• çərşənbə axşamı, 23 aprel, 11:50
  • Baku Bakı 20°C

Şərqşünaslıq elminin böyük alimi - Fotolar

15.10.19 11:08 842
Şərqşünaslıq elminin böyük alimi - Fotolar
Elə adamları var ki, onların zəkası ilə yaranan əsərlər müəlliflərinin adını elm tarixinə əbədi həkk edir.Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, akademik Vasim Məmmədəliyev də məhz belə alimlərdən idi. "Akademik Vasim Məmmədəliyevin adı dünya şərqşünaslığının salnaməsinə qızıl hərflərlə yazılmağa layiqdir. Azərbaycan xalqı həqiqətən də fəxr edə bilər ki, şərqşünaslıq elminin Kraçkovski, Bertels, Bartold, Adam Mets kimi korifeyləri sırasında həmyerlimiz Vasim Məmmədəliyevin də özünəməxsus yeri var”. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin mərhum şərqşünas alim Vasim Məmmədəliyev haqqında qeyd etdiyi bu fikirlər, görkəmli alimin şərqşünaslıq elmində tutduğu yeri parlaqlıqla sərgiləyir.

Əsas tədqiqat sahəsinin ərəb dilçiliyi olmasına baxmayaraq, ilahiyyatçı alimin əsərlərində Şərq filologiyası, Şərq poeziyası, İslam tarixi, kəlam, fəlsəfə, təfsir, Quranşünaslıq, leksikoqrafiyanın ən mühüm məsələləri tədqiq olunub və o, bu sahələrdə də qiymətli əsərlərini gələcək nəsillərə yadigar qoyub.

Dünya şərqşünaslığına töhfə
Görkəmli alimin həyat yolunu vərəqlədikcə qazandığı elmi nəticələrin arxasında uzun illərin və gərgin bir zəhmətin dayandığının şahidi olursan. Vasim Məmmədəliyev 1942-ci il avqust ayının 27-də Bakı şəhərinin Kürdəxanı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində təhsil alıb, 1964-cü ildə universitetin aspiranturasına daxil olub və Tbilisiyə ezam edilərək 1967-ci ildə orada aspiranturanı akademik G.V.Seretelinin rəhbərliyi altında bitirib.

V.Məmmədəliyev əmək fəaliyyətinə 1968-ci ildə başlayıb. O, Azərbaycan Dövlət Universitetində 1981-1991-ci illərdə şərqşünaslıq fakültəsinin dekanı, 1991-1992-ci illərdə universitetin humanitar fakültələr üzrə prorektoru, 1993-2018-ci illərdə ilahiyyat fakültəsinin dekanı vəzifələrində çalışıb. 1991-ci ildən ömrünün sonunadək ərəb filologiyası kafedrasına rəhbərlik edib. V.Məmmədəliyev 1968-ci ildə namizədlik, 1974-cü ildə doktorluq dissertasiyaları müdafiə edib və 1979-cu ildə professor elmi adını alıb. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilib.


Zəngin elmi və pedaqoji fəaliyyəti ilə uzun illər ərzində Azərbaycan elmi və təhsilinə dəyərli töhfələr verən alimin, şərqşünaslıq elminin müasir tələblər səviyyəsinə yüksəldilməsində müstəsna xidmətləri var. Alimin ərəb dilçiliyinin aktual problemlərinin sistemli öyrənilməsinə həsr olunan və qədim mənbələrə istinadla ərəb dilçilik elminin əsas inkişaf yollarını dolğun işıqlandıran fundamental tədqiqatları dünya şərqşünaslığına töhfə kimi qəbul edilib. Yeni mülahizələrlə zəngin həmin araşdırmalarında alim, eyni zamanda, Azərbaycanda dilçilik ənənəsinin çoxəsrlik tarixə malik olduğunu xüsusi vurğulayıb.

Vasim Məmmədəliyev elmi yaradıcılığını pedaqoji fəaliyyəti ilə uzlaşdıraraq yarım əsrlik bir dövr ərzində Bakı Dövlət Universitetində yüksəkixtisaslı kadrların hazırlanması üçün bilik və bacarığını əsirgəmədən böyük qüvvə sərf edib. Alimin çoxsaylı yetirmələri Azərbaycanda və onun hüdudlarından kənarda ölkəmizi daim uğurla təmsil ediblər. Onun rəhbərliyi ilə 50-dən çox fəlsəfə və elmlər doktoru hazırlanıb. Alimin dünyanın müxtəlif ölkələrində beynəlxalq simpozium, konfrans və forumlardakı çıxışları elmi dairələr tərəfindən rəğbətlə qarşılanıb. Ərəb dilçiliyi və ilahiyyatla bağlı çoxsaylı sanballı tədqiqatları layiqincə dəyərləndirilən şərqşünas alim, bir sıra ölkələrin mötəbər akademik elmi qurumlarına üzv seçilib. O, Azərbaycanın və Dağıstan Muxtar Respublikasının Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, İraq Elmlər Akademiyasının, Suriya Quran Elmləri və Ərəb filologiyası Akademiyasının və Misir Ərəb Dil Akademiyasının müxbir üzvü, İslam Əməkdaşlığı Təşkilatının Müsəlman Hüququ Akademiyasının akademiki və Azərbaycanın orada təmsilçisi, İranın Beynəlxalq Əhli-Beyt Assosiasiyası və Türkiyənin Elmi Araşdırmalar Vəqfinin üzvü idi.


Görkəmli ilahiyyatçının elmi nəticələri, VII əsrdən bəri Bəsrə, Kufə, Bağdad, Misir və Əndəlus filoloqları arasında böyük diskussiyalar, klassik ərəb dilinin fonetika, morfologiya, sintaksis və leksikologiyasında mübahisə doğurmuş bir çox məsələnin müasir dilçilik elminin nəticələri əsasında aydınlaşdırılmasına əsaslı zəmin yaradır. Bir çox qədim ərəb mənbələrindən faydalanan alim, ərəb dilçilik elminin əsas inkişaf yollarını izləməklə, bu mühüm qrammatika məktəblərinin təlimlərini müqayisəli şəkildə şərh edib.V.Məmmədəliyev özünün "Ərəb dilçiliyi” adlı fundamental əsərində ilk dəfə olaraq "Ərəb dilçiliyinin Azərbaycan məktəbi” ifadəsini işlədərək, Azərbaycanda dilçilik ənənəsinin çoxəsrlik tarixə malik olduğunu sübuta yetirib.

V.Məmmədəliyevin işıq üzü görmüş son biblioqrafiyasında onun bu günədək 41 kitab, 6 tərcümə əsəri, 19 redaktə kitabı nəşr etdirdiyi və 54 fəlsəfə doktoru, 5 elmlər doktoru yetişdirdiyi göstərilir. O, 650-yə yaxın elmi və publisistik məqalə nəşr edib.

Ərəb və fars dillərini mükəmməl bilməsi, onu, klassik şərq poeziyasının, xüsusilə Azərbaycan klassiklərinin poetik irsinin gözəl bilicisi kimi tanıdıb. Onun təsəvvüf və irfanla bağlı fikirləri Şərq xalqlarının ədəbiyyatındakı mühüm problemlərin öyrənilməsini xeyli asanlaşdırır.Alimin Yaxın və Orta Şərqin korifeylərinin əsərlərini təhlil edən fikir və mülahizələri bir çox mübahisəli məqamlara aydınlıq gətirib. Əruz vəznini mükəmməl bilən V.Məmmədəliyev, Azərbaycan divan ədəbiyyatının bir çox nümayəndələrinin əsərlərini səlis şəkildə şərh edib. Görkəmli akademik Azərbaycan musiqi mədəniyyətinin, muğam sənətinin mahir bilicisi idi. O, dəfələrlə muğam gecələrində aparıcı olub, respublikamızın görkəmli xanəndə və müğənnilərinin yaradıcılıq gecələrində bir mütəxəssis kimi çıxış edib.

"Qurani-Kərim”in nəşri
Vasim Məmmədəliyev həmçinin Şərq filologiyası və poeziyasının, İslam tarixi və fəlsəfəsinin ayrı-ayrı sahələrinə dair əsərlərin müəllifi kimi tanınıb. O, ölkəmizdə İslam dininin elmi əsaslarla öyrənilməsinin təbliği istiqamətində ilk təşəbbüskarlardan idi. "Qurani-Kərim”in Azərbaycan dilinə tərcüməçilərindən biri olaraq V.Məmmədəliyevin ölkəmizdə ilahiyyatın və islamşünaslığın yenidən dirçəlməsində özünəməxsus xidmətləri var. Belə ki, akademik Ziya Bünyadov ilə sovet dövründə "Qurani-Kərim”i ilk dəfə Azərbaycan dilinə tərcümə edib. Bu, ölkənin elmi-mədəni həyatında mühüm hadisə idi.Tərcümənin nəşri ölkəmizdə İslama, bu dinin tarixinə, fəlsəfəsinə və mədəniyyətinə dair araşdırmalara güclü təkanverdivə Quranın dəqiq məzmunu barədə təsəvvür əldə etməyə imkan yaratdı. V.Məmmədəliyevin bu tərcüməyə yazdığı "Ön söz” və şərhlər öz elmi siqlətinə, nəzəri əhəmiyyətinə görə son dərəcə maraqlı bir əsərdir."Ön söz”də əksini tapmış metodiki ideyalar "Qurani-Kərim”in tərcüməsində tam mənada gerçəkləşib.Məhz bunun sayəsində tərcümə oxucuların rəğbətini qazanıb və bir neçə dəfə nəşr olunub.

İlk dəfə 1991-ci ildə işıq üzü görmüş bu tərcümə indiyə qədər müxtəlif illərdə 17 dəfə nəşr olunub.
Sadə və səmimi insan
Vasim Məmmədəliyevi yaxından tanıyanlar onu təkcə görkəmli alim kimi deyil, həm də səmimi insan kimi dəyərləndirirlər.

"Vasim Məmmədəliyev Azərbaycanın çox görkəmli şərqşünası idi» - deyə AMEA-nın vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli ilahiyyatçı alim haqqında danışır: «O, Azərbaycan şərqşünaslığını dünyada tanıdan nadir elm xadimlərindən biri idi. Vasim Məmmədəliyevin elmi əsərləri Azərbaycan şərqşünaslığının fundamental tədqiqatlarıdır. O, öz elmi məktəbini formalaşdırmış görkəmli elm xadimi olub. Hesab edirəm ki, o, öz yaradıcılığı və fəaliyyəti ilə ölkəmizin şərqşünaslıq fəaliyyətində xüsusi bir mərhələ yarada bildi”. İ.Həbibbəyli qeyd etdi ki, bundan sonra görkəmli alimin yetirmələri və davamçıları onun irsini davam etdirəcəklər: "Mən Vasim Məmmədəliyevin vəfatını Azərbaycan elmi üçün böyük itki hesab edirəm. Bu boşluğu doldurmaq, əlbəttə, asan deyil. Ancaq ümid odur ki, onun yetirmələri var. Onlar böyük alimin tədqiqatlarının davamçısı olacaqlar”.

Professor Şahlar Əsgərov Vasim Məmmədəliyevi dövrümüzün görkəmli ziyalılarından biri kimi dəyərləndirdi: "O, "Qurani-Kərim”i akademik Ziya Bünyadovla birlikdə Azərbaycan dilinə tərcümə edən alim idi. Mən onunla Kərbəla ziyarətində olmuşam, dini məkanları gəzmişik, imamların qəbrini ziyarət etmişik. Səfər yoldaşı kimi də o, mənim ürəyimdə gözəl bir ziyalı kimi qalıb».

"Vasim müəllim son dərəcə sadə və səmimi insan idi”- deyə tarixçi alim Solmaz Tohidi söylədi: ”Vasim müəllim Azərbaycan elmi və mədəniyyəti tarixində, ərəb filologiyası və ilahiyyat elmləri sahəsində görkəmli yer tutan alim idi. O, milli şərqşünaslıq elmimizə böyük töhfələr verən, onu beynəlxalq aləmdə tanıdan və həmişə ən yüksək səviyyədə təmsil edən böyük ziyalı idi”.
Elmi ictimaiyyət üçün ağır itki
Akademik Vasim Məmmədəliyevin uzunmüddətli elmi fəaliyyəti, yorulmaz tədqiqatları layiqincə qiymətləndirilib. O, elmin və təhsilin inkişafında xidmətlərinə görə, müstəqil Azərbaycan Respublikasının ali dövlət təltiflərindən olan "Şöhrət” və "Şərəf” ordenlərinə layiq görülüb. "Yusif Məmmədəliyev” və İran İslam Respublikasının "Şəhriyar” qızıl medalı ilə təltif edilib, Prezident təqaüdünə və Heydər Əliyev Fondunun "Qızıl Çinar” beynəlxalq mükafatına layiq görülüb.

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli şərqşünas alimin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.

V. Məmmədəliyev II Fəxri Xiyabanda dəfn olunub.

Allah rəhmət eləsin!
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər