• cümə axşamı, 28 mart, 12:37
  • Baku Bakı 16°C

Şərqşünaslıq elmimizin korifeyi - Aida İmanquliyeva - 80

08.05.19 11:00 2019
Şərqşünaslıq elmimizin korifeyi - Aida İmanquliyeva - 80
Aida xanım İmanquliyeva Azərbaycan şərqşünaslıq elminin beynəlxalq aləmdə tanınmasında, onun şöhrətinin geniş miqyasda yayılmasında misilsiz xidmətləri ilə fərqlənən görkəmli şərqşünas alimdir. Onun adı şərqşünaslıq, eləcə də qərbşünaslıq problemlərini Şərq-Qərb münasibətləri kontekstində tədqiqata cəlb edən, şərqşünaslığımızda yeni elmi təhlil istiqaməti müəyyənləşdirən, bu sahədə ilk dəfə müqayisəli metodun tətbiqi ilə tədqiqatların səmərə və effektivliyini artıran və ümumilikdə yeni şərqşünaslıq məktəbinin əsasını qoyan cəfakeş alim kimi Azərbaycan şərqşünaslıq elminin tarixinə qızıl hərflərlə yazılıb. Aida xanım İmanquliyeva ilk azərbaycanlı şərqşünas qadın, elmlər doktoru, professor kimi Azərbaycan şərqşünaslıq elminin inkişafında, bu sahədə ixtisaslı kadrların hazırlanmasında xüsusi xidmətlər göstərib, şərqşünaslıq problemlərinin öyrənilməsində yeni elmi sistem yaradıb. Onun gərgin əmək, zəngin bilik, istedad və təcrübə hesabına yazmış olduğu "Корифеи новоарабской литературы” (к проблеме взаимосвязи литератур Востока и Запада начала ХХ века) (Баку, Элм, 1991), "Истоки арабско-русских культурных и литературных связей” (В сб.: Вопросы восточной филологии - Баку, 1986), "Русская литературно-критическая мысль и творчество М.Нуайме” (В сб.: Вопросы восточной филологии - Баку, 1986), "Природа в творчестве Амина ар-Рейхани” (В сб.: Вопросы восточной филологии - Баку, 1987), "Романтизм ар-Рейхани в повести "Вне стен гарема” и в малых прозаических жанрах” (В сб.: Проблемы зарубежного Востока: история и современность. - Баку, 1988), "Qələmlər cəmiyyəti üzvlərinin yaradıcılığındakı yeni təmayüllər haqqında” (A.İmanquliyeva, Məqalələr və tərcümələr – Bakı, 2010), "Qələmlər birliyi” və Mixail Nüaymə”, "Cübran Xəlil Cübran”, "İspaniyada ərəb ədəbiyyatının yaranması və inkişaf tarixinə dair” və s. çoxsaylı kitab və məqalələri Azərbaycan ərəbşünaslıq elminin inkişafında mühüm rol oynayıb. O, ərəb-məhcər ədəbiyyatı ilə yanaşı, Azərbaycan-ərəb, rus-ərəb və qərb-ərəb ədəbi əlaqələri problemləri istiqamətində sanballı elmi əsərlər yazıb, nüfuzlu beynəlxalq konfranslarda elmi ictimaiyyətin diqqətini cəlb edən məruzələr oxuyub, xarici ölkələrdə Azərbaycan şərqşünaslıq elmini ləyaqətlə təmsil edib, Ümumittifaq Şərqşünaslıq Cəmiyyəti Rəyasət Heyətinin, Şərq ədəbiyyatının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü olub.
Aida xanım İmanquliyevanın ərəb ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə tərcüməsi sahəsindəki xidmətləri də xüsusi əhəmiyyətə malikdir. Mixail Nuaymə, Süheyl İdris, Sahib Camal, Məhəmməd Dib və digər sənətkarlardan etdiyi tərcümələr Aida İmanquliyevanın Azərbaycan və ərəb dillərinin incəliklərinə bələdçiliyindən, yüksək bədii zövqə sahib olmasından və peşəkar tərcüməçi qabiliyyətindən xəbər verir. Lakin Aida xanım geniş ictimai-siyasi, elmi-ədəbi fəaliyyət dairəsində xidmətlər göstərsə də, o, ilk növbədə şərqşünaslıq elmimizin korifeyi kimi diqqəti cəlb edir. Tərcüməçilik xidmətləri istisna edilərsə, onun şərqşünaslıq fəaliyyəti əsasən ərəb milli, ərəb-rus, ərəb-qərb ədəbiyyatlarının tədqiqi aspektində üç istiqaməti əhatə edir. Göründüyü kimi, Aida xanımın şərqşünaslıq fəaliyyətinin hər üç istiqamətində ərəb ədəbiyyatının öyrənilməsi əsas yer tutur.
Aida xanım İmanquliyevanın şərqşünaslıq fəaliyyətinin mərkəzində ilk növbədə problemə müqayisəli, elmi-fəlsəfi və tarixi-tipoloji baxış dayanır. Bu cür baxış və yanaşmanın nəticəsində Azərbaycan şərqşünaslıq elmi məhdud sərhədləri aşaraq beynəlxalq arenaya çıxış edib və bir sıra vacib problemlərin həllinə nail olub.
Qeyd etməliyik ki, professor Aida İmanquliyevanın xidmətləri sayəsində şərqşünaslığımızda formalaşan müqayisəli metodun tətbiqi nəticəsində şərqşünaslığımız ədəbiyyat tarixçiliyi sərhədlərini aşaraq, daha qlobal, daha vacib və əhəmiyyətli problemlərin araşdırılmasına istiqamətlənə bilmişdir. Aida xanım İmanquliyevanın bu təşəbbüsü bir tərəfdən birbaşa olaraq Azərbaycan şərqşünaslıq elmində ilk dəfə nəzəri-estetik baxımdan ərəb-rus, ərəb-qərb tədqiqat istiqamətlərini meydana gətirib, digər tərəfdən isə aparılan tədqiqatlar ərəb-rus, ərəb-qərb ədəbiyyatlarının, geniş mənada mədəniyyətlərinin müqayisəli, həm də fundamental öyrənilməsini təmin edib. Aida İmanquliyeva "qərb üçün şərqşünas, şərq üçün qərbşünas alim” (Ş.Xəlilov) statusunda ərəbşünaslığın ədəbi-bədii dəyərlərini şərq-qərb estetik-fəlsəfi kriteriya və baxışları müstəvisində araşdırmaqla şərqşünaslığımız üçün yeni bir nəzəri təhlil və tədqiqat sistemi yaratmış oldu. Məlum olduğu kimi, bu dövrə qədərki tədqiqatlarda ərəbşünaslıq, ümumən şərqşünaslıq araşdırmalarında Qərbin Şərqə təsiri məsələlərinə daha çox önəm verilirdi. Lakin Aida İmanquliyeva ilk dəfə olaraq Şərq-Qərb problemləri kontekstində məsələlərə aydınlıq gətirərkən Qərb dəyərlərini obyektiv qiymətləndirir, ədəbi-bədii, mədəni-mənəvi təsir məsələlərindən danışarkən birtərəfli təsirə yox, qarşılıqlı təsir amilinə xüsusi önəm verirdi.
Aida İmanquliyeva Avropa dəyərlərini nə qədər yüksək qiymətləndirsə də, ənənə prinsipləri daxilində insan və cəmiyyətlə bağlı bir çox məsələlərin təməlində Şərq mahiyyətinin dayandığını yaxşı dərk edir, təbii olaraq bu məsələnin üstündən sükutla keçməyi qeyri-mümkün sayırdı. Bildiyimiz kimi, tarixin sonrakı inkişaf dövrlərində formalaşmış Qərb mədəniyyət qütbü bir sistem kimi təsdiqini tapsa da, özünün mahiyyətindəki Şərq ilkinliyini, Şərq ruhunu, bütövdən (Şərqdən) ayrılma əlamətlərini gizlədə bilməyib. Balzak, Gete, Volter, Bayron, Russo, Monteskyö, Tolstoy, Puşkin, Yesenin və s. Qərb mədəniyyət və mənəviyyat nəhənglərinin yaradıcılığında (geniş mənada Qərb mədəniyyətində) gizlənən Şərq sevgi elementləri əslində gözlə görünə bilməyən, lakin hiss olunan, ruhla duyulan Şərq ilkinliyinin (həm də Şərq mənəvi ehtiyacının) təsiri və hansı formadasa özünütəsdiqidir. Bu mənada Aida İmanquliyeva yeni ərəb ədəbiyyatının tanınmış simalarından olan Əmin ər-Reyhani, C.X.Cübran, M.Nüaymə, İlya Əbu Mada kimi, o cümlədən İspaniyada ərəb ədəbiyyatını formalaşdıran bir çox sənətkarın yaradıcılıqlarından danışarkən problemi Qərb-Şərq dəyərləri baxımından təhlilə cəlb etsə də, "tarixin başlanğıcına təkan verən Şərq” (Hegel) ənənəviliyinin yeni dövr dünya mədəniyyətindəki yerini, rolunu və əhəmiyyətini xüsusi qiymətləndirirdi. Görkəmli şərqşünas alim bütün bunlarla yanaşı XIX əsrdən başlayaraq Qərb həyat tərzi və mədəniyyətinin Şərqə təsiri və nüfuzunu tarixi-konkret şəraitə uyğun izah edirdi. Aida İmanquliyeva bu məsələdə ilk növbədə diqqəti Amerika və Avropa ədəbiyyatı nümunələrinin ərəb dilinə tərcümə olunmasına və mütərəqqi ərəb yazarlarının həmin regionlara mühacirət etməsinə yönəldirdi. Bildiyimiz kimi, XIX əsrdən başlayaraq iqtisadi, siyasi və sosial problemlər səbəbindən ərəb ölkələrindən Qərbə böyük mühacir qrupları axın etməyə başlayıb. Aida İmanquliyeva ərəb mühacir ədəbiyyatı problemlərinə dair tədqiqlərində haqlı olaraq qərb mühacirətinin kökündə siyasi amillərlə yanaşı, mədəni amillərin təsirini xüsusi vurğulayırdı: "Avropa ədəbiyyatının ərəb dilinə tərcüməsi Qərb həyat tərzinin təbliğini və Qərbə mühacirət ideyasının cazibəsini qüvvətləndirirdi”. Gətirilən sitatda ərəb mühacirətinin kökündə sosial-mədəni səbəbin olması faktı olduqca maraqlı səslənir. Aida İmanquliyeva ərəb-məhcər ədəbiyyatını tədqiq edərkən istər ümumi ədəbiyyat, istərsə fərdi sənətkar tipində ənənə və novator problemlərinə daha çox əhəmiyyət verirdi. Bu, bir tərəfdən ciddi ədəbiyyatşünaslıq yanaşması tələblərini ödəyirdisə, digər tərəfdən yeni formalaşan modern ərəb ədəbiyyatı nümayəndələrinin yaradıcılığında təzahür olunan yeni ədəbi keyfiyyət hadisəsinin təqdimini təmin edirdi.
O, Qərbə mühacirət etmiş "Qələmlər birliyi”ndə cəmləşən modernist ərəb yazıçılarının klassikaya və müasirliyə olan münasibətini düzgün qiymətləndirir, onların sənəti üçün səciyyəvi olan yeni çalarları üzə çıxarır, Hegel fəlsəfəsinə uyğun olaraq bədii yaradıcılığa estetik predmet kimi baxırdı: "Əlbəttə, "Qələmlər birliyi”nin üzvləri klassik ədəbiyyatı öyrənir, əhəmiyyətini dərk edir, onun ayrı-ayrı nümayəndələrinin yaradıcılığına böyük qiymət verirdilər. Onlar etiraf edirdilər ki, onların əsərləri bir çoxları üçün daim ilham mənbəyi olaraq qalacaqdır. Bununla yanaşı, mühacir yazıçılar ədəbiyyatda yeni orijinal yollar axtarırdılar. Vətəndə adətən müraciət etdikləri böyük həcmli formalar burada tez-tez dəyişən, şəraitə cavab verə bilən, aktuallığı ilə fərqlənən və qəzetlər üçün daha çox əlverişli olan kiçik novellalarla, məqalələrlə, şeir parçaları ilə əvəz olunurdu”. Prof.Aida İmanquliyeva mühacir ərəb yazıçıları sırasında Cübran Xəlil, Mixail Nüaymə, ər-Reyhani və digər qələm sahiblərinin irsindən danışarkən onların yaradıcılığında yer alan qərb mövzuları ilə yanaşı, ənənəvi şərq mövzularının da olduğunu qeyd edir. O, bu məntiqinin davamı olaraq Mixail Nüaymənin novellalarında ənənəvi Şərq nağıl motivinin, Əmin ər-Reyhani və Cübran Xəlil şeirlərində Şərq aforizmlərinin yer almasını yeni modernist ərəb ədəbiyyatında özünü mühafizə edə bilmiş Şərq ənənəsinin elementləri kimi təqdim edir: "Mövzuları çox rəngarəng olan bu əsərlərin əsas ideyası ədalətin, məhəbbətin və gözəlliyin kəşfidir. Məsələn, Cübran hansı mövzuya toxunursa-toxunsun, onun ədalətsizliyə qarşı üsyankar ruhu, xeyirxahlığa və gözəlliyə rəğbəti hər bir əsərdə açıq-aydın hiss olunmaqdadır”. Sitat cəmiyyət problemləri, ədalətsizliyə qarşı üsyan, xeyirxahlıq, gözəllik və s. məsələlər fonunda müasir Qərb, ənənəvi Şərq ədəbiyyatı mövzuları tipində "Qələmlər birliyi” üzvlərinin yaradıcılığını xarakterizə etmək baxımından əhəmiyyətlidir. Bu yanaşmanın dərinliyində və mahiyyətində Aida İmanquliyevaya məxsus fəlsəfi görüşlərin yer aldığı aşkar şəkildə müşahidə olunur. Belə ki, onun problemə yanaşarkən varlığı deyil, bədii yaradıcılıq və düşüncəni estetik problem kimi götürməsini Hegel fəlsəfi baxışlarının davamı kimi səciyyələndirmək mümkündür.
Aida İmanquliyevanın yeni dövr ərəb ədəbiyyatının janr və metod problemləri ilə bağlı araşdırmaları onun ərəbşünaslığa verdiyi böyük töhfələrdən biridir. Görkəmli şərqşünas fakt və nəzəri mülahizələr əsasında "Qələmlər birliyi”nin "ilk dəfə olaraq ərəb ədəbiyyatına yeni bədii metod-tənqidi realizm metodu gətirdiklərini” bildirir və bundan sonrakı yeni mərhələdə ərəb ədəbiyyatının keçdiyi yolu elmi-nəzəri təhlil edir. Bu məqamda Aida xanım rus və qərb ədəbiyyatlarının görkəmli nümayəndələrindən olan Puşkin,Turqenev, Dostoyevski, Çexov, Tolstoy, Korolenko, Uilyam Bleyk, Ralf Emerson, Uolt Uitmen və s. şəxsiyyətlərin simasında ərəb ədəbiyyatına təsirin forma və məzmun xüsusiyyətlərindən geniş bəhs açır. Biz burada təsirin ümumi mənzərəsi ilə yox, Şərq və Qərb ədəbiyyatları fonunda ədəbiyyatdaxili proseslərin elmi mahiyyəti ilə tanış oluruq. Professor Səlahəddin Xəlilov haqlı olaraq qeyd edir ki, "Aida xanım İmamquliyevanın ədəbi proseslər haqqında tədqiqatı emprik səviyyə ilə məhdudlaşmayaraq nəzəri-konseptual dərinliklərə endiyindən, burada ədəbi-bədii məsələlər fəlsəfi məzmun kəsb edirdi...”
Görkəmli şərqşünas alim "mənsur şeir mühacir ədiblərin ən çox sevdikləri janrlardan biri idi. XIX-XX əsrlərin qovuşduğu dövrdə ərəb ədəbiyyatında tarixi roman janrı necə tipik, sonralar hekayə-novella Misir modernistləri üçün necə xarakterik idisə, mənsur şeir də mühacir ərəb ədibləri üçün eləcə səciyyəvi idi” deməklə bir tərəfdən vahid mədəniyyət hadisəsi tipində Qərb-Şərq ədəbi təsir və əlaqələrini ortaya çıxarır, digər tərəfdən akademik Kraçkovski məktəbinin nəzəri mülahizələrini genişləndirir.
Əlbəttə, professor Aida xanım İmaquliyevanın elmi irsi Qərb-Şərq ədəbi düşüncə və əlaqələrinin öyrənilməsində, ərəb-məhcər ədəbiyyatına dair konseptual məsələlərə aydınlıq gətirilməsində, ümumilikdə şərqşünaslıq problemlərinin araşdırılmasında fundamental mənbə olacaq, bütün zamanlar üçün aktuallığını itirməyəcəkdir.
Elman Quliyev
filologiya elmləri doktoru, professor
ADPU-nun "Türk araşdırmaları” elmi-tədqiqat mərkəzinin müdiri
banner

Oxşar Xəbərlər