• cümə axşamı, 18 aprel, 05:22
  • Baku Bakı 15°C

"Şərq Tərəfdaşlığı"nın 10 illik yolu: Cənubi Qafqaz ölkələrinin fərqli mövqeləri

07.09.19 10:30 743
"Şərq Tərəfdaşlığı"nın 10 illik yolu: Cənubi Qafqaz ölkələrinin fərqli mövqeləri
"Newtimes.az” portalında Kamal Adıgözəlovun "Şərq Tərəfdaşlığı"nın 10 illik yolu: Cənubi Qafqaz ölkələrinin fərqli mövqeləri" sərlövhəli məqaləsi dərc edilib. Məqalədə "Şərq Tərəfdaşlığı" proqramının qəbul edilməsi, reallaşdırılması və tərəfdaş ölkələrin iştirak özəllikləri analiz edilib. Təhlil XXI əsrin başlanğıcından qlobal geosiyasətdə müşahidə edilən trendlər kontekstində aparılıb. Eyni zamanda, "Şərq Tərəfdaşlığı"nın Avropa qonşuluq siyasəti və Rusiyanın yeritdiyi xarici siyasətlə bağlılığı da diqqətə alınıb. Məqalədə göstərilib ki, "Şərq Tərəfdaşlığı" təşəbbüsünün həyata keçirildiyi 10 il müddətində Azərbaycan, Ermənistan və Gürcüstan fərqli nəticələr əldə ediblər. Azərbaycan bu proqram çərçivəsində Avropa İttifaqı ilə münasibətlərdə siyasi proseslərin subyekti statusuna yüksəlib. Gürcüstan proqramın Cənubi Qafqazda tərəfdaşı statusunu saxlayıb. Ermənistan isə qeyri-müəyyən və tərəddüdlü vəziyyətə düşüb. Məqalədə Cənubi Qafqazın hər üç ölkəsinin "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığının proqnostik təhlili də verilib.AZƏRTACməqaləni təqdim edir.
Avropa İttifaqının (Aİ) Şərq qonşuları ilə münasibətlərinin inkişafına yönəldilmiş "Şərq Tərəfdaşlığı" proqramının 10 illiyi 2019-cu ildə silsilə tədbirlərlə qeyd edildi. Brüsseldə bu mövzuda Aİ-nin sammiti keçirildi, Batumidə isə yüksək səviyyəli beynəlxalq konfrans təşkil olundu. Hər iki tədbirin nəticələrini ekspertlər analiz edir, proqnozlar verirlər. Həmin bağlılıqda Cənubi Qafqaz ölkələrinin "Şərq Tərəfdaşlığı" proqramında iştirakının özəllikləri və gəlinən nəticələrin təhlili maraq doğurur. Bir sıra ekspertlər hesab edirlər ki, bu proqram çərçivəsində ən çox uğur qazanan ölkə Gürcüstan olub. Əslində, Brüssel də bu qənaətdədir. Ermənistanla bağlı konkret bir fikir ifadə etmək çətindir. Bu ölkə rəhbərliyinin yürütdüyü qeyri-konstruktiv siyasət nəticəsində onun "Şərq Tərəfdaşlığı" proqramında yeri və rolu da aydın deyil. Azərbaycanla bağlı isə tamamilə fərqli situasiya yaranıb. Rəsmi Bakının müstəqil siyasəti "Şərq Tərəfdaşlığı" proqramı daxilində onun məxsusi və ardıcıl mövqeyinin olduğunu təsdiqləyir. Vurğulanan məqamlar kontekstində "Şərq Tərəfdaşlığı" proqramının keçdiyi yolun təhlili üzərində geniş dayanmağa ehtiyac görürük.
Başlanğıc: Aİ-nin qonşuları ilə bağlı siyasətinin bəzi aspektləri
"Şərq Tərəfdaşlığı" proqramının 10 illiyinin başa çatması adi hadisə kimi qəbul edilmir. Aİ bu proqrama strateji məzmun verir. Avropa Qonşuluq Siyasəti (AQS) çərçivəsində həyata keçirilməli olan vacib layihələrin "Şərq Tərəfdaşlığı" proqramına birbaşa aidiyyəti vardır. Maraqlıdır ki, 2015-ci ildən başlayaraq Brüssel həmin proqrama təşkilatın təhlükəsizlik və xarici siyasətinin strateji məqsədləri kontekstində yanaşır. Bu isə özlüyündə "Şərq Tərəfdaşlığı"nın Aİ-nin geosiyasi mövqeyinin möhkəmlənməsi, Avropa sərhədləri yaxınlığında sabitliyin və təhlükəsizliyin təmini ilə sıx bağlı olduğunu ifadə etməkdədir.
Bu müddəalar işığında "Şərq Tərəfdaşlığı"nın 10 il müddətində mövcud olmasının Cənubi Qafqaz ölkələri ilə bağlı hansı nəticələri verməsi aktual görünür. Ekspertlər bu barədə artıq müəyyən təhlillər aparıblar. Məsələn, rusiyalı ekspert Sergey Markedonov problemin analizinə həsr olunan məqalə dərc edib (bax: Сергей Маркедонов. 10 лет Восточного партнерства ЕС: уроки для Азербайджана, Армении и Грузии / "Евразия. Эксперт", 17 iyul 2019). Lakin problemə daha geniş geosiyasi kontekstdə yanaşdıqda, fərqli məqamları görmək mümkün olur.
2009-cu ildə "Şərq Tərəfdaşlığı" proqramı irəli sürülərkən Aİ-nin sərhədləri yaxınlığında olan dövlətlərdə sabitliyin yaradılması, islahatlar və modernləşmənin aparılması, təhlükəsizliyin təmini, azad ticarət zonalarının yaradılması, viza rejiminin sadələşdirilməsi (və sonra ləğvi) kimi məqsədlər qarşıya qoyulurdu. Özü də bu məqsədlər Azərbaycan, Gürcüstan, Ukrayna, Belarus, Moldova və Ermənistan üçün nəzərdə tutulmuşdu. Aydındır ki, həmin ölkələr uzun müddət Rusiyanın nüfuz dairəsində olublar. Deməli, "Şərq Tərəfdaşlığı" müəyyən mənada Rusiya-Aİ münasibətlərinin kontekstinə də daxil idi.
Təsadüfi deyil ki, Kreml bu vəziyyətə ciddi reaksiya verdi. "Şərq Tərəfdaşlığı"na həsr edilmiş 2009-cu il Praqa və 2010-cu il Varşava sammitlərində proqramın reallaşması istiqamətində yeni addımlar daha çox müzakirə edilirdisə və "Şərq Tərəfdaşlığı"nın məzmununda elə bir dəyişiklik nəzərdə tutulmurdusa, 2013-cü il Vilnüs sammiti çox şeyi dəyişdi. Vilnüsdə Ukrayna və Ermənistan assosiativ üzvlük haqqında müqaviləni imzalamadılar. Hətta Ermənistan Rusiyanın dominantlığı altında olan Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə (KTMT) yaxınlaşma və sıx tərəfdaşlıq xəttinin davam etdirilməsini zəruri sayırdı. Azərbaycan isə tam müstəqil mövqe tutaraq, ümumiyyətlə, assosiativ üzvlüyə mənfi münasibətini ifadə etdi.
Beləliklə, 2013-cü ildə "Şərq Tərəfdaşlığı" proqramı ciddi siyasi zərbə aldı. Məlum oldu ki, proqrama daxil olan dövlətləri eyni qəlibə salmaq praktiki olaraq səmərəli deyil. Onda Aİ həmin proqramda tərəfdaş olan ölkələrə qarşı fərdi yanaşmaya üstünlük verməyə başladı. Bu, ümumiyyətlə, Avropa qonşuluq siyasətində yeniləşmə fonunda baş verirdi. Demək olar ki, həmin andan eyni proqramda olan üzv dövlətlərin geosiyasi yolları ayrılmış oldu. O cümlədən Ermənistanla Azərbaycanın "Şərq Tərəfdaşlığı"nın mövcud şərtləri daxilində bir qurumda olmasının mümkünsüzlüyü konkretləşdi. Belarus da fərqli mövqeyə keçdi. Ukraynanın isə öncədən mövqeyindəki fərq məlum idi.
Bu halda "Şərq Tərəfdaşlığı" proqramının vahidliyindən və məqsəd baxımından bütövlüyündən danışmaq olardımı? Çətin ki, bu sualın cavabı müsbət olardı. 2015-ci il Riqa sammiti də bu tezisin doğruluğunu təsdiq etdi. Azərbaycan bəyan etdi ki, özünün müstəqil əməkdaşlıq paketini hazırlayır. Həmin sənədlər paketində Aİ ilə strateji əməkdaşlıq daha geniş kontekstdə, lakin assosiativ üzvlükdən kənarda nəzərdə tutulur. Özü də burada əsas olaraq idarəetmənin təkmilləşdirilməsi, enerji təhlükəsizliyi, viza rejiminin yumşaldılması, iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi kimi məsələlər əsas yer tutmalıdır. Azərbaycan sənəddə müstəqil dövlətlərin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi kimi şərtləri də irəli sürdü. Münaqişələrin həllində ərazi bütövlüyü şərtinin mütləq şəkildə qoyulması təsbit edildi.
Nəticədə, Aİ Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəklədi. Təşkilatın qəbul etdiyi sənədlərdə münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində ərazi bütövlüyünə hörmət əsasında həll edilməsi öz ifadəsini tapdı. Hətta 2017-ci il Brüssel sammitində Ermənistanın ciddi etirazlarına baxmayaraq, bu punkt yekun bəyannaməyə salındı. O cümlədən Krımın anneksiyası ilə bağlı punkt saxlanıldı.
Assosiativ üzvlük: pərdəarxasında nə baş verir?
Bunlar onu göstərir ki, Vilnüs sammitindən sonra həm Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasətində, həm də "Şərq Tərəfdaşlığı" proqramının məzmun və məqsədində ciddi dəyişikliklər oldu. Məsələn, Aİ-nin yaradılması sazişinin 49-cu maddəsi – müəyyən şərtləri yerinə yetirən istənilən Avropa ölkəsinin Aİ-yə üzv ola bilməsi məsələsi Vilnüs sammitində gündəlikdən çıxarıldı. Əvəzində, assosiativ üzvlük məsələsi qabardıldı. Bu, Rusiyanın təsiri ilə Aİ-nin qonşuları ilə münasibətlərinə yeni şərtlər daxilində baxmaq qərarına gəldiyini ifadə edirdi. Assosiativ üzvlük haqqında sənədə ancaq Gürcüstan və Moldova imza atdılar. Proqramın digər iştirakçıları fərqli mövqe tutdular. Bu isə o deməkdir ki, 2013-cü ildən başlayaraq "Şərq Tərəfdaşlığı" proqramı daxilən parçalandı, üzvlərin məqsədləri baxımından bircinsliyini itirdi. Təsadüfi deyil ki, artıq Riqa sammitində (2015-ci il) "Şərq Tərəfdaşlığı"nın yeni dörd baza istiqaməti müəyyənləşdirildi. Onlar konkret olaraq iqtisadiyyatın, idarəetmənin, əlaqələrin gücləndirilməsini və cəmiyyətlərin möhkəmləndirilməsini əhatə edir. Beşinci "Şərq Tərəfdaşlığı" sammitində (Brüssel, 2017-ci il) isə bu dörd baza istiqaməti üzrə 2020-ci ilədək iyirmi əsas hədəf müəyyən edildi.
Yeni hədəflər sosial, kommunikativ, iqtisadi, idarəetmə, infrastruktur, informasiya kimi sferalara aiddir. Burada Aİ-yə üzvlüyün arxa plana atılması yoxdur. Sadəcə, Aİ həmin məqsədə çatmaq üçün proqrama daxil olan dövlətlərlə işləmə alətlərində yenilik etdi. Bu zaman Brüssel Moskva faktorunu daha dərindən, ciddi və əhatəli nəzərə almağa başladı. Aİ-nin Xarici İşlər üzə Komitəsinin 2018-ci il "Təhlükəsizlik siyasəti və ümumi xarici siyasətin reallaşması haqqında illik hesabat" adlı sənədində ifadə edilən tezislər "Şərq Tərəfdaşlığı"nın yeni məqamları aspektində maraq doğurur. Hesabat-məruzədə qlobal geosiyasi mənzərə qeyri-müəyyən, risklərlə zəngin, ziddiyyətli, gözlənilməz hadisələrlə dolu mühit kimi analiz edilib. Bu əsasda həm Aİ-nin xarici siyasi kursu, həm də "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlığın özəllikləri öz ifadəsini tapıb. Orada göstərilir ki, tərəfdaş ölkələrin təhlükəsizliyinin, suverenliyinin, ərazi bütövlüyünün təmini Aİ üçün böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, 2020-ci ilə qədər müəyyən edilmiş başlıca məqsədlərin reallaşması zərurəti vurğulanır. Deməli, Aİ "Şərq Tərəfdaşlığı"na indiki mərhələdə daha geniş kontekstdə və əhatəli baxır (bax: Annual report on the implementation of the Common Foreign and Security Policy (2018/2097(INI)) //http://www.europarl.europa.eu/doceo/document/A-8-2018-0392_EN.pdf, 26 noyabr 2018).
Beləliklə, "Şərq Tərəfdaşlığı" proqramı 10 illik yubileyinə başlanğıc məzmunda ciddi transformasiyalar şəraitində gəlmişdi. Sürətlə dəyişən geosiyasi şərtlərin təsiri altında bu proqram Aİ-nin daxili struktur-funksional transformasiyaları fonunda yeni məzmun və məqsəd çalarları almağa başlayıb. Həmin çərçivədə də tərəfdaş ölkələrin hər biri üçün fərdi yanaşma formalaşdırılıb. O cümlədən Cənubi Qafqaz ölkələrinin "Şərq Tərəfdaşlığı"nda iştirak səviyyələri fərqlidir. Bu məqam 2019-cu il 11-12 iyulda Batumidə "Şərq Tərəfdaşlığı" proqramının 10 illik yubileyinə həsr olunan beynəlxalq konfransda qabarıq surətdə öz ifadəsini tapdı.
Konfrans ümumi səviyyədə "Şərq Tərəfdaşlığı" proqramının uğurlu olduğunu vurğulanıb. Həmin kontekstdə Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk deyib: "Tərəfdaş ölkələrlə siyasi və iqtisadi inteqrasiyanın davam etdirilməsi və daha da gücləndirilməsi üçün yeni imkanlar nəzərdən keçiriləcək. Əməkdaşlığın daha da güclü olması üçün dövlətlərlə yanaşı, vətəndaş cəmiyyəti və biznes ictimaiyyətinin də dəstəyi tələb olunur. "Şərq Tərəfdaşlığı" proqramının uğurlu olduğunu gündəlik həyat təsdiq edir" (bax: Donald Tusk: Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" proqramına üzv ölkələrlə əməkdaşlığı daha da gücləndirəcək /AZƏRTAC, 11 iyul 2019).
Üç ölkənin mövqeyi: Azərbaycanın təklif etdiyi nümunəvi model
Bu fikirlərdən aydın olur ki, Brüssel "Şərq Tərəfdaşlığı"na daxil olan ölkələrlə iqtisadi ilə yanaşı, siyasi inteqrasiyanı da gücləndirmək fikrindədir. Bu o deməkdir ki, Aİ strateji aspektdə genişlənmə xəttini saxlamaqda qərarlıdır. Bunun üçün təşkilat ancaq dövlətlərlə deyil, vətəndaş cəmiyyəti və işgüzar dairələrlə də aktiv işləmək kursuna üstünlük verir. Bütün bunlar konkret olaraq 2020-ci ilə qədər prioritet hesab edilən iyirmi istiqamət üzrə reallaşdırılmalıdır.
Bu fikirlərin işığında Azərbaycanı Batumi konfransında təmsil edən Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyevin çıxışı zamanı irəli sürdüyü "Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramının gələcəyi və uğuru regionda sabitlik və təhlükəsizliyin saxlanmasından asılıdır" tezisi xüsusilə aktualdır. Belə ki, Cənubi Qafqaz ölkələrinin "Şərq Tərəfdaşlığı" proqramında fərqli mövqeyində regionda mövcud olan münaqişələr ciddi rol oynayıb. Brüssel isə məsələnin bu tərəfinə lazımi diqqət yetirməyib. Daha konkret ifadə etsək, təcavüzkarın yerində oturdulması üçün ciddi heç bir iş görməyib.
Bu vəziyyətə proqramın qəbul edilməsinin 10-cu ildönümündən baxdıqda, D.Tuskun yuxarıda vurğuladığımız nikbin tezisi elə də inandırıcı görünmür. Çünki bu müddət ərzində Aİ Ermənistana təcavüzkarlığından əl çəkməyi inandırmayıbsa, hansı uğurdan və "daha çox yaxınlaşmadan" danışmaq olar? Həm də məsələyə Aİ-nin özünün üstünlük verdiyi təhlükəsizlik problemi prizmasından baxdıqda, xeyli risklərin mövcud olduğunu görə bilərik.
Reallıq ondan ibarətdir ki, "Şərq Tərəfdaşlığı" proqramının bir üzvü digər üzvünün ərazi bütövlüyünü pozub. Aİ-nin isə bu proqram çərçivəsində qoyduğu tələblərdən biri üzv ölkələrin ərazi bütövlüyünü təmin etməkdən ibarətdir. Hələ də Brüssel bu paradoksal vəziyyəti izah edə bilməyib. Özü də Azərbaycan Aİ ilə əməkdaşlığı daim inkişaf etdirib. Azərbaycan Avropa ilə Asiyanı birləşdirən beynəlxalq enerji və nəqliyyat dəhlizlərinin keçdiyi məkandır. "Şərq-Qərb", "Cənub-Qərb" və "Şimal-Cənub" dəhlizlərinin Cənubi Qafqazda qovuşduğu yer Azərbaycandır. Bundan başqa, Azərbaycan Avropanın enerji təhlükəsizliyində ciddi rol oynayacaq Cənub Qaz Dəhlizi layihəsinin fəal iştirakçısı və təşəbbüskarıdır. Bunlardan başqa, Azərbaycanda Aİ-nin standartları və tələblərinə uyğun idarəetmə təkmilləşdirilir, qanunçuluq inkişaf etdirilir, korrupsiya ilə mübarizə gücləndirilir. Konkret desək, Azərbaycan "Şərq Tərəfdaşlığı" çərçivəsində üzərinə düşən öhdəlikləri lazımi səviyyədə yerinə yetirir. Lakin daha da irəli getmək üçün Ermənistanın təcavüzkarlığının qarşısı alınmalıdır. Məhz bu məqamda Aİ-nin passivliyi və bəlkə də ermənilərə müəyyən mənada havadarlıq etmək istəyi qarşıda maneədir. Bu reallıq prizmasından 10 illik tarixi olan "Şərq Tərəfdaşlığı" proqramında Ermənistan, Azərbaycan və Gürcüstanın yeri haradadır?
Bu məsələdə S.Markedonovun gəldiyi nəticə belədir: "Cənubi Qafqazın hər üç dövlətinin Aİ ilə əməkdaşlıqda fərqli mövqeləri vardır. Gürcüstan Brüsseldə ölkənin ərazi bütövlüyü problemini həll etməyə qadir olan güc görür. Ermənistan regional təcrid şəraitində Rusiya ilə strateji müttəfiqlikdən imtina etmədən iqtisadi əlaqələrin diversifikasiyasına can atır. Azərbaycan isə insan haqları və vətəndaş azadlıqları üzrə sərt öhdəliklər götürmədən əsas olaraq biznes modelə istiqamətlənib" (bax: Сергей Маркедонов. 10 лет Восточного партнерства ЕС: уроки для Азербайджана, Армении и Грузии / "Евразия. Эксперт", 17 iyul 2019).
Bu fikirlərə yuxarıda vurğuladığımız özəlliklər kontekstində baxsaq, üç Cənubi Qafqaz ölkəsinin "Şərq Tərəfdaşlığı" proqramındakı fərqli mövqelərinin konkret əlamətlərini müəyyənləşdirə bilərik. Gürcüstanı Brüssel proqramın Cənubi Qafqazdakı lideri sayır. Belə ki, Tbilisi bütün istiqamətlərdə Aİ ilə yaxınlaşmağa çalışır, ərazi bütövlüyü məsələsini onun vasitəsilə həll etməyə cəhdlər göstərir, bu təşkilatın assosiativ üzvüdür. Ancaq bütün bunlar siyasi müstəvidə olan faktorlardır. Aİ hələ də Gürcüstanın ərazi bütövlüyünü təmin edə bilməyib.
"Şərq Tərəfdaşlığı"nın 10 illiyinə həsr olunmuş beynəlxalq Batumi konfransında da D.Tusk sözdə Rusiyanı ittiham etdi. Bu, artıq ənənə halını alıb: Aİ rəsmiləri ifadələrdə Moskvanı kəskin tənqid edirlər, amma onların heç biri praktikada əksini tapmır. Deməli, Aİ regionda özünə ən yaxın saydığı ölkənin belə təhlükəsizliyini tam təmin edə bilmir. O halda hansı mənada Gürcüstanın "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində aparıcı mövqeyindən danışmaq olar? Müəyyən şərtlərlə bunu ancaq siyasi aspektdə demək mümkündür.
Belə "aparıcı mövqe"nin müstəqil milli dövlətçiliyə hansı faydasının olduğu hələ də aydın deyil. Xüsusilə son dövrlərdə Gürcüstanın siyasi mühitində müşahidə edilən radikal qarşıdurmalar fonunda Tbilisinin "Şərq Tərəfdaşlığı" çərçivəsində fəaliyyəti ilə bağlı fərqli qiymətləndirmələrin olması ehtimalı artır. Eyni zamanda, Aİ-nin assosiativ üzvü olmağın dövlətçilik üçün hansı imtiyazları verdiyinə şübhə ilə yanaşmaq olar. Bunlar onu göstərir ki, Gürcüstanın "Şərq Tərəfdaşlığı"nda iştirakının nəzəri və praktiki qiymətləndirilmələri arasında müəyyən ziddiyyət mövcuddur.
Ermənistan isə bu aspektdə daha mürəkkəb və ziddiyyətli vəziyyətdədir. 2013-cü ildə İrəvan Aİ-ni aldatdı. Ermənistan Rusiyanın liderliyindəki Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil oldu. Bunu o zaman Ermənistana rəhbərlik edən Serj Sarkisyan ölkənin təhlükəsizliyini təmin etmək zərurəti ilə izah etdi. İndi rusiyalı ekspertlər belə bir fikir irəli sürürlər ki, Avropa Ermənistanın başqa dövlətin ərazisini işğal etməsinə dözməyəcəkdi və İrəvana təzyiq edib, onu Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur edəcəkdi.
Belə çıxır ki, Ermənistan geosiyasi seçim edərkən əsas olaraq təcavüz siyasətinə haqq qazandıran gücə üstünlük verib. Lakin qəribədir ki, İrəvanla bərabər Brüssel də Ermənistanın demokratikliyindən dəm vurur. Xüsusilə Nikol Paşinyan küçə təzyiqləri ilə hakimiyyətə gəldikdən sonra absurd "erməni demokratiyası", "qədim erməni dövlət idarəetməsinin demokratik tərəfləri" kimi ifadələr işlədilir.
Hətta Aİ-də Cənubi Qafqazda "erməni demokratiyası" ilə "gürcü demokratiyası"nı birləşdirmək kimi məzmunsuz bir tezisdən bəhs edirlər. Birincisi, demokratiyanın etnikliyi olmur. İkincisi, erməni və ya gürcü demokratiyasının konkret əlamətləri barədə heç kim fikir deyə bilmir. Bu cəfəng və gülünc fikrin nəyi ifadə etdiyinin belə "elmi" izahı yoxdur. O halda "fransız demokratiyası", "ingilis demokratiyası", "alman demokratiyası", "yunan demokratiyası" kimi müxtəlif ifadələri də qəbul etmək lazım gəlir ki, yekunda, ümumiyyətlə, "demokratiya meyarları" ifadəsi öz mənasını itirmiş olur.
Bu aspektdə Ermənistanda hansısa demokratiyadan dəm vurub, "Şərq Tərəfdaşlığı" proqramında forpost dövlətin "iştirakından" danışmaq ciddi məşğuliyyət deyil. Ermənistan bu proqramın heç bir yerində yoxdur – o, manipulyasiyalar və aldadıcı manevrlərlə məşğuldur. 2017-ci ildə Aİ ilə Ermənistan arasında dərinləşmiş və hərtərəfli əməkdaşlıqla bağlı saziş imzalanması isə imitasiya, zahiri görüntüdür. O vaxtdan bu yana tərəflər arasında heç bir proqram reallaşmayıb. Sözdə təriflər isə öz yerini saxlamaqdadır. Bunun əksinə, Ermənistan rəhbərliyi Aİİ üzvü kimi müxtəlif ölkələrlə bu təşkilatın əlaqələrinin "gücləndirilməsi" üçün dəridən-qabıqdan çıxır. Deməli, İrəvan yenə də iki od arasında qalıb: bir tərəfdən Rusiya, digər tərəfdən isə Aİ onu alova atır.
Bunların fonunda Azərbaycanın "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində fəaliyyəti həqiqi mənada nümunəvidir. Ekspertlər vurğulayırlar ki, Azərbaycan 2013-cü il Ukrayna böhranına qədər və ondan sonra da Aİ ilə qarşılıqlı faydalı əməkdaşlıq xəttini tutub. Bu səbəbdən Rusiya ilə Qərb arasında geosiyasi münasibətlər nə dərəcədə gərgin olsa da, Azərbaycana təsiri olmayıb. Bu mənada Azərbaycanın Aİ ilə əməkdaşlığın prioritet istiqamətlərini yenidən razılaşdırması və strateji əməkdaşlıqla bağlı yeni sənədin müzakirə edilməsi "Şərq Tərəfdaşlığı" çərçivəsində olduqca əhəmiyyətli hadisədir. Azərbaycan Aİ ilə institusional əməkdaşlığın möhkəmləndirilməsi və idarəetmənin səmərəliliyinin yüksəldilməsi, iqtisadi inkişaf və bazar imkanlarının artırılması, enerjidə səmərəlilik və çeviklik istiqamətləri üzrə əməkdaşlıqda ortaq fikrə gəlib. Bunlar konkret və real faktorlardır. Onların həyata keçirilməsi həqiqi mənada Azərbaycanla Aİ-ni daha da yaxınlaşdıracaq. Burada siyasi-ideoloji motivin olmaması da çox aktualdır. Çünki həmin məqam Azərbaycanı geosiyasi oyunların hədəfinə çevirmir. Bütün bunlara görə, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerininin "...neft və qazla zəngin olan Azərbaycan Aİ ilə çox sıx və bərabərhüquqlu münasibətlərə can atır" fikri xeyli maraqlıdır.
Beləliklə, "Şərq Tərəfdaşlığı" proqramının 10 illik tarixçəsi göstərir ki, Cənubi Qafqazın üç ölkəsi fərqli mövqeyə gəlib çıxıblar. Brüsselin maraqları baxımından regionun bu məsələdə aparıcı ölkəsi sayılan Gürcüstan, daha geniş müstəvidə baxdıqda, elə də inamlı görünmür. Ermənistan dolaşıq və qeyri-müəyyən geosiyasi seçimi səbəbindən iki güc arasında tərəddüd etməkdədir. Buna görə də "Şərq Tərəfdaşlığı" istiqamətində konkret heç bir iş görə bilməyib. Azərbaycan isə özünün milli və dövlət maraqlarını əsas götürməklə "Şərq tərəfdaşlığı" çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığını daha da dərinləşdirir. Bu baxımdan həmin proqram aspektində də regionun ən perspektivli ölkəsi kimi qəbul edilə bilər.
banner

Oxşar Xəbərlər