• cümə axşamı, 28 mart, 23:44
  • Baku Bakı 13°C

Sərt siyasət tərəfdarları Avropa Parlamentində fraksiya yarada bilərlər

14.05.19 18:54 510
Sərt siyasət tərəfdarları Avropa Parlamentində fraksiya yarada bilərlər
May ayının 23-26-da tək Avropa üçün deyil, bütövlükdə dünya üçün ciddi önəm kəsb edən Avropa Parlamentinə seçkilər keçiriləcək. Önəmli o mənada ki, bu seçkidə sərt siyasət tərəfdarı olan partiyaların ciddi uğurlar əldə edəcəyi barədə proqnozlar səslənir. "Christian Science Monitor” nəşri yazır ki, mayın sonunda əhalisinin sayı 500 mln-a çatan Avropa İttifaqına (Aİ) daxil olan 28 ölkədə seçicilər yeni parlament seçəcəklər. 2014-cü ildə keçirilən seçkilər xüsusi bir maraq doğurmadı və aktivlik ən aşağı həddə qeydə alınmışdı. Lakin məsələ ondadır ki, həmin seçkilər 1,3 mln. afrikalı və ərəb miqrantın Avropaya Aralıq dənizi ilə keçərək siyasi təşviş yaratmadığı illərdə keçirilmişdi. İndi Avropa İttifaqı liderləri narahatdırlar ki, antimiqrant əhval-ruhiyyənin artması sağyönümlü partiyaların mövqelərini möhkəmləndirə və onlara parlamentdə ciddi nümayəndəlik (751 yer) yarada bilər. Özü də qarşıdan gələn seçkilər miqrantlara qarşı münasibətin dəyişməsinə çalışan Aİ liderlərinin yeganə qayğısı deyil. Mayın 1-də neonasist qruplaşmalar Almaniya və İsveçdə etiraz yürüşləri keçiriblər, ötən bazar isə antimiqrant, antimüsəlman partiya 1975-ci ildən bu yana ilk dəfə İspaniya parlamentinə keçməyə müvəffəq olub. Fransada, Danimarkada və Almaniyada da analoji partiyalar seçicilərin dəstəyinin qazanıblar. Doqquz ölkədə ultrasağ partiyalar hazırda ya sağ yönümlü partiyalardır, yada ki, koalisiyada təmsil olunurlar. Böyük əksəriyyət də miqrantlara qarşı mənfi mövqedədir. Aİ dəfələrlə qaçqınlar problemi və onun nəticəsi olan miqrantlara qarşı nifrət hissini aradan qaldırmaq üçün effektiv tədbirlər planı görməyə müvəffəq ola bilməyib. Mart ayında yüksək rütbəli avropalı məmurlar neonasist hərəkatların, bunun nəticəsi olan antimiqrant əhval-ruhiyyənin artması ilə bağlı məsələləri müzakirəyə çıxarıblar. Sonda da "Kunqlev modeli” kimi tanınan sistemin tətbiqi razılaşdırılıb. Bu model qruplaşmaların yeniyetmələrə təsirinin qarşısını almağa yönəlib. Proqram çərçivəsində iştirakçıları hətta Polşada Xolokosta da aparıblar. Birminhem Universitetinin apardığı tədqiqat nəticəsində bu proqramın yeniyetmələr arasında asılılığın, ən əsası, nifrət hissinin müəyyən qədər azalmasına gətirib çıxardığı müəyyənləşdirilib. Artıq İsveç bu proqramı ümummilli elan edib.
Məqalədə qeyd edilir ki, bütün bunlara baxmayaraq, Aİ-yə seçkilər antimiqrant partiyaların mövqelərini gücləndirəcək. Keçirilən rəy sorğularının nəticələrinə görə, Avropa Parlamentdə ən iri partiya kimi təmsil olunan Avropa Xalq Partiyasında deputatların sayı 217-dən 183-ə düşəcək. İkinci fraksiya - "sosialistlər və demokratların proqressiv alyansı” 51 deputat yerini itirəcək və 186 deputat yeri əvəzinə 135 yerlə qalacaq. Üçüncü qüvvə – Avropa mühafizəkarlar və islahatçılar fraksiyası isə 75 deputat yerindən 51-ə düşəcək. Beynəlxalq münasibətlər üzrə Avroşura proqnoz edir ki, Avroparlamentdə 705 deputat yerindən üçdə birini əldə edəcəyi gözlənilən avroskeptiklər ayrıca fraksiya yarada və qanunverici prosesi bloklamağa müvəffəq ola bilərlər. Son sorğulara görə, avroskeptiklərin buna şansı var.
Ən maraqlı məsələlərdən biri də seçkilərə Rusiyanın müdaxiləsinin mümkünlüyüdür. "The New York Times” qəzeti yazır ki, Avropa Parlamentinə seçkilər ərəfəsində Rusiya ilə bağlı sayt və akkauntlar sosial şəbəkələrdə dezinformasiya tipli xəbərlər yayırlar. Yalan xəbərlər Aİ, NATO və miqrasiya ilə bağlı mövzularda üzə çıxır. Artıq Avropa xüsusi xidmət orqanları dezinformasiya ilə bağlı minlərlə material üzə çıxarıblar. Tədqiqatçılar hesab edirlər ki, bu materialları milyonlarla insan görə bilər. Maraqlıdır ki, Aİ hələ ki, Rusiyanı konkret olaraq hansısa bir namizədə dəstək verməkdə ittiham etməyib. Advance Democracy təşkilatının rəhbəri Deniel Cons qəzetə açıqlamasında bildirib ki, dezinformasiyanın məqsədi heç də seçkilərin özü deyil, sadəcə vətəndaşların Aİ və demokratik institutlara inamının azalmasıdır.
Yeri gəlmişkən, ötən gün Fransada Avropa Parlamentinə seçkilər üzrə kampaniya start götürüb. Seçkilərdə rekord sayda - 34 partiyanın iştirakı nəzərdə tutulub. Keçirilən rəy sorğularının nəticələrinə görə, əsas favorit prezident partiyası – "Marşla irəli respublika” və Marin Le Penin "Milli Birlik”dir. Sonuncu artıq seçkiləri hazırkı prezidentə "etibar refenerdumu” adlandırıb. Fransızların hər iki partiyaya dəstəyi demək olar ki, yarıbayarıdır. Le Pen seçki ərəfəsində prezidenti on milyonlarla fransızı diqqətə almamaqda, hətta onlara qarşı mübarizə aparmaqda ittiham edib. Prezident isə əvəzində Le Penin məğlub olması üçün əlindən gələni edəcəyini bəyan edib.
Beləliklə, sağların və radikalların qələbəsi Avropa, daha dəqiq desək burada sığınacaq əldə edən milyonlarla insan üçün ciddi problemlərə yol aça bilər.

Azər
banner

Oxşar Xəbərlər