• cümə, 29 Mart, 03:11
  • Baku Bakı 7°C

Sərnişin daşımada xidmət keyfiyyəti artacaq

02.08.18 18:39 961
Sərnişin daşımada xidmət keyfiyyəti artacaq
Azərbaycanda nəqliyyat xidmətlərinə görə qiymətlər 10 ilə yaxın müddətdə dəyişdirilməmiş qalıb. Hətta ümumdünya iqtisadi böhranı baş verən zamanlarda və ondan sonrakı illərdə bir çox ölkələrdə kəskin bahalaşma baş versə də, bu, sərnişindaşımaya təsir etsə də, Azərbaycanda metro və avtobuslarda gediş haqqı artırılmayıb. Bir qədər konkretləşdirsək, müntəzəm avtobus marşrutları üzrə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri sonuncu dəfə 2007-ci ilin 6 yanvar tarixində, metroda sərnişindaşıma xidmətinin tarifi 2011-ci ilin 24 noyabr tarixində təsdiq edilib. Halbuki, bu müddət ərzində nəqliyyat infrastrukturu yenidən qurulub, ictimai nəqliyyat və metro infrastrukturu müasir standartlara uyğun yenidən formalaşdırılıb. Bütün bunlar nəzərə alınaraq, ötən ayın sonunda Tarif Şurası ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər müəyyənləşdirib. Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik müəyyən edilib. Bununla yanaşı, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib. Yeni tariflər cari ilin 1 avqust tarixindən qüvvəyə minib.
Sözsüz ki, bu addımla xidmət səviyyəsi davamlı olaraq yüksəldiləcək, nağdsız ödəniş sisteminin tətbiqi daha da genişləndiriləcək, sərnişindaşımada dövlət büdcəsindən asılılığı azaldacaq. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, "Bakı Metropoliteni” QSC, Bakı Nəqliyyat Agentliyi vasitəsilə "BakuBus” MMC və sərnişindaşıma xidmətlərini həyata keçirən bir sıra subyektlərin mətbuata açıqlamaları da deyilənləri təsdiq edir. Misal üçün, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) avtobuslarda gediş haqqının artırılması məsələsinə aydınlıq gətirərək bildirib ki, sonuncu dəfə avtobus marşrutları ilə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi 2007-ci ildə müəyyən olunsa da, həmin vaxtdan indiyə qədər ötən müddətdə nəqliyyat parklarının istismar və daşıma xərcləri dəfələrlə artıb. Sərnişindaşımada xidmət keyfiyyətinin artırılması daşıyıcılar qarşısında qaldırılsa da, sərnişindaşıma tariflərinin aşağı olması daşıyıcılara avtobus parkının yenilənməsi üçün investisiya qoyuluşuna imkan verməyib. Ona görə də daşıyıcılar bu problemin həlli ilə bağlı nazirliyə və digər müvafiq qurumlara çoxsaylı müraciətlər ediblər. DANX bu müraciətlər əsasında mövcud vəziyyət detallı təhlil edib, xidmət keyfiyyətinin artırılması, avtobus parkının yenilənməsi, müasir və dayanıqlı daşımanın həyata keçirilməsi üçün tariflərə yenidən baxılmasını zəruri sayaraq, Tarif Şurasına müraciət edib. Tarif Şurasının son qərarından sonra isə bəyan edilib ki, tariflərin yuxarı həddinin yenidən müəyyən olunması sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara maliyyə vəziyyətini sağlamlaşdırmaq və nəticədə vətəndaşa daha yüksək və keyfiyyətli xidmət tələbinin mərhələli şəkildə icrasına gətirib çıxaracaq.
"Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov da bildirib ki, vətəndaşlara daha yüksək və keyfiyyətli xidmət göstərmək üçün bundan sonra da istismar müddətini başa vurmuş qatarlar xətdən çıxarılacaq, mərhələli şəkildə yeni, müasir qatarların alınması davam etdiriləcək. Müqayisə üçün onu da qeyd etmək yerinə düşər ki, Avstriyada bir vətəndaş aldığı maaşla azərbaycanlıdan 2 dəfə az metrodan istifadə edə bilir. Avstriyada metroda bir gedişin qiyməti 2.4 avro - 4.8 manatdır. Avstriyada orta aylıq əmək haqqı 2324 avro olduğu nəzərə alınarsa, orta hesabla bir avstriyalı 1 ayda aldığı maaşla 968 dəfə metrodan istifadə edə bilər. Azərbaycanda metroda gediş haqqı 30 qəpik, orta aylıq əmək haqqı isə 540 manatdır. Orta hesabla bir azərbaycanlı 1 ayda aldığı maaşla 1800 dəfə metrodan istifadə edə bilər.
Xatırladaq ki, Bakı metropolitenində sonuncu tarif dəyişikliyi 2011-ci il dekabrın 1-də olub. Həmin il noyabrın 24-də Tarif Şurasının verdiyi qərara əsasən, qiymət 15 qəpikdən 20 qəpiyə dəyişdirilib. Bir neçə gün bundan öncə isə bu qiymət 30 qəpik həddində təsdiq edilib. Hətta mövcud tarif dəyişikliyindən sonra da Bakı metropoliteni əksər ölkələrlə müqayisədə aşağı tariflə xidmət göstərir. Hazırda Bakı metropolitenində bir sərnişinin daşınmasının maya dəyəri 47 qəpiyə bərabərdir. Bu qiymət yalnız sərnişin daşınmasına sərf olunan istismar xərcləri hesabına formalaşır və buraya metronun perspektiv inkişafı, tikintisi, mövcud infrastrukturun əsaslı təmiri, modernləşdirilməsi, yenidənqurma tədbirləri, yeni qatarların alınması və sair daxil deyil. O da sirr deyil ki, hazırda bu məsələlər Azərbaycan dövlətinin büdcə vəsaiti hesabına həll edilir. Tam obyektiv olaraq bir məsələyə də diqqət yetirmək gərəkdir ki, metropolitenin əsas təchizatı, əksərən, ölkəmizdən kənardan xarici valyuta hesabına alınan mallar hesabına aparılır. İstismarla bağlı bir çox avadanlıq, maşın və mexanizmlər, ləvazimatlar ölkə xaricindən gətirilir. Son illərdə isə Bakı metropolitenində yenidənqurma, infrastrukturun müasir standartlar səviyyəsinə çatdırılması prosesinin xeyli sürətləndirilməsi hamıya bəllidir. Məhz dövlətin ayırdığı vəsait hesabına 2015-ci ildən bu yana ən müasir standartlara, sərnişin təhlükəsizliyi və rahatlığı ən yüksək həddə olan vaqonların alınmasına başlanılıb. Vaqonlar istismar müddətini başa vurduqca və metropoliten xətləri inkişaf etdirildikcə, onlar ən müasir analoqları ilə əvəzlənir.
Sonda yeni tariflərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlərin sürətləndirilməsinə, onun maliyyə təminatının yaxşılaşdırılmasına, ən nəhayət, ölkə vətəndaşlarına keyfiyyətli xidmət göstərilməsinə səbəb olacağını bir daha vurğulamaq istərdik.
Alpər TURAN
banner

Oxşar Xəbərlər