• çərşənbə, 24 Aprel, 05:56
  • Baku Bakı 14°C

Serj Sarkisyan geri çəkildi

10.10.18 17:16 506
Serj Sarkisyan geri çəkildi
Ermənistanda baş nazirlə keçmiş iqtidar partiyası - Ermənistan Respublika Partiyası arasında qarşıdurma və gərginlik birincinin qələbəsi ilə başa çatmaqdadır. Baş nazir Nikol Paşinyan, növbədənkənar seçkilərin keçirilməsinə qarşı çıxan qüvvələri bir-bir zərərsizləşdirməyə müvəffəq olur. Bu yolda rəqiblərinə qarşı repressiya, şirnikləndirici vədlər, şantaj və hər cür vasitələrdən yararlandı desək, yanılmarıq. Artıq "Jamanak” qəzeti yazır ki, Ermənistan parlamentinə keçiriləcək növbədənkənar seçkilər bu ilin dekabrın 9-da baş tutacaq. Qəzetin yaydığı xəbərə görə, baş nazir Nikol Paşinyanın nə vaxt istefaya gedəcəyi isə bəlli deyil. Lakin qanuna görə, əgər baş nazir istefa verirsə, onda seçkilər 30 gündən gec olmayaraq baş tutmalıdır. Bundan irəli gələrək demək olar ki, seçkilər noyabrın sonu, dekabrın əvvəli baş tutmalıdır. Qəzet yazır ki, Paşinyan sabah və yaxud birigün istefa verə bilər. Bununla da parlamentin prosessual prosedurlara vaxtı çatmalıdır. Paşinyan Sarkisyanın adamlarını da öz tərəfinə çəkmək üçün kampaniyaya başlayıb. Məsələn, Qabriel Kazaryanı Ermənistanın idman və gənclər naziri təyin edib. Paşinyan bunu Nazirlər Kabinetinin iclasında deyib. Qeyd edək ki, Kazaryan heç bir partiyanın üzvü deyil. O, 2014-2016-cı illərdə bu nazirliyə rəhbərlik edib. 2016-cı ildən sonra isə idman nazirinin müavini olub. Bəlli olub ki, Ermənistan Respublikaçılar Partiyası Nikol Paşinyanın istefasından sonra baş nazir vəzifəsinə öz namizədini irəli sürməyəcək. Məlumatı ERP yayıb. Partiya bu addımı dekabrda keçiriləcək növbədənkənar parlament seçkisinə mane olmamaq üçün atdığını bildirib.
Qeyd edək ki, bundan öncə Nikol Paşinyan "Çiçəklənən Ermənistan” Partiyası ilə razılıq əldə edib. Razılığa əsasən, parlamentdə böyüklüyünə görə ikinci fraksiya olan Qaqik Çarukyanın partiyası Paşinyanın istefasından sonra baş nazir vəzifəsinə namizəd irəli sürməyəcəyini, eləcə də başqa namizədi dəstəkləməyəcəyini öhdəsinə götürüb. Həmçinin vəd edib ki, "Çarukyan” fraksiyası parlamentdə başqa partiyadan namizədin irəli sürülməsi üzrə təşəbbüslərə qatılmayacaq. Sonradan daşnaklar da dolayısı yolla Paşinyanı dəstəklədiklərini bildiriblər.
Erməni mediası onu da yazır ki, Paşinyan Qaqik Çarukyana parlamentdə təmsil olunmağa maneə yaratmayacağına söz verib. Bu barədə məlumatı "Qraparak” qəzeti yayıb. "Tərəflər arasındakı razılaşmaya əsasən, Çarukyana qarşı heç bir siyasi təqib, təzyiq olmayacaq. Bu, həm də Paşinyanın "Çarukyan” blokunu ana müxalifət edəcəyi, digər siyasi qüvvələrin 3-cü və 4-cü yerləri tutacağı deməkdir”, - deyə qəzet bildirib.
Daha bir maraqlı məqam isə odur ki, dünən respublikaçılar fraksiyasından olan bir sıra deputatlar da Paşinyanın yanında olduqlarını bəyan etdilər.
Hakimiyyət isə rəqiblərinə qarşı təzyiqləri gücləndirməkdədir. Məsələn, erməni biznesmen Samvel Mayrapetyan barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. Bu barədə erməni mediasına açıqlamasında iş adamının vəkili Aleksandr Sirunyan bildirib. S.Mayrapetyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 38-311-ci maddəsinə əsasən (rüşvət almaqda yardımçı olmaq) ittihamı irəli sürülüb. O isə irəli sürülən ittihamı rədd edib. Qeyd edək ki, Ermənistan hüquq-mühafizə orqanları eks-prezident Robert Koçaryanın yaxın adamlarına nəzarəti gücləndirib. İddiaya görə, buna səbəb "əks-inqilabi gücləri” sıradan çıxarmaqdır. Nəzarətin gücləndirildiyi şəxslərdən biri də "Moskva” kinoteatrı və "Paradiz” şirkətinin sahibi Martin Adoyandır. O, Samvel Mayrapetyanın yaxın adamlarından sayılır. Mayrapetyanın və Koçaryanın digər dostlarının neytrallaşdırılması sayəsində hökumət müqavimət zəncirini qırmağa çalışır. Mayrapetyan iki gün öncə hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı.
Ümumiyyətlə, Ermənistanda siyasi böhranın dərinləşməsi ölkə mediasında müxtəlif proqnozların verilməsi ilə müşahidə olunur. "Yaxın günlərdə əks-inqilab tərəfdarları Ermənistanın hüquq-mühafizə orqanlarının hədəfində olacaqlar”.Bu barədə "Jamanak” qəzeti yazır. Erməni nəşrinin yazdığına görə, həmin insanlar yalnız Robert Koçaryanın prezidentliyi dövründə nəhəng kapital yığanlar deyil, həmçinin yaxınları olacaq: "Bu insanlar əks-inqilabın potensial tərəfdarları kimi qəbul edilirlər. Belə ki, onların fikrincə kapitallarının qorunması və artırılması yalnız yeni hakimiyyətin iflası nəticəsində baş verə bilər”. Nəşr onlardan bir neçəsinin adlarını da açıqlayıb. "Onlardan biri "Moskva” kinoteatrının və "Paradiz” şirkətinin sahibi Martin Adoyandır. O, həmçinin Samvel Mayrapetyanın yaxın ətrafından biri kimi tanınır”, - deyə "Jamanak” xatırladır. Belə proqnozlaşdırılır ki, Mayrapetyanı və yaxın ətrafını, eləcə də Robert Koçaryanın digər dost-tanışlarını, eləcə də yaxınlarını neytrallaşdırdıqdan sonra, yeni hakimiyyət son aylarda və həftələrdə formalaşdırılmış müqaviməti də neytrallaşdırmağa cəhd edir.
Öz növbəsində rusiyalı ekspert Dmitri Verxoturov bildirib ki, bu durumda Ermənistanda qeyri-sabit vəziyyət kəskin siyasi rəqabət fonundan yenidən ciddi iğtişaşlara səbəb ola bilər. Ermənistanın hazırkı rəhbərliyi ilə keçmiş hakimiyyət arasındakı münaqişədən danışan Verxoturov deyib ki, əvvəlki iqtidar hələ ki, ən mütəşəkkil qüvvədir, çünki onların hakim sistemdə möhkəm mövqeləri və böyük dəstəyi var. Rusiyanın Elmi Tədqiqatların Dəstəklənməsi Fondunun ekspert şurasının sədri Qriqori Trofimçuk isə qeyd edib ki, yaranmış durumda Ermənistanda xaos yüksələn xətt üzrə inkişaf edir.

Azər
banner

Oxşar Xəbərlər