Şərqlə Qərbin görüş meydanı

Şərqlə Qərbin görüş meydanı

Cəmiyyət
10 Dekabr 2019, 18:49 290
Azərbaycanın beynəlxalq təşkilatlardakı fəaliyyəti təkcə ölkəmizin maraqlarına xidmət etmir

Azərbaycan müstəqilik dövründə növbəti tarixi gün yaşadı. Dörd il bundan əvvəl təməli qoyulan TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirildi. Beləliklə, Azərbaycan qazını Avropaya daşıyacaq Cənub Qaz Dəhlizinin üçüncü mərhələsi də tamamlanmış oldu.
 
Azərbaycan və Türkiyə dövlətlərinin gücünü göstərən, iqtisadi gücün siyasi gücə çevrildiyini sübut edən TANAP layihəsi Cənub Qaz Dəhlizinin bir hissəsidir. Türkiyə və Azərbaycanla yanaşı, qonşu ölkələrin də tərəqqisinə xidmət edəcək Cənub Qaz Dəhlizi maliyyə dəyəri 38 milyard dollar olan nəhəng infrastruktur layihəsidir. "Şahdəniz”, Cənubi Qafqaz Boru Kəməri və TANAP-dan sonra TAP-ın tikintisi də başa çatdıqda, layihə tamamlanmış olacaq. Avrasiyada ən böyük infrastruktur layihələrindən biri sayılan Cənub Qaz Dəhlizi özündə 7 ölkəni birləşdirir ki, onlardan üçü Avropa İttifaqının üzvüdür.
 
Ekspertlər deyirlər ki, Cənub Qaz Dəhlizi yalnız enerji yox, həm də böyük siyasi layihə sayılır. Çünki burada iki qitəyə aid 7 ölkə birbaşa iştirak edir. Kəmər ətrafındakı dövlətlərin də maraqlarını nəzərə alsaq, onda demək olar ki, qaz kəməri ümumilikdə beynəlxalq əməkdaşlıq, bölgədə sabitlik və uzunmüddətli anlaşmanı təmin edir.
 
Türk Şurasının Bakı sammiti
 
 

Bu da bir daha göstərir ki, artıq Azərbaycan bölgədə əsas oyunçu olmaqla kifayətlənmir, ölkəmiz dünyada cəsarətli söz sahibinə çevrilməkdədir. Əvvəllər beynəlxalq təşkilatlara sadəcə üzvlüklə kifayətlənən Azərbaycan, indi həmin qurumlara sədrlik edir, digər dövlətlərin problemlərinin həllində iştirak edir, dünyanın hər yerindən qonaqları Bakıya çağırır.
 
Bunu yaxın vaxtlarda Bakıda bir-birinin ardınca keçirilən genişmiqyaslı beynəlxalq səviyyəli toplantılar da sübut edir. Bu ilin oktyabrında Bakı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci zirvə görüşünə ev sahibliyi etdi. Türkdilli ölkələrin liderlərinin qatıldığı sammitdə ilk dəfə olaraq Özbəkistan da Türk Şurasının tamhüquqlu üzvü kimi iştirak edirdi. Bundan başqa, qurumun 10 illik yubileyi, həm də Avropadan ilk dövlətin - Macarıstanın müşahidəçilik statusu alması ilə yadda qaldı. Və nəhayət, Azərbaycan bu əməkdaşlıq qurumunda sədrliyə başladı. Bu, ölkəmizin türkdilli dövlətlər sırasında öncül mövqe qazandığını sübut edən faktorlardan yalnız biridir. 
 
Türkiyəli ekspert Murad Akan deyir ki, sammit türk dünyasının siyasi və iqtisadi inteqrasiyasına kömək etdi: "Bu zirvə görüşü bölgəyə aid ölkələr arasında münasibətlərin möhkəmlənməsi baxımından son 10-15 il ərzində atılmış ən ciddi addım oldu. Sammit türkdilli ölkələrin münasibətlərinin möhkəmlənməsində vacib rol oynamış oldu, türk xalqlarının vahidliyini bütün dünyaya göstərdi. Türk Şurasının Bakı sammiti türkdilli ölkələr arasındakı əməkdaşlıqda yeni imkanlar yaradacaq”.
 
Azərbaycanın Türk Şurasına sədrliyi dövründə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafına xüsusi diqqət yetiriləcək. Həmçinin türk dünyasının mədəni irsinin təbliği prioritet sahələrdən biri olacaq.
 
Növbəti zirvə görüşü və növbəti sədrlik
 
 

Türk Şurasının toplantısının bitməsindən az sonra bütün dünyanın diqqəti yenə də Bakıya yönəldi. Bu dəfə Azərbaycan təkcə türk dünyasını yox, bütün qitələri əhatə edən yığıncağı uğurla təşkil etdi. Söhbət oktyabrın 25-29-da paytaxtda keçirilən Qoşulmama Hərəkatının XVIII zirvə görüşündən gedir.
 
Bakıdakı zirvə görüşünə, ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri, ümumilikdə 160-a yaxın ölkə və beynəlxalq təşkilatın nümayəndələri qatıldı. Tamhüquqlu 120 üzvü olan Qoşulmama Hərəkatında 17 dövlət və 10 beynəlxalq təşkilat müşahidəçi statusundadır. BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatı dünya əhalisinin təqribən 55 faizinin yaşadığı ölkələri birləşdirir. Bu dövlətlər dünyadakı neft ehtiyatlarının 75 faizindən, təbii qaz ehtiyatlarının isə 50 faizindən çoxuna, çoxsaylı təbii resurslara malikdir.
 
Bakıdakı zirvə görüşünün yekununda dörd bəyannamə qəbul edilib: Yekun sənəd, Bakı Siyasi Bəyannaməsi, Ev sahibi dövlətə təşəkkür və Fələstin üzrə sənədlər. Həmçinin bu toplantıda Hərəkata sədrlik qarşıdakı üç ildə Azərbaycana keçib. Ölkəmiz 2019-cu ildən 2022-ci ilə qədər Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürüb.
 
Etimad və nüfuzun məntiqi nəticəsi
 
Ekspertlər hesab edirlər ki, bu toplantıların təşkili, Azərbaycanın bu cür qurumlarda sədrliyə başlaması ölkədə son illər aparılan daxili və xarici siyasətin, əldə olunmuş nailiyyətlərin, eləcə də dövlətimizə etimadın məntiqi nəticəsidir. Deməli, Azərbaycan bu illər ərzində həm beynəlxalq münasibətlər sistemində, həm də daxildə dövlət siyasətini möhkəmləndirib, düşünülmüş iqtisadi siyasət sayəsində vacib nəqliyyat və enerji qovşağına çevrilib. İrimiqyaslı nəqliyyat, enerji və infrastruktur layihələrinin reallaşdırılması ölkənin imkanlarını yeni səviyyəyə yüksəldib. Nəticədə Azərbaycan bu gün aparıcı dövlətlər tərəfindən dünya iqtisadiyyatının ayrılmaz hissəsi kimi qəbul olunur.
 
120 dövlət Ermənistanı işğalçı kimi tanıdı
 
Millət vəkili, Parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr mavini Sevinc Fətəliyeva qeyd edib ki, beynəlxalq münasibətlər sisteminin təkqütblü dünya sistemindən çoxqütblü dünya sisteminə keçdiyi bir dövrdə bu kimi təşkilatların əhəmiyyəti artır və Azərbaycanın da belə təşkilatlarda təmsil olunması faydalı hesab olunur.
 
"Azərbaycanın bu cür nüfuzlu bir qurumun sədri seçilməsi ikiqat qürurverici və məsuliyyətlidir. Bu, şübhəsiz, diplomatiyamızın növbəti qələbəsidir. Qoşulmama Hərəkatına 3 il müddətinə sədrlik bizə nə verir? Qoşulmama Hərəkatı bizim üçün mövcud beynəlxalq əlaqələrimizin möhkəmləndirilməsi, habelə, yeni ikitərəfli münasibətlərin qurulması və təbii ki, ilk növbədə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin reallıqlarının dünya ictimaiyyətinə çatdırılması baxımından bir növ siyasi arenadır. Qoşulmama Hərəkatının əsaslandığı, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörməti, bir-birinin daxili işlərinə qarışmamağı ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasət prinsipləri ilə üst-üstə düşür”.
 
Müsahibimiz qeyd edir ki, toplantının ən əlamətdar hadisəsi qəbul olunan sənədlərdə Azərbaycanın mövqeyinin yüksək səviyyədə dəstəklənməsidir: "Qəbul edilən bəyannamələrdə ölkəmizin ərazi bütövlüyü ilə bağlı 120 dövlətin mövqeyi ortaya qoyulub. Yekun sənədlərdə dövlət və hökumət başçıları BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, Dağlıq Qarabağ münaqişənin hələ də həll olunmamasından təəssüf hissi keçirdiklərini bildirir və onun Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı əsasında həll olunmasının vacibliyini vurğulayırlar. Həmçinin güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayır və təsdiq edirlər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq, bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək. Burada bilavasitə işğalçı ifadəsindən istifadə olunur. Bu, Ermənistanın növbəti dəfə 120 dünya dövləti tərəfindən işğalçı kimi tanınması deməkdir”.
 
Xarici ekspertlər də hesab edirlər ki, bu sammit həm təşkilatın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, həm də Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi baxımından mühüm əhəmiyyət daşıyırdı.
 
"Azərbaycanın müstəqil və güclü dövlət imici möhkəmləndi”
 
Rusiyalı politoloq, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov da Qoşulmama Hərəkatının XVIII zirvə toplantısının Azərbaycanda keçirilməsini xüsusi hadisə kimi qiymətləndirərək, ölkəmizin bu hərəkatda mühüm rol oynayacağını vurğulayır: "Qoşulmama Hərəkatı SSRİ dövründə iki sərt blok - NATO və Varşava Müqaviləsi Təşkilatı arasında bir növ tənzimləyici rolunu oynayırdı və bu da dünyada sülhü qorumağa kömək edirdi. Azərbaycanın Qoşulmama Hərəkatındakı yeni roluna gəlincə, bu nüfuzlu struktura sədrlik Azərbaycana regionda və dünyada müstəqil və güclü dövlət imicini daha da möhkəmləndirməyə, həmçinin Hərəkat üzvü olmayan ölkələrlə əməkdaşlıq spektrini genişləndirməyə imkan verəcək. Əminəm ki, Azərbaycan bu vacib missiyanın öhdəsindən layiqincə gələcək və bu beynəlxalq struktura səmərəli rəhbərlik nümayiş etdirəcək”.
 
"Bakıda ortaq məqsədlər naminə müzakirələr aparıldı”
 
"İndi dünyanın birlik, əməkdaşlıq və həmrəyliyə ehtiyacı var. Yalnız bu halda problemlərə sinə gərmək, onları həll etmək olar”. Bunu qəzetimizə açıqlamasında BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande bildirib. Onun sözlərinə görə, Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII zirvə görüşü məhz bu əməkdaşlığın formalaşması və güclənməsinə xidmət edir: "Qoşulmama Hərəkatı o şərtlə yaradılıb ki, biz hansısa ekstremal qərarları özbaşına verməyək, kollektiv qərar çıxarmağı bacardığımızı nümayiş etdirək. Bu təşkilatın əsas yaranma səbəblərindən biri məhz bütün dünyada sülhə nail olmaqdır. Buna görə də Qoşulmama Hərəkatı aktiv şəkildə BMT ilə əməkdaşlıq edir. Bakıdakı zirvə görüşündə iştirakçılar ortaq məqsədə, hədəflərə nail olmaq üçün müzakirə açmağı bacardılar. Bu, çox mühüm məsələdir”.
 
Ticani Məhəmməd-Bande deyir ki, həm Qoşulmama Hərəkatı, həm də BMT-yə üzv ölkələrin çoxlu problemləri var. Bunlar arasında münaqişələr xüsusi yer tutur. Onun fikrincə, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız bu iki ölkəyə yox, bütövlükdə regiona, eləcə də bütün dünyaya mənfi təsir göstərir. BMT bu münaqişənin həlli üzrə vasitəçilik etməyə hazırdır.
 
Beynəlxalq medianın diqqət mərkəzində
 
Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII sammitini 250-yə yaxın jurnalist işıqlandırıb. Onların arasında bir çox ölkələri təmsil edən beynəlxalq səviyyəli media orqanlarının nümayəndələri də kifayət qədər olub.
Beləliklə, həm Türk Şurası, həm də Qoşulmama Hərəkatına sədr seçildikdən sonra Azərbaycanın qarşısında ciddi hədəflər dayanır. Bu hədəflərin reallaşdırılması üçün bacarıqlı diplomatiyaya və ciddi fəaliyyət göstərilməsinə ehtiyac var. Qoşulmama Hərəkatının sədri kimi, qlobal problemlərin həlli ilə yanaşı, Azərbaycan həm də öz prioritetlərini həyata keçirmək üçün səylər göstərəcək. Burada ölkəmizin digər beynəlxalq qurumlarla əməkdaşlıqdan əldə etdiyi üstünlüklər də ciddi rol oynayır. Məsələn, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvü olan bir ölkə kimi Azərbaycan öz sədrliyi dövründə Avropa İttifaqı, Afrika İttifaqı, Amerika Dövlətləri Təşkilatı, ASEAN və s. təşkilatlarla əməkdaşlığı genişləndirəcək, beynəlxalq dialoqun gücləndirilməsinə çalışacaq.
 
Bəşəri dəyərlər ətrafında birləşmək
 
BMT-nin Baş katibi Antonio Quterreş tərəfindən "mədəniyyətlər arasında dialoqun təbliğinin ön cəbhəsi” kimi qiymətləndirilən "Bakı Prosesi” də bu işlərdə ölkəmiz üçün geniş imkanlar açır. Bu proses çərçivəsində təsis edilmiş və iki ildən bir ölkəmizdə keçirilən mədəniyyətlərarası dialoq üzrə Ümumdünya Forumu da mədəniyyətlərarası dialoqla yanaşı, Bakı Bəyannaməsinin təşviqi üçün vacib platformaya çevrilə bilər.
 
Əminliklə demək olar ki, istər dünyanın aparıcı təşkilatlarında, istərsə də öz təşəbbüsü ilə həyata keçirdiyi beynəlxalq platformalar müstəvisində aktiv fəaliyyət göstərən Azərbaycan - Şərqlə Qərb arasında körpü rolunu oynayan ölkəmiz planetimizdə sülh və təhlükəsizliyin bərqərar olması naminə ən müxtəlif xalqlar və dövlətlər arasında dialoqu təmin etmək üçün bundan sonra da var gücü ilə çalışacaq.
 
Məğrur Əliyev
 
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi yazı müsabiqəsinə təqdim edilir.