“Şərqin Parisi”
Qardaş Türkiyə mediasında Azərbaycanla bağlı
növbəti məqalədə ölkəmizin regionun lider dövlətinə çevrildiyi, Bakının gözəl
bir Avropa şəhərini xatırlatdığı vurğulanıb. Türkiyənin nüfuzlu "Aydınlıq”
qəzetinin köşə yazarı Engül Ünsal bu yaxınlarda Bakıda Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının beşinci qurultayına qonaq kimi qatılmasını yazıb
və səfər təəssüratlarını bölüşüb.
Avrasiya Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri
Həmkarlar İttifaqları Federasiyasının sədri Cemail Bakındının dəvəti ilə
səfərinin baş tutduğunu qeyd edən müəllif yazır ki, 30 ölkədən 100-dən artıq
qonağın dəvət edildiyi toplantıda Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının rəhbəri Səttar Mehbalıyev yenidən qurumun rəhbəri seçilib: "Səttar
bəy ETUC-un həmsədri və Azərbaycan Mili Məclisinin deputatıdır. Tədbirdə
çoxsaylı qonaqlar tərəfindən çıxışlar səslənsə də, ən önəmli çıxış məhz Cemail
Bakındı tərəfindən edildi. O, Azərbaycan xalqı üçün önəmli olan Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı tədbirdə çıxış etdi. Bu məsələ ilə bağlı Rusiya Həmkarlar
İttifaqları Konfederasiyasının rəhbərinə, dolayısı ilə Rusiyaya ünvanlanan bir
mesaj verdi. Onun "Qarabağ problemini həll edin və sizi Nobel sülh mükafatına
namizəd irəli sürərəm” fikirləri zalda alqışlarla qarşılandı”.
Müəllif daha sonra Qida Sənayesi İşçiləri Sahə
Həmkarlar İttifaqının rəhbəri Tofiq Quliyevlə görüşünün təəssüratlarını
bölüşüb. Onun dəyərli, çox savadlı və maarifpərvər bir şəxs olduğunu xüsusi
vurğulayan müəllif yazır ki, "hazırda Azərbaycan Həmkarlar Konfederasiyasının
sıralarında 1,5 milyona yaxın üzv birləşib, 16 min 901 həmkarlar ittifaqları
təşkilatı fəaliyyət göstərir. Son 5 ildə 507 yeni ilk həmkarlar ittifaqı
təşkilatı yaradılıb, 56 min 497 nəfər həmkarlar ittifaqı üzvlərinin sırasına
cəlb edilib. Tək bir konfederasiya var və onun rəhbərliyi altında 26 sektor
fəaliyyət göstərir. Öz növbəsində onların da şöbələri var. Qida Sənayesi İşçiləri
Sahə Həmkarlar İttifaqının 27 şöbəsi fəaliyyətdədir”. Müəllif daha sonra
Azərbaycan Həmkarlar İttifaqının fəaliyyətinə toxunur. Qeyd edir ki, 1997-ci
ildən başlayaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası hər il ölkənin
sosial-iqtisadi siyasətinin reallaşmasında razılaşdırılmış mövqelərini və birgə
fəaliyyəti müəyyən edən Baş Kollektiv Saziş imzalayırlar. Əmək Münasibətlərinin
Tənzimlənməsi və Koordinasiya Komissiyasının yaradılması xüsusi önəm daşıyır.
Əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı Tədbirlər
Planı təsdiqlənib, işçi qrupu, Komissiya yanında Qeyri-Rəsmi Məşğulluqla Mübarizə
Mərkəzi yaradılıb. Hazırda qeyri-rəsmi fəaliyyətlə məşğul olanların bir milyon
nəfərinin Tədbirlər Planının icrası nəticəsində mərhələli şəkildə real iş
sektoruna cəlb olunması gözlənilir. Hesabat dövründə 3 Baş Kollektiv Saziş, hər
il orta hesabla 110 sahə (tarif) sazişi, 12 min kollektiv müqavilə bağlanıb.
Həmin sənədlərdə həmkarlar ittifaqlarının tələbləri əksini tapıb. Bu sahədə
görüləcək işlərə Azərbaycan Respublikasının "2016-2020-ci illər üçün Layiqli
Əmək üzrə Ölkə Proqramı” təminat yaradır. AHİK bu Proqramın hazırlanmasında
fəal iştirak edib.
AHİK müvafiq dövlət orqanları tərəfindən
göndərilmiş normativ hüquqi aktların layihələrinin ekspertizasında iştirak
etməklə yanaşı, Dəyişdirilmiş Avropa Sosial Xartiyasının və BƏT-in
konvensiyalarının tələblərinə cavab verməsi baxımından mövcud qanunlara
dəyişiklik olunması təklifi ilə çıxış edib. BƏT-in Milli Məclisdə
ratifikasiya edilmiş konvensiyalarında əksini tapmış əsas prinsip və hüquqlara
əməl olunması AHİK-in daim diqqət mərkəzində saxladığı məsələlərdəndir.
Müəllif daha sonra Azərbaycan paytaxtının əsrarəngiz
gözəlliyi və füsunkarlığını qələmə alıb. Xüsusi qeyd edir ki, Azərbaycan neft
və qaz gəlirləri ilə zəngin bir dövlətə çevrilib. "Bu zənginlik şəhərlərdə əks
olunur. Bakıda sovetlər dövründən qalan bütün binalar təmir edilib, yeni inşa
edilən binalar isə memarlığın şah əsəridir. Bakıda bütün binalar daşdan olub və
süd qəhvəyi rəngindədir. Binaların işıqlandırılması bələdiyyələr tərəfindən
həyata keçirilir. Şəhərin par-par parıldayan göydələnləri Bakı gecələrinə bir
başqa gözəllik qatır. Əhali çox səliqəli geyimləri ilə göz oxşayır. Qadınları
zərifliyi ilə seçilir və Paris
qadınlarından fərqlənmirlər. Bütün xarici markaların dükanları küçələri əhatə
edir. Bakını təbii quruluşu və zənginliyi ilə Şərqin Parisi adlandırmaq olar.
Prospektlər geniş, şəhərin planlanmış forması insana bir fərəhlik verir. Xəzər
dənizinin sahilində bina tikintisinə icazə verilmir. Sahil kənarında çəkilən 20
kilometrlik asfalt yol və yol kənarındakı hovuzlu bağçalar bu gözəl şəhərə ayrı
bir gözəllik verir. Küçələrdə bir tək türbanlı, çarşablı, uzun saqqallı insan
görmədim. Küçələrdə tək bir zibil tapa bilməzsiniz. Ölkədə müstəqil məhkəmələr,
Ali Məhkəmə və Konstitusiya Məhkəməsi var. İnsanlar özlərini inamlı bir sistemin
mövcudluğu altında hiss edirlər”, - deyə müəllif yazır.
Müəllif qeyd edir ki, Azərbaycanda sovet hökumətinin
izi yoxdur. "Yalnız həmkarlar ittifaqlarının sosialist mənşəli olduğu
vurğulanır. Azərbaycanı gördükdən, orada həmkarlardan danışdıqdan sonra həmkarlar
ittifaqlarının köklü, gur, sulu, kölgəsində minlərlə işçiyə rahatlıq gətirən
peşələri özündə birləşdirən bir qurum olduğunu anladım. Başqa ölkələrdə bu
sistemin köksüz, inancsız, ideologiyadan məhrum olduğunu düşündükdə çox
kədərləndim”, - deyə müəllif fikirlərini tamamlayıb.
Azər NURİYEV