələr, bayram xonçaları aparırlar. Həmçinin vəfat etmiş insanların məzarları ziyarət edilir, bir çox kəndlərdə həmin gün axşamüstü məzarlar üstündə şam yandırılıb, dualar oxunur. Bəzi kəndlərdə ağsaqqallar kənd mərkəzinə yığışır. Orada gənclər bayram münasibətilə ağsaqqalları təbrik edir, küsülülər barışdırılır, gənclərə xeyir-dua verilir. Qocaları və vəfat etmiş insanları ziyarət etmək mühüm əhəmiyyətə malikdir. Bu adət insanların keçmişi unutmadıqlarını və birliyini nümayiş etdirir.
İlaxır çərşənbə günü axşamüsü tonqal yandırılır. Tonqalın üstündən tullanıb, “ Ağırlığım, uğurluğum tökülsün bu odun ustünə”, yaxud da “ Ağırlığım, uğurluğum odda yansın” deyirlər. Tonqal yanıb qurtaranda üstünə bir az üzərlik atıb yandırılır. İnanca görə bu tonqal heç vaxt su ilə söndürülməməlidir. Tonqal özü sönəndən sonra külünü yığıb, evdən kənar bir yerə, çölə atırlar. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır.
Şərur rayonunda İlaxır çərşənbə günü qeyd edilən adətlərdən biri də hər evdə yaşayanların sayına görə məsciddə və həyətdə şam yandırılmasıdır. Bayram günü əvvəlcədən hazırlanmış və ya alınmış şamlar götürülərək, məscidə gedilir. Orada həmin şamlar evdəkilərin sayına görə yandırılır. Daha sonra evə gələrək evdəkilərin sayına görə həyətdə şam yandırılır.
İlaxır çərşənbə ən çox yayılmış adətlərdən biri də “papaq atma” və ya “şal atma”dır. Bayram günü qaranlıq düşəndə daha çox uşaqlar, cavanlar ya papaq, ya da şal götürərək qonşulara gedir, həmin papağı və ya şalı evbəev gəzib bacadan, pəncərədən içəri ataraq “bayramçalığımızı verin” deyirlər. Ev sahibləri onlara hədiyyələr, boyanmış yumurta və şirniyyatlar qoyur. Ən maraqlısı isə odur ki, papaq və şal atan uşaqlar gizlənir, ev sahibləri onların kim olduğunu görə bilmir.
Şərur rayonunda İlaxır çərşənbə axşamı qulaq falına çıxmaq adəti də vardır. Qaranlıq düşəndə niyyət tutub qonşuların danışıqlarına qulaq asmağa gedərlər. Qapıya yaxınlaşarkən ilk eşidilən sözü tutulmuş niyyətə uyğun yozaraq, bəxt haqqında müəyyən fikirlər söyləyərlər. Bu səbəbdəndir ki, həmin günün axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur. Odur ki, bayram axşamında hamı çalışar ki, evlərdə könül açan, ümid verən söhbətlər danışılsın. Qapıdan qulaq asanlar naümid geri qayıtmasın. İlaxır çərşənbədə şər qüvvələri kənarlaşdırmaq üçün insanlar şən əhval ruhiyyədə olurlar, yeni gələn ilin də belə ovqatda keçəcəyinə inanırlar.
İlin axır çərşənbə axşamının subay qızlar üçün ən həyəcanlı hissəsi çərşənbə fallarıdır. Subay qızlar “bəxtə baxmaq” üçün gec yatırlar. Adətən bu mərasimi yerinə yetirmək üçün sudan istifadə olunur və çox bölgələrdə buna “su falı “ da deyilir. Bunun üçün gecə cavan qızlar bir evə yığışırlar. Bu mərasimi icra etmək üçün axar sudan; bulaqdan, yaxud çaydan “lal su” gətirilir. Su şər qarışandan sonra gətirilir və bu suyu gətirən şəxs bir neçə adam tərəfindən müşayiət oluna bilər. Buna ona görə “lal su” deyirlər ki, bu suyu gətirməyə gedən şəxs su gətirəcəyi qabı əlinə götürəndən ta suyu gətirib evdə su falına baxılacaq qaba tökənəcən danışmamalıdır. Yoxsa həmin su fal üçün yaramaz. “Lal su” bir qaba tökülür. Qızıl üzüyü saçdan keçirib, içi su ilə dolu qaba salırlar. Niyyət tutub üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir. Üzük neçə dəfə qaba dəyirsə, sayırlar. Say neçə olursa, niyyət tutan qız o yaşda da gəlin gedəcək deyirlər. İkinci adət isə belədir. “Lal su”yu qaba tökəndən sonra iki iynənin ulduzlu tərəfinə bir azca pambıq dolayır, kimin falına baxılırsa , birini həmin qız, digərini o qızın istəklisi olan oğlan deyə niyyət edib, fikirdə tuturlar və iynələrin hərəsini bir tərəfdən üsulluca suya qoyurlar. Sonra həmin iynələrin hərəkəti ilə müəyyən mülahizələr söyləyirlər. Qovuşacaq adamlarda iynələr müxtəlif tərəflərə hərəkət etsələr də, axırda bir-birinə yaxınlaşıb bitişirlər. Əksinə olanda isə iynələr o tərəf-bu tərəfə hərəkət edir və bir-birinə qovuşmurlar. Əgər iynələr bir-birinə yaxınlaşırsa niyyət yerinə yetir, adları çəkilən oğlanla qızın gələcəkdə qovuşacağına inanılır. İynə suyun dibinə çökürsə, deyirlər ki, su "lal su" deyilmiş, suyu gətirən adam suyun üstündə danışıb. İlaxır çərşənbə gecəsi icra edilən bəxt fallarından digəri isə belədir. Bayram gecəsi yatanda əvvəlcədən hazırlanmış duzlu kökə və ya çoxlu duza batırılmış hər hansı bir təamı yeyib yatırlar. Su içmək olmaz. İnama görə niyyəti tutan şəxsə gecə yuxuda içməyə kim su versə, həmin su verən adam yuxu görənin qismətidir. “Ayaqqabı falı” adlanan daha bir ayin isə belədir. İl ərzində evdəki nişanlı və ya gəlin gedəcək qızların xeyir işinin olacağını təyin etmək üçün, qızlar evin içində giriş qapısına arxasını çevirərək, ayaqqabısından birini çıxardaraq başının üzərindən fırladaraq atır. Ayaqqabının düşdüyü vəziyyətə görə bu il xeyir işin olacağı və ya olmayacağı müəyyən edilir. Ayaqqabı evdən çıxan istiqamətdə düşərsə, “bu il niyyət tutan qızın xeyir işi olacaq", deyərlər. Bu ayinlərlə İnsanlar yeni ilə necə qədəm qoyacaqlarını, həyatlarının necə keçəcəyini sınaqdan keçirirlər.
İlaxır çərşənbənin səhəri günü də xüsusi inanclar yerinə yetirilir. Bayram sabahı dan ağaranda yuxudan qalxıb hamı axar su kənarına gedir, gün çıxmamış su üstündən atlanarlar. Su kənarında tonqal yandırıb, bir-birinin üzərinə su ataraq təbrik edirlər. Gənclər “sulaşma” adətini unutmurlar. Onlar özləri ilə götürdükləri qabları su ilə doldurub təzə gələnlərin üzərinə ataraq “bayramınız mübarək” deyirlər. İslananlar bundan qəti incimir, suyun onları paklaşdırdıqlarını bilir, cavabında “aydınlığa cıxasınız” deyirlər. Sonra hər kəs suyun üstündən atlayaraq “ağırlığım, uğurluğum tökülsün bu suyun üstünə” deyirlər. Niyyət edib suyun içərisindən daş götürürlər. Bu niyyət adətən götürüləcək daşın tək və ya cüt olması ilə müxtəlif cür yozulur. Sonra sudan bir ovuc daş və bir qab su götürərək evə qayıdırlar. Gətirilən daş azuqə qablarına və evin künclərinə atılır. Bir sonrakı bayrama qədər orada qalır. Suyu isə həyət bacaya, evin astanasına və künclərinə çiləyib “ilboyu aydınlıq olsun” deyirlər. Əgər evdəkilərdən kimsə su kənarına getməyibsə həmin sudan onun üzünə çiləyərək yuxudan oyadırlar. Daha sonra həyətdə yenidən tonqal yandırılır.
İlaxır çərşənbənin rəmzlərindən biri səmənidir. Bayram ərəfəsində elə bir ev tapmaq olmaz ki, orada səməni cücərdilməsin. Səməni ilə bağlı daha bir adət səməni bişirməkdir. Ancaq asan olmadığı üçün hər adam onu bişirə bilməz. Ona görə də səmənini xüsusi səriştəsi olan qadınlar bişirir. Bunun üçün buğda böyük tabaqlara tökülüb isladılır. Buğda cücərir, rişələri bir-birinə yapışır. Sonra onu parça-parça doğrayıb əzərlər. Onun ağ rəngli rişəsini sıxıb qablara yığırlar. Sonra ona bir qədər su qatır, ocaq qurub mis qazanlarda bir neçə gün qaynadırlar. Bişənə yaxın rəngi yavaş-yavaş qızarır. Onun içinə qabıqlı qoz, fındıq tökürlər. İnanca görə hamı oturub gözlərdi ki, filankəsin səmənisi qəbul olacaq, ya olmayacaq. Əgər səməni şirin çıxsa, demək qəbul olunub, şirin olmasa, demək qəbul olunmayıb.
Bayram günü və sabahı nişanlı qızlar və yeni ailə quranlara pay aparmaq adəti də diqqəti cəlb edir. Həmin gün xonçalar bəzənir, qoz, fındıq, püstə, kişmiş, şabalıd, cürbəcür meyvələr, hədiyyələr, rəngbərəng boyanmış yumurtalar tabaqlara yığılıb nişanlı qızlara aparılır. Xonçanın ortasına qırmızı lent bağlanmış səməni də qoyulur. Bu da həmin evə xeyir-bərəkət, ruzi gətirsin deyə mənalandırılır.
Milli adət-ənənələrimizi, mənəvi dəyərlərimizi qoruyub saxlamaq baxımından qədim Naxçıvan diyarı, eləcə də Şərur rayonu həmişə seçilmiş, fərqlənmişdir. İnanırıq ki, soydaşlarımız milli kökə və adət-ənənələrə qırılmaz tellərlə bağlı olduğu üçün bundan sonra da qədim, həmişəyaşar el bayramımızı daha böyük sevinclə qeyd edəcək, onu qoruyub gələcək nəsillərə ən dəyərli milli bayram kimi çatdıracaqlar.
Əpoş İslam oğlu Vəliyev,
Filologiya üzrə fəlsəfə doktoru,
AMEA Folklor İnstitutunun əməkdaşı
banner

Oxşar Xəbərlər