• şənbə, 20 Aprel, 09:58
  • Baku Bakı 14°C

Şərqi Avropada Rusiya küləyi əsir

17.11.16 11:16 993
Şərqi Avropada Rusiya küləyi əsir
Moldova və Bolqarıstanda Rusiya ilə əməkdaşlığın güclənməsinin tərəfdarı olan namizədlərin prezident kürsüsünə əyləşməsi Qərb dairələrində, mediasında geniş müzakirə olunur. Bəziləri bura Gürcüstanı da daxil edirlər. Çoxları artıq "Gürcü arzusu”nun böyük fərqlə qələbəsini də Rusiya amili ilə izah edirlər. Qərbə olan ümidlərin puç olması, vəd edilən avrointeqrasiyanın reallaşmaması artıq bu ölkələrin əhalisində pessimist əhval-ruhiyyə yaradıb. Deməzdik ki, Rusiya sevgisi həddən artıq güclüdür, amma hər halda insanlar arzuladıqlarına çata bilmədikləri, yəni alternativ görmədikləri üçün bu yola üstünlük verirlər. Son seçkilərin hətta Şərqi Avropa ölkələrininQərbə tam inteqrasiya oluna bilməmələrini ortaya qoyduğunu da iddia edənlər var.
Qərb mətbuatı və siyasilərini bu tendensiya güclü şəkildə narahat etməyə başlayıb. "Yoxsulluq, korrupsiya, Avropa ümidlərinin reallaşmaması və Moskva ilə köhnə əlaqələr. Nə üçün Bolqarıstan və Moldovada Putinyönümlü namizədlər qalib gəldilər”. Avstriyanın "Die Presse” qəzetində dərc edilən yazının əsas xətti budur. Müəllif yazır ki, bazar günü baş tutan seçkilər Kremldə triumf kimi qarşılanıb: "Moldova və Bolqarıstanda keçirilən prezident seçkilərində Rusiyayönümlü namizədlər qalib gəldilər. İqor Dodon Moldovada qalib gəldi və dərhal da Moskva ilə strateji tərəfdaşlığa başlanıldığını elan etdi”. Müəllifə görə, moldovanlar artıq qərbyönümlü siyasətçilərin boş vədlərindən zinhara gəliblər. "Ən gözlənilməz, açıq səmada ildırım çaxması effektini isə Avropa İttifaqının üzvü olan Bolqarıstanda keçirilən seçkilərin nəticələri göstərdi. Qalib namizəd Rusiya ilə praqmatik münasibətlərin qurulmasını istəyən, hərbi-hava qüvvələrinin keçmiş baş komandanı, Avropa İttifaqı və NATO-ya üzvlük məsələsində balansın qorunub saxlanılmasına çalışan Rumen Radev olub. Belə bir prosesi Şərq blokunun digər keçmiş üzvləri ilə bağlı da eşitmək olar”.
Məqalədə vurğulanır ki, istisna yalnız Polşa, Baltikyanı dövlətlər və müəyyən mənada Rumıniyadır. Adları çəkilən dövlətlər Rusiyanın regionda işğalçı siyasət yürütdüyünü israr edərək, bu təhlükənin real olduğunu irəli sürürlər. Şərqi Avropada rusofilliyin yeni dalğasının yarana biləcəyinin köklü səbəbləri göstərilir. Lakin hər bir ölkə üçün bu fərqlidir. Məsələn, Moldovada bunu onunla əsaslandırmaq olar ki, əhali, xüsusən də kənd yerlərində yaşayanlar qərbyönümlü hakimiyyətin korrupsiyalaşmasından narazıdır. Yaşlı insanlarda sovet dövrünə nostalji hissləri güclüdür. Yoxsulluq və iqtisadi durğunluq daha yaxşı cəmiyyət - Avropa cəmiyyətinə ümidləri zəiflədib. Bir sıra hallarda isə bu hissi tamamilə məhv edib. Bolqarıstanda da bir çoxlarında Rusiyaya nostalji hissi baş qaldırıb. Avropanın vəd etdikləri artıq real olmayıb. Bundan əlavə, hökumətin namizədi Çeçka Çaçev keçmiş döyüş pilotuna rəqib ola bilmədi. Bolqarıstanda iki faktor da əsas rol oynayıb - energetika və xarici ticarət. Ukraynaya görə Rusiyaya qarşı Aİ-nin sanksiyaları regiona ziyan gətirib. Bundan əlavə, Bolqarıstanın Rusiya qazından asılılığı daha da güclənib. Bu ölkə uzun müddət Ukraynadan yan keçəcək və Cənub-Şərqi Avropaya Rusiya qazını aparacaq "Cənub axını” layihəsinin reallaşmasında maraqlı olub. Lakin ABŞ və Avropa İttifaqının təzyiqləri altında layihə reallaşmadı. Hazırda isə Rusiya "Türk axını” layihəsini reallaşdırmağa çalışır. Versiyalardan birinə görə, qaz Türkiyəyə, sonra isə Bolqarıstandan yan keçməklə Yunanıstana nəql olunacaq. Əgər Bolqarıstan Rusiyaya qarşı praqmatizmlik nümayiş etdirərsə, bu plan dəyişə bilər. Ümumiyyətlə, Rusiya da boş dayanmır və Aİ-də narazı olan dövlətləri, qüvvələri öz tərəfinə cəlb etməyə çalışır. Bu məqsədlə hətta "Putinin dostları Assosiasiyası” da yaradılıb, ona rəhbərliyi də miqrantlara qarşı sərt mövqeyi ilə seçilən Macarıstanın baş naziri Viktor Orban edir.
Beləliklə, qeyd olunan faktlar bəlkə də Rusiyanın triumfu, qələbəsi kimi qarşılana bilər. Lakin məsələ ondadır ki, hər iki ölkə parlament üsul-idarəsi ilə idarə olunur, yəni prezidentlərin dəyişməsi hələ siyasətin dəyişməsi demək deyil. Moldova ilə bağlı məsələyə gəldikdə, burada sol qüvvələrin bazası hər zaman güclü olub. Digər məqam isə Moldovada prezidentin simvolik şəxs olmasıdır. Yəni əsas söz sahibi baş nazirdir. Parlament seçkilərində sosialistlər və kommunistlər 46 mandat qazanıb, 3 liberal partiya isə 55 mandat əldə edərək hökuməti formalaşdırıb. Bu ölkədə dəfələrlə ziddiyyətli nəticələr əldə olunub - gah qərbpərəst qüvvələr, gah da sosialistlər qələbə qazanıb. Başqa bir fakt isə moldovan miqrantlarla bağlıdır. Belə ki, Rusiyada on minlərlə moldovan fəaliyyət göstərir və evlərinə vəsait göndərir. Rusiyanın mövqeləri Moldovada hər zaman güclü olub.
O ki qaldı Bolqarıstana, bu ölkə Avropa İttifaqı və Şimali Atlantika Blokunun üzvüdür. Rusiyapərəst keçmiş hərbçinin qalib gəlməsi də xarici siyasət vektorunun kəskin dəyişəcəyi anlamına gəlməməlidir. Müəyyən düzəlişlər ola bilər – və burada da əsas amil iqtisadiyyatla bağlıdır. Bolqarıstan Aİ-nin ən yoxsul ölkəsidir və sosial-iqtisadi problemlər fonunda orada istənilən populist siyasi qüvvənin iqtidara gəlməsi mümkündür. Sadəcə, rəsmi Sofiya ümid edir ki, qaz məsələsində Rusiya onun ərazisindən də yararlanacaq.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər