• cümə, 29 Mart, 03:44
  • Baku Bakı 7°C

Şərtləri sərmayədarlara görə uyğunlaşdırmalıyıq ki...

11.06.19 18:12 624
Şərtləri sərmayədarlara görə uyğunlaşdırmalıyıq ki...
Bu günlərdə İqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, bu il sənaye parklarında işləyən 23 müəssisəyə daha 8 yeni müəssisə qoşulacaq. O bildirib ki, ölkədə fəaliyyət göstərən beş sənaye parkına ümumilikdə 3,3 milyard dollar vəsait qoyulub. Təkcə 2018-ci ildə rezidentlər tərəfindən 452 milyon dollar investisiya yerləşdirilib. Nazir bildirib ki, sənaye parklarında 9 minə yaxın daimi iş yeri açılıb. Növbəti mərhələdə gözlənilən investisiyaların həcmi 400 milyon dollara yaxındır. Bundan başqa, 1600-dən çox yeni iş yerinin açılması nəzərdə tutulur: "Bu günədək sənaye parklarında istehsal olunan məhsulun ümumi dəyəri 1,36 milyard manatı keçib. Bunlardan 250 milyon manatlıq məhsul ixrac olunub".
Qeyd edək ki, Azərbaycanda beş sənaye parkı – Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parklarıdır. Bundan başqa, ölkədə sənaye məhəllələri fəaliyyət göstərir. Burada ümumilikdə 33 milyon manat həcmində məhsul istehsal olunub. Sənaye məhəllələrinə gözlənilən investisiyaların həcmi 140 milyon manatdır. Bundan başqa, 2 minədək yeni iş yerinin açılması nəzərdə tutulur.
Sözügedən sahəyə investisiyanın daha çox cəlbi üçün başqa hansı tədbirlər görülməlidir? Suallarımızı ekspertlərə ünvanladıq.
İqtisadçı ekspert Rəşad Həsənov hesab edir ki, Azərbaycan kimi bir ölkə üçün 3,3 milyard kifayət qədər irihəcmli vəsait hesab olunur: "Nəzərə almaq lazımdır ki, sənaye parklarına birgə əməkdaşlıq nəticəsində böyük həcmdə investisiyaya cəlb olunub. Buna misal olaraq Neftçalada avtomobil sənayesinin, Rusiya və İranla əməkdaşlıq nəticəsində dərman məhsullarının istehsalını, həmçinin Hacıqabulda avtomobil istehsalını misal göstərmək olar. Yəni ümumilikdə bu günə qədər sözügedən sahədə müəyyən lazımi işlər görülüb. Ümumiyyətlə götürdükdə isə sənaye məhəllələrinə daha çox investisiyanın cəlb olunmasına ehtiyac var. Çünki ölkə iqtisadiyyatı işlənməmmiş xam iqtisadiyyatdır. Yerli investorların isə imkanları məhduddur. Xarici investisiya təkcə pul axını demək deyil. Bu, həm də qabaqcıl ölkələrin təcrübəsi, yeni bazarlara çıxış imkanları və əlaqələrin genişləndirilməsi deməkdir. Məsələyə bu aspektdən yanaşdıqda, biznes mühitinin liberallaşdırılması, mülkiyyət hüququnun qorunması istiqamətində addımlar atılmalıdır. Eyni zamanda, idarəetmənin təkmilləşdirilməsi yolu ilə yeni çağırışlara cavab verən sistem formalaşdırılmalıdır. Bu halda sənaye parklarına və bütövlükdə ölkə iqtisadiyyatına yatırılan investisiyanın həcmi daha da artırıla bilər. Çünki iqtisadiyyatımız xarici investorların diqqətini cəlb edir. Biz bunu avantaja çevirməklə, ölkəyə sərmayə qoyuluşunun həcmini artırmalıyıq. Xarici investorlar üçün Azərbaycan yeni bir bazar hesab olunur. Azərbaycanın coğrafi və geosiyasi mövqeyi çox əlverişlidir. Amma biz şərtləri sərmayədarlara görə uyğunlaşdırmalıyıq. "Doing Business” indeksində Azərbaycan iki il ərzində öz mövqeyini 38 pillə daha da yaxşılaşdırıb. Bu kifayət qədər sürətli bir dəyişiklikdir. Amma investisiyanın qoyuluşu bu tempə uyğun deyil. Yəni ölkəyə gələn investisiya qoyuluşu hələlik qaneedici səviyyədə deyil. İnvestor üçün ən mühüm məqam bazarın liberal olmasıdır. Azərbaycan bundan sonrakı səylərini məhz bu istiqamətə yönəltməlidir. İlin əvvəlində məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi göstərişlər verildi. Ümid edirəm ki, bu istiqamətdə müsbət dəyişiklikləri yaxın zamanda görəcəyik. Yalnız bu halda investisiya qoyuluşunu təşviq edə bilərik. Sənaye parkları üçün dövlət tərəfindən böyük güzəştlər edilir. Bu güzəştlər təşviqedici amillərdir. Görülən işlər nəticəsində müəyyən qədər də olsa investisiya cəlb edə bilmişik”.
İqtisadçı ekspert Pərviz Heydərov qeyd etdi ki, sənaye parklarına daha çox investisiyanı cəlb etmək kompleks yanaşma tələb edir: "Sənaye parklarının yaradılması və təşkili qeyri-neft sektorunun əsas qayəsini təşkil edir. Bu parkların yaradılması Azərbaycanda sahibkarlığın inkişafı üçün əlverişli mühit yaradır. Amma eyni zamanda xarici investisiyanın cəlbi bu işin əsas tərkib hissəsidir. Düşünürəm ki, bu sahədə müvafiq stimullaşdırıcı tədbirlər görülməlidir. Dövlət başçısı bununla bağlı bir neçə sərəncam və fərman imzalayıb. Xüsusilə neftin qiyməti aşağı düşəndən sonra bu sahəyə olan diqqət daha da artırıldı. Həmin tapşırıqlar indi uğurla həyata keçirilir. Düşünürəm ki, daha çox investisiya cəlb etmək üçün marketinq işi gücləndirilməli, risklər əvvəlcədən proqnozlaşdırılmalıdır. Sənaye parklarına investisiya yatırmaq istəyən sərmayədarlar bu parklarda istehsal olunan məhsulların müvafiq bazarlarda satışının həyata keçiriləcəyinə əmin olmalıdırlar. Sərmayədar öz vəsaitini yatırmamışdan əvvəl əldə olunacaq nəticələrin reallaşacağına əmin olmalıdır. Bu məsələ ilə müvafiq qurumlar məşğul olmalıdır. Burada məsələ iki hissədən ibarətdir. Xarici investisiyanın cəlbi üçün münbit şərait yaradılmalı və stimullaşdırılmalıdır. Gömrük rüsumları, vergi məsələləri öz həllini tapmalıdır. Eyni zamanda, elə bir strateji siyasət qurulmalıdır ki, müvafiq bazarlar təmin olunsun”.
"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin rəhbəri Fikrət Yusifovdeyir ki, ölkə iqtisadiyyatında qeyri-neft sektorunun sürətli inkişafı dövlətimizin iqtisadi strategiyasının əsas istiqaməti kimi müəyyən olunub: "Bu gün dünya bazarlarında neftin qiymətləri ətrafında baş verən oyunlar bizi ölkə iqtisadiyyatının neftdən asılılığının optimal bir həddə endirilməsi istiqamətində daha ciddi səylər göstərməyə vadar edir. Yerlərdə sənaye parklarının yaradılması və bu parklarda müxtəlif məhsulların istehsalının təşkil edilməsi indi olduqca vacib bir məsələdir. Bu məqsədlə həm daxili və həm də xarici investisiyaların cəlb edilməsi və bütövlükdə real sektorun inkişafına bütün səviyyələrdən olan investisiyaların həcminin artırılması, yerlərdə yeni iş yerlərinin açılması və iqtisadiyyatın neftdən asılılığının azalması demək olacaq. Düşünürəm ki, bu məqsədlə Neft Fondunun valyuta ehtiyatlarından daha aktiv istifadə edilməsi və eyni zamanda dünyanın aparıcı banklarının Azərbaycana cəlb edilməsi yolu ilə ölkəyə kapital axınına şərait yaradılması bu sahədə ciddi dönüşün başlanğıcı olar. Ona görə də, bu gün neftin dünya bazarlarında qiymətlərinin verdiyi imkanlardan maksimum yararlanmalıyıq. Əldə olunan dividentlərin böyük bir hissəsinin real sektora yatırılması və xarici kapitalın Azərbaycana gətirilməsinin ən münbit yollarından biri kimi, iri bankların ölkəmizə dəvət edilməsi variantlarından maksimum istifadə etmək lazımdır”.
Ş.Mehdizadə
banner

Oxşar Xəbərlər