• cümə, 19 Aprel, 20:31
  • Baku Bakı 24°C

Sərt qışa hazırlaşaq, yoxsa...

16.11.18 10:30 5043
Sərt qışa hazırlaşaq, yoxsa...
Hər il, qışın sərt keçəcəyinə dair məlumatlar qışın özündən tez gəlir. Demək olar ki, "son yüz ilin ən sərt qışı” ifadəsi artıq ənənəyə çevrilib. Amma bir çox hallarda deyilən proqnozlar özünü doğrultmur. Adətən sərt hava proqnozlarının əksinə, qış ayları çox mülayim keçir. Mülayim keçməsi, əslində, bir qədər işimizə yarayır. Çünki qarın yağması bəzən müxtəlif problemlərə səbəb olur. Amma son bir neçə ildir ki, qar üzünə də həsrət qalmışıq. Qış aylarında mülayim keçən havalar isə müxtəlif növ virus xəstəliklərinin geniş yayılmasına səbəb olur. Bəs görəsən bu qış bizi nə gözləyir? Bu il qış sərt olacaq, yoxsa...
Ekoloji Proqnozlar Mərkəzinin prezidenti, ekoloqTelman Zeynalovdeyib ki, artıq indidən müvafiq qurumlar Azərbaycanda sərt qışa hazırlaşmalıdırlar. Onun sözlərinə görə, bundan sonra qış gözlənildiyindən tez gəlib, gec gedəcək: "Günəş qeyri-adi və ləng yuxu dövrünə girir. Yeni günəş minimumu yeni kiçik buz dövrünün başlanmasına səbəb ola bilər. Bəşəriyyət XVII əsrdə belə qışla üzləşib".
Telman Zeynalov qeyd edib ki, son illər Günəş ləkələrinin sayında azalma müşahidə olunur (Günəş ləkələri maqnit enerjisi ehtiyatlarını xarakterizə edir, daha dəqiq desək, Günəş ləkələri Günəşdəki partlayışların enerjiyə çevrilməsi nəticəsində yaranmış ehtiyatlardır). "Günəş tacının qütblərində tüğyan edən qasırğalar zəifləyir, Günəşdəki reaktiv axıntılar yoxa çıxır. Bu, onu göstərir ki, Günəşin daha az aktivlik dövrü başlayır. Bütün bunlar bu qışdan etibarən özünü göstərməyə başlayacaq”.
Ekoloq Azərbaycan paytaxtında gözlənilən qış barəsində belə proqnoz verib: "110 illik meteoroloji müşahidələr onu göstərir ki, Bakıda qışda ən aşağı temperatur 1969-cu ildə qeydə alınıb - 10 dərəcə şaxta. Düzdür, 2012-ci ildə Bakıda 11 dərəcə şaxta olması barədə məlumatlar var, lakin rəsmi versiyaya görə, rekord göstərci 1969-cu ilə aiddir. Bu il isə 8-9 dərəcə şaxta gözlənilir. 2020-ci ildə Bakıda soyuq temperatur üzrə yeni rekord qeydə alınacaq”.
Qeyd edək ki, ötən qış Rusiyadan gələn Harmut Arktika siklonu Avropada yeni temperatur rekordlarının qeydə alınmasına səbəb olmuşdu.
Biologiya üzrə fəlsəfə doktoru, Davamlı İnkişaf Cəmiyyətinin sədri Fikrət Cəfərov"Kaspi”yə açıqlamasında bildirdi ki,Azərbaycan elə bir coğrafi mövqedə yerləşir ki, qış aylarında havalar digər ölkələrlə müqayisədə nisbətən mülayim olur: "Adətən müqayisəni qonşu ölkələrlə aparırıq. Amma onların iqlimi bizimkindən çox fərqlidir. Ona görə də, qış ayları bizdə həddindən artıq sərt keçmir. Məsələn, qonşu ölkə Rusiyada bəzi yerlərdə 40-50 dərəcə şaxta olub. Ancaq Rusiyada belə şaxtalar tez-tez olur. Bu, artıq orada adi hala çevrilib. Bizdə isə bir qədər qar yağanda sevinirik. Çox hallarda, şaxta olmadığı üçün qar da tez əriyir. Bu mənada son bir neçə ildə ümumiyyətlə, demək olar ki, qar yağmayıb. Yalnız bəzi rayonlarda qarın yağması müşahidə olunub. O cümlədən bu il də qışın həddindən artıq sərt keçəcəyini iddia etmək bir qədər düzgün olmazdı. Anomal qarlı və şaxtalı günlərin olacağını hesab etmirəm. Qeyd etdiyim kimi, bu, Azərbaycanın coğrafi mövqeyi ilə bağlı olan məsələdir. Artıq qonşu ölkə Türkiyədə bəzi ərazilərə qar yağıb. Rusiyada da güclü qar qeydə alınıb. Amma hələlik Azərbaycanda belə kəskin havalar müşahidə olunmur. Bizdə qış ayları adətən mülayim keçir. Temperatur müəyyən qədər aşağı düşsə də, həddən artıq şaxtalar olmur. Müəyyən vaxtlarda yağış və sulu qar yağır. Temperatur isə çox zaman 13-14 dərəcəyə qədər düşür. Coğrafi mövqe qışın həddindən artıq sərt keçməyinə mane olur. Əvvəllər qış ayları Azərbaycanda həddindən artıq soyuq keçirdi. Son bir neçə ildə bu tendensiya dəyişməyə başlayıb. Adətən yanvar ayında daim qar yağırdı. Son bir neçə ildə isə bunu müşahidə etmirik. Qar yağsa belə, bu cəmi bir-iki gün yerdə qalır. Bütövlükdə götürsək, bu il qışın sərt keçəcəyini söyləmək olmaz. Qarın çox yağıb-yağmayacağı ilə bağlı da qəti fikir demək çətindir”.
Coğrafiya elmləri doktoru Çingiz İsmayılovun sözlərinə görə, uzun müddətli proqnozlar vermək düzgün deyil. O bildirdi ki, belə proqnozlar adətən özünü doğrultmur: "Son bir neçə ildə qış fəsli özünə xas olmayan hava ilə yadda qalır. Bu, əslində böyük iqlim dəyişiklikləri ilə bağlıdır. Hazırda qlobal iqlim dəyişmələri prosesi gedir. Ona görə də uzunmüddətli hava proqnozları özünü doğrultmur. Bu mənada hələ qış gəlməmiş «bu qış çox sərt keçəcək» demək düzgün olmaz. İqlim dəyişmələri prosesində uzun və qısamüddətli hava dəyişmələri müşahidə olunur. Bunun səbəbi isə atmosferdə, yerin nüvəsində gedən proseslər və günəş fəallığı ilə birbaşa olaraq bağlıdır. Bütövlükdə götürdükdə, iqlim dəyişmələri mürəkkəb bir prosesdir. Son 100 ildə isə istiləşmə halları qeydə alınmaqdadı. Bəzi dövrlərdə qış vaxtı həddən artıq şaxtalı və sərt, bəzən isə mülayim keçir. İndi mövsümlərarası sərhədlər dəyişməkdədir. Həmçinin bu qış temperaturun həddindən artıq sərt keçəcəyini demək olmaz. Ola bilsin ki, müəyyən dövrlərdə temperatur mənfi dərəcəyə düşsün. Amma bu, sərt hava ilə müşahidə olunan tendensiyanın uzun müddət davam edəcəyi anlamına gəlmir”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər