• cümə axşamı, 25 aprel, 10:22
  • Baku Bakı 14°C

Sərnişin dolu avtobusu saxlatmaq olarmı?

14.11.13 10:54 2662
Sərnişin dolu avtobusu saxlatmaq olarmı?
İşə, ya da dərsə getdiyin vaxt yol polisi sənin əyləşdiyin sərnişin avtobusunu saxlayır və 5, hətta 15 dəqiqə sürücü ilə mübahisə edir. Sonra sürücü deyinə-deyinə yerində oturub problemi həll etdiyini deyir və yoluna davam edir. Amma sən ən azı 5 dəqiqə, ən çoxu 15 dəqiqə dərsə, işə, bir sözlə, mənzil başına gecikirsən. Qaydalara görə, yol polisi sərnişin dolu avtobusu saxlatdırıb sürücü ilə dəqiqələrlə mübahisə edə bilərmi? Çünki bu halda polis təkcə sürücünü deyil, həm də 30-50 sərnişini saxlatdırmış olur.
Sərnişin sahibkarı məhkəməyə verməlidir
Nəqliyyatçıların Hüquqi Problemlərinin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Məzahir Rüstəmov deyir ki, əgər yol hərəkət qaydaları pozulursa, təbii ki, Dövlət Yol Polisi əməkdaşları avtobusu saxlatmalı və protokol tərtib etməlidir, ya da sürücüyə xəbərdarlıq olunmalıdır: “Amma polisin sürücü ilə 10 dəqiqə, lap elə 5 dəqiqə mübahisə etməsi sərnişinin vaxtını almaq, onun hüquqlarını pozmaq deməkdir. Düşünürəm ki, bu halda sərnişinin hüquqlarını pozan DYP deyil, həmin marşrut xəttinin sahibkarıdır. Əgər sahibkar sükan arxasında peşəkar sürücünü otuzdurmursa, sürücünün sənədləri qaydasında deyilsə, hərəkət qaydalarına əməl etmirsə, bu, sahibkarın günahıdır. Çünki sahibkar bu cür sürücünü bircə gün də işdə saxlamalı, sükanı ona etibar etməli deyil. Amma sərnişin avtobuslarının törətdiyi qəzalar göstərir ki, sahibkarlar üçün sükanın arxasında oturanın kimliyi maraqlı deyil. Beynəlxalq təcrübəni, qanunları nəzərə alaraq deyə bilərəm ki, belə hallarda sərnişin sahibkarı məhkəməyə versə, yolda itirdiyi vaxta görə təzminat istəsə, sahibkarlar bu cür özbaşınalığa yol verməzlər. Dövlət Yol Polisi də bunları nəzərə alar”.
Problemin ən sivil həll yolu
Sosial Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynovsa başqa cür düşünür. Müsahibimiz hesab edir ki, bu məsələdə artıq daha sivil müstəviyə keçilməlidir: “Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitəsi yalnız onu idarə edən sürücüyə deyil, həm də onun içərisindəki sərnişinlərə məxsusdur. Çünki ondan istifadə edən istehlakçılar sərnişinlərdir. Söhbət sərnişin dolu avtobusdan gedirsə, yol polisinin avtobusu saxlatdırıb sürücü ilə dəqiqələrlə mübahisə etməsinin yeri yoxdur. Hətta ola bilər ki, mübahisənin səbəbkarı sürücüdür. Bu halda belə yol polisi sərnişinləri nəzərə almalı, onların hüququnu pozmaqdansa, mübahisəyə imkan yaratmadan yerindəcə tədbir görülməlidir”.
Müsahibimiz vaxta qənaət olsun deyə qeydiyyat nömrə nişanları əsasında çox asanlıqla istənilən protokolun tətbiq olunmasının mümkün olduğunu da bildirdi: “Avtobus sürücüsünü saxlatdırıb dəqiqələrlə mübahisə etməkdənsə, nəqliyyat vasitəsini qaydanın pozulduğu anda xəbərdar etməklə rahat buraxmalı, sadəcə qeydiyyat nömrə nişanı əsasında protokol yazılaraq cərimə tətbiq edilməlidir. Əgər bir sürücü davamlı olaraq cərimələnərsə, bu, həmin sürücüdə məsuliyyət yaradar və bir daha yol hərəkəti qaydasını pozmaz. Hesab edirəm ki, Avropa ölkələrində olduğu kimi bunun ən sivil yolu nəqliyyat vasitəsini heç saxlatdırmadan cərimə sanksiyalarını yazıb evinə, yaxud işinə göndərməkdir”.
Əvvəlcə öyrənmək lazımdır ki...
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədovsa düşünür ki, sözügedən halda günah yalnız sürücüdədir: “Çox təəssüflər olsun ki, sürücü olaraq hələ sivil qaydada özümüzü aparmağı bacarmırıq. Hər halda yol polisi əməkdaşı saxladığı nəqliyyat vasitəsinin sürücüsünə səlahiyyəti çərçivəsində özünü təqdim edir və sürücüdən də sənədlərini təqdim etməsi tələb olunur. Sürücü sənədlərini təqdim etməyəndə isə 10 dəqiqə və daha artıq müddət uzanan mübahisə başlayır. Bu, artıq sürücü tərəfindən edilən qanun pozuntusudur. İnandırıcı deyil ki, yol polisi heç bir səbəbsiz hansısa sürücünü saxladıb ondan sənəd tələb etsin. Bir sözlə, mübahisənin başlanması və uzanması yol polisinin yox, sürücünün kobudluğu nəticəsində baş verir. Sürücü polisə sənəd vermir, polisin qanuni tələblərini yerinə yetirmir, sonra deyir niyə belə oldu? Əvvəlcə öyrənmək lazımdır ki, polis avtobus sürücüsünü saxlayıb 10 dəqiqə mübahisə edirsə, bu mübahisəyə səbəb nədir? Bunu araşdırmaq lazımdır. Araşdırsaq, görərik ki, mübahisəni sürücü yaradır”.
V.Əsədov bildirdi ki, ola bilər sürücü hərəkət iştirakçısı kimi hesab edir ki, yol polisi ona qarşı kobudluq edir və ya hərəkətində müəyyən nöqsan var, ya da qeyri-qanuni olaraq ondan nəsə tələb edir: “Bu halda sürücü aidiyyəti qurumlara müraciət etməli və onun müraciəti əsasında dərhal araşdırmalar aparılmalı və həmin polis əməkdaşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada cəzalandırılmalıdır”.
Lalə Musaqızı
banner

Oxşar Xəbərlər