• şənbə, 20 Aprel, 20:23
  • Baku Bakı 24°C

“Şərikli çörək şərikli işdən daha yaxşıdır” - Uğur hekayəsi

05.06.15 10:53 2143
“Şərikli çörək şərikli işdən daha yaxşıdır” - Uğur hekayəsi
Onun fəlsəfəsində “sabah” mövcud deyil. Əlimizdə bu günün olduğunu deyir və bunu maksimum dərəcədə dəyərləndirməyin tərəfdarıdır.
Müsahibimiz 7 Hills şirkətinin marketinq direktoru Rəhman Əhmədov:
- İlk işə layihə meneceri kimi başlamısınız və 6 ilə yaxın müxtəlif şirkətlərdə layihə meneceri kimi çalışmısınız. Necə oldu marketoloq olmağa qərar verdiniz?
- Azərsun Holdinqdə çalışdığım müddətdə şirkətin kitabxanasında əlimə keçən və müştəri münasibətlərinin idarə edilməsinin üstünlüklərindən (CRM (Customer Relationship Management)) bəhs edən kitab marketoloq istiqamətini seçməyimə səbəb oldu.
- Müştəri münasibətlərinin idarə edilməsində sizi nə cəlb etdi?
- Kitabda xarici təcrübəni göstərən müəyyən məqamlar var idi. Bu keyslər əsasən müştəri haqqında toplanan məlumatların effektiv və yaradıcı istifadəsindən bəhs edirdi. Müştəri yönümlü olduğunu hər kəs qeyd etsə də, təcrübədə biz demək olar ki, bunun şahidi olmuruq və bütün pozitiv nümunələr sadəcə əcnəbi şirkətlərə xasdır.
- Avtobioqrafiyanıza nəzər salanda, görürük ki, müxtəlif şirkətlərdə az müddətdə işləmisiniz. İlk iş yerlərinizi çıxmaq şərtilə digər şirkətlərdə 1 il çalışmadan yeni işə keçmisiniz. Səbəb nədir, eynilikdən bezmək?
- Tale, qismət. İşlədiyim hər bir şirkətdə hədəfim ilkin olaraq uzun müddətli çalışmaq olub. Amma bəzən ayrılmağa qərar vermişəm. Çünki marketoloji səlahiyyətlərimiz sözdə olub, ya da şirkət rəhbərliyi marketinqi ikinci plana atıb və müqaviləmizə xitam veriblər.
- Marketoloq kimi hansısa məhsulu bazara çıxarmaq, onu tanıtmaq təklifi alanda sizin üçün əməkhaqqı önəmlidir, yoxsa, marketinqini quracağınız məhsulun keyfiyyəti?
- Əmək haqqı şərti anlayışdır. Natamam məhsulun marketinqini həyata keçirmək bir marketoloq üçün yolverilməzdir. Məhsul natamamdırsa, demək, marketinq də natamamdır. Belə məhsul bazara çıxmamalıdır.
- Marketinq sahəsi Azərbaycanda yenidir. Bizim yerli marketoloqlarda nə çatışmır?
- Fikrimcə, cəsarət. Çox nadir hallarda rast gəlinir.
- Nəyə cəsarət etmirlər?
- Cəsarətli və obyektiv tənqid olmadıqca, inkişaf da olmayacaq.
- Söhbət şirkət içərisində olan tənqiddən gedir, ya bir marketoloqun digər şirkətin marketinq siyasətini tənqid etməsindən?
- Hər ikisini nəzərdə tuturam.
- Bir marketoloq bir neçə sahədə uğurlu ola bilərmi? Yoxsa marketoloqlar da sahələr üzrə ixtisaslaşmalıdırlar?
- İxtisaslaşma şərtdir. Hərçənd regionumuzda bəzi marketoloqlar düşünürlər ki, marketinq bir kitabdan, ya da bir təlimdən öyrəniləcək qədər bəsit bir istiqamətdir. Amma marketinq araşdırmadan CRM-ə, markalaşmadan kommunikasiya vasitələrinə qədər dərin bir strukturu özündə cəmləşdirir. Sadəcə, ölkəmizdə mahiyyətinin anlaşılmaması bu məktəbi bəsit göstərməkdədir.
- Azərbaycan cəmiyyətində belə bir fikir formalaşıb ki, əgər hansısa məhsul reklam olunursa, demək yaxşı deyil. Sizcə, səbəb nədir?
- “Adda” marketoloqların, “sözdə” markalarını, “görüntüdə” bazarlara təklif etməsi…
- 25 yaşınızdan Dövlət İqtisad, Qafqaz, Azərbaycan, Qərb universitetlərində və Turizm İnstitutunda MBA istiqaməti üzrə Marketinq Menecment fənnini tədris edirsiniz. Yaxşı marketoloq olmaq üçün fitri istedad lazımdır, yoxsa nəzəriyyəni bilmək kifayətdir?
- Sadəcə, “marketoloq olacağam” hədəfini müəyyənləşdirmək və bu hədəfin reallaşdırılması çərçivəsində tələb olunan addımlara riayət etmək kifayətdir.
- Tələb olunan addımlar hansılardır?
- Bu tələbləri özümüz müəyyənləşdiririk. Yəni konkret deyil. Kimi kurslar, kimi universitet təhsili, kimi kitablar, kimi də təcrübə ilə bu hədəfə çatmağa çalışır.
- Bəs yaxşı marketoloqda hansı xüsusiyyətlər olmalıdır?
- Mənim üçün əsas dəyər dürüstlükdür.
- Rəhman bəy, Azərbaycan bazarında marketoloqların rolu nə qədərdir? Bir məhsulun satışında marketoloqun rolunu anlayan şirkət rəhbəri çoxdurmu?
- Ümumilikdə çox azdır. Barmaqla sayılacaq bir neçə şirkət var ki, orada marketinq lokomotiv rolunu oynayır. Digər şirkətlərdə marketinq ikinci, üçüncü plandadır. Buna bariz nümunə kimi böhran vaxtında ixtisarlar siyahısına marketoloqların başçılıq etməsidir. Səbəbi isə həm sahibkarların, həm də investorların bizneslərinə birbaşa müdaxiləsi və demək olar, hər addımda öz fikirlərini irəli sürmələridir. Bu məsələyə rəhmətlik Stiv Cobsun yaxşı bir yanaşması var idi. Deyirdi ki, “professionalları dediklərimizi etmələri üçün yox, əksinə, onların dediklərinə əməl etmək üçün işə götürürük”.
- Həm də iCando Technologies şirkətinin qurucususunuz. Hazırda şirkət fəaliyyət göstərir? Fəaliyyət göstərirsə, hansı işləri görürsünüz?
- iCando ilk və bu gün etibarı ilə son biznes təşəbbüsümüz oldu. Veb layihələrinin həyata keçirilməsi üzrə ixtisaslaşmışdıq. Söykəndiyimiz təcrübə bizə 6 ay ərzində böyük layihələrə apardı. Misal üçün deyə bilərəm ki, Nissan, Ford, Peugeot, Land Rover kimi markaların bütün veb işləri bizə həvalə edilmişdi. Amma müəyyən müddət sonra şirkət qurucularının fikirləri toqquşduğu anda fəaliyyətimizi dayandırdıq. Bu təcrübədən aldığım dərs isə belə idi: Şərikli çörək şərikli işdən daha yaxşıdır.
- Gənclərlə işləyirsiniz. Onlarda nəyi görmək istərdiniz, amma görə bilmirsiniz?
- Bir müəllim kimi tədrisə yanaşmam hər zaman fərqli olub və tələbələrimi heç bir zaman qınamamışam. Əgər müəllim dərsini sevdirə bilmirsə, deməli, boşluqlar özündədir. Hətta imtahanlar mənim üçün şərti xarakter daşıyır və 4 ay qarşı tərəfə heç bir şey aşılaya bilmirəmsə tələbələri imtahana tabe tutmağı əhəmiyyətsiz hesab edirəm.
- Tanınmış şirkətlərdə marketinq sahəsində rəhbər vəzifələrdə çalışmısınız. Uğur sirriniz nədir?
- Mənim fəlsəfəmdə “sabah” mövcud deyil. Əlimizdə bu gün var və onu maksimum dərəcədə dəyərləndirməliyik.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər