• cümə, 29 Mart, 11:51
  • Baku Bakı 5°C

“Şərqin Parisi”

13.02.18 09:00 1571
“Şərqin Parisi”
Qardaş Türkiyə mediasında Azərbaycanla bağlı növbəti məqalədə ölkəmizin regionun lider dövlətinə çevrildiyi, Bakının gözəl bir Avropa şəhərini xatırlatdığı vurğulanıb. Türkiyənin nüfuzlu "Aydınlıq” qəzetinin köşə yazarı Engül Ünsal bu yaxınlarda Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının beşinci qurultayına qonaq kimi qatılmasını yazıb və səfər təəssüratlarını bölüşüb.
Avrasiya Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqları Federasiyasının sədri Cemail Bakındının dəvəti ilə səfərinin baş tutduğunu qeyd edən müəllif yazır ki, 30 ölkədən 100-dən artıq qonağın dəvət edildiyi toplantıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Səttar Mehbalıyev yenidən qurumun rəhbəri seçilib: "Səttar bəy ETUC-un həmsədri və Azərbaycan Mili Məclisinin deputatıdır. Tədbirdə çoxsaylı qonaqlar tərəfindən çıxışlar səslənsə də, ən önəmli çıxış məhz Cemail Bakındı tərəfindən edildi. O, Azərbaycan xalqı üçün önəmli olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tədbirdə çıxış etdi. Bu məsələ ilə bağlı Rusiya Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərinə, dolayısı ilə Rusiyaya ünvanlanan bir mesaj verdi. Onun "Qarabağ problemini həll edin və sizi Nobel sülh mükafatına namizəd irəli sürərəm” fikirləri zalda alqışlarla qarşılandı”.
Müəllif daha sonra Qida Sənayesi İşçiləri Sahə Həmkarlar İttifaqının rəhbəri Tofiq Quliyevlə görüşünün təəssüratlarını bölüşüb. Onun dəyərli, çox savadlı və maarifpərvər bir şəxs olduğunu xüsusi vurğulayan müəllif yazır ki, "hazırda Azərbaycan Həmkarlar Konfederasiyasının sıralarında 1,5 milyona yaxın üzv birləşib, 16 min 901 həmkarlar ittifaqları təşkilatı fəaliyyət göstərir. Son 5 ildə 507 yeni ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb, 56 min 497 nəfər həmkarlar ittifaqı üzvlərinin sırasına cəlb edilib. Tək bir konfederasiya var və onun rəhbərliyi altında 26 sektor fəaliyyət göstərir. Öz növbəsində onların da şöbələri var. Qida Sənayesi İşçiləri Sahə Həmkarlar İttifaqının 27 şöbəsi fəaliyyətdədir”. Müəllif daha sonra Azərbaycan Həmkarlar İttifaqının fəaliyyətinə toxunur. Qeyd edir ki, 1997-ci ildən başlayaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası hər il ölkənin sosial-iqtisadi siyasətinin reallaşmasında razılaşdırılmış mövqelərini və birgə fəaliyyəti müəyyən edən Baş Kollektiv Saziş imzalayırlar. Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiya Komissiyasının yaradılması xüsusi önəm daşıyır. Əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı Tədbirlər Planı təsdiqlənib, işçi qrupu, Komissiya yanında Qeyri-Rəsmi Məşğulluqla Mübarizə Mərkəzi yaradılıb. Hazırda qeyri-rəsmi fəaliyyətlə məşğul olanların bir milyon nəfərinin Tədbirlər Planının icrası nəticəsində mərhələli şəkildə real iş sektoruna cəlb olunması gözlənilir. Hesabat dövründə 3 Baş Kollektiv Saziş, hər il orta hesabla 110 sahə (tarif) sazişi, 12 min kollektiv müqavilə bağlanıb. Həmin sənədlərdə həmkarlar ittifaqlarının tələbləri əksini tapıb. Bu sahədə görüləcək işlərə Azərbaycan Respublikasının "2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” təminat yaradır. AHİK bu Proqramın hazırlanmasında fəal iştirak edib.
AHİK müvafiq dövlət orqanları tərəfindən göndərilmiş normativ hüquqi aktların layihələrinin ekspertizasında iştirak etməklə yanaşı, Dəyişdirilmiş Avropa Sosial Xartiyasının və BƏT-in konvensiyalarının tələblərinə cavab verməsi baxımından mövcud qanunlara dəyişiklik olunması təklifi ilə çıxış edib. BƏT-in Milli Məclisdə ratifikasiya edilmiş konvensiyalarında əksini tapmış əsas prinsip və hüquqlara əməl olunması AHİK-in daim diqqət mərkəzində saxladığı məsələlərdəndir.
Müəllif daha sonra Azərbaycan paytaxtının əsrarəngiz gözəlliyi və füsunkarlığını qələmə alıb. Xüsusi qeyd edir ki, Azərbaycan neft və qaz gəlirləri ilə zəngin bir dövlətə çevrilib. "Bu zənginlik şəhərlərdə əks olunur. Bakıda sovetlər dövründən qalan bütün binalar təmir edilib, yeni inşa edilən binalar isə memarlığın şah əsəridir. Bakıda bütün binalar daşdan olub və süd qəhvəyi rəngindədir. Binaların işıqlandırılması bələdiyyələr tərəfindən həyata keçirilir. Şəhərin par-par parıldayan göydələnləri Bakı gecələrinə bir başqa gözəllik qatır. Əhali çox səliqəli geyimləri ilə göz oxşayır. Qadınları zərifliyi ilə seçilir və Paris qadınlarından fərqlənmirlər. Bütün xarici markaların dükanları küçələri əhatə edir. Bakını təbii quruluşu və zənginliyi ilə Şərqin Parisi adlandırmaq olar. Prospektlər geniş, şəhərin planlanmış forması insana bir fərəhlik verir. Xəzər dənizinin sahilində bina tikintisinə icazə verilmir. Sahil kənarında çəkilən 20 kilometrlik asfalt yol və yol kənarındakı hovuzlu bağçalar bu gözəl şəhərə ayrı bir gözəllik verir. Küçələrdə bir tək türbanlı, çarşablı, uzun saqqallı insan görmədim. Küçələrdə tək bir zibil tapa bilməzsiniz. Ölkədə müstəqil məhkəmələr, Ali Məhkəmə və Konstitusiya Məhkəməsi var. İnsanlar özlərini inamlı bir sistemin mövcudluğu altında hiss edirlər”, - deyə müəllif yazır.
Müəllif qeyd edir ki, Azərbaycanda sovet hökumətinin izi yoxdur. "Yalnız həmkarlar ittifaqlarının sosialist mənşəli olduğu vurğulanır. Azərbaycanı gördükdən, orada həmkarlardan danışdıqdan sonra həmkarlar ittifaqlarının köklü, gur, sulu, kölgəsində minlərlə işçiyə rahatlıq gətirən peşələri özündə birləşdirən bir qurum olduğunu anladım. Başqa ölkələrdə bu sistemin köksüz, inancsız, ideologiyadan məhrum olduğunu düşündükdə çox kədərləndim”, - deyə müəllif fikirlərini tamamlayıb.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər