AZE | RUS | ENG |

Şərq qissəsinə alternativ baxış

Şərq qissəsinə alternativ baxış
Sahilə YaYanın “Şeyx” romanı haqda qeydlər

Şərq ədəbiyyatında kifayət qədər məşhur olan və müraciət edilən "Şeyx Sənan” mövzusu Azərbaycan ədəbiyyatında da müxtəlif səpkilərdə işlənmişdir. Bizə məlum olan yazılı ədəbiyyatda  "Şeyx Sənan” mövzusuna ilk dəfə müraciət edən Fəridəddin Əttar Nişapuridir.  Əttarın "Məntiqüt-teyr” ("Quşların söhbəti”) məsnəvisinin həcmcə ən böyük hekayati "Şeyx Sənan”dır. (Bəzi araşdırmaçılar "Şeyx Sənan”ı müstəqil əsər kimi təqdim edir.) Bu məşhur əhvalatın Azərbaycan mədəniyyətinə də təsiri danılmazdır. Dastanlarımızda, el şairlərinin və aşıqlarının yaradıcılığında Şeyx Sənan mövzusu xatırlanır. Bəstəkar Üzeyir Hacıbəyovun "Şeyx Sənan” operası, Hüseyn Cavidin "Şeyx Sənan” faciəsi və yazıçı Fəxri Uğurlunun "Şeyx Sənan” hekayəsi bu mövzuda yaranmış ən maraqlı sənət nümunələridir. Bu günlərdə "Şeyx Sənan” mövzusunda daha bir əsər nəşr olunub. Bu dəfə Şərqin unudulmaz hekayətinə yazıçı Sahilə YaYa (İbrahimova) "Şeyx” romanı ilə müraciət edib.
 
***
Sahilənin yaradıcılığına çoxdan bələdəm. Hekayələrini və "Çevriliş” romanını oxumuşam, fürsət düşdükcə yaradıcılığı barədə fikirlərimi özüylə bölüşmüşəm. Şəxsi müzakirələrimizdən və polemikalarımızdan Sahilənin ədəbiyyata necə diqqətli və həssas yanaşdığını bilirəm. Ədəbiyyata gəlişimiz eyni dönəmə təsadüf etdiyi üçün nəsildaş sayılırıq. Sahilə bütün qalmaqallardan uzaq durması, təmkini, ədəbiyyata yanaşması, kifayət qədər kübar davranışları ilə seçilən dostlarımdandır və onun yaradıcılığına hər zaman diqqətlə yanaşmışam. "Şeyx”i mütaliə edərkən bir kənara yazdığım qeydlərə yenidən göz atanda fikirləşdim ki, düşüncələrimi həm də oxucularla da bölüşüm. Bir məqamı qeyd edim ki, dostluq etdiyim müəlliflər haqqında yazmaq ikiqat məsuliyyətdir. Eyni zamanda ədəbiyyatşünaslar və ədəbi tənqidçilərin "sahəsində top qovmaq” bir az məsuliyyət tələb edir. Əsəri təhlil və tənqid etmək fikrində olmasam da, tənqidçilərin və ədəbiyyatşünasların əfvinə sığınıram. 
 
 
 
***
...İlk növbədə qeyd edim ki, "Şeyx” postmodern romandır. Fərqli zamanda (orta əsrlər və müasir dövr) və fərqli məkanda (Şərq və Qərb) baş verən əhvalatların arasındakı incə əlaqələri hiss etmək, qavramaq bir qədər çətin olsa da, əsərin axarına düşdükdən sonra zaman və məkan arasındakı əlaqə oxucuya agah olur. Oxucu, müəllifin "ədəbi priyomları”nı qavramaqda çətinlik çəkməsə, "Şeyx”in qatları arasındakı əlaqəni də hiss edəcəkdir.  Qeyd etdiyimiz kimi "Şeyx” postmodern romanın janr xüsusiyyətlərinə cavab verir və müəllif janrın yaratdığı imkanlardan peşəkarlıqla istifadə edir. Romanda zamanın (orta əsrlər və müasir dövr), məkanın (Şərq və Qərb), dinlərin (İslam və Xristianlıq), mədəniyyətlərin (Ərəb-türk-alman), dünya görüşlərinin müxtəlif müstəvilərdə qarşılaşdırılması və qarşıdurması var. Bu qarşıdurmada müəllifin hansı tərəfə simpatiyası, hansı tərəfə antipatiyasının olduğu bəzən açıq-aydın hiss olunur. Düşünürəm ki, müəllif islama, ərəb mədəniyyətinə göstərdiyi simpatiyanı əsər boyu gizlədə bilmir. Və İslam Şərqində doğulub, bu coğrafiyada yaşayan yazıçının, deyəsən, başqa yolu yoxdur. Bu münasibət bəlkə də Şərq və İslam haqqında formalaşan önyarğılara, qınaqlara meydan oxumaqdır. Bəlkə də müəllifin genetik yaddaşı ona nələrisə diktə edib. Hər halda müəllif öz əsərində sərgilədiyi yanaşmalarda sərbəstdir və bizim onu qınamaq haqqımız yoxdur. Cahiliyyə ərəblərinə, təsəvvüfə və təriqətə alternativ yanaşma bəlkə də yazıçının çağımızda populyarlaşan fikirlərlə, düşüncələrlə  barışmamasından qaynaqlanır. Bütün bunlara rəğmən "Şeyx”  olduqca həssas və qıcıq doğuran detallarla zəngindir.  
***
...Azərbaycanlı yazıçı Şumeysat Almaniyada uşaqlıq sevgisi ilə – erməni Sənanla qarşılaşır və bu görüş onların taleyini və yolunu dəyişir. Bu təsadüfi görüş uşaqlıq sevgisini və ağrılı xatirələri canlandırır. Azərbaycan yazıçısı üçün, azərbaycanlı xanımla erməni kişinin sevgisini qələmə almaq kifayət qədər cəsarət tələb edir. Sahilənin bu cəsarətini təqdir edirəm. Amma əsər boyu erməni vəhşiliyini, Qarabağ savaşını, ermənilərin törətdiyi qırğınları xatırlamaqla sanki öz qəhrəmanına haqq qazandırmaq cəhdləri hiss olunur. Sahilə cəsarətlə girişdiyi mövzuda müəyyən qədər tərəddüdlüdür və sanki oxucunu razı salmaq üçün ermənilər haqda formalaşmış streotipləri dağıtmağa çalışmır. Əsərin müasir qatındakı gənc hüquqşünas və biznesmen, milliyyətcə erməni Sənan, obraz kimi natamam görünsə də, Sənana aşiq olduğu üçün təbəddülatlar içində çırpınan və bütün həyatı boyu uşaqlıq travmalarından əziyyət çəkən yazıçı Şumeysat obraz olaraq daha dolğun, daha inandırıcıdır.  
***
...Əttarın və Cavidin yaratdığı Şeyx Sənan obrazı sufidir, təriqət şeyxidir. Sahilənin Şeyx Sənanı mənə daha çox qəbilə başçısını, mədrəsə müəllimini xatırlatdı. Romandakı Şeyx Sənanın müridləri ilə apardığı söhbətlər mənəvi dərsdən daha çox dünyəvi elmlər haqda ötəri mübahisələri xatırladır. Müasir təsəvvüf şeyxlərini, mürşid-mürid münasibətlərini fərqli müstəvidə görmüş biri kimi, bu səhnələr məni inandırmadı. Sözsüz ki, müəllifin alternativ yanaşmasına haqq qazandırmaq, onu haqlı çıxarmaq mümkündür. Sadəcə mən mənəvi-ruhani qatda oxucunu sarsıdacaq, silkələyəcək səhnələr axtardım. Sahilə ixtisasca tarixçidir və Şeyx Sənan obrazını yaradarkən tarixi məlumatların, dini mətnlərin onun daha çox köməyinə çatdığını düşünürəm. Oysa, təsəvvüf şeyxinin davranışlarını, düşüncələrini, dinə və Allaha münasibətini  təqdim etmək üçün tarixi məlumatlar və dini mətnlər kifayət deyil.
 
***
...Uşaqlıq travması, bu travmaların Şumeysat və bacısının həyatına sonrakı təsirləri psxioanalitik baxımdan maraqlıdır. Bu baxımdan əsərin "freydist qatı” olduqca güclü və uğurludur. Şumeysatın ögey qardaşı İnamla və atasıyla olan münasibətlərində psixaloji-emosianal məqamlar olduqca usta müşahidəçinin qələminin məhsuludur. Eyni zamanda İnamın atalığıyla (əmisiylə) olan münasibətləri də dərin psixoloji məqamları üzə çıxarır. Müəllif  əsərin müasir qatındakı ailə-məişət səhnələrini daha canlı və inandırıcı çatdırıb, Edip (İnam və ata) və Elektra (Şumeysat və ata) komplekslərinin ədəbi müstəvidə həllini uğurla təqdim edib. Erməni Sənanla azərbaycanlı Şumeysatın münasibətlərindəki təbəddülatlar, uşaqlığı birlikdə keçmiş iki gəncin sevgisindən daha çox, iki düşmən ölkənin kifayət qədər müasir dünyagörüşlü vətəndaşının psixoloji savaşı fonunda daha da dərinləşir. Və ən sarsıdıcı məqam Şumeysatın öz doğma atasının qatili olmasıdır. Doğmasını qətlə yetirmiş, düşmən xalqın nümayəndəsi ilə yasaq sevgi yaşayan gənc yazıçı obrazı yaratmaq dramatik və cəsarətlidir.
 
***
...Ən sevdiyim nüans: Sahilə müasir Azərbaycan cəmiyyətinin problemlərindən yan keçməyib. Xüsusilə mədəniyyətin,  mətbuatın və ədəbiyyatın vəziyyətini bir neçə məqamda tənqid edib. Məncə, yazıçı hansı mövzuda yazmasından asılı olmayaraq öz ölkəsinə, yaşadığı dövrə, gördüyü və hiss etdiyi problemlərə biganə olmamalıdır. Bu məqamlarda Sahilənin həm yaradıcı insan, həm də vətəndaş kimi ağrısını hiss etmək mümkündür.
  Cəlil Cavanşir 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6311
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2102
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.6749
KWD 1 1 Küveyt dinarı 5.5874
TRY 1 1 Türkiyə lirəsi 0.2917