• cümə, 29 Mart, 04:26
  • Baku Bakı 7°C

“Sərt cəza tədbirləri olacaq”

19.07.16 11:06 2785
“Sərt cəza tədbirləri olacaq”
Uzun illər narazı qaldığımız Bakı şəhərinin nəqliyyat sistemindəki problemlər yavaş-yavaş azalmağa doğru gedir. Amma hələ ki problemlərdən tam qurtardığımızı da deyə bilmərik. Həllini gözlədiyimiz problemlər olduğu üçün yeniliklərdən də tez-tez xəbərdar olmaq istəyirik.
Şəhər nəqliyyatında görüləcək işlərlə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova ilə söhbətləşdik. O, qəzetimizə açıqlamasında bildirdi ki, sərnişinləri böyük yeniliklər gözləyir. Onlardan biri "Koroğlu” metrostansiyası tərəfdəki Nəqliyyatın Mübadilə Mərkəzinin (XAB) şəhərin digər yerlərində də yaradılacağı ilə bağlıdır: "Koroğlu” metrostansiyanının önündən üzü şəhərə doğru gedən istiqamətdə avtobusların xaotik hərəkəti var idi. Bir dayanacaq varıydı və oraya 24 avtobus daxil olurdu. Bu isə şəhər istiqamətində böyük tıxac yaradırdı. Avtobuslarla yanaşı, taksilər də o dayanacaqda dururdu. Ona görə orada Nəqliyyatın Mübadilə Mərkəzi (XAB) yaradıldı. Artıq 24 avtobus bir dayanacağa daxil olmur. Şəhər istiqamətinə gedən yolu tutmadan, yoldan tam kənar yerdə hər saylı avtobusun öz dayanacağı var.
Beynəlxalq Avtovağzal Kompleksi, "Qara Qarayev”, "Elmlər Akademiyası”, "28 May” metrostansiyaları, 20 Yanvar dairəsi tərəflərdə, ümumilikdə isə avtobusların, nəqliyyat vasitələrinin tıxacı və xaotik hərəkəti göz önünə gələn şəhərin strateji yerlərinin hamısında bu mübadilə mərkəzlərinin olması gözlənilir. Bu da mərhələli şəkildə icra olunacaq”.
Şəhər kənarına gedən maşrut avtobuslarının sayı artırılacaq
Şəhər nəqliyyatının əsas problemlərindən biri də avtobus dayanacaqlarında taksilərin dayanması idi. N.Allahyarova deyir ki, Bakı şəhərində kifayət qədər istifadəsiz taksi dayanacaqları var ki, onlar istifadəyə yararlı vəziyyətə gətiriləcək: "Bakı Nəqliyyat Agentliyi tərəfindən taksilərə fərqlənmə nişanı veriləcək. Qanuni fəaliyyət göstərən taksilərin avtobus dayanacaqlarında saxlama icazəsi olmayacaq”.
Daha bir problemli məsələ şəhərkənarı yerlərdən gələn avtobuslarla bağlıdır. Bəzən günün pik olmayan saatlarında bu avtobuslarda sərnişin sıxlığı müşahidə olunur. N.Allahyarova bildirdi ki, agentlikdə mobil işçi qrupları yaradılıb. Onlar bütün Bakı şəhəri inzibati ərazi dairəsi boyunca sərnişin axınının öyrənilməsi işini aparırlar: "Agentliyin tərkibində xarici ekspert qrupu fəaliyyət göstərir. Onlar da sərnişin axınının öyrənilməsi işinə cəlb ediliblər. Bakı ətrafından gələn avtobuslarda günün istənilən vaxtında bəzən avtobuslar çox dolu gəlir. Amma mərkəzi hissədə günün pik saatlarını çıxmaq şərtilə elə avtobuslar var ki, boş gedib-gəlir. Ona görə sərnişin axını öyrənilir. Ətrafdan gələn sərnişinlərin istəyini nəzərə alaraq, həm də axın öyrənildikdən sonra kənar ərazilərə hərəkət edən avtobusların sayı artırılacaq, mərkəzdə sayı azaldılan avtobuslar ola bilər”.
Sürücülər üçün mütəmadi təlimlər, qaydalar, cəza tədbirləri...
Mətbuat katibi sürücü mədəniyyəti ilə bağlı məsələnin böyük problem olduğunu, bu istiqamətdə də işlərin görüldüyünü vurğuladı: "Sürücülərlə bağlı problemi isə, nağdsız ödəniş sistemi tam tətbiq olunmadığı üçün yaşayırıq. Sürücülərimiz daşıyıcı şirkətlərlə plan sistemi ilə çalışırlar. Bu da sürücülər arasında rəqabətə gətirib çıxarır. Sərnişini deyil, gəliri düşünürlər. Bakı Nəqliyyat Agentliyi olaraq qarşımızda duran əsas məsələ bütün avtobusların vahid kartla nağdsız ödəmə sisteminə keçməsidir. Bu sistemə keçdikdən sonra sürücülərlə bağlı bir çox problem özlüyündə həllini tapacaq.
Amma sürücü mədəniyyəti ilə bağlı problem bununla həll olunmur. Sürücü mədəniyyətinin formalaşması üçün mütəmadi təlimlərin aparılmasına, qaydalar və sərt cəza tədbirlərinə ehtiyac var. Bakı Nəqliyyat Agentliyi daşıyıcı şirkətlərlə müqavilə əsasında çalışır. Biz sürücünü özümüz işdən azad edə bilmirik. Amma daşıyıcının qarşısına tələb qoyuruq. Təxminən 7 ay müddətində 24 sürücü ilə bağlı daşıyıcının qarşısına tələb qoymuşuq”.
Yeni "BakuBus” marşrutları xəttə niyə buraxılmır?
N.Allahyarova deyir ki, "xidmət alan haqlıdır” fikri sərnişin mədəniyyətinin formalaşdırılması üçün istifadə edilməyəcək: "Xidmət alanlar da müəyyən qaydalara riayət etməlidirlər. Məsələn, sürücü ilə kobud danışmamaq, avtobusa tullantı atmamaq və s. Bütün avtobuslara kameralar quraşdırılacaq və nəzarət ediləcək. Sərnişinin xidmət aldığı avtobus özəl daşıyıcılara məxsus olsa da, onlara nəzarət dövlətin səlahiyyətindədir. İndiyə qədər ancaq sürücü ilə bağlı problemlər gündəmə gətirilib. Amma uyğunlaşma dövrü olmalıdır. Köhnə avtobuslar bir gündə yenisi ilə əvəz edilə, yaxud sürücü bir ayın içərisində dəyişib standartlara cavab verə bilməz. Sürücülərin hamısını işdən azad etməklə problemi həll edə bilmərik. Çünki əmək bazarında onları əvəz edəcək qədər kadr yoxdur. Ona görə əlimizdə olanlarla maksimum yüksək keyfiyyətə nail olmağa çalışacağıq”.
"BakuBus” avtobuslarının yeni xəttinin bir müddətdir ki, açılmamasına gəlincə, N.Allahyarova bunları söylədi: "Hazırda "BakuBus” 9 marşrut xətti ilə istifadədədir. Onlardan biri də "Ekspress” xəttidir. Bakı Nəqliyyat Agentliyi yaranana qədər "BakuBus” avtobusları da həftədə bir dəfə olmaqla test rejiminə keçirdi və sonra yeni xətt istifadəyə verilirdi. Amma hazırda biz maksimum optimallaşdırma aparırıq. Şəhərin mərkəzində hansı marşrut xəttlərinin bir-birini təkrarladığını, hansıların səmərəli olmamasını əsaslandırılmış şəkildə müəyyən etdikdən sonra "BakuBus” marşturları müəyyən xəttlərə buraxılacaq. İndiki halda 14 xəttlə Bakının mərkəzi üçün planlaşdırılma aparılır. Bütün Bakının mərkəzinin əhatə olunması ilə bağlı qarşıda planlar var”.
Marşrut avtobusları üçün zolaq yox, alternativ yol
Mətbuat katibi deyir ki, gələn il Bakı şəhər nəqliyyatında kondisionersiz avtobus görməyəcəyik: "Avtobuslarla bağlı yeni konsepsiya hazırlamışıq. Orada kondisionerin olması ilə bağlı tələb də var”.
Marşrut avtobusları üçün ayrıca zolaqların olmasından danışan N.Allahyarova bildirdi ki, indiki halda bizim üçün alternativ yollardan istifadə edilməsi daha prioritetdir: "Bakının küçələri, dalanları, prospektləri həddindən artıq dar məsafəlidir. Həmin dar dalanlarda əlavə zolaqların ayrılması prioritet deyil. Dünyanın əksər ölkələrində avtobuslar üçün xüsusi zolaqlar var. Azadlıq prospekti ilə üzü Rəsulzadə qəsəbəsinə doğru gedən istiqamətdə ana yolda günün pik saatlarında böyük tıxac yarandığı üçün avtobuslar ikinci yoldan istifadə edirlər. Bu zolaq deyil, alternativ yoldur. Bakıda bu cür alternativ yollar çoxdur. Amma yollarda imkan olduqca zamanla zolaqların salınması da aparıla bilər”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər