• çərşənbə axşamı, 19 mart, 08:29
  • Baku Bakı 8°C

“SƏRT ÜSLUB”UN LİRİK ÇALARLARI

11.12.17 11:13 15614
“SƏRT  ÜSLUB”UN  LİRİK  ÇALARLARI
Respublikanın əməkdar rəssamı Rafael Abasov (1943) çağdaş Azərbaycan təsviri sənətinin çətin mənəvi yükünü çiynində şərəflə daşıyan və öz yaradıcılıq axtarışları ilə milli rəssamlığımızın beynəlxalq miqyasda qazandığı nüfuzunu qoruyan sənətkarlardandır.
Doğma Bakıda əvvəlcə Ə.Əzimzadə adına rəssamlıq məktəbində (1960-1965) Əbdülxalıq Rzaquliyev və Böyükağa Mirzəzadədən, sonra isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (1968-1974) Mikayıl Abdullayev və Tahir Salahovdan sənətin sirlərini öyrənən Rafael Abasov bir qərinədən çoxdur ki, yaradıcılıqla məşğuldur. Onun müxtəlif mövzulu əsərlərini artıq klassikləşən "sərt üslub”a – dünyanı sərt baxış tərzinə bir qədər də duyğulandırıcı lirik-romantik və ruh-ovqat qatması səciyyələndirir. Bunu həm onun məntiqli məna-məzmun yüklü və kompozisiya bütövlüyü ilə seçilən süjetli tablolarında, özündə zəngin psixoloji yaşantıları gerçəkləşdirən portretlərində, maddi-mədəniyyət nümunələrini qürurdoğurucu qaynağa çevirən natürmortlarında, tamaşaçını ovqat bolluğuna qərq edən gözoxşayan mənzərələrində müşahidə etmək mümkündür...
Rafael Abasovun müxtəlif tutumlu əsərlərinin tamaşaçı rəğbəti qazanmasının kökündə ilk növbədə onun bu janrların məlum "estetik xəritəsi”ni duyulası dərəcədə genişləndirmək bacarığı durur desək yanılmarıq. Bu mənada? onun müxtəlif illərdə ərsəyə gətirdiyi "Düşüncələr” ("Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin portreti” (1996), "Qayğılı anlar” (2009), "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin portreti” (2003), "Akademik Məzahir Abbasovun portreti” (1988), "Kəndli oğlan” (1984), "Rusiya Federasiyasının Prezidenti Vladimir Putin” (2009), "Xalq artisti Fuad Poladovun portreti” (2006) və s. portret-kompozisiyaların adını çəkmək olar.
Adətən, çox məşhur şəxsiyyətlər haqqında insanlarda əvvəlcədən yaranmış kifayət qədər məlumat və təəssürat olduğundan onların fərqli obrazlarını yaratmaq nisbətən çətin olur. Məhz bu baxımdan rəssama uzun illər respublikaya rəhbərlik etmiş Heydər Əliyev cənablarının portretini kətan üzərində gerçəkləşdirmək heç də asan olmayıb. Məkan və geyim seçiminin bu cür portretin yaradılması prosesində aparıcı və həllediciliyini etiraf etməli olsaq, rəssam tanınmış siyasi xadimin obrazının yaddaqalanlığını əldə etmək üçün çox uğurlu kompozisiya həlli tapa bilmişdir. Bunun üçün dəbdəbəli, rəsmi təqdimatdan imtina edən rəssam H.Əliyevi ev şəraitində-baxışlarını naməlum istiqamətə yönəlmiş və düşüncələrə qərq olmuş vəziyyətdə təsvir etmişdir. Geyimin və pozanın sadəliyi, obrazı əhatələyən azsaylı detallar və yığcam və nüfuzedici rəng həlli obrazın səmimiliyini şərtləndirmişdir. Bütün bu məziyyətlərin son nəticədə portretin aurasını genişləndirdiyinə və əsərin dolğun məna-məzmun tutumlu süjetli tablo kimi qəbul olunduğuna şahidlik etmək mümkündür.
Rəssamın ulu öndərlə bağlı digər əsərlərində də bu böyük şəxsiyyətə mənsub olan zəngin keyfiyyətlərin yaddaqalan bədii tutumda bədiiləşdirilməsinə rast gəlmək mümkündür. Onun Gədəy rayonundakı Heydər Əliyev Mərkəzində nümayiş olunan son portreti (2017) də belə dəyərli sənət nümunələrindəndir.
Eyni müsbət sözləri rəssamın obrazlarının dolğunluğuna və əhatəlisinə nail olduğu iki tanınmış dövlət xadimi – İlham Əliyev və Vladimir Putinin, eləcə də İkinci dünya müharibəsindəki qəhrəmanlığını sonralar elm sahəsində davam etdirən akademik Məzahir Abbasovun və aktyor Fuad Poladovun portretləri haqqında söyləmək olar. Rəssamın kompozisiyaya onun bədii tutumunun genişləndirilməsinə xidmət edən detallar daxil etməsi heç şübhəsiz həmin şəxsiyyətlərin obrazlarının dolğunluğunun əldə edilməsində yardımçı olmuşdur.
"Kəndli oğlan” əsərini bir çox bədii-estetik dəyərlərinə görə ötən əsrin sonuncu qərinəsində Azərbaycan portret janrında yaradılan ən uğurlu nümunələrdən biri hesab etmək olar. Bir-birinə söykənmiş kənd evlərinin fonunda qayğısız baxışlarını tamaşaçıya zilləmiş qırmızı köynəkli oğlanın obrazı ilk növbədə cizgilərinin səmimiliyinə görə yadda qalır. Bu çox gərəkli insani məziyyətə rəssam bütünlükdə bədii şərhin uğurlu məcmusu ilə nail olmaqla, buraya duruşun, baxışın, geyimin, məkanın və ovqat daşıyıcısı olan rəngin təsirini də əlavə etməklə bütünlükdə bəlkə də çoxlarına adi görünən əsərin süjetli tablo tutumu almasına nail olmuşdur. Bu əsərə görə R.Abasovun Şri-Lankada keçirilən beynəlxalq sərgidə diploma layiq görülməsi də onun sənətkarlığına verilən yüksək qiymətin göstəricisidir...
Bütünlükdə demək olar ki, "sərt üslub”un estetikasından faydalanmaqda davam edən Rafael Abasov portret janrında yaratdığı sənət nümunələrinin timsalında realizmin özünüifadə imkanlarının nəhayətsizliyini sərgiləyə bilib. Bunu rəssamın həm tutumuna görə süjetli tablo kimi qəbul olunan, həm də bu janrın klassik nümunəsini xatırladan digər portretləri də təsdiqləyir. "Qadın portreti” (1979), "Avtoportret” (1981), "Qara paltarlı qadının portreti. Düşüncə” (1984), "Litvalı qız” (1979), "Heykəltəraş Tofiq Hüseynovun portreti” (1979), "Rəssam Nadir Qasımov” (2001), "Müharibə qəhrəmanı Məzahir Abbasov” (1985), "Əlövsət” (1990), "Alman futbolçusu Bert Ştangenin portreti” (1993), "Avstriyalı iş adamı Xanes” (1997), "Xanesin həyat yoldaşının portreti” (1997), "Amerikalı qadın” (1997), "Qəhrəman ana” (2000), "Salvador Dali haqqında düşüncələr-Hüquqşünas Səfa Mirzəyevin portreti” (1999), "Oğlum Rəşad” (2009), və s. əsərləri özündə dəyişkən psixoloji yaşantıları hifz edən portretlər hesab etmək olar.
Yuxarıda adlarını çəkdiyimiz portretlərdə xarakter müxtəlifliyi həm də həmin obrazların həyata münasibətlərini xarakterizə edən dəyərlərlə əlaqəli verildiyindən onlar həm də tamaşaçı tərəfindən "suallar məcmusu”na bənzəyən bədii-psixoloji qaynaq kimi qəbul olunurlar. Ümumiyyətlə, rəssamın əsərlərində insan xarakterinə nüfuzetmə bacarığı kifayət qədər duyulandır. Bunu onun müxtəlif fiqurlu əsərlərində müşahidə etmək mümkündür. Onun bilavasitə fərdi təəssüratı əsasında çəkdiyi "Qazmaçılar” (1968), "Neftçi" (1978), "Nehrəm ağsaqqalları” (2006) əsərləri bu qəbildəndir.
Rafael Abasovun "Nehrəm ağsaqqalları” (2006) tablosunu köhnə kişilərin psixoloji yaşantılar toplusunun ifadəsi hesab etmək olar. Kənd mənzərəsi fonunda üçü doqqazın yanındakı kürsülükdə, ikisi isə yerdə bardaş quraraq oturmuş ağsaqqalların həm tamaşaçıya zillənmiş, həm də ondan qaçırılan baxışlarında kifayət qədər hiss-duyğu yaşanır. Dünya görmüş bu qocaların Nehrəmli günlərinin təzadlı tarixi hadisələrin burulğanından keçdiyini onların diqqətlə işlənmiş fərqli geyimindən, müxtəlif biçimli papaqlarından, içi qarpızlı naxışlı xurcundan, etibarlı söykənəcək olan əsalarından duymaq mümkündür...
Dünya və Azərbaycan rəssamlığında geniş yayılan natürmorta Rafael Abasovun biganə qalmamağının kökündə "dəstədən geridə qalmamaq”dan daha çox, arıq beş əsrə yaxın beynəlxalq incəsənət leksikonunda özünə daimi yer alan bu janrın estetikasına özünəməxsus çalarlar əlavə etmək durur desək, həqiqəti söyləmiş olarıq.
Bu da ilk növbədə kompozisiyalara daxil edilmiş ən müxtəlif əşyaların duyulası dərəcədə reallığa yaxınlaşdırılmasında, fakturasının belə hiss etdirilməsində ifadə olunmaqdadır. Qədim mis və saxsı qablara, şamdanlara, güllərə, meyvələrə və parçalara xas olan təbii canlılığa nail olan rəssam, əslində, onların qərar tutduğu məkanda insan nəfəsinin, hərarətinin mövcudluğuna tamaşaçını inandıra bilir. Odur ki, canlılığı duyulan bu atributlar da seyrçini keçmişdən daha çox bu günə, çağdaş duruma qaytarır. Bunun əyani görüntülərini rəssamın yaradıcılığının müxtəlif mərhələlərini əhatə edən natürmortlarında görmək mümkündür. Onun "Lahıc qabları ilə natürmort” (2006), "Keramik qablar” (1999), "Mis qablar” (2000), "Natürmort” (2000) və s. əsərləri məhz rəssamın zamanlar arasında mənəvi əlaqənin yaradılmasına xidmət edən lövhələridirlər.
Azərbaycan bağlarının nemətlərinin, rahiyəli çöllərinin gül-çiçəyinin rəssam tablolarında bədiiləşmiş görüntülərində də onun doğma torpağa sonsuz məhəbbəti duyulmaqdadır. Rafael Abasovun natürmortlarında bu dəyərli məziyyətin hifz olunması bir daha sübut edir ki, istənilən janrda müəllif onun üçün ilham qaynağına çevrilən mənbələrə fərdi və fərqli sevgisini göstərmək iqtidarındadır. Təbii ki, əgər bunun üçün onda bədii-yaradıcı potensial varsa... Rafael Abasovun "Armudlar” (1997), "Mis qab və armudlar” (2005), "Yaz gülləri” (2005), "Güllər” (2010), "Ağ güllərlə natürmort” (2006), "Mis dolça ilə natürmort” (2004), və s. əsərlərində müəllifin yuxarıda vurğuladığımız məziyyətləri nümayiş etdirməsinə şahidlik etmək mümkündür...
Vaxt axarında onun məşhur "sərt üslub”dan qaynaqlanaraq lirik-romantik biçim alan özünəməxsus dəst-xətti özünü mənzərə janrında çəkdiyi əsərlərdə daha qabarıq göstərib. Rəssamın müşahidələrinə real-analitik yanaşması, təzadlı ovqat yarada biləcək bədii ümumiləşdirmələr aparması onu neçə-neçə ruhları duyğulandıran mənzərələr yaratmağa imkan vermişdir. Belə tablolarda fərdi rəssam meyarı ilə təqdim olunan həyat həqiqətləri kifayət qədər lakonik dillə təqdim olunsa da tamaşaçını duyğulandıracaq forma-biçimdədir.
Etiraf edək ki, rəssamın Azərbaycanın müxtəlif guşələrinə yaradıcılıq səfərlərindən sonra yaranan mənzərələri duyulası dərəcədə özünəməxsus məziyyətlərə malikdir. Bu lövhələrdə günün fəsillərin dəyişkənliyi, dağların möhtəşəmliyi, bağların füsunkarlığı, dənizin şıltaqlığı elə sənətkarlıqla ifadə olunub ki, onların qarşısında istər-istəməz ovqat bolluğuna düşürsən. "Payız” (1996), "Meşə mənzərəsi” (2000), "Dəniz sahili” (2001), "Abşeronda (2003), "Günorta” (2004), "İsmayıllı mənzərəsi” (1996) əsərləri zəngin bədii dəyərləri özündə yaşadan tablolardır. Əsərlərdə Tanrının canlı möcüzələrindən sayıla biləcək Azərbaycan təbiətinin tanınmasına və tanıdılmasına yönəlidir desək, yanılmarıq. Başqa sözlə desək, tamaşaçı həmin əsərlərdə bir qayda olaraq görünənlərə rəssamın iç dünyasından qaynaqlanan bədii əlavəni, gerçəklikdə başqalarının da adi gözlə görə bildiklərinin "bədii incələmə”lərlə alt qatına müəllif nüfuzetməsinin ifadəsini görür.
Bu və adlarını çəkmədiyimiz neçə-neçə mənzərələrində rəssam hamının gördüyü yerlərdə gözəlliklə yanaşı bunun yaranmasını şərtləndirə biləcək səbəblərə də yaradıcı insan münasibətini təqdim edir, həm də ilk baxışda gözəlliyin işartıları belə görünməyən guşələrdəki həmin bu qeyri-adi məziyyətləri bizə də aşkarlamağa çalışır. Özü də bunun üçün bir qayda olaraq haradasa klassik ənənələrdən qaynaqlanan təqdimata üz tutur. Onun üçün önəmlisi heyrətləndiyi məqamlardakı duyğuları qanadlandırmaq gücünə malik olan rəngli dünyanı başqalarına da aşkarlamaqdır. Bu istəyin nəticəsidir ki, biz Abşeronun sərt olduğu qədər də lirik olan təbiətinə xas olan çalarları, bu torpağın qədim kəndlərinin özünəməxsus arxitektonikasını, Şirvanşahlar sarayının timsalında abidələrin tarixə şahidlik etmək gücünü, işartısı sərt qayalarda yaşanan əzəməti-möhtəşəmliyi, dənizin rəngdən-rəngə düşən dalğalarından qaynaqlanan xəzrinin ruhunu duya bilirik. Adətən, çoxrəngliliyə meyllənən rəssam eyni uğurla İsmayıllı meşələrinə, Şirvan və Muğan çöllərinə, Quba bağlarına xas olan bərəkətli zümrüdü-qızılı ovqatı ifadə edə bilmişdir.
Onun yaratdığı lövhələrin Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, eləcə də Sumqayıt, Şirvan, Masallı, Neftçala, Lerik rəsm qalereyalarında, yerli və xarici ölkələrdəki şəxsi kolleksiyalarda yer alması heç şübhəsiz onun çoxdan ənənəvi sayılan mənzərə janrının bədii-estetik tutumuna yeni və özünəməxsus məziyyətlər bəxş etməsinin göstəricisidir.
...Çox vaxt əsərləri rəssamın daxili aləmindən baş alıb gələn işıq selinə bənzədirlər. Bu selin gücü onun hikmət və insanlara təsiretmə sehri ilə ölçülür. Bir həqiqətdir ki, çağdaş Azərbaycan rəngkarlığında qırx ilə yaxın müddətdə özünəməxsus dəst-xətti ilə seçilən Rafael Abasovun yaradıcılığında belə məziyyətli əsərlər kifayət qədərdir. Lakin həyatdan və onun gözəlliklərindən heyrətlənməkdən usanmayan rəssam indi də yeni əsərlər yaratmaq istəyində, yaradıcılıq axtarışındadır. Onun səmti əvvəl yaradılanlara müəyyən "inamsızlığa” kökləndiyindən belə əsərlərin hələ bundan sonra da çox olacağına inanırıq...
Ziyadxan Əliyev
banner

Oxşar Xəbərlər